Bakıda “Qeyri-hökumət təşkilatları
və dini icmalar: birgə
fəaliyyətin təşkili” adlı konfrans
keçirilib
Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı demokratik dövlət quruculuğu prosesində qeyri-hökumət təşkilatlarının (QHT) rolundan danışıb. Bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə demokratik proseslərin inkişafında, eyni zamanda, vətəndaş cəmiyyətinin qurulmasında QHT-lər mühüm və əhəmiyyətli rol oynayıblar, bir çox tədbirlər, layihələr həyata keçiriblər.
Mübariz Qurbanlı vurğulayıb ki, ölkə qanunvericiliyində QHT-lərin hərtərəfli fəaliyyətini təmin etmək üçün müəyyən qanunlar, qərarlar qəbul edilib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə bununla bağlı çox mühüm, əhəmiyyətli tədbirlər görülüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə demokratik proseslərin inkişafında QHT-lərin rolunun daha da genişləndirilməsi üçün hərtərəfli tədbirlər həyata keçirilir. Eyni zamanda, müxtəlif ictimai əhəmiyyətli məsələlərin müzakirəsində olduğu kimi, QHT-lər din-dövlət münasibətləri, din modeli, dini maarifləndirmə və digər məsələlərlə əlaqədar müzakirələrdə də DQİDK, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə bir sıra layihələrin həyata keçirilməsində birgə iştirak və əməkdaşlıq edirlər. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və DQİDK arasında birgə fəaliyyət haqqında protokol imzalanıb. Bu protokola əsasən hər il müxtəlif tədbirlər keçirilir. QHT-lərin gördüyü işlər, həyata keçirdiyi humanitar tədbirlər təqdirəlayiqdir.
Dini radikalizmlə mübarizə tədbirlərindən danışan komitə sədri qeyd edib ki, DQİDK cəmiyyətin bütün strukturları, o cümlədən QHT və ictimai birliklərlə birgə bir sıra layihələr həyata keçirir. M.Qurbanlı deyib ki, Azərbaycanın bölgələrində gənclərlə, ziyalılarla, bütövlükdə cəmiyyətin müxtəlif təbəqələri ilə daha çox görüşlərə ehtiyac var, biz bu görüşləri daha da artırırıq. Biz gənclərlə görüşürük, bu görüşlərdə milli-mənəvi, islami dəyərlər, müasir dünyamızda din-dövlət münasibətləri, radikalizm və onun fəsadları, dini radikalizmlə mübarizə, dini maarifləndirmə, tolerantlıq, multikulturalizm kimi mövzular müzakirə edilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, dövlət-din-vətəndaş münasibətləri tarix boyu müzakirələrin predmeti olub və sevindirici haldır ki, Azərbaycan bu baxımdan hər zaman örnək olaraq göstərilib.
QHT-nin milli-mənəvi dəyərlərin təbliğində, qorunub saxlanılmasındakı rolunu vurğulayan A.Quliyev bu sahədə görülən işlərin gündən-günə artdığını deyib. Bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları dini dəyərlərimizin qorunması və təbliğində hər zaman milli və dövlətçilik maraqlarımızdan çıxış edir və ölkəmizdə əsrlərdən bəri mövcud olan multikultural ənənələrin davamlılığına öz töhfələrini verir.
QMİ sədrinin müavini Fuad Nurullayev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, DQİDK yanında İctimai Şuranın sədri, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Din və Demokratiya Mərkəzi” İctimai Birliyinin sədri Nəriman Qasımzadə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov və digər QHT sədrləri dini maarifləndirmə işinin artırılmasının, cəmiyyətdə radikallığa şərait yaradan halların aradan qaldırılması istiqamətində hamının səfərbər olmasının, mövcud dini sabitliyi və dini dəyərləri qoruyub saxlamağın əhəmiyyətini vurğulayıblar.
Konfransda gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələrin reallaşdırılmasının vacibliyinə toxunulub, faydalı təkliflər irəli sürülüb.
Konfrans müzakirələrlə
davam edib.
Azərbaycan.- 2018.- 31 avqust.- S.3.