Həm ziyarət, həm ticarət
Turizm və biznesin vəhdəti
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev bir neçə təşkilatın dəstəyi ilə noyabr ayında şərabçılıqla məşğul olan rusiyalı ekspert və mütəxəssislərin jurnalistlərlə birlikdə ölkəmizdə çaxır istehsal olunan bölgələrə beşgünlük səfərini təşkil etmişdir.
Səfər başa çatdıqdan sonra rus mətbuatında Azərbaycanda şərabçılığın müasir durumu, perspektivləri ciddi müzakirə mövzusuna çevrilmişdir. "Vestnik Kavkaza” internet saytı isə noyabrın 26-da REA-nın İqtisadiyyat İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayevin Rusiya KİV-dəki bütün çıxışları əhatə edən geniş analitik məqaləsini dərc etmişdir.
Əvvəlcə onu qeyd edək ki, rusiyalı ekspertlərin Azərbaycana gəlişi təsadüfi yox, ölkədə islahatların dərin və elmi əsaslarla aparılması istiqamətində dövlətin təşəbbüsü ilə həyata keçirilən tədbirlərdən biridir. Ölkədə aqrar sektor intibah dövrü yaşayır, iqtisadiyyatın qeyri-neft sektoru sürətlə inkişaf edir. Xüsusi diqqət ayrılan sahələrdən biri də şərabçılığın inkişafına göstərilən dövlət qayğısıdır. "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nda aqrar-sənaye kompleksinin ən rentabelli və ən qədim sahələrindən biri kimi şərabçılığın inkişafı qarşıya məqsəd kimi qoyulur. Statistik məlumatlarda keçən əsrin 80-ci illərində respublikada 210 şərab zavodunda 56 adda şərab, 10 adda konyak, 4 adda şampan şərabı və digər məhsullar istehsal edildiyi göstərilir.
Bu, böyük və müsbət təcrübə idi. Qəbul edilən proqramda da bayanşirə, "Mədrəsə”, "Şirvanşahı”, xindoqnı, həməşərə, mələyi, xərci, qara aldərə, dəvəgözü və s. kimi yüksəkkeyfiyyətli yerli (aborigen) texniki üzüm sortlarının əvvəlki şöhrətinin bərpa edilməsi nəzərdə tutulur.
Dövlət proqramında ölkədə istehsal edilən şərab növlərinin sayı kifayət qədər çox olsa da, onların brendləşdirilməsi istiqamətində görülən işlərin lazımi səviyyədə olmaması göstərilir, mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi milli şərab brendlərinin formalaşdırılması və onların qlobal arenada təbliği qarşıya bir məqsəd kimi qoyulur.
Bu baxımdan rusiyalı ekspert və jurnalistlərin Azərbaycanda ənənəvi çaxır istehsal olunan bölgələrə beşgünlük səfərinin təşkili xüsusi əhəmiyyət kəsb edir. Artıq bu səfər Rusiya KİV-də Azərbaycan şərabını müzakirəyə çıxarmış, Bakıda və regionlarda şərabçılığın sistemli yeni sahə kimi inkişaf perspektivləri ciddi müzakirələrə səbəb olmuşdur.
Feysbuk səhifələrində, müxtəlif saytlarda, radiostansiyalarda və telekanallarda Azərbaycandan qayıdan jurnalistlər səfərin yüksək səviyyədə təşkilindən, ekspert və mütəxəssisləri ən məşhur aşpazların hazırladıqları xörəklərin tamından, şərabların bənzərsiz üstünlüklərindən danışırlar. Yüksəksəviyyəli mütəxəssislər işlərin uğurlu aparıldığını, Azərbaycanda şərabçılığın inkişafına dünyanın ən güclü mütəxəssislərinin cəlb edildiyini diqqətə çəkirlər. Qonaqlar həmçinin turizm sənayesinin obyektləri, ölkə infrastrukturu, yollar və şəhərlərlə tanışlıqdan məmnun qaldıqlarını bildirirlər. Yerli mütəxəssislərlə görüşlərin xoş təəssüratlarından, milli mədəniyyətin, milli xarakterin zənginliyinə heyran qaldıqlarını dilə gətirirlər. Bir sözlə, rusiyalı mütəxəssisləri missiyalarını yüksək və işgüzar səviyyədə başa vurduqlarını qeyd edirlər.
"Serebryanıy Dojd” radiokanalının "Şərab xəritəsi” proqramının aparıcısı Darya Kosyanovanın reportajı da bu missiyanın nəticəsi kimidir. Rusiya jurnalistlərinin noyabr missiyası özündə belə məşhur nəşrləri birləşdirmişdir: "Afişa yeda”, "Aeroflot Premium”, "Simple Wine News”, "Serebryanıy Dojd”, "SNC”, "Its My Wine”, bundan başqa, populyar sayılan "Insta Foodpassion”, "Vino i Okolo” bloqları və həmçinin "Telekanal 360”.
Jurnalistlər və dequstatorlar "ShirvanWines” brendi (istehsalçı "Şirvan şərabları” fransalı mütəxəssislərlə birlikdə Meysari markalı çaxır istehsal edir), Abşeron Şərab, İsmayıllı Şərab-2 (Chabiant brendi), Savalan, Göygöl Şərab, Yarımada, Cəlilabad Şərab-2, Gəncə Şərab-2 brend məhsullarının tamını yüksək qiymətləndiriblər.
Ekspertlər Şamaxıdan başqa İsmayıllı, Qəbələ, Mingəçevir, Göygöl, Gəncədəki şərab istehsalçılarını da ziyarət ediblər. Yerli və Avropadan gələn enoloqlar, aqronomlar, texnoloqlar və digər mütəxəssislərlə Azərbaycanda şərabçılığın mövcud durumu və perspektivləri geniş müzakirə edilib.
Şərab eksperti, Şərab Yazıçıları Assosiasiyasının üzvü Vasili Raskov feysbuk səhifəsində İsmayıllı Şərab-2 haqqında öz təəssüratlarını belə qələmə alır: "Florensiyalı Andrea Uliva "Chabiant Winery”in istedadlı şərabçısıdır. Ruhən saf, cingiltili təsir bağışlayan və aydın görünüşə malik olan yerli bayanşirə üzümü qoxu hislərinə bulaq suyu kimi təsir edir. Qızılgül çiçəklərinə bənzəyən nəcib və sitrusvarı tamıyla mədrəsə üzümü insanı valeh edir. Biz inkişaf etmək üçün xeyli çalışmalı, mədrəsəni çoxnövlü üzümə çevirməliyik. Artıq 10 ildir ki, italiyalı şərabçılar ASPI Winery (Savalan brendi) üzərində çalışırlar. Aparıcı şərab enoloqu (şərabçılıq elmi) Daniela d`Andrea deyir ki, yerli üzüm növlərinin klonlaşdırılması istiqamətində ciddi işlər görürlər: "Azərbaycanın müxtəlif üzüm növlərini seçmişik, DNT analizlərini aparmışıq, viruslardan təmizləmişik. Bu iş 10 ildən artıqdır ki, aparılır, son nəticəni əldə etmək üçün bir o qədər də işləməliyik”.
Aleksandr Karavayev yazır ki, Azərbaycana gələn insan yalnız mətbəxlə yox, həm də bu ölkənin tarixi və mədəniyyəti ilə tanış olur, brendləri haqqında məlumat alır. Azərbaycanı ziyarət edən turistlər arasında Rusiya 752 min nəfərlə birinci yerdədir. İldən-ilə artım müşahidə olunur. Bu ilin 9 ayı ərzində əcnəbilər bu ölkədə 590 milyon dollar xərcləyiblər.
Azərbaycan şərabçıları turizm sahəsində iştirak edə bilər. Bu ilin yanvar-oktyabr aylarında şərab ixracı 43 faiz artmışdır. İstehsalda ciddi artım vardır.
Rusiyalı mütəxəssislər belə qənaətə gəlirlər ki, turizmlə şərabçılığın birləşərək keyfiyyətli şərab səfərləri təşkil etməsi əcnəbilərə həddən ziyadə maraqlı gələcək. Dünyanın bütün şərab istehsalçıları şərab səfərlərini çoxdan təbliğ edirlər. Azərbaycan isə zəngin bir ölkə olduğu üçün bu, turistlərə daha maraqlı gələcək.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2018.-1 dekabr.-
S. 1; 5.