Həyatı puç edən gizli əcəl
1 dekabr
Ümumdünya QİÇS-lə Mübarizə Günüdür
"Bu virusun daşıyıcısı olduğumu öyrənəndə dünya başıma çökdü. Bundan sonra həyatım necə olacaq, nə edəcəyəm deyə, düşündüm. Çox çətindir... Təsəvvür edin ki, təcrid vəziyyətində yaşayırsan. Hamı səndən qorxur, uzaq gəzir. Elə bilir ki, sənə toxunsa, söhbət etsə, virusa yoluxacaq. Hətta ailəmdəkilərin belə mənlə uzaq davranması məni çox üzür... Ancaq onların sağlamlığı üçün bütün bunlara göz yumuram. Məni ən çox incidən isə odur ki, bilmədən bu virusu həyat yoldaşıma da yoluxdurmuşam. Onun da həyatını puç etmişəm. Öyrənəndən sonra çox peşman olmuşam. İki övladımız var və onlara qorunmaq üçün nələr etməli olduqlarını öyrətmişik. Həyatımız dərmandan asılıdır. Hərdən düşünürəm ki, belə yaşamaqdansa, kaş öləydim...”
Həmsöhbətimiz 6 ildir QİÇS virusu ilə yaşamağa məcbur olan 45 yaşlı Elxandır. Anonimliyini qoruduğumuz müsahibim deyir ki, bu virusa yoluxan hər bir kəs kimi o da özünü tək, təcrid olunmuş və qorxmuş halda hiss edir. Xəstəliyindən çox gec xəbərdar olan Elxan kimi dünyada hər 5 QİÇS xəstəsindən biri özündə bu virusun mövcudluğunu bilmir. Aşkarlananda isə artıq gec olur...
QİÇS-ə yoluxanların sayı getdikcə artır
1988-ci ildən etibarən hər il dekabr ayının 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd edilir. Bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.
QİÇS-lə Mübarizə Günü dünya ölkələrinin səhiyyə nazirlərinin QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammitindən sonra təsis edilib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb. İnsan immunçatışmazlığı virusunun vaxtında diaqnoz olunmaması xəstəliyə yoluxanların sayının getdikcə artdığı Avropa regionunda QİÇS-lə mübarizə gününün əsas mövzusudur. Mövcud vəziyyətlə bağlı ən narahatedici məqam isə İİV-ə yoluxanların yarısında xəstəliyin gecikmiş formada aşkarlanmasıdır.
Xəstəliyin dəqiq diaqnozu ancaq qan analizi
vasitəsilə mümkündür
İİV (İnsanda İmmunçatışmazlığı Virusu) infeksiyasına yoluxmuş insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər isə ölümlə nəticələnir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov bildirir ki, İİV immun sisteminin müəyyən (CD4 adlanan) hüceyrələrini zədələyir. Xəstəliyin ən sonuncu ağır mərhələsi isə QİÇS adlanır. Xəstəliyin ilkin mərhələsində yaşanan simptomlar bir çox infeksiya xəstəlikləri üçün də xarakterik olduğundan insanlar onlarda İİV virusunun olma ehtimalını belə düşünmür: "Şəxs bu infeksiyaya yoluxduğu gündən onda kəskin reaksiya mərhələsi başlayır. 10-15 gün ərzində qripə bənzər əlamətlər olur, diareya halı yaşanır. 15-20 günə kimi davam edən və səbəbi naməlum olan diareya artıq bu infeksiyadan xəbər verir. Ayrıca boyun, qulaqaltı, qulaqarxası limfa vəzlərində böyümələr, ağız və dəridə təkrarlanan uçuq, yara və ləkələr, səbəbi bilinməyən davamlı qızdırma, gecə tərləmələri, kəskin arıqlamaq və s. kimi simptomlar müşahidə edilir. Bağırsaq, dəri xərçəngi, toksoplazmanın yaranması, halsızlıq, pnevmaniyanın inkişafı, hepatitlərin baş verməsi, İİV meningitinin olması xəstənin artıq sonuncu mərhələdə olduğunu göstərir”.
N. Zülfüqarovun fikrincə, bu xəstəliyin dəqiq diaqnostikası ancaq qan analizi vasitəsilə mümkündür. Onu da deyək ki, İİV infeksiyasına ancaq cinsi yolla, xüsusilə də paraseksual əlaqələr zamanı, damardaxili inyeksiyalar nəticəsində, qanla, içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı, anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi nəticəsində yoluxma ehtimalı olur. İnsanlar qorxurlar ki, İİV daşıyıcısı ilə əl sıxarsa, qucaqlaşıb öpüşərsə, onun istifadə etdiyi çəngəl, qaşıq, stəkandan istifadə edərsə, bu virusa yoluxa bilər. Hətta, belə bir düşüncə var ki, xəstə adamı dişləyən ağcaqanad, ya hansısa böcək sağlam adamı dişləsə, yoluxma baş verə bilər. Unutmayaq ki, belə hallarda yoluxma qorxusu yoxdur.
Azərbaycanda 2 min 143 nəfər
QİÇS daşıyıcısı var
Natiq Zülfüqarov qeyd edir ki, İİV/QİÇŞ problemi Azərbaycanda da ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir, amma hələ də təhlükə qalmaqdadır.
Ümumi statistikanı açıqlayan Natiq Zülfüqarovun sözlərinə görə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2018-ci ilin 9 ayının sonuna qədər Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6 min 68 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 4295-i kişi, 1773-ü isə qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı isə 2 min 143 nəfər təşkil edir. Ümumilikdə, 2018-ci ilin üçüncü rübünün sonuna kimi İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 946 nəfər olub.
QİÇS Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən Azərbaycan vətəndaşlarının 44 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi, 46,7 faizində cinsi əlaqə, 1,8 faizi anadan uşağa keçməklə, donor qanının köçürülməsi nəticəsində baş verib. Digər 7,5 faizində isə yoluxma yolu müəyyən edilməyib.
2018-ci ilin 9 ayı ərzində isə İİV-ə yoluxma halları 497 nəfər təşkil edib. Onların 482 nəfəri Azərbaycan vətəndaşı, 15 nəfəri isə əcnəbilərdir. 327-si kişi, 155-i isə qadınlardır. Bu dövr ərzində 138 xəstə İİV virusunun sonuncu mərhələsi sayılan QİÇS mərhələsinə keçib. İlk dəfə olaraq Azərbaycanda 2016-cı il 8 noyabr tarixindən etibarən İİV-li xəstələr üçün ART terapiya tətbiq olunmağa başlayıb. 4757 İİV-lə yaşayan insan bu terapiyaya cəlb olunub. 2018-ci ilin 9 ayında isə 550 nəfər təşkil edib.
Bu virusa yoluxmuş
xəstələrin əksəriyyəti 25-49
yaşlıdır
Azərbaycanda İİV-ə yoluxmuş xəstələrin əsas hissəsinin 25-49 yaş həddində olduğunu deyən Natiq Zülfüqarov qeyd edib ki, bu yaş qrupunda olanların 75 faizi cinsi aktivlik dövründədir və çoxuna da bu virus cinsi yolla keçib: "İndi əsasən narkotik istifadəçisi, məhbus və homoseksual şəxslər əsas risk qrupu sayılırlar. Onlar bu infeksiyaya qarşı daha həssasdırlar. Məhbuslar arasında narkotik vasitənin istifadəsi, bir-birinə məxsus əşyaların təmizlənmədən istifadəsi, tatular yoluxmaya səbəb olur. Miqrantlar da bu risk qrupuna daxil edilir. Xəstəlik birinci-ikinci mərhələsində aşkarlananda dərmanlar vasitəsilə QİÇS mərhələsinə keçmə yubadılır. QİÇS mərhələsinə çatdıqda isə xərçəng, vərəm kimi xəstəliklər də ortaya çıxır. Bunlar da xəstəliyin müalicə prosesini çətinləşdirir”.
Dərman təminatı
tam pulsuz həyata keçirilir
N.Zülfüqarovun sözlərinə görə, bəzən elə olur ki, xəstə çox gecikmiş duruma düşür və o halda ağır müalicə başlanır. Dərmanların həcmi çox olur və xəstə tab gətirməyib təslim olur. Belə halda isə QİÇS mərhələsi başlayır və bu da ölüm riski daşıyır. Dərman qəbulu dayandırılan gün və ya bir neçə il sonra xəstə ölə bilər. Dərman müalicəsi ilə onun ömrünü uzatmağa çalışırıq:
"Artıq 25 ildir bizdə qeydiyyatda olan xəstələr var. Belə xəstələr dərmanı mütəmadi qəbul etməklə normal həyatlarına davam edirlər. Bu, ömürlük müalicədir. Xəstələrimizin dərman təminatı tam pulsuz şəkildə həyata keçirilir. İndi regional məntəqələrimiz yaradılıb ki, bölgələrdə yaşayan xəstələrimiz dərmanlarını ordan əldə edirlər. Bu mərkəzlər Quba, Şəki, Gəncə, Şirvan, Lənkəran, Naxçıvanda yerləşir. Onu deyə bilərəm ki, İİV-ə yoluxmuş insanlar Bakıda daha çoxdur, çünki paytaxtda əhali çoxdur. Siyahıda sonra Hacıqabul, Şirvan, Lənkəran, Masallı, Sumqayıt gəlir”.
Virusa yoluxan ana sağlam uşaq dünyaya gətirib
Bu virusa yoluxan insanlardan biri də 23 yaşlı Gülər Paşayevadır (ad şərtidir). Mingəçevir şəhərində yaşayan Gülər 17 yaşında olarkən qonşunun oğlu ilə ailə qurub. Həyat yoldaşı Rusiyada işləyirmiş. Evləndikdən sonra yoldaşı yenidən Rusiyaya qayıtmalı olub.
Dünyaya uşaq gətirməyə hazılaşan Gülər qan analizi verərkən İİV-ə yoluxduğunu öyrənib və intihara cəhd edib. Ancaq övladına görə yaşamaq qərarını alıb: "Həmin an şokda idim. Sanki dünya başıma uçdu. Artıq bu, mənim sonumdur, deyə, düşündüm. Hətta özümü öldürmək dərəcəsinə çatdım. Övladımın da bu virusa yoluxacağından ehtiyat etdiyim üçün onu tələf etdirmək istədim. Amma həkimlər mənə imkan vermədi və övladımı sağlam dünyaya gətirməkdə mənə çox kömək etdilər. Həyat yoldaşımdan isə ayrıldım. Mənə bu virusu yoluxdurduğu və həyatımı puç etdiyi üçün ona nifrət edirdim. İndi işləyirəm, dərmanlarımı da mütəmadi olaraq qəbul etməklə xəstəliyimin ağırlaşmamasına çalışıram”.
Dünya çempionunun acı taleyi
QİÇS daşıyıcısı olan tanınmış dünya çempionu da təsadüfi cinsi əlaqənin qurbanı olub. Adının hallanmasını istəməyən həmin şəxsin dediyinə görə, virusa xarici ölkələrdən birində yoluxub və bilmədən də öz xanımına yoluxdurub. İndi özləri xəstə olsa da, övladlarının sağlam olduğuna çox şükür edirlər.
Onu da xüsusi olaraq vurğulayaq ki, qan köçürülməsi zamanı QİÇS testi edilməmiş qan qəti şəkildə istifadə edilməməlidir. Dezinfeksiya edilməmiş şpris, iynə, cərrahi alətlər, ülgüc, qayçı, stomatologiya alətləri, akupunktur iynələri qətiyyən istifadə olunmamalıdır. Tək istifadəlik vasitələr yenidən istifadə edilməməli, istifadə edilən alətlər dezinfeksiya, ya da sterilizə edilməlidir. Virus yoluxmasının qarşısını almaq üçün açıq yaralar sarğı ilə bağlanılmalıdır. Natiq Zülfüqarovun dediyinə görə, bu, yeganə xəstəlikdir ki, pəhriz saxlamaq məcburiyyətində deyilsən. Necə istəyirsən ye-iç, təki immunitetin güclü olsun.
İİV daşıyıcıları ikinci qrup əlil sayılırlar, ancaq onların işləmə qabiliyyəti olduğu üçün işləyə də bilərlər. Bir şərtlə ki, qanla təmasda olmasınlar. Hətta indi vəzifədə işləyən, tanınmış idmançı, şou-biznes nümayəndələri də var ki, İİV daşıyıcılarıdır.
Bu virusla yaşayan şəxslər yüksək, yaxud aşağı temperatur və təzyiq altında vibrasiya, ionlaşdırma, şüalanma və radiasiyalı iş prosesi olan yerdə işləyə bilməz. Həmçinin fiziki hazırlıq və fiziki gərginlik tələb edən işlər də onlara uyğun deyil.
Bu xəstələrə qarşı stiqma
dağıdılmalıdır
Hər birimiz İİV/QİÇS haqqında düzgün informasiyaya malik olmalıyıq. Xəstəlik barədə oxumalı, öyrənməli və bilməyənləri maarifləndirməliyik. Bu xəstəliyə yoluxmaq o demək deyil ki, sən ölməlisən.
Natiq Zülfüqarov deyir ki, QİÇS-dən də təhlükəli olan Hepatit C xəstələrinə heç bu cür münasibət sərgilənmir: "QİÇS xəstəsi görən kimi tez ondan qaçırlar. Ona yaxın durma, onunla söhbət etmə, evinə qonaq getmə. Bax, bu, bizim problemimizdir. Xəstə də ətrafdakıların ona qarşı ikrah hissi keçirdiklərindən şübhələnərək camaatdan qaçır, əsəbi və aqressiv olur. Nəticədə yaşamaqdan bezir, psixoloji sarsıntılar keçirir və intihara əl atır.
İİV-dən həm özümüzü qorumağı, həm də QİÇS-li insanlara diqqət və qayğı ilə yanaşmağı bacarmalıyııq. QİÇS-li xəstələrlə bir yerdə işləməkdən, bir süfrə arxasında oturmaqdan, yol getməkdən, əl verib görüşməkdən çəkinmək lazım deyil. Onlara qarşı məhdudiyyətlər qoymaq qəbuledilməzdir.
Azərbaycanda bu epidemiyanın
qarşısı tam alına bilər
"2020-ci ilə kimi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən İİV-lə mübarizəyə dair "90-90-90” hədəfinə tam nail olsaq, 2030-cu ildən sonra epidemiyanı dünya üzrə artıq geri döndürmək mümkün olacaq”.
Natiq Zülfüqarov deyir ki, Azərbaycanda infeksion narkotik istifadəçiləri arasında epidemiya artıq azalıb. Narkotik istifadəçilərinə birdəfəlik təmiz şprislər verilir. Amma şpris hər adama da verilmir. Bütün bunlar nəzarət altındadır. Bundan başqa, ölkəmizdə neçə ildir davam etdirilən nikahdan əvvəl müayinə zamanı da bu xəstəlik aşkarlanır. Yeni doğulan nəslin sağlam olması üçün ildə iki dəfə hamilə qadınlar yoxlanılır: "Bu il ərzində 196 min 458 hamilə qadın müayinədən keçirilib. 2017-ci ildə QİÇS-li anadan doğulan 58 uşaq olub. Heç birində virus aşkarlanmayıb. Qanköçürmə zamanı da donor qan mütləq yoxlanılır. Bizdə hələ qanköçürmə ilə yoluxma halı yoxdur. Bir sözlə, epidemiyanın qarşısını almaq üçün tədbirləri davam etdiririk. Bizdə buna nail olmaq üçün imkanlar genişdir. İlk başda, insanları maarifləndirməyə çalışırıq”.
Sonda qeyd edək ki, dünyada heç kim İİV-ə yoluxmaqdan sığortalanmayıb. Belə xəstələrdən qaçmaq əvəzinə, onlara dəstək olmağa çalışmalıyıq. Belə olduqda ən sağalmaz xəstəlik də insan üçün qorxulu olmaz.
Fərizə ƏHMƏDOVA
Azərbaycan.- 2018.-1 dekabr.- S. 1; 6.