İnternat uşaqları: yollar, talelər

 

Əzm və uğur hekayəsi

 

Talelər də yollar kimi enişli-yoxuşlu, daşlı-kəsəkli olur. Bu yollarda yorulanlar kimlərinsə ümidinə qalır. Mübarizlər isə məqsədə yetmək üçün dözüm, iradə, əzmkarlıq göstərir, uğurları ilə örnəyə çevrilirlər.

Bir ailənin beş uşağının da tale yolları əzablardan, uzaq düşdükləri doğma el-obadan başlayıb. Üç qardaş, iki bacıdan ibarət kimsəsiz bir ailənin uşaqları idilər.

Araz Əhmədovun on yaşından bu günədək keçdiyi həmin yollara boylanmağı səbəbsiz deyil. İstər onun kimi uşaq evlərində böyüyüb boya-başa çatan həmyaşıdlarına, istərsə də atalı-analı bəxtəvərlərə örnək olan həyat hekayəsini, sözün əsl mənasında, günün qəhrəmanı kimi tanınan Arazla birgə vərəqləməli olduq.

28 noyabr 1980-ci il Şamaxıda dünyaya göz açar-açmaz atalı-analı dünyası məhv olan Araz Əhmədovla ömür yolunun 38-ci döngəsində görüşdük. Dünəninə boylanmaq onun üçün asan deyildi. "Dünənim olubmu” sualının arxasındakı iztirabları sözə çevirə bilmirdi, "pozitivliyim və əzmimlə o müdhiş günləri, ayları, illəri arxada qoymuşam” söylədi. Dediklərində həqiqət var. Belə olmasaydı, bu gün "İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin sədri kimi tanınmazdı.

 

Üzü sabaha doğru...

 

13 yaşına kimi Şamaxıdakı ata evində böyüyüb. 1990-cı ildə atası avtomobil qəzasında dünyasını dəyişib. Anası isə aldığı xəsarətdən vaxtaşırı müalicə ilə bir müddət yaşayıb.

Atası dünyasını dəyişəndə qardaşı Elçinin 3 yaşı olub, Rəşad isə 6-7 aylıq idi: "Dumanlı xatırlayıram. Atam son nəfəsində mənə nə isə tapşırırdı. Sözlərin arasından qırıq-qırıq "sənə ümidliyəm, sən evin kişisisən” deyirdi”. O isə iki azyaşlı qardaşı ilə evdə qalıb. Aclıq və səfalətlərlə dolu günlər həftələrə, aylara, illərə dönüb. Üç il beləcə yaşamağa məhkum olublar. Üç ildən sonra ana da dünyasını dəyişib.

Xalası bacılarının ikisinisaxlamaq üçün Bakıya aparıb. Nəhayət, bir payız günü onlar da doğma, lakin ata-anasız qalmış ev-eşiyi birdəfəlik tərk etməli olublar. Şamaxı Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanlar üzrə şöbənin nümayəndəsi qəti şəkildə onlara xəbərdarlıq edib: "Başqa yol yoxdur: ya himayəyə götürülməlisiniz, ya da internata aparmalıyıq!”

Araz himayəyə qətiyyən razı olmayıb, yeganə variantı internatı seçmək idi. O, qardaşlarını geyindirib, sənədlərini götürüb, evin qapısını bağlayıb, iki polisin nəzarəti ilə Bakıya, xəyallarındakı işıqlı şəhərə üz tutub. Onları Bakı şəhərinin Xətai rayonundakı yetkinlik yaşına çatmayanların saxlanma məntəqəsinə təhvil veriblər...

15 gün orada gördüklərini sözlə ifadə etməyə çətinlik çəkir, ya da istəmir: "... Ən ağır günlərimdə belə optimist olmuşam. Tez-tez yadlarına salırdım ki, bizi internata aparmalısınız. Biz küçədən tutulub bura gətirilməmişik, çətin tərbiyə olunanlardan deyilik...”

Öyrənib ki, onları Lənkərana aparacaqlar. Burada gördükləri dəhşətlərdən uzaqlaşmaq üçün Lənkərana aparılmalarına sevinir. Lakin Osman Mirzəyev adına Lənkəran Qarışıq Tipli Uşaq Evində qardaşları bir-birindən ayıranda Araz qəti şəkildə geri, Bakıya dönməyəcəyini bildirib. Onu inandırmağa çalışıblar ki, bura qızlar məktəbidir: "Oğlanlar burada ancaq 7-ci sinfə qədər oxuyur, sonra isə Bakıdakı internatlara göndərilir...”

Araz "coşur”: "Yadımdadır, "bizi ayırmayın!” deyə qışqırıb, "buraları yandıracam” deyirdim. Başımıza gələn bütün müsibətlərə dözsək də, həyatdan belə ağır zərbə almağa hazır deyildik. Qardaşlarımı başa salmalı idim. Bizi bir otağa saldılar. Üçümüzoturub söhbət etdik. Onları inandırmağa cəhd edirdim ki, özümə bir şərait qurub qayıdacağam, gəlib sizi götürəcəyəm. Məni axıra qədər dinləyib razılaşdılar. Bərk-bərk qucaqlaşıb ayrıldıq”.

Bakıya qayıdıb həmin dəhşətli saxlanma məntəqəsində gecələdikdən sonra Arazı Maştağa qəsəbəsindəki valideyn himayəsindən məhrum uşaqlar üçün 1 saylı internat məktəbinə gətiriblər. İnternat həyatı başlayanda orta məktəbin 7-ci sinfində oxudu. Yuxarı siniflərlə ünsiyyət qurduqdan sonra Lənkərana, qardaşlarının yanına gedib onlardan xəbər bilməsi üçün "kəşfiyyat” aparıb. Lənkəranın Səpnəkəran kəndindən olan sinif yoldaşı Bakı-Astara qatarı ilə Lənkərana gedə biləcəyini deyib. Cibində cəmi 500 manat olduğunu bildirəndə dostu rayona pulsuz gedib-gələcəklərini gizlətməyib. Nəhayət, gözləri yollara dikilən doğmalarına qovuşub...

 

Çəkilməyən şəklin həsrəti...

 

Lənkəranda qardaşları ilə görüşündən qalan ağrılardan bir epizod: "Qardaşlarım mənim o gün gələcəyimi bilmirdilər. Amma hər gün səbirsizliklə gözləyirdilər. Görüşümüz sevindirici olsa da, ayrılığımız dəhşətli idi. Cibimdəki iki 250-liyin hərəsini birinə verdim. Dedim ki, üstünüzdə olsun, nə istəsəniz, alın. Elçin başa düşdü, Rəşad isə hələ bilmirdi pul nədir”.

Sonbeşik qardaşı Rəşad hazırlığa gedirdi. Artıq hərfləri tanıyırdı. Lənkərandan Bakıya qayıdanda Araza bir məktub yazıb verib. Rəşad bunu bilməyib. Araz həmin məktubu bu günə kimi saxlayır. Məktubda ürəkdağlayan sətirlər az deyil: "...Böyüyüb ailəmizə kömək edəcəyik...” O məktubda ən çox təsir edən Rəşadın anasına da salam göndərməsi idi. Hələ də o, anasız olduğunu başa düşmürdü.

"Ailəmizin bəxtəvər günləri idi. Heyf ki, az oldu, qısa çəkdi. Uşaqlıq illərimi xatırlasam da, bircə şəklim yoxdur ki, görüm necə olmuşam. Başımıza çox çətinliklər gəlib, amma heç vaxt sınmamışıq... İlk şəklim isə 15-16 yaşlarında internatda sənəd üçün çəkilib”.

 

"Uğurun açarı”

 

"2002-ci ildə ailə qurmuşam. Yanımda dəstək verənimin, qardaşlarımın isə internatdan çıxanda gəlməyə evləri, isti ocaqları, onları gözləyən bir ailə olmasını düşündüm. Maştağadakı internatda Məlahət adlı xanım işləyirdi. Onun ailəsinə gedib-gəlirdim. Bayramları onlarla birgə kecirirdik. Orada məndən iki yaş kiçik bacısı qızı ilə tanış olmuşduq. Təklifim etirazla qarşılanmadı və beləliklə, ailə qurduq”.

Bir necə ictimai birliklə əlaqə quran Araz öz inkişafında DAN Beynəlmiləl İctimai Birliyin sədri Gülarə Teymurovanın əvəzsiz xidmətlərini unutmur. İctimai fəaliyyətə başladığı vaxtlarda, daha doğrusu, 2008-ci ildə keçirilən tədbirlərin birində Gülarə xanımla tanış olub. Deyir ki, bir çox uğurlarıma görə o xanıma minnətdaram: "Çünki biz ondan çox şey öyrəndik. Bizə əsl vətəndaş olmağı öyrədib. Bizim "uğurun açarı” Gülarə xanım olub. O, internat məzunlarına görə imkanı çatan, səlahiyyəti yetən dost-tanışlarından istifadə edib. İnternat uşaqlarının cəmiyyətə inteqrasiyası üçün hər şey edib. Hər il 10-15 internat məzununa psixoloji inteqrasiya təlimi keçib. Sonra onların siyahısını Heydər Əliyev Fonduna göndərib. Fond isə bu gəncləri ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində ixtisaslaşdırıb, şirkətin müxtəlif müəssisələrində işlə təmin edib. Qardaşım Elçin məzun olanda mənə ali təhsil alması üçün də dəstək oldu. Gülarə xanımın təşəbbüsü ilə 110 nəfərə yaxın internat uşağı Dövlət Neft Şirkətində işə düzəlib. Ümumiyyətlə, bu xanımın yaxından dəstəyi ilə internat məzunlarından 14 gənc Moskvada ali təhsil alırdı. Daha dörd məzun da əlavə olunub. Onlar ilk internat uşaqlarıdır ki, ali təhsil alırlar”.

 

Birinci xanım Mehriban Əliyeva anasızlıq ağrılarını unutduran anadır

 

Həmsöhbətim beləcə də dedi: "Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva internat məzunlarına, sözün əsl mənasında, analıq qayğısı göstərir. Biz bunu heç zaman unuda bilmərik. Məhz Mehriban xanımın təşəbbüsü və yaxından köməyi ilə Abşeron rayonu ərazisindəki Masazır qəsəbəsində internat məzunları üçün iki bina tikilib istifadəyə verilib. Onların işlə təminatı, yaşayış yeri, ali təhsil almaları üçün müntəzəm maraqlanması bu kateqoriyadan olan digər gənclərimizin də cəmiyyətə, sosial həyata inteqrasiyasına böyük dəstəkdir”.

Araz on üç il kirayədə yaşayıb. 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə ARDNŞ-in istehsalat sahələrində çalışan, əməkdə fərqlənən işçiləri, uşaq evləri internat məktəblərinin ailəli məzunları üçün bina inşa olunub. Onunla birlikdə 60 internat məzunu həmin binada evlə təmin edilib. Ömrünün üçüncü onilliyini başa vurduqdan sonra mənzil sahibi olan Araz deyir ki, bu, əvəzsiz hədiyyə idi: "Mehriban xanım Əliyeva neçə-neçə gəncin həyat manifestinə xoş günlər əlavə edib. Bunu unutmaq olarmı? Qətiyyən!”

...DAN Beynəlmiləl İctimai Birliyinin könüllülər üzrə koordinatoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Gənclər Fondunun ictimai fəallarından biri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası idarə heyətinin üzvü "İnternat Məzunlarının Sosial İnteqrasiyasıGənclər İctimai Birliyinin yaradıcısı Araz Əhmədovun ətrafında 400 nəfərədək internat məzunu toplaşıb. Məqsəd bu kateqoriyadan olan gənclərin müstəqil həyata inteqrasiyası, təhsilə maraqlarının, dünyagörüşlərinin artırılması, sosial problemlərinin həllinə kömək göstərilməsi maariflənməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdır.

...Onları uşaqlıqdan həyat çox sınağa çəkib. Doğru deyir Araz, ayağa qalxmaq, həyat qurmaq üçün insanda ilk növbədə inam lazımdır. Bir gərək qarşına xeyirxah adamlar çıxsın ki, əlindən tutsunlar. Araz da belə düşünür: optimist olmalısan, fikirləşməlisən ki, hər şeyə qadir olan insandır, üstəlik, sən həm gəncsən axı...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.-1 dekabr.- S. 6.