Prezident İlham Əliyev: “Azərbaycanlılar Vətənə
bağlı insanlardır”
Azərbaycanlılar dünyada özlərini həmişə öz Vətəninə bağlı insanlar kimi göstəriblər. Bu gün də bu, belədir. Əlbəttə, biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa, ildə bir dəfə Azərbaycana gəlsin. Birincisi, ona görə ki, Vətənlə əlaqələr qırılmasın. İkincisi, ona görə ki, Azərbaycanın müxtəlif yerlərində çox gözəl şərait yaradılıb. Bakı şəhərində, bölgələrimizdə istirahət üçün gözəl, müasir otellər, istirahət zonaları var. Hesab edirəm ki, Azərbaycan indi dünya miqyasında öz imkanlarını ortaya qoyur.
AZƏRTAC xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 74-cü kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2016-cı il iyunun 3-də Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimində söylədiyi nitqindən götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2016-cı ilin mayından iyul ayınadək olan dövrü əhatə edir.
Kitaba Prezident İlham Əliyevin Avstriyaya, Rusiyaya işgüzar səfərlərinə dair informasiyalar, İstanbulda Dünya Humanitar Sammitində, Berlində Azərbaycan-Almaniya iqtisadi forumunda çıxışlarının mətnləri, NATO Sammitində iştirak etmək üçün Polşaya səfəri barədə materiallar, Sammitin Əfqanıstanla bağlı sessiyasında çıxışının mətni daxil edilib.
Nəşrdə dövlətimizin başçısının Azərbaycana rəsmi səfərə gəlmiş Türkiyənin Baş naziri ilə görüşü, Rusiya Federasiyası Dağıstan Respublikasının başçısını qəbul etməsi barədə informasiyalar yer alıb.
Çoxcildliyin 74-cü kitabında Prezident İlham Əliyevin İndoneziya, Niderland, Bolqarıstan, İran, Rusiya, Belarus, Çin, Türkiyə, İtaliya, Əfqanıstan, Böyük Britaniya və digər dövlətlərin ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, "The Business Year” jurnalının baş redaktorunu və baş direktorunu qəbul etməsi barədə materiallar toplanıb.
Kitaba, həmçinin Azərbaycan Prezidentinin qoşunların təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfərlərinə, sakinlərlə görüşlərinə, Bakıda aparılan yenidənqurma və abadlıq işləri ilə tanışlığına dair materiallar daxil olunub.
Bu nəşrdə Prezident İlham Əliyevin XXIII Beynəlxalq "Xəzər Neft və Qaz-2016” sərgi və konfransının açılışı mərasimində, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi nitqlərinin mətnləri, XXII Beynəlxalq Qida Sənayesi və X Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanışlığına dair informasiyalar toplanıb.
Dövlətimizin başçısının ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi, 28 May – Respublika Günü ilə əlaqədar rəsmi qəbullarda söylədiyi nitqlərinin, "Gəncə-2016-cı il Avropa gənclər paytaxtı” layihəsinin açılışı mərasiminin iştirakçılarına ünvanlanmış məktubunun, 80 illik yubileyi münasibətilə şair Oljas Süleymenova təbrikinin və digər müraciət və məktubların mətnləri ilə də bu kitabda tanış olmaq mümkündür.
Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.
"Azərnəşr” tərəfindən
buraxılan 74-cü kitabın hazırlanmasında Azərbaycan
Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC) materiallarından istifadə olunub.
Azərbaycan.-
2018.-2 dekabr.- S.2.