Azərbaycançılıq vətən sevgisindən başlanır

 

Azərbaycan tarix boyu heç zaman indiki kimi qüdrətli, güvənli olmayıb. Ölkəmizdə dünya dövlətlərinin heç birinə bənzəməyən, özünəməxsus iqtisadisiyasi inkişaf modelinin formalaşması faktı tam təsdiqini tapıb. Bu dövrdə Azərbaycanın strateji inkişaf kursunun davamlılığının təmin olunması, qazanılmış nailiyyətlərin qorunması, yürüdülən müstəqil xəttin, cəmiyyətdə ictimai-siyasi sabitliyin dayanıqlığı, vətəndaş cəmiyyəti quruculuğu, ölkənin insan kapitalı ilə gələcəyə hazırlanması kimi mütərəqqi çağırışlardan uzaq düşməməsi və mütləq çoxluğun mənafeyini dolğun şəkildə əks etdirən amillərin qlobal səciyyə daşıması mühüm nailiyyəti ilə ictimai şüurda həm möhkəmlənib, həm də milli ideya səviyyəsinə yüksəlib.

Bu ideyalar özünü ilk növbədə iqtisadiyyatın müəyyən gözləntilərini təcəssüm etdirib, zamanla inkişaf edib, yeniləşib, fərqli hədəf və məqsədləri özündə birləşdirib. Bütün bunların kökündə isə azərbaycançılıq ideologiyasının əsasını şərtləndirən vətənə məhəbbət, yurda, torpağa bağlılıq hissi dayanıb. Xalqın milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu göstərən dəyərləri qorumağa yönələn fəaliyyət üstünlük təşkil edib.

Bu gün vətənpərvərlik birinci növbədə insanın öz ölkəsinə olan sevgisidir. Azərbaycançılıq ruhu bu hisdən başlanır. Mənəviyyat abidəmiz olan "Kitabi-Dədə Qorqud” dastanlarının az qala hər sətrindən bunları oxuyur, görürduyuruq. Ən qədim dövrlərdən üzü bəri yazıb-yaradan klassiklərimizin, şair və yazıçılarımızın əsərlərindən əxz edirik. Bu irsin aşıladığı düşüncə bizi vətənpərvərlik anlayışına milli zəmində qarşıdurma yaradan ziyanlı ideologiya kimi deyil, bu torpaqları özünə vətən bilən bütün soydaşlarımızın ümummilli maraqlarının müdafiəsi yönündə birləşməsini təmin edən sistem kimi yanaşmağa öyrədir. Bu gün Azərbaycanın bütün dünyaya təlqin etdiyi multikultural dəyərlər, fərqli mədəniyyətlərə hörmət hissi, tolerantlıq eyni zamanda öz vətənimizə də məhəbbət hislərini gücləndirir.

2008-ci ildən başlanmış "Bakı prosesinin nailiyyətləri ilə, bu proses çərçivəsində keçirilən qlobal forumlarla, dövlətimizin əldə etdiyi siyasi-iqtisadi uğurlarla vətənimizi sanki yenidən kəşf edirik. Bütün dünyada inkişaf, mədəniyyətlərarası dialoq, sabitlik məkanı kimi qəbul olunan belə bir vətənə, Yer üzündə ali ideyalar yayan belə bir xalqa aidlik duyğusu ilə, təbii ki, qürur duyuruq.

 

"Mən azərbaycanlıyam”

 

Tariximizin ən böyük vətənpərvəri olan ulu öndər Heydər Əliyevin təlqin etdiyi düşüncə, yaratdığı nümunə hər birimiz üçün mükəmməl vətənpərvərlik məktəbi, vətənə sədaqət dərsidir. "Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən ümummilli lider öz mənəvi irsi ilə insanın vətəninə sevgisinin həm də onun mənəviyyat göstəricisi olduğunu təlqin edir.

Bildirir ki, vətənpərvərlik insanın daxilindəki duyğulardır. "Əgər bunlar yoxdursa, o insanın mənəviyyatından danışmağa dəyməz. Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs həyatın heç bir hadisəsinə laqeyd qalmır”. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir. Onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir.

Ulu öndər deyirdi: "Xalqımız böyük xalqdır. Böyük tarixə, böyük mədəniyyətə malikdir. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu hər kəsə nə qədər dərindən anlada bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik, vətəndaşlıq hissini, azərbaycançılığı yüksəldərik”.

Ümummilli liderin hələ sovetlər zamanında respublikaya rəhbərliyinin bütün fəlsəfəsi xalqın milli dirçəlişi, milli qürur hislərinin oyanışı məramına hesablanmışdır. İdarəçilikdə bütün addımlar, o cümlədən iqtisadi inkişafın sürətli strategiyasının həyata keçirilməsi milli şüurun yüksəlməsinə təkan verməli, milli dirçəlişin etibarlı təməlinə çevrilməli idi. Bu məqsədə yetişmək üçün Heydər Əliyev azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına nəinki imkan verməmiş, eyni zamanda milli məfkurə və düşüncə sahibi olan ziyalıları qorumuş, nəticədə respublikada dissident yazarlar olmamışdır.

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində, kifayət qədər gərgin və taleyüklü bir məqamda xalqa rəhbərlik missiyasını öz üzərinə götürən ulu öndərin yürütdüyü siyasət yenə də xalqın tarixi ənənələrinin, mənəvi dəyərlərinin, özünəməxsusluğunun müdafiəsinə, qloballaşmanın mənfi təsirlərinin aradan qaldırılmasına xidmət etmişdir. Bütün varlığı ilə ali dəyərlərə bağlı olan, parlaq şəxsiyyətində azərbaycanlılara xas əxlaqi keyfiyyətləri yaşadan ümummilli lider yeni ictimai-iqtisadi formasiyada - bazar iqtisadiyyatı şəraitində mənəviyyat məsələlərinin, xüsusilə vətənə, torpağa sədaqət hissinin ayrıca diqqət mərkəzində saxlanılmasının vacibliyini daha düzgün qiymətləndirmiş, bu istiqamətdə sistemli və ardıcıl siyasət yürütmüşdür.

 

Vətənpərvərlik nümunəsi

 

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə yürütdüyü siyasətlə milli dəyərlərin, əxlaq normalarının ictimai şüurda möhkəmlənməsinə, eyni zamanda milli-mədəni sərvətin mühafizəsinə və yaradılmasına çalışmışdır. Qərbin kosmopolit ideyalarının sürətlə yayıldığı bir dövrdə milli məfkurənin qorunması, habelə azərbaycançılığın mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi, dini dəyərlərin, adət-ənənələrin gənc nəslə aşılanması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycan xalqının milli düşüncəsində, şüurunda tarixi ənənələrə söykənmiş əxlaq kateqoriyası dərin kök salmışdır. Mərdlik, iradə, dosta və prinsiplərə sədaqət, dildə və əməldə birlik orta statistik azərbaycanlı üçün tarixən ən vacib və vicdanlı yaşam atributları olmuşdur. Böyük rəhbər sadəlik, düzgünlük, vicdanlılıq, ləyaqətlilik, məğrurluq, mərdlik, cəsarətlilik kimi normaları daha uca tutmuş, irəli çəkdiyi, etimad göstərdiyi kadrların da bu keyfiyyətlərə malik olmasına ciddi yanaşmışdır. Ulu öndərin idarəçiliyinin bütün mərhələlərində qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması da, əslində, onun zəngin mənəviyyatından rişələnmişdir. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq "haqlı həmişə güclüdür” amilindən çıxış etmişdir.

Ulu öndər müxtəlif dövlət tədbirlərində gəncləri mənəviyyat, əxlaq, təlim-tərbiyə məsələlərinə xüsusi həssaslıqla yanaşmağa çağırırdı. Bu da təsadüfi deyildi - ötən əsrin 90-cı illərinin sonuna doğru Azərbaycan gəncliyi müxtəlif yad təsirlərə, yardımçı neqativ dəyərlərin, ictimai şüurda həzm olunmayan "ənənələr”in hücumuna məruz qalırdı. Həmin dövrdə xalqın qəlibləşmiş milli-mənəvi, əxlaqi dəyərlərini sıradan çıxarmağa yönələn "universal” və ya "kosmopolit” halların gənclər arasında təbliği də geniş vüsət almışdı.

Sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, dünya iqtisadiyyatının təmərküzləşməsi, informasiyakommunikasiya texnologiyalarının sürətli inkişafı bəzən mütərəqqi mahiyyətindən uzaqlaşır, milli mədəniyyətə, mənəvi dəyərlər sisteminə təhlükəyə çevrilir. Bəşəri və milli ideallar, zəngin mənəvi dəyərlər ifrat praqmatikləşmiş kapital münasibətləri fonunda müəyyən aşınmaya məruz qalır. Belə bir şəraitdə gənclərdə milli mənlik şüurunu qoruyub saxlamaq, milli özünüdərki gücləndirmək son dərəcə vacibaktual problem kimi önə çıxır. Azərbaycanın da belə bir vəziyyətdə üzləşmək təhlükəsində olduğunu görən ulu öndər xüsusilə də gənclərə milli-mənəvi dəyərlərə, adət-ənənələrə hörmətlə yanaşmağı tövsiyə edirdi, onları mənəvi ucalığa dəvət edirdi.

Bu örnəklər göstərir ki, vətənpərvərlik əslində ötürülən hisdir. Onun gənc nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir. Ona görə də bu məsələ təlim-tərbiyə işinin mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olmalıdır. Ölkəmizin tarixi, xalqımızın milli-mənəvi dəyərləri haqqında sistemli, ardıcıl, yeniyetmə və gənclərin başa düşəcəyi tərzdə verilən məlumatlar vətənpərvərlik tərbiyəsində çox mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlərdə, tədbirlərdə verilən belə məlumatlar gənclərin vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə etməsinə şərait yaradır. Bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hislərini daha da artırır.

 

Gələcəyə daşımalı olduğumuz dəyərlər

 

Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. Vətənpərvərlik tərbiyəsi işi onların vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir. Azərbaycan Prezidenti çıxışlarında hər dəfə xüsusi vurğulayır ki, xalqın hər bir nümayəndəsi vətənpərvər olmağı bacarmalıdır. Hər kəs vətəni öz şəxsiyyətində yaşatmalıdır. Vətən sevgisini şəxsi keyfiyyətləri ilə nümayiş etdirməlidir. Vətənpərvərlik özündən də çox el üçün yaşamaqdır. Bu gün üçün deyil, gələcək üçün ömür sürməkdir. Tarixdə bir iz qoyub əbədiyyət qazanmaqdır. "Mən” deyil, "biz” düşüncəsidir. Diplomat siyasətiylə, alim elmiylə, yazıçı, şair qələmiylə, tarixçi üzə çıxartdığı doğrularıyla, analar böyütdükləri nəcabətli övladlarla, gənclərimiz təhsili, tərbiyəsiylə, qızlarımız nəsilbənəsil bizə miras qalmış ismətləriylə, oğullarımız mərdliyi, qeyrətiylə vətən sevgisini göstərməlidir. Bu sevgiyə hər zaman ehtiyacımız olub. Bu gün uğurlarına sevindiyimiz, bayrağını öpüb gözlərimiz üstünə qoyduğumuz, sərhədlərini keçən kimi havasını ciyərimizə çəkdiyimiz, əsgərinin addım səsləri ilə öyündüyümüz müstəqil Azərbaycan Respublikası bu sevginin övladıdır. Tarixin ən qədim qatlarında bu torpaqları qorumaq üçün qılınc çalmış əcdadlarımızın, xalqı milli ideyalar ətrafında bir araya gətirərək dövlət qurmuş, onun müstəqilliyini əbədi etmiş düşüncə adamlarımızın, bu dövlətin azadlığı uğrunda canını vermiş şəhidlərimizin vətən sevgisinin nəticəsidir. Onların vətənpərvərliyinin əsəri bu gün tarixinin ən qüdrətli çağlarına qədəm qoymuş Azərbaycan dövlətidir. Bu dövlətin gələcəyi də onun vətəndaşının öz ölkəsinə olan sədaqət borcunu layiqincə yerinə yetirməsindən asılıdır. Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin cəmiyyətimizə aşıladığı düşüncə, dəyər budur!

Müsahibələrinin birində Azərbaycan Prezidentinə belə bir sual verilmişdi: "Gələcəkdən danışarkən keçmişdən nə götürmək istərdiniz və Sizi həmişə nə müşayiət edərdi?” Buna dövlət başçısının cavabı belə olmuşdu: "Ləyaqəti keçmişdə qoymaq olmaz. Heç bir halda. Ədəb-ərkan hissini, insanlara xoş münasibət hissini, vətənpərvərlik hissini. Düşünürəm ki, hər bir kəs bu əsas məqamları özü ilə irəli aparmalıdır”.

 

Azərbaycan gəncliyinə çağırış

 

Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzi, intellektual səviyyəsi, milli ruhu əsasında formalaşır. Azərbaycan gəncliyi xalqımızın əsrlər boyu yaratdığı dövlətçilik ənənələrini, milli mədəniyyəti gələcəyə daşıyan böyük qüvvədir. Onlar dövlətimizin həm bugünü, həm də gələcəyidirlər. Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdə olan "Azərbaycan gənclərinin inkişaf strategiyası (2015-2025-ci illər)”, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, xüsusilə gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyəsinə, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğinə və s. məsələlərə yeni imkanlar yaradır.

Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun daim yüksək olması məqsədi dayanır. Belə bir ruh Azərbaycanda regionun ən qüdrətli ordusunu formalaşdırıb. Hər addımında insanlarımızın sevgisini, dəstəyini duyan bu ordu sıralarında xidmət edən gənclərimizin vətən sevgisinin gücü ilə nələrə qadir olduqlarını onlar 2016-cı ilin Aprel zəfərində sübuta yetirdilər. Bununla həm də Azərbaycanda necə cəsur, vətənpərvər bir gəncin yetişdiyini görürük. Müstəqillik dövründə böyümüş gənclik Qarabağ müharibəsinin, itirilmiş torpaqlarımızın dərslərini yaxşı mənimsəyir. Bu işdə vətənpərvərlik təbliğatı aparan insanlarımızın da böyük əməyi vardır.

Bu il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin, sentyabrın 15-də Bakının işğalçılardan azad edilməsinin 100-cü ildönümü günü münasibətilə keçirilən hərbi paradlar da cəmiyyətdə vətənpərvərlik ruhunu yüksəldən möhtəşəm hadisələr idi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, dövlət başçısı İlham Əliyevin bu tarixi tədbirlərdəki çıxışları cəmiyyət üçün əsl vətənpərvərlik tərbiyəsi, gəncliyə çağırışı idi: "Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilməz və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır”.

Azərbaycan dövləti dünyanın hər yerində yaşayan soydaşlarımızın tarixi vətənidir. Özünü bu vətənə bağlı sayan hər kəsin ruhunun qibləsidir. Həyata keçirilən diaspor siyasəti bütün dünya azərbaycanlılarını vətənin mənafeləri ətrafında bir araya gətirir. İndi beynəlxalq tribunalarda olduğu kimi, dünya azərbaycanlılarının yaşadıqları cəmiyyətlərdə də səsimiz daha yüksəkdən eşidilir. Vətənpərvərlik əzmi diplomatik səngərlərdə də Azərbaycana mühüm zəfərlər qazandırır.

Biliyin, savadın, mükəmməl təhsilin ölkələrin əsas güc faktoruna çevrildiyi müasir dövrümüzdə əsl vətənpərvərlik həm də vətənin sabahı üçün elmli, təhsilli insan kimi yetişməkdir. Yüksək bilik və səriştə ilə, innovasiyalara bələdliklə onun inkişafına töhfə verməkdir. Azərbaycan dövləti bu istiqamətdə də gənclərimizə dəstək verir, yol göstərir, onların inkişafına şərait yaradır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən təhsil, innovasiya layihələri, bütün ölkə boyu tikilən, abadlaşdırılan məktəb binaları, Azərbaycan gənclərinin təhsilinə, fərdi inkişafına verilən dövlət dəstəyi böyüməkdə olan nəsildə aşılanan vətənpərvərlik ruhudur. Bu siyasət nəticəsində Azərbaycan gənclərinin xoş sorağı bu gün dünyanın ən nüfuzlu universitetlərindən, tanınmış elmi mərkəzlərdən, beynəlxalq idman arenalarından, mədəniyyət səhnələrindən eşidilir. Onlar öz nailiyyətləri ilə vətənin adını ucalara qaldırırlar.

bu nailiyyətlərin işığında Azərbaycanın istiqbalı daha parlaq görünür.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2018.-2 dekabr.- S.1-2.