Dodaqlarda ağıya çevrilən şikəstə
Gülablıdan
dünyaya yayılan səda - "Nənə qızlar”
Könlüm keçir
Qarabağdan.
Gah o dağdan, gah bu dağdan,
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi...
Düz iyirmi beş ildir ki, bir ağbirçək, bir el anası ağı deyir. Yurdundan ayrı düşmüş elinə, başdaşına göz yaşından cığır düşmüş şəhidlərinə, gözü yolda qalan əsir övladlarına, səsləri hələ də qulaqlarda cingildəyən süngülənmiş körpələrinə bayatı çəkir, layla çalır...
1992-ci ilin bir məşum günü al qırmızı örtüyə bürünmüş üç şəhidi, arzu-kamı gözlərində qalmış üç igidi qara torpağa tapşırmağın acısı dodağındakı zümzüməyə birdəfəlik son qoyur...
Bir zamanlar mahnıya, təsnifə köklənmiş məlahətli səsi ilə ürəkləri sevindirən bu ana "Mən ağlamayım, bəs kim ağlasın?!” - deyə ərşə dirənən fəryadı ilə ürəkləri dağlayır...
Və elə həmin o məşum gündən təkcə Ağdamın Gülablı kəndinin sakinləri deyil, bütün Azərbaycan Xavər Nuriyevanın şən, şaqraq səsinə həsrət qalır...
Məşhur "Nənə qızlar” ansamblının solisti Xavər Nuriyevadan danışırıq...
Elə bir avazla oxuyurdu ki...
1938-ci ildə
füsunkar bir diyar, Ağdam rayonunun Gülablı kəndində anadan olan Xavər Nuriyevanın uşaqlığı
Böyük Vətən
müharibəsi illərinə
düşür. Qardaşı bu müharibədə
həlak olur, atası isə dərddən vaxtsız köçür bu dünyadan. Anası və bir bacısı ilə yalnız qalan balaca qızcığazın
həyatı çətinliklərlə
keçsə də, yeddi yaşında Abdal kənd məktəbinə gedir və hələ o zamanlardan öz istedadı ilə digər şagirdlərdən
fərqlənir. Məktəbdə hazırlanan kiçik tamaşalarda, konsertlərdə
həvəslə iştirak
edir.
Müəllimi Sərvaz
Nəbiyevin tarda müşayiəti ilə
"Sona bülbüllər”,
"Yar gəldi, yar gəldi”, "Kəndimiz” kimi mahnıları gözəl
ifa edirdi, amma "Qarabağ şikəstəsi”ni elə
bir yanıqlı avazla oxuyurdu ki, dağ-daş dilə gəlirdi...
Balaca Xavər
yüzdən artıq
mahnını Gülablının
səfalı bulaqlarında,
yaşıl çəmənlərində,
uca dağlarının
zirvəsində oxuyur,
səsi şəlalələr
kimi çağlayırdı...
Dəfələrlə təltif
olunur
Xavər Nuriyevanın ecazkar səsini ilk dəfə on
iki yaşı olanda Ağdam Şəhər Mədəniyyət
Evinin müdiri Manaf Quliyev kəşf
edir. Elə həmin vaxtdan
o, Ağdam şəhərində
keçirilən bütün
mədəniyyət tədbirlərinin
əsas iştirakçılarından
birinə çevrilir.
Ağdam
Mədəniyyət Evi
Xalq çalğı
alətləri ansamblının
kollektivi ilə respublika miqyasında keçirilən məhsul
bayramlarında fəaliyyətinə
görə dəfələrlə
fəxri fərmanlarla
təltif olunur. 1955-ci ildə Bakıda
keçirilən Ümumdünya
Mahnı Festivalında
birinci yerə çıxırlar. 1957-cı
ildə II Ümundünya
Gənclər Festivalı
keçirilir. Həmin festivalda
uğurlu çıxışına
görə ikinci dərəcəli diplom və medala layiq görülür.
İllər ötür, 1958-ci ildə
Xavər xanım Məhi adlı həmkəndlisi ilə ailə həyatı qurur, gəlin köçür, üç
oğul, bir qız anası olur.
"Nənə qızlar”ın
sədası sərhədləri
aşır
1983-cü ildə
Gülablı kənd
Mədəniyyət evinin
müdiri ustad Aşıq Xaspolad Mirzəliyevə rayondan tapşırıq gəlir
ki, bütün mədəniyyət evlərinin
nəzdində folklor ansamblları təşkil
olunsun. Xaspolad kişi də
bu işi Xavər Nuriyevaya həvalə edir və o kənddə səsi, istedadı, qabiliyyəti olan on yeddi qızı başına yığıb
məşhur "Nənə
qızlar” folklor ansamblını yaradır.
Uzun illər səhnədə,
xalqımızın keçmişini,
məişətini, adət-ənənəsini
öz ifalarında yaşadan paytaxt Bakıda, respublikada və digər ölkələrdə elə
bir tədbir yox idi ki,
"Nənə qızlar”
ansamblı orada iştirak etməsin.
Xavər Nuriyeva "Nənə qızlar” ansamblını elə yaratmışdı ki, onların hər çıxışı tamaşaçılar
tərəfindən böyük
maraqla qarşılanırdı.
Belə çıxışların ardı-arası
kəsilmirdi. Ağdamda Natəvan
qızlar bayramı, Xarı bülbül festivalı, Bahar bayramı və digər dövlət səviyyəli tədbirlərdə
xüsusi çıxışları
olan ansamblın fəaliyyəti Azərbaycan
televiziyası ilə də dəfələrlə
nümayiş etdirilmişdi.
Ansamblın qızları yetkinlik yaşına çatdıqca
bir-bir ailə qurub gedir, "Xavər nənə” gedənləri yeniləri
ilə əvəz edirdi. "Nənə qızlar” folklor ansamblı istedadını
təkcə Azərbaycanda
deyil, bütün keçmiş Sovet İttifaqında nümayiş
etdirirdi.
Zeynəb Xanlarova,
Sara Qədimova, Xavər
Nuriyeva...
1987-ci ildə ansambl Moskvada M.Qorki adına
Mədəniyyət Evində
keçirilən "Qarabağ
toyu” adlı kompozisiyaya dəvət alır. Ona bu toyda ana rolunu ifa
etmək tapşırılır.
Belə ki, o, P.Bülbüloğlu,
M.Maqomayev, Z.Xanlarova kimi müğənnilərlə
birgə konsertdə
"Qarabağ şikəstəsi”
ilə çıxış
edir. Festifalda
"Qarabağ şikəstəsi”ni
müvəffəqiyyətlə ifa edən "Nənə qızlar” ansamblının "nənəsi”
Xavər Nuriyeva xüsusi medalla təltif olunur.
Daha sonra o, Moskvada keçirilən "Azərbaycan
günləri” festivalında
iştirak edir. Bu festivalda "nənə” ilə birgə 17 qızın hər biri ayrı-ayrılıqda
II dərəcəli mükafata
layiq görülür.
Bu möhtəşəm festivaldan
bir ay sonra Respublika sarayında
Xavər Nuriyeva
"Nənə qızlar”
ansamblı ilə birlikdə respublikanın tanınmış müğənniləri
Zeynəb Xanlarova, Sara
Qədimova, Əlibaba
Məmmədov, Canəli
Əkbərov və başqa tanınmış
müğənnilərlə bir yerdə çıxış edir...
Ürəyi sığmır
buralara...
Və mahnılı-musiqili,
çal-çağırlı, xoşbəxtlik dolu günlərin ömrü
1993-cü ilə qədər
davam edir... Qarabağın qara günləri başlanır...
Ağdamın Gülablı
kəndi 1992-ci il sentyabrın 4-də
erməni işğalçıları
tərəfindən zəbt
olunur...
Doğma kənd
işğal olunandan sonra ansamblın qızlarının hərəsi
bir tərəfə dağılır... "Nənə
qızlar”ın "nənə”si
isə Bakı şəhərinə, Mədəni-Maarif
Texnikumunun yataqxanasına
sığınmalı olur,
amma ürəyi heç zaman sığmır buralara...
Doğma-el obasından,
yurdundan ayrılıq
həsrəti yaman sarsıdır onu...
50 ildən artıq mədəniyyətimizin
inkişafına xidmət
göstərən, yeddi
dəfə müxtəlif
fəxri fərmanlarla
təltif olunan Xavər Nuriyevanın sinəsi o illərin şirin xatirələri ilə aşıb-daşır
və elə bəlkə də bu xatirələrdir onu bir az
da olsa ovudan...
"Dərdim
vətən həsrətidir,
dərmanı isə
o yerlərə qovuşmaq,
gül ətirli Gülablı suyu içib, dağlara qalxmaq, dərindən nəfəs almaqdır. İnanın, mən o yerlərdən ayrı düşəndən
doyunca nəfəs də ala bilmirəm.
O yerlərin daşına
da, koluna da qurbanam. Gülablı kəndində əsən
behişt küləyi
mənim nəfəsim
idi”, - deyir Xavər nənə.
Amma bir sual var ki,
heç zaman ona cavab vermir...
Soruşanda ki nə vaxtsa Gülablı kəndinə
qayıdandan sonra yenə "Nənə qızlar” ansamblına
"nənəlik” edərsinizmi?
Gözləri bir nöqtəyə zillənir
və heç bir şey demir,
sadəcə susur...
Bəlkə də ürəyində hə deyə cavab verir, yaxud da...
Elə bu susqunluğunun altında o
qədər bəlkələr
yatır ki...
Nə bilmək
olar...
Daha Gülablının
"Nənə qızlar”ı
yoxdur...
Bir zamanlar Qarabağ adlı cənnət diyarın Abdal-Gülablı
yurdunun dağlar qoynunda "Nənə qızlar” folklor ansamblı vardı. O ansamblın
deyib-gülən, çox
şən, qıvraq bir nənəsi var idi. Şikəstəsinin
səsi dağlarda əks-səda verir, bulaq kimi qaynayır,
duyanları valeh edirdi...
Bu gün isə nə "Nənə qızlar”, nə də onun dodağı zümzüməli Xavər
Nuriyevası var...
Bu gün ürəyi vətən dağlı, dilində şəhid övladların
ağısı, qətl
edilən körpələrə
layla deyən bir ağbirçək nənə var...
Ceyran, cüyür
mələr orda,
Elim düşüb
yaman dərdə,
Qayıdaram bir də yurda,
Görən, o yurd yerindəmi?
Almara NƏBİYEVA,
filologiya üzrə fəlsəfə
doktoru
Azərbaycan.- 2018.-2 dekabr.- S.4.