Həyata dönüş
3 dekabr
Beynəlxalq Əlillər
Günüdür
Bir gün ayağındakı protezi qara rəngə boyayır ki, şort geyinəndə qəşəng görünsün...
Başqa bir gün isə protezinə bərkidilmiş zəncirbəndi sındırıb atır, deyir ki, ayağımı düz saxlayır, velosiped sürə bilmirəm...
Həyətdə ox-yay düzəldir, hələ altı yaşı tamam olmamış qarmaqla balıq tutaraq ilk ovunu da edir...
Turnikdə idman edir, rolik sürür, sürətlə qaçır...
Bir sözlə, o, bu dünyaya idmançı gəlib...
Binəqədidəki 143 nömrəli orta məktəbin 3-cü sinif şagirdi Əli Vəliyevdən danışırıq.
Məktəbdə hamının sevimlisidir, əlaçıdır, sinif nümayəndəsidir, böyüyəndə cərrah olmaq arzusundadır...
Ən yüksək zirvəyə doğru...
Anadangəlmə bir ayağı gödək doğulan Əli barədə hələ körpə vaxtlarından həkimlər deyib ki, bu cür ayaqla gəzmək çox çətin olar, yəni ayağı sına bilər. Amma Əli həyatsevərliyi, hərəkətliyi, idmana olan hədsiz istəyi sayəsində bütün diaqnozları alt-üst edib...
Üzgüçülüyə olan xüsusi həvəsini görən valideynləri Əlini Sumqayıtdakı Paralimpiya Üzgüçülük Kompleksinə yazdırırlar və qısa zaman ərzində o, dalbadal qələbələr qazanaraq yaxınlarının, məşqçilərinin sevincinə səbəb olur.
Üzgüçülüklə qısa zaman ərzində məşğul olmasına baxmayaraq, öz kateqoriyası üzrə 2017-ci ildə keçirilən 3-cü, 2018-ci ildə isə
4-cü Uşaq Paralimpiya Oyunlarının qalibi olur. Bu il Göygöldə Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən yarışda da çempionluq sevinci yaşayır.
Atası Malik Vəliyev deyir ki, Əlidə olan bu enerjini gördükdə özünü bu dünyanın xoşbəxti hiss edir, onun daha da yaxşı nailiyyətlər əldə etməsi üçün əlindən gələn bütün dəstəyi, köməyi göstərir. Qarşıdakı hədəf 2024-cü üldə Fransada keçiriləcək Paralimpiya Oyunlarında iştirak edib ən yüksək zirvəni fəth etməkdir...
Dünyada təxminən bir milyard
əlil yaşayır
3 dekabr bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
Statistikaya əsasən, hazırda dünyada təxminən bir milyard əlil yaşayır və onlar cəmiyyət həyatında tamhüquqlu üzv kimi iştirak etmək üçün fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər. BMT-nin məlumatına əsasən, onlar dünya əhalisinin ən kasıb hissəsini təşkil edir və təhsil, səhiyyə, məşğulluq sahələrində, eləcə də sosial və hüquqi yardım almaq baxımından digər cəmiyyət üzvləri ilə eyni imkana malik deyillər.
2006-cı ildə "Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tamhüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür.
1996-cı ilin fevral ayının 9-u ölkəmizin idman salnaməsinə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaranma tarixi kimi daxil olub. İlk dəfə komitə 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında cəmi iki idman növü üzrə iki idmançı ilə iştirak edib. 2008-ci ildə isə ulu öndər Heydər Əliyevin tapşırıgı ilə Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirilib. Bütün bunlar ölkəmizin idman həyatında böyük müsbət dəyişikliklərə və qələbələrə təkan verib.
Elə bu gün həmsöhbət olduğumuz idmançılar da Milli Paralimpiya Komitəsinin üzvləridir və hər biri nail olduqları uğurlardan danışır, həm həyatda, həm idmanda...
"Qoy həyatda elə mənim
çətinliyim də bu olsun...”
"Protezdən sadəcə görünüş üçün istifadə edirəm ki, kənardan bilməsinlər ki, qolumda problem var. Ümumiyyətlə isə protezi xoşlamıram. Özümü onsuz tam rahat hiss edirəm və bütün işlərimi görürəm. Sadəcə bir çətinliyim var: o da ip bağlamaqla əlaqədardır... Amma qoy elə həyatda mənim çətinliyim də ayaqqabı ipi bağlaya bilməməyim olsun...”
27 yaşlı parataekvondoçu Röyalə Fətəliyeva ana bətnində olarkən sol qolu dirsəkdən aşağı inkişafdan qalır və o, dünyaya fiziki qüsurla gəlir. İllərlə bu, onda ciddi psixoloji sarsıntılara səbəb olur, doğmalarına, valideynlərinə qarşı aqressiya yaradır, həddindən artıq kompleks yaşayır.
Hətta 18 yaşına kimi əkizinin arxasında gizlənirmiş ki, heç kim onun əlini görməsin: "Atam deyirdi ki, bu dünyadan köçəndən sonra yalnız səndən nigaran qalacam, Röyalə... Anama, bacıma, yaxınlarımıza tapşırırdı məni həmişə...”
Amma çox sonralar, idmana gəldikdən sonra dərk edir ki, indiyə qədərki bütün fikirlərində səhv edir və o, heç kimdən əskik deyil...
Orta məktəbi bitirdikdən sonra ali məktəbə sənəd versə də, imtahanlardan keçə bilmir və beləliklə də sonralar həyatında dönüş yaradacaq idmanla tanışlığı başlayır...
Ad gününə "qızıl” hədiyyə
18 yaşında Ramana Peşə Reabilitasiya Mərkəzinə dəvət olunur və orada məlumat alır ki, taekvondo idman növü üzrə qız axtarırlar: "Ümumiyyətlə, bu idman növü çətin olduğu üçün burada qızların sayı azdır. Demək olar ki, indi də kritik saydadır, iki qızıq. Mən çətinlikdən qorxmadım və bu idman növündə uğur qazanmağa çalışdım. İlk yarışım 2011-ci ildə Rusiyanın paytaxtı Moskvada keçirilən dünya çempionatında oldu. O günü heç zaman unutmaram. İlk yarışım olduğu üçün çox həyəcanlı idim və ayaq üstə belə dura bilmirdim və bu yarışda iştirak etmək üçün 20 gün ərzində 59 kiloqramdan 49 kiloqrama düşmüşdüm. Bütün bunlara baxmayaraq, çempionatda bürünc medal qazanmağı bacardım”.
Daha sonra Röyalə Fətəliyeva 2012-ci ildə Arubada keçirilən dünya çempionatında 2-ci yeri tutur. 2013-cü ildə isə idman karyerasının zirvəsinə qalxır və İsveçrədə keçirilən dünya çempionatında çempion adını qazanaraq qızıl medala layiq görülür və bu uğurunu öz ad gününə hədiyyə etdiyini deyir. 2015-ci ildə Moldovada keçirilən Avropa çempionatında gümüş medal qazanır. Hələlik son uğuru 2016-cı ildə Polşada keçirilən Avropa çempionatında ikinci yer tutması və Portuqaliyada keçirilən Dünya Oyunlarında bürünc medal qazanmasıdır.
Röyalə yorulmadan səylə çalışır və qarşıdakı hədəfi Tokio Paralimpiadası 2020-də çempion olmaqdır: "2019-cu ilin fevralın 26-sı Türkiyənin Antalya şəhərində dünya çempionatı keçiriləcək. Məqsədim odur ki, orada qızıl medal qazanaraq reytinq cədvəlində 4-lüyə düşüm və olimpiadada iştirak edib çempion olum”.
"Əngəlləri aşdıqca özümü
yenidən kəşf edirəm”
"Çətin sınaqları çox sevirəm. Əngəlləri aşdıqca özümü yenidən kəşf edirəm. Qarşıma böyük məqsədlər qoymuşam. Bütün hədəflərimə çatacam, sübut edəcəm ki, insan əzmi hər şeyə qadirdir. Atıcılıqda təkcə olimpiya çempionluğunu yox, dünya rekordlarını da hədəfləmişəm. Qarşıda özüm üçün rekord təyin etmişəm ki, tarixdə qalım...”
Bu fikirləri isə Kamran Zeynalov deyir. 1992-ci ildə Sabirabad rayonunda, uşaq serebral iflici ilə dünyaya göz açan Kamran dörd yaşında olarkən ailəsi ilə Bakıya köçüb. Kamranın müalicə xərclərini qarşılamaq üçün ailə paytaxtdakı mənzili sataraq Sumqayıtda məskunlaşıb. Kamran ev şəraitində orta təhsil alıb. Dərslərini yaxşı oxuyub, cəbr üzrə respublika miqyaslı yarışlarda nailiyyətlər də qazanıb, amma nədənsə ali məktəbə üz tutmayıb...
İdmanın bir çox növünə həvəsi olsa da, atıcılığa elə də marağı olmur, amma sonra bu idman növü diqqətini cəlb edir. Atıcılıqla məşğul olduqca, onun dərinliklərinə yiyələndikcə bu idman növünə vurulur və düşünür ki, bu yolda həyatını davam etdirsin. Beləliklə, Sumqayıt Paralimpiya Kompleksində atıcılıq üzrə çalışmalara başlayır: "Atıcılıq çox çətindir və bu idman növündə də elə məni cəlb edən bu oldu. Məsələn, karatedə, cüdoda, kikboksinqdə qarşıdakı rəqibini məğlub etmək üçün çalışırsan. Atıcılıqda isə özün-özünlə mübarizə aparırsan. Bax bu, olduqca çətindir və hər adamın əsəbi tab gətirməz. Çünki bu idman növünün əsas şərti əsəblərini idarə etməyi bacarmaqdır”.
Hədəfi dəqiq nişan
alır...
Kamran Zeynalov 2010-cu ilin mart ayında keçirilən sınaq atışlarında 537 xal toplayır. Bunun sayəsində o, Türkiyənin Antalya şəhərində keçirilən dünya kuboku yarışında iştirak edə bilir. 10 metr məsafəyə pnevmatik tapançadan atəşdə 554 xalla təsnifatda altıncı olan Kamran final mərhələsində nəticəsini daha da yaxşılaşdırır və gümüş medal qazanır.
Elə həmin il Almaniyada baş tutan yarışda uğursuz çıxış etsə də, bir həftə sonra Fransada normativi yerinə yetirərək, Xorvatiyada təşkil olunan dünya çempionatına lisenziya qazanır. 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmaqda şəxsi göstəricisindən xeyli az - 547 xal toplayaraq 18-ci yerlə kifayətlənir.
Rio Olimpiadasına Türkiyədə keçirilən dünya kuboku yarışı ilə start verir. Burada uğursuz çıxış edən Kamran sonrakı yarışlarda nəticəsini yaxşılaşdırır. 2014-cü ildə isə karyerasının ən böyük uğurunu qazanır. İngiltərədə təşkil olunan dünya kubokunda qızıl medal qazanır. Növbəti il isə İngiltərədən gümüş medalla qayıdır.
2015-ci ilin sonlarından etibarən uzun müddət məşqlərə qatılmır. Psixoloji cəhətdən özünü toplaya bilmir, üstəlik, səhhətində ciddi problemlər yaranır. İl yarım davam edən fasiləyə baxmayaraq, dönüşü kifayət qədər uğurlu alınır. Cari ildə Cənubi Koreyada keçirilən dünya çempionatında final mərhələsinə yüksələn Zeynalov yekunda səkkizinci nəticə göstərir. Fransanın evsahibliyi etdiyi dünya kubokunda isə beşinci olur. Qarşıda Kamranı daha üç lisenziya yarışı gözləyir.
Hədəf 2020-ci il Tokio Olimpiadasında iştirak edərək çempion olmaqdır...
"İstəmirdim digər insanlardan
fərqlənəm...”
"Valideynlərim hər zaman yanımda olub, bütün işlərimdə mənə dəstək veriblər. Yorulanda, ruhdan düşəndə məni hər şeyi bacaracağıma inandırıblar, özgüvənimi artırıblar. Elə buna görə həm idmanda, həm də həyatda hər bir insanın arzulayacağı nailiyyətləri əldə etmişəm...”
Milli Paralimpiya Komitəsinin yüngül paratletika üzrə yığmasının üzvü Samir Nəbiyev 2-ci qrup əlildir. Uşaq vaxtı vurulan iynə nəticəsində ayağına infeksiya keçən Samirin dizində çirk əmələ gəlir. Həm Azərbaycanda, həm də xaricdə dəfələrlə əməliyyat olunur və bu əməliyyatlar sayəsində yerimə qabiliyyəti nisbətən düzəlir: "Hələ uşaqlıqdan idmana böyük həvəsim var idi. Həm də bu sayədə öz ayağım üstə durmaq istəyirdim. İstəmirdim ki, digər insanlardan fərqlənim, kimsə mənə kənardan baxıb desin ki, yazıqdır... Və Allah arzularıma çatmağı mənə nəsib etdi...”
Yaşadığı çətinliklərə baxmayaraq, Samir təhsilini də axsatmır və 2004-cü ildə Azərbaycan Tibb Universitetinə qəbul olunaraq ultrasəs müayinəsi üzrə ixtisas alır. Amma idmana olan marağı onu daha çox bu sahəyə yönəldir...
Ötən il isə həyatında daha bir əlamətdar gün olur. Sevib- seçdiyi xanımla ailə qurur.
Zəfər pillələri...
2010-cu ildən Milli Paralimpiya Komitəsinin yüngül atletika üzrə idman növünə başlayan Samir Nəbiyev sübut edir ki, seçimində səhv etməyib. Ardıcıl qazanılan qələbələr, uğurlar ondakı özgüvəni, əminliyi daha da möhkəmləndirir. Lövhə atma üzrə 2011-ci ildə Dünya Oyunlarının qalibi olaraq qızıl medal qazanır. London Paralimpiadasında 5-ci yerə çıxır. 2013-cü ildə Fransada keçirilən dünya çempionatında gümüş medal qazanır. 2016-cı ildə Braziliyada keçirilən paralimpiadada nüvəitələmə üzrə yarışda finala bir addım qalmış gümüş medalla kifayətlənməli olur.
2017-ci ildə Dubayda IX Fəza Beynəlxalq Qran-prisində lövhə atma üzrə Avropa rekordunu yeniləyərək qızıl medal qazanır. Həmçinin nüvəitələmədə də fəxri kürsünün ən yüksək pilləsinə qalxır. 2018-ci ildə isə Berlində keçirilən Avropa çempionatında nüvəitələmə üzrə ikinci yerə layiq görülür.
Diqqət və qayğının təzahürü
Samir Nəbiyev vurğulayır ki, bütün bu uğurların qazanılmasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmançılara göstərdiyi böyük diqqət və qayğının müstəsna rolu var: "2012-ci ildə London, 2016-cı ildə isə Rio Olimpiadasına idmançıların yolasalınma mərasimində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı, idmançılarla görüşməsi, onlara uğurlar arzulaması bizə əlavə bir motivasiya verdi. Həmçinin Bakıda keçirilən İslam Oyunlarında qələbə qazanan idmançılarla Prezident və Mehriban xanım Əliyevanın görüşməsi, xatirə şəkli çəkdirməsi inanılmaz qürurverici idi”.
İndi Samirin hazırlıqları Tokio Olimpiadasınadır: "İki olimpiadadır ki, finalda uduzuram, İnşallah, Tokio Olimpiadasında fəxri kürsünün üst pilləsinə zirvəyə qalxacam...”
İnsan istəyəndə...
İnsan enerjisi bitib-tükənməz, sonsuzdur və heç bir əngəl tanımır... Sadəcə olaraq o, gücündən, əzmindən lazımi formada istifadə etmir, yaxud da bunu bacarmır...
Unudur ki, insan yalnız fiziki varlıq deyil...
O, həyata keçirdiyi hansısa bir işi əli, ayağı, gözü olduğu üçün deyil, yer üzünün ali məxluqu olduğu üçün həyata keçirə bilir... Zahirdə görünən bu əl-ayaq, qulaq, göz, dil isə sadəcə bir vasitədir...
Əlləri olmayan birinin mükəmməl rəsm çəkdiyinin, eşitməyən birinin necə incə melodiyalar bəstələdiyinin, gözləri görməyən birinin dünyanı daha rəngli təsvir etdiyinin və daha neçə "möcüzə” adlandırdığımız hadisələrin şahidiyik...
Əgər insan istəyərsə, barmağını belə tərpətmədən fikri, əzmi, iradəsi sayəsində Yer kürəsini məhvərindən oynadar, kainata belə hökm edər...
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2018.-2 dekabr.-
S.1; 4.