“Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub

 

Dekabrın 3-də Beynəlxalq Əlillər Günü münasibətilə Azərbaycan Dövlət Musiqili Teatrının foyesində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəşr edilən "Əlillik qüsur deyil” kitab-albomunun və əlilliyi olan şəxslərin əl işlərindən ibarət hədiyyələrin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

"Əlillik qüsur deyil” kitab-albomunda ümummilli lider Heydər Əliyevin fiziki məhdudiyyətli insanlara, onların sosial müdafiəsi və reabilitasiyasına diqqət və qayğısından, əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində Prezident İlham Əliyevin tapşırığına əsasən atılan addımlardan, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən nəcib və xoşməramlı layihələrdən bəhs olunur. Nəşrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sosial xidmət müəssisələrinin sakinlərinə qayğısı, onlarla keçirdiyi görüşlər də əksini tapıb.

Kitab-albomda incəsənətin müxtəlif növləri ilə məşğul olan fiziki məhdudiyyətli 60-a yaxın şəxs barədə məlumatlar və onların yaradıcılıq nümunələri də yer alıb. Nəşrə, həmçinin Azərbaycanda yeni yaradılmış Boccia İdman Federasiyası və bu idman növünə maraq göstərən fiziki məhdudiyyətli insanlar, onların uğurları, ilk inklüziv ƏSA teatrı, onun yaradıcı heyəti, hazırladıqları tamaşalar barədə məlumatlar daxil edilib. 278 səhifəlik kitab-albomdakı mətnlər həm Azərbaycan, həm də ingilis dilində təqdim olunur.

"Əlillik qüsur deyil” kitab-albomu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki sosial müəssisələrin sakinlərinin yaradıcı fəaliyyətini, onların yaradıcılıq nümunələrini əks etdirən ilk belə nəşrdir. Gələcəkdə bu kitab-albom əsasında əlilliyi olan yaradıcı şəxslərin elektron reyestrinin, eləcə də həmin onlar üçün əl işlərinin satışı portalının yaradılması nəzərdə tutulur.

Tədbir ƏSA Teatrının aktyorlarının ifasında təqdim edilən Moris Metterlinkin "Göy quş” tamaşa-premyerasına baxışla davam edib. 18 aktyorun rol aldığı tamaşada XX əsrin əvvəllərində Belçikada kasıb bir ailənin iki uşağının xoşbəxtlik rəmzi olan Göy quşun axtarışına çıxmasından bəhs edilir. Sonda uşaqlar, onların valideynləri əsl xoşbəxtliyi kənarda deyil, öz evində, öz yurdunda axtarmağın lazım olduğunu anlayırlar. Ümumilikdə, tamaşa nikbinliyi, özünəinam hissini təşviq edir.

Qeyd edək ki, 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən yaradılan ƏSA Teatrının aktyor heyəti əsasən əlilliyi olan şəxslərdən ibarətdir. Teatr yarandığı gündən Azərbaycan və dünya ədəbiyyatının şedevr əsərlərini uğurla səhnələşdirir.

 

Azərbaycan.- 2018.- 4 dekabr.- S.3.