Mütərəqqi və inklüziv vergi islahatları

 

Bu günlərdə "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi Milli Məclisdə qəbul olundu. Qanun 2019-cu il yanvar ayının 1-dən qüvvəyə minəcək. Bu dəyişikliklər və Vergilər Nazirliyində aparılan islahatların qısa təhlili onu göstərir ki, islahatlar konseptual və inklüziv xarakter daşıyır.

Vergi sistemlərinin islahatları sahəsində beynəlxalq təcrübə və akademik araşdırmalar iki dilemma ilə rastlaşır: vergi sistemində effektivlik və ya ədalətlilik hansı daha çox üstünlük təşkil etməlidir? Təcrübə göstərir ki, bu iki məfhum ayrı-ayrılıqda yox, yeniliklərin tətbiqində birgə meyar kimi rəhbər tutulmalıdır. Texnoloji yenilik və innovasiyalar yeni iqtisadiyyat, ağıllı iqtisadiyyat kimi anlayışlara yer verir. Bu dəyişikliklər çox vaxt ənənəvi iş yerlərini avtomatlaşma nəticəsində ixtisara salır. Məhz bu səbəbdən vergi siyasəti və bu sahədə həyata keçirilən dəyişikliklər həm yeni yaranmış iqtisadiyyat növlərinin vergitutmaya effektiv şəkildə cəlb olunmasına, eyni zamanda isə ixtisar riski ilə üzləşən vətəndaşların hüquqlarının qorunmasına yönəlməlidir. Bu iki misalda biz həm effektivlik, eyni zamanda isə ədalətlilik prinsiplərini müşahidə edirik. İslahatlara belə bütöv yanaşmanın əsasında vergi əməkdaşları və strukturlarının texnoloji baxımdan təkmilləşdirilməsi, vergi qanunvericiliyində elmlilik prinsipinin rəhbər tutulması və müasir iqtisadi qanunauyğunluqlarla ayaqlaşma durur.

Vergi sistemi və Vergi Məcəlləsinə edilən dəyişikliklərə nəzər saldıqda, sadalanan effektivlik, ədalətlilik və ümumilikdə tam əhatəli yanaşmanın şahidi oluruq. Belə ki, hazırda vergi sistemində vergi inzibatçılığının təkmilləşdirilməsi və struktur islahatları həyata keçirilir, eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Ümumiyyətlə, vergi islahatları ilə əlaqədar qanunvericiliyə təklif olunan dəyişiklikləri beş istiqamət üzrə qruplaşdırmaq olar: gizli iqtisadiyyatının məhdudlaşdırılması və tədricən tam aradan qaldırılması, beləliklə iqtisadiyyatın səffaflaşdırılması; vergitutma bazasının genişləndirilməsi; vergi inzibatçılığının təkmilləşdirilməsi; vergi güzəştlərinin iqtisadi və sosial səmərəsinin yüksəldilməsi; vergi ödəyicisinin hüquqlarının möhkəmləndirilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi.

Vergi ödəməyin özü məsuliyyət, həm də bir mədəniyyətdir. Amma təəssüf ki, hazırda "kölgə iqtisadiyyatı” ifadəsini də tez-tez eşitməli oluruq. Təyinatından asılı olmayaraq, iqtisadi sahədə hər bir fəaliyyət, əməkhaqlarının ödənişi, istehsal və xidmət sahələrinin vergi hesablaşmaları şəffaflığa və qanunla nəzərdə tutulan vergiödəmə prinsiplərinə söykənməsə, "kölgə iqtisadiyyatı”nın dirçəlməsinə, bununla da həm dövlət büdcəsinə ödənilməli olan, vergidən yayınmalara şərait, digər tərəfdən isə vergi ödəmədə qanunlara əməl olunmaqla qanuni qazanc əldə edənlərdə narazılıq yaradır. Çünki nəticə etibarilə "kölgə iqtisadiyyatı” haqsız rəqabətin yaranmasına gətirib çıxarır ki, bundan da əziyyət çəkən vergi tələblərinə əməl edənlər olur. Bu mənada Vergilər Nazirliyinin intizamlı ödəyicilərlə vergidən yayınanlara fərqli yanaşma sərgiləmək niyyətləri müsbətdir. Çünki bazarda bu gün sahibkarların uğurlu fəaliyyətinə maneə yaradan başlıca məsələlərdən biri məhz vergiləri ödəməkdən, uçotdan yayınan şəxslərin yaratdığı rəqabət mühitidir. Qanunlara əməl edən sahibkarlar buna görə əziyyət çəkməməli, əksinə, daha çox fayda götürməlidirlər.

Bu baxımdan dəyişikliklər qanun pozuntuları üzrə maliyyə sanksiyalarının tətbiqini, həm də qanunla müəyyən olunmuş qaydada gəlirlərinin və xərclərinin uçotu real olan kiçik sahibkarlıq subyektlərinin ödədikləri dividendlərin vergidən azad edilməsini, həmçinin özəl sektorda çalışan işçilərin əməkhaqlarından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması kimi məsələləri əhatə edir. Məsələn, hazırda əməkhaqqı ilə bağlı olan iki ödəniş növü var. Bunlar fiziki şəxslərin gəlir vergisi və sosial sığorta ödənişləridir. Dəyişikliklərə əsasən bu ödənişlərin vahid inzibatçılığının həyata keçirilməsi təklif edilir. Belə ki, aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün gəlir vergisi üzrə 100 faizlik güzəşt, 8000-dən yuxarı olan məbləğdə fiziki şəxslərin gəlir vergisinin 14 faiz həcmində müəyyənləşdirilməsi nəzərdə tutulur. Dövlət bu islahata getməklə öz gəlirlərinin müəyyən hissəsini itirir. Lakin bu islahatın həyata keçirilməsi əmək bazarının şəffaflaşmasına gətirəcək və əməkhaqlarının "ağarmasına” şərait yaradacaq. Əmək vergiləri sahəsində islahatlar iqtisadi fəallığın, xüsusilə qeyri-neft sektorunun özəl bölməsində inkişafın daha da canlanması və sürətləndirilməsinə, "kölgə iqtisadiyyatı”nın həcminin tədricən azalmasına və qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına səbəb olacaq.

Burada mühüm bir məqam da işəgötürənlərin vergi yükünün aşağı salınmasıdır. Sosial sığorta ayırmalarının işçi və işəgötürən arasında bölünməsi, sahibkarın sosial vergi yükünün aşağı salınması da əmək bazarının şəffaflaşmasına öz müsbət təsirini göstərəcək.

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin bir istiqaməti vergitutma bazasının genişləndirilməsi ilə bağlıdır. Burada məqsəd vergi yükünün çoxaldılması deyil, vergi ödəyənlərin sayının artırılmasının təmin olunmasıdır. Ona görə sadələşdirilmiş vergi ödəyicilərinin dairəsinin məhdudlaşdırılması, banklar və kredit təşkilatları tərəfindən yaradılan ehtiyat fondlarının vergitutma məqsədləri üçün xərclərə də yönəldilməsi mexanizminin təkmilləşdirilməsi, ofşor zonalarda aparılan əməliyyatlar üzrə vergitutmanın əhatə dairəsinin dəqiqləşdirilməsi dəyişikliklərdə qarşıya qoyulan əsas vəzifələrdəndir.

Vergi inzibatçılığı vergi sisteminin səmərəli fəaliyyətini təmin edən əsas elementlərdəndir. Təsadüfi deyil ki, dəyişikliklərin mühüm hissəsini vergi inzibatçılığının təkmilləşdirilməsi təşkil edir. Bu zaman uçotdan yayınan vergi ödəyicilərinin vergi nəzarəti tədbirləri ilə məcburi uçota alınması, təkrar səyyar vergi yoxlamasının nəticəsinin rəsmiləşdirilməsi zamanı əvvəlki dövrlər üzrə yoxlamaların nəticələri ilə əlaqədar aşkar edilən uyğunsuzluq halları üzrə müvafiq qərarların qəbulu kimi məsələlər qanunvericiliklə təsbit olunacaq.

2019-cu ildən başlayaraq onlayn nəzarət kassa aparatları tətbiq ediləcək. Bu yenilik nəticəsində pərakəndə ticarət və xidmət sektorunda baş verən istənilən ödəniş həmin anda onlayn sistemdə əksini tapacaq ki, bu da nəticə etibarilə mümkün pozuntuların, dövriyyələrin gizlədilməsi kimi halların qarşısını alacaq.

Vergi güzəştlərinin iqtisadi səmərəsinin artırılmasına gəldikdə, qeyd etməliyik ki, Azərbaycanda kifayət qədər vergi güzəştləri mövcuddur. Hesablamalar göstərir ki, bu güzəştlərin məbləği az deyildir. Yeni dəyişikliklərə əsasən vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmlərin satışına vergi güzəşti tətbiq ediləcək, dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcı kimi çıxış edən şəxsə əmlak vergisi üzrə müddətli vergi güzəşti tətbiq olunacaq.

Vergi islahatlarının və məcəlləyə ediləcək dəyişikliklərin olduqca mütərəqqi olmasını göstərən əsas nümunələrdən biri vergi ödəyicisinin hüquqlarının möhkəmləndirilməsi və genişləndirilməsi, sahibkarlığın inkişafının real dəstəklənməsidir. Bu sırada əsas diqqəti çəkən məqamlardan biri gələn ildən kiçik sahibkarlıq subyektlərinin stimullaşdırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizə endirilməsidir. Bununla da, faktiki olaraq, Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri üçün vergi yükü iki dəfə azaldılmış olur.

Həmçinin mühasibat uçotunu elektron formada aparan vergi ödəyicilərinə əlavə üstünlüklər veriləcək. Məsələn, elektron formada təqdim edilən məlumat üzrə azaldılmış və yayındırılmış vergi məbləği aşkarlanarsa, digər vergi ödəyicilərindən fərqli olaraq, 50 faiz deyil, 25 faiz maliyyə sanksiyası tətbiq ediləcək.

Nazirliyin vergi siyasəti və inzibatçılığın səmərəli həyata keçirilməsi üçün yüksək texnologiyalara söykənən islahat planlarına dair məlumat var. Burada süni intellekt, böyük məlumatların emalı kimi alətlərdən istifadə olunacağı və sahibkarlarla işə fərdi yanaşmanın təmin olunması gözlənilir.

Vergi siyasəti qurumlararası əməkdaşlıq prinsiplərini də rəhbər tutur. Prezident İlham Əliyevin fərmanı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılmışdır və Vergilər Nazirliyinin iqtisadi klasterlər üzrə bu qurumla sıx əməkdaşlığı gözlənilir. Bu əməkdaşlıq çərçivəsində mikro və kiçik sahibkarlıq subyektlərinə gəlir, mənfəət, əmlak və torpaq vergisi üzrə vergi güzəştləri barədə təkliflər də hazırda müzakirə olunur.

Beləliklə, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər kifayət qədər geniş və sanballıdır. Vergi sistemindəki, qanunvericilik və inzibatçılıqdakı yeniliklər dünya təcrübəsini nəzərə alır, konseptual xarakter daşıyır və bütün bunlar ədalətlilik və effektivliyin artırılmasına gətirib çıxaracaq. Eyni zamanda hər biri mütərəqqi mahiyyət daşıyan bu dəyişikliklər dövrün çağırışları və inkişafda olan Azərbaycan iqtisadiyyatında son illər baş verən keyfiyyət dəyişiklikləri ilə tam uzlaşır.

 

Tamerlan VAHABOV,

sahibkar

 

Azərbaycan. - 2018.- 4 dekabr.- S.4.