20 ölkədən 230 şirkət
“Bakutel-2018” sərgisi
dünyanın diqqət mərkəzindədir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva,
qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın
4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq
Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi
- "Bakutel-2018” ilə tanış olublar.
AZƏRTACxəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verdi.
Bildirildi ki, builki sərgidə 20 ölkədən 230 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunur.
Prezident İlham Əliyevə nazirliyin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə məlumat verildi.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Robopark” layihəsinin məqsədi məktəblilərin müasir elmi-texniki biliklərinin artırılması, intellektual elmi-texniki yaradıcılığının inkişafı, yüksək texnologiyalar sahəsinə marağın artırılması, eyni zamanda, robot texnikasının əsasları ilə bağlı məlumatlar əldə etmələrinə imkan yaratmaqdır. Layihə çərçivəsində nazirlik Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə 23 nömrəli orta məktəbdə ilk "Robopark” robot texnika laboratoriyası yaradıb.
Nazirlik tərəfindən "İdeyadan Biznesə” layihəsinin icrasına bu ilin aprelindən başlanılıb. Layihənin reallaşdırılmasına Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, "Microsoft” və "Azercell” şirkətləri dəstək olub. Yeddi ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən startap turuna 2 mindən çox iştirakçı qatılıb. Ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazanıb.
Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən qrant alan layihələr kommersiyalaşdırılmış layihələr hesab edilir. Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu bu məqsədlə keçirdiyi 6 müsabiqə üzrə ümumilikdə 117 layihəyə qrant ayırıb. Layihələrdən 20-si kommersiyalaşdırılıb və fəaliyyətini davam etdirərək bazarda öz yerini tutub.
"Bakı Telefon Rabitəsi” MMC – "Baktelecom” və "Aztelekom” sərgidə birgə stendlə təmsil olunur. "Baktelecom” GPON texnologiyası ilə "Evədək optika” layihəsini davam etdirir. Bu il 40 min mənzildə bu texnologiya vasitəsilə infrastruktur yaradılıb. Cari ilin əvvəlindən Bakı şəhərində və regionlarda rabitə infrastrukturunun məhdud olduğu ərazilərdə LTE texnologiyası tətbiq edilir. "Aztelecom” ilkin olaraq Xaçmazın kəndlərində simsiz rabitə xidmətinin tətbiqinə başlayıb. Bundan başqa, bu il "Aztelekom” magistral şəbəkənin müasir standartlarla yenidən qurulması layihəsinə də start verib.
Azərbaycanın malik olduğu ilk regional Data Mərkəzinin "Microsoft” şirkəti ilə əməkdaşlığı nəticəsində müştərilərə ən əlverişli şərtlərlə virtual mühit üçün lisenziyalaşdırılmış əməliyyat sistemi təqdim olunur. Burada saxlanılan məlumatların və beynəlxalq səs trafikinin ehtiyat bazasının yaradılması məqsədilə növbəti ilin ikinci rübündə istifadəyə verilməsi planlaşdırılan Yevlax Ehtiyat Data Mərkəzinin inşası davam edir. Bununla yanaşı, Dövlət Data Mərkəzi layihəsi üzərində də işlərə başlanılıb.
Gələn il Məlumat Hesablama Mərkəzi tərəfindən istifadəçi ilə veb-səhifənin serveri arasında şifrəli məlumat mübadiləsini həyata keçirmək üçün lazım olan, Azərbaycanda ilk dəfə təhlükəsizlik sertifikatlarının verilməsinə başlanacaq. İndiyədək həm dövlət, həm də özəl saytlar bu sertifikatı xaricdən əldə edirdi. Gələcəkdə bu sertifikatların ixracı da mümkündür. Müəssisə və təşkilatlarda sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən "Made in Azerbaijan” brendinə uyğun olaraq yerli mütəxəssislər tərəfindən "AzDoc” adlı proqram hazırlanıb. "Elektron imza və Elektron sənəd haqqında” Qanuna və kargüzarlıq təlimatlarına uyğun olan proqram hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daxilində tətbiq olunur. Gələcəkdə isə bütün dövlət təşkilatları bu proqramdan istifadə edə bilər. Proqramda sənədləri elektron imza ilə də təsdiqləmək mümkündür.
Dövlət Radiotezliklər İdarəsi bu il "Bakutel - 2018” çərçivəsində ən yeni informasiya-kommunikasiya texnologiyalarının ölkədə tətbiqinə şərait yaradılması üçün müasir radiomonitorinq, mobil rabitə xidmətlərinin müqayisəli analizi və digər bu kimi sistem və texnologiyalarını sərgiləyir. Sərgidə 5G – beşinci nəsil mobil rabitə, süni intellekt kimi texnologiyaların işinə və keyfiyyətinə nəzarət prinsiplərini özündə cəmləyən sistemlər nümayiş olunur.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmanla yaradılan bu xidmət avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, həmçinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edir.
Sonra dövlətimizin başçısı və xanımı Azərbaycanda müasir poçtun və rabitənin yaradılmasının 100 illiyinə, eyni zamanda, "Azərbaycan memarlığına” həsr olunan poçt markasını möhürlədilər.
Sərgidə "Azərpoçt” MMC tərəfindən ən çox tələb olunan xidmətlərin göstərildiyi, tam avtomatlaşdırılmış, 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən poçt şöbəsinin prototipi də təqdim olunur. Artıq iki ildir innovativ və texnoloji yeniliklərlə təchiz olunan "Şəbəkə” xidmət mərkəzləri yaradılıb. Növbəti - 9-cu "Şəbəkə” mərkəzinin Beynəlxalq Avtovağzal Kompleksində istifadəyə verilməsi nəzərdə tutulur.
Sonra Prezident İlham Əliyev Rusiyanın "Rossiya-24” televiziya kanalına müsahibə verdi.
Müxbir:Cənab Prezident, müsahibə verdiyiniz üçün çox sağ olun. Azərbaycanda olmağımızdan çox məmnunuq. İcazənizlə Sizinlə söhbətimizi rus dilində davam edək.
Prezident İlham Əliyev:Olar, buyurun. Azərbaycan dilində
də çox gözəl danışırsınız.
-İlk növbədə,
demək istərdim ki, mən Azərbaycana birinci dəfə gəlmirəm
və Bakıda həmişə nəyinsə dəyişdiyini
görmək çox xoşdur. Siz inkişaf edirsiniz,
nailiyyətlərlə kifayətlənmirsiniz. Zəhmət
olmasa deyin, son zamanlar Azərbaycanda hansı innovasiyaları
xüsusilə inkişaf etdirirsiniz? Mən bilirəm
ki, siz təkcə neft sektorunu inkişaf etdirmirsiniz, həm də
diqqəti qeyri-neft sektoruna yönəldirsiniz. Siz burada nəyi inkişaf etdirmək istərdiniz?
- Tamamilə doğrudur. Dünyada neftin qiymətinin artıb-azalmasından
asılı olmayaraq, Azərbaycan iqtisadiyyatının
davamlı tərəqqisi üçün qeyri-neft sektorunun
inkişafı bizim uğurla həll etdiyimiz əsas vəzifəmizdir.
Buna görə də biznesə yaxşı şəraitin
yaradılması məqsədilə infrastruktur layihələrinin
inkişafı üçün çox iş
görülür. Biznesin həvəsləndirilməsi,
sahibkarlara köməklə bağlı xeyli layihələr
var. Bütövlükdə investisiya, biznes mühiti Azərbaycanda
yaxşılaşır. Dünya
Bankının son məlumatlarına, "Doing busines”
hesabatına görə Azərbaycan 25-ci yerdədir. Biz
bir il ərzində 32 pillə irəliləmişik
və bu gün biznes sahəsində dünyanın
aparıcı ölkələri sırasındayıq. Buna görə də burada təqdim olunan sahə həm
biznes, həm innovasiya, həm də təhsil baxımından
çox mühümdür. Bu, bizim
üçün prioritet olan sahələrdən biridir və
təsadüfi deyil ki, 24 ildir belə bir sərgi
keçiririk. İştirak edən
şirkətlərin sayı ilbəil artır. Mənə
dedilər ki, bu il iştirak edən
şirkətlərin sayı 230-dur və çoxlu yerli Azərbaycan
şirkətləri var. Yarıdan çoxu Azərbaycan
şirkətləridir. Bu, o deməkdir ki, ölkəni
inkişaf etdirmək və yeni iş yerləri yaratmaq
üçün biz bu istiqamətdə işləməyə
hazırıq. Çünki neft sektoru iş yerləri
yaratmır.
- Həm də əbədi deyil.
- Bəli, əlbəttə. Ona
görə biz daim çalışmalıyıq ki, iş yerlərinin yaradılması iqtisadi
inkişafın səviyyəsinə uyğun olsun. Azərbaycanda demoqrafik artımı nəzərə
almaqla biz çalışmalıyıq ki, dünyaya yeni gələn
hər bir Azərbaycan vətəndaşı 20-30 ildən
sonra işlə təmin edilmiş olsun.
- Zəhmət olmasa deyin, turizm sahəsi.
Axı Siz turizmi inkişaf etdirmək niyyətindəsiniz.
Bildiyimə görə, indi ən çox turist
Rusiyadandır. Doğrudur?
- Bəli, birinci yerdə Rusiyadan gələn
turistlərdir. İl hələ ki,
yekunlaşmayıb, amma 800 mindən çox rusiyalı gəlib.
Rusiyalılar inamla birinci yeri qoruyub
saxlayırlar. Bizdə son iki ildə
turizmin artımı müşahidə edilib. 2016-cı
ildə 22 faiz, 2017-ci ildə 20 faiz artım olub, bu il hələ
ki, bilmirik, amma yenə də artım var. Turistləri, ilk
növbədə, burada özlərini təhlükəsiz
hiss etdikləri şərait cəlb edir. Rusiyalılara
gəlincə, düşünürəm ki, onlar özlərini
evdəki kimi hiss edirlər. Burada dil səddi
yoxdur, onlara münasibət çox yaxşıdır. Bizim ortaq tariximiz də mühüm rol oynayır.
- Ləziz təamlarınız...
- Bəli, tamamilə doğrudur. Əlbəttə, təhlükəsizliyin,
rahatlığın təmin olunması səviyyəsi, Azərbaycan
xalqının qonaqpərvərliyi, eyni zamanda, tarixi abidələr,
iqlim - yəni, mən turistlərin Azərbaycana niyə gəldiklərinin
səbəbləri barədə çox danışa bilərəm.
Düşünürəm ki, rusiyalılar məni
eşidəcəklər. Mən məmnunluqla
onları ölkəmizə dəvət edirəm. Biz onların gəlişinə həmişə
şadıq.
- Müsahibəyə görə
çox sağ olun!
***
Sərgidə "Nafantano”
şirkəti də iştirak edir. Bu şirkət
artıq 3 ildir fəaliyyət göstərir. Azərbaycan şirkəti olan "Nafantano” onlayn
satış həyata keçirir. Şirkət
qeyri-adi oyuncaq heyvanlar istehsal edir.
Tibdə rəqəmsal cərrahiyyə
erası yüksək dəqiqlik tələb edən əməliyyatlarda
xüsusi naviqasiya qurğularından istifadə edir. Azərbaycan
Tibb Universitetində alim və mütəxəssislər
qrupunun tədqiqatlarında bu sahədə rəqəmsal
kompüter texnologiyalarının son nailiyyətlərinə
hesablanmış reallıq eynəkləri istifadə olunur.
Kompüter proqramı artırılmış
reallıq eynəkləri istifadədə cərraha real
görüntü ilə yanaşı, gözlə
görünməyən anatomik strukturları aşkarlamağa
imkan verir.
İqtisadiyyat Nazirliyinin
tabeliyində Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi də sərgidə təmsil olunur. Burada Agentlik tərəfindən
kiçik və orta sahibkarların hüquqlarının
qorunması ilə bağlı müraciətlərə online
baxılması sistemi təqdim edilir. Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi
ilə yaradılan "Sahibkarlara Dəstək Sistemi”
sahibkarların hüquqları ilə bağlı müraciətlərə
baxılması və onların operativ həlli
üçün online platformadır. Məqsəd
sahibkarların hüquqlarının müdafiəsinin mükəmməl
mexanizmlərinin tətbiqində səmərəliliyin
yüksəldilməsi və çevikliyin
artırılmasından ibarətdir.
"Bakutel” sərgisi gənc
layihəçilərə öz ixtira və proqramları haqqında
məlumat vermək üçün də geniş şərait
yaradır.
Sevindirici haldır ki, bu il sərgidə
müxtəlif innovasiya mərkəzlərini təmsil edən
rekord sayda – 50-dən artıq startap təmsil olunub. Startaplar öz parlaq innovativ ideyalarını turizm,
ekologiya, səhiyyə və maliyyə sektorları
üçün təqdim edirlər. Məhsulların
əsas hissəsi virtual və artırılmış
reallıq texnologiyaları, veb-sayt və mobil tətbiqlərdir.
Belarusun pavilyonunda bu ölkənin
şirkətləri innovativ məhsullarını təqdim
edir.
Ümumilikdə, sərgidə Belarus Respublikasının Rabitə
və İnformasiyalaşdırma Nazirliyi, "Beltelekom”,
"Belpochta”, "Giprosvyaz”, Milli Elektron Xidmət Mərkəzi,
Milli Nəqliyyat Mübadilə Mərkəzi, "Promsviaz”,
İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqat
İnstitutu, "Software Applied Systems Institute”, Belarus Milli
Telekommunikasiya İnstitutu və "Newland” şirkəti
iştirak edir.
Digər sərgilərdə
olduğu kimi, budəfəki sərgidə də qardaş
Türkiyə geniş təmsil olunur. Türkiyənin pavilyonu ilə
tanışlıq zamanı məlumat verildi ki, bu ölkədən
"Ptt Turkish Post”, "Turk Telekom International”, "Turkcell”,
"Türksat” və "Havelsan” şirkətləri
innovativ, müasir məhsullarını təqdim edirlər. Bu şirkətlər əsasən süni peyk, rəqəmsal
ticarət, mobil operator xidmətləri üzrə
ixtisaslaşıb və dünyada qabaqcıl İKT xidmətləri
ilə seçilir.
İran da "Bakutel” sərgisinin
iştirakçıları sırasındadır. İranın stendində
"Telecommunications Infrastructure Company”, "Iranian Space Agency”,
"Saymantech Ltd”, "Nasim Telecom”, "Samim Group”, "Faraz”,
"Harita” və digər şirkətlər iştirak edir. Ümumilikdə, İran bu sərgidə 25 şirkətlə
təmsil olunur. Ziyarətçilərə
əsasən internet və elektron cihaz xidmətləri,
ağıllı şəhər layihələri təklif
edilir.
"Bakutel-2018”də ABŞ
da təmsil olunur. Birləşmiş Ştatların stendində Azərbaycanda
Amerika Ticarət Palatası ilə yanaşı, "American
International Radio”, "Inc. Air”, "Avirtel”, "Parallel
Wireless”, "Seabak” və "Transition Networks” şirkətləri
məhsullarını təqdim edir.
İtaliya pavilyonunda İtaliya-Azərbaycan
Ticarət Palatası, "GAP İtaliya”, "DBA Group” və
"GEM Elettronica” şirkətləri məhsullarını təqdim
edir. Təqdim olunan məhsullar arasında
kibernetika, elektronika, rəqəmsal arxiv kimi bir sıra
qabaqcıl texnologiyalar var.
Fransa pavilyonu ilə
tanışlıq zamanı məlumat verildi ki, Azərbaycan-Fransa
Ticarət və Sənaye Palatası ilə yanaşı, bu
ölkədən "Linagora”, "Schneider Electric” və
"Thales” şirkətləri də sərgidə təmsil
edilir. Bu şirkətlər də öz innovativ
məhsullarını təqdim edirlər.
Birləşmiş Ərəb
Əmirlikləri də sərgidə təmsil olunur. Əmirliyin
PROW və "Xerrow Technologies” şirkətlərinin məhsulları
maraqla qarşılanır.
4G texnologiyası əsasında
genişzolaqlı mobil internet xidmətləri göstərən
"Sazz” internet şirkəti sərgidə ən son texniki
nailiyyətlərini təqdim edir. Şirkət yaxın
vaxtlarda respublikamızda 5G texnologiyalarının tətbiqinə
hazırlaşır. Yenilikçilik ənənələrinə
sadiq qalan şirkət mobil internetin son texnologiyası TDD-LTE–ni
də nümayiş etdirir. Bu xidmət 3
sahəni – simsiz televiziya, simsiz telefoniya və təhlükəsizlik
kameralarını özündə birləşdirir.
1995-ci ildə yaradılan
"BestComp Group” şirkəti sistem inteqrasiyası, Data mərkəzi
həlləri, layihə həlləri, proqram təminatının
yaradılması, distribusiya və digər İT xidmətlərin
göstərilməsi sahəsində Cənubi Qafqaz və Orta
Asiyanın İKT sektorunun liderlərindən biridir. Şirkət
dövlət və özəl sektorda əhəmiyyətli
layihələrə imza atır.
Hazırda Bakı Beynəlxalq
Avtovağzal Kompleksinin yardımçı sahəsində avtobusların,
minik avtomobillərinin, taksilərin, həmçinin sərnişinlərin
və turistlərin daha təhlükəsiz, rahat hərəkətinin
təmin edilməsi məqsədilə nəqliyyat
qovşağı inşa edilir. Bakı Beynəlxalq
Avtovağzalı və "Cisco” şirkətinin birgə
hazırladığı "Ağıllı Şəhər”
pilot layihəsi vasitəsilə yerli və beynəlxalq
daşımaların idarə olunmasında nəqliyyat xidmətlərinin
keyfiyyətinin artması, xərclərin azaldılması, o
cümlədən təhlükəsizliyin yüksək səviyyədə
təmin olunması nəzərdə tutulub. Bakı
Beynəlxalq Avtovağzalının SAP şirkəti ilə
birlikdə təqdim etdiyi ağıllı jiletlər
sürücülərin səhhəti ilə bağlı məlumat
verir, eyni zamanda, avtobusda yarana biləcək problemlər barədə
onlayn rejimdə sürücünü dərhal xəbərdar
edir.
Azərbaycan Dövlət
Reklam Agentliyinin stendi ilə tanışlıq zamanı məlumat
verildi ki, agentlik açıq məkanda reklam
daşıyıcılarının yerləşdirilməsi,
onlar üzərindəki reklamların hazırlanması və
yayımlanması sahəsində vahid tənzimləməni və
nəzarəti həyata keçirən qurumdur. Stendə
agentliyin bir çox xidmətləri, o cümlədən
açıq məkanda reklam
daşıyıcılarının elektron qeydiyyatı
portalı, reklam daşıyıcılarının kənardan
ölçmə cihazı və proqram təminatı,
açıq məkanda reklam mühitinin monitorinq və
analizini aparan cihaz və proqram təminatı təqdim edilir.
Sərgidə "Azərkosmos”
ASC tərəfindən "Peyk layihələrimiz” barədə
məlumat verilir. Bu stenddə "Azerspace-1” peykinin nailiyyətlərini əks
etdirən infoqrafika, "Azerspace-2” peykinin tutumları vasitəsilə
Azərbaycan Respublikasının 600 ucqar kənd məktəbinin
peyk interneti ilə təmin olunmasına dair perspektiv layihənin
məzmunu, "Azersky” peyki tərəfindən əldə
olunan təsvirlər vasitəsilə 2018-ci ildə həyata
keçirilən "Azərbaycan Respublikasının meşələrinin
monitorinqi layihəsi” və "Bitki örtüyünün xəritələşdirilməsi
və məhsuldarlığın
proqnozlaşdırılması” layihəsi haqqında məlumat
verilir.
Sərgidə "Huawei”
şirkəti də məhsullarını təqdim edir. İKT sahəsindəki
həllərin dünya üzrə tədarükçüsü
olan "Huawei” müştərilərin tələblərinə
müvafiq olaraq fasiləsiz innovasiyaların yaradılması
istiqamətində çalışır, telekommunikasiya şəbəkələri,
korporativ şəbəkələr, abonent qurğuları və
bulud hesablamaları sahəsində tərəfdaşlarla yeni əməkdaşlıq
imkanları yaradır.
"Microsoft” korporasiyası
da artıq çoxdandır ki, sərgidə fəal
iştirak edir.
1975-ci ildə təsis olunan bu şirkət
proqram təminatı istehsalında dünya lideridir. Korporasiya geniş çeşidli proqram məhsulları
hazırlayır və istehsal edir. Ümumilikdə,
şirkət İT texnologiyası ilə bağlı ən
müasir həll variantlarını nümayiş etdirir.
Şirkət ölkəmizdə 2005-ci ildən
fəaliyyət göstərir.
Rəqəmsal sahəni təşkil
edən texnologiyaların nümayiş olunması və
müzakirəsi ilə yanaşı, "Bakutel” həm də
yüksək texnologiyaların tətbiqi ilə əyləncəli
məhsulların təqdim edildiyi nadir platformadır. Bu il
burada "3D Production” şirkətinin rəqəmli muzey layihəsi
də həyata keçirilib.
Bu il oyun
zonasında "Yüksəklik” kompüter oyunu, milli
nağıl qəhrəmanları "Külək” virtual
nağılları da təqdim edilir. Oyun
zonasında Azərbaycanın görməli yerlərini
çap edəcək "3D” printerlər və dronların
şousu da nümayiş olunur. Azərbaycanın
milli brendi Azərbaycan Robotexnika Mühəndisliyi
Akademiyası məktəblilərin dərsdənkənar elmi
yaradıcı potensialını inkişaf etdirmək
üçün "Mən Pilotam” adlı layihəsini təqdim
edir.
Sonra Prezident İlham
Əliyev məşhur futbolçu, fransız Robert Pireslə
görüşdü. Pires 1998-ci ildə dünya çempionu,
2000-ci ildə isə Avropa çempionu olub. "Arsenal” komandasının liderlərindən olan
Pires, həmçinin İngiltərə kubokunun qalibi və
İngiltərə çempionudur. FIFA-nın 2000-ci il reytinqinə görə, o, dünyanın ən
yaxşı 100 futbolçusundan biri olub. O, həmçinin gələn
il Bakıda keçiriləcək Avroliqa
finalının səfiridir.
Qeyd edək ki, sərgidə,
ilk dəfə olaraq, alman alimlərinin ixtirası olan
ultra-modern texnologiyası əsasında "RoboKeeper” təqdim
olunur. Bu, dünyanın ən sürətli
qapıçısı hesab edilir. Hətta
bir çox məşhur dünya futbol ulduzları da bu
qapıçını məğlub edə bilmir. Robert Pires Prezident İlham Əliyevə
Avroliqanın rəsmi topunu təqdim etdi.
Sərgi çərçivəsində
Azərbaycanda poçt rabitəsinin 200 illik yubileyinə həsr
olunmuş muzey də fəaliyyət göstərir.
Azərbaycan.- 2018.- 5 dekabr.- S.1-2.