Amerika Birləşmiş Ştatlarının rəhbərliyi
Azərbaycanla əlaqələrə mühüm
əhəmiyyət verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla ABŞ arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev qarşılıqlı səfərlərin, o cümlədən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun və digər rəsmilərin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafındakı rolunu qeyd etdi. Müdafiə sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu deyən dövlətimizin başçısı enerji təhlükəsizliyi məsələlərinin də ikitərəfli münasibətlərimizin inkişafında böyük önəm daşıdığını bildirdi, bu baxımdan ABŞ hökumətinin və şəxsən ABŞ Prezidentinin Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına verdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Respublika Günü və enerji sahəsində əməkdaşlıq mövzusunda ABŞ Prezidentinin ünvanladığı məktubların da əhəmiyyətini qeyd etdi.
Dövlətimizin başçısı NATO çərçivəsində də əlaqələrin inkişafından məmnunluğunu bildirərək, NATO mənzil qərargahına son uğurlu səfərini bu təşkilatla əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda ölkəmizin iştirakı və orada Qətiyyətli Dəstək Missiyasında hərbçilərimizin sayının artırılması Azərbaycanın bu ölkədə ümumi sülhyaratma səylərinə verdiyi töhfəsini nümayiş etdirir. Azərbaycanın etibarlı və sabit tərəfdaş olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin, həmçinin ikitərəfli əsasda da Əfqanıstanda həyata keçirilən quruculuq və yenidənqurma işlərinə öz töhfəsini, xüsusilə "ASAN xidmət” təcrübəsinin Əfqanıstanda da tətbiqinə dəstək verdiyini bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev xanım Laura Kuperin səfərinin və ölkələrimiz arasında müdafiə sahəsində məsləhətləşmələrin əməkdaşlığımızın inkişafına əlavə təkan verəcəyinə ümidvar olduğunu vurğuladı.
Ölkəmizə
səfərinin Azərbaycanla ABŞ arasında müdafiə
sahəsində əməkdaşlıq və strateji
tərəfdaşlıq əlaqələrinin genişlənməsinin
davam etdirilməsi məqsədini
daşıdığını deyən ABŞ müdafiə nazirinin müavininin müşaviri xanım Laura
Kuper qeyd etdi ki, Amerika
Birləşmiş Ştatlarının rəhbərliyi
Azərbaycanla əlaqələrə mühüm
əhəmiyyət verir. Xanım
Laura Kuper Azərbaycanla
ABŞ arasında terrorizm, kütləvi
qırğın silahları və narkotik
maddələrin yayılmasının qarşısının
alınması və ümumilikdə, təhlükəsizlik
sahəsində əməkdaşlığı, Azərbaycanın
Əfqanıstanda həyata keçirilən sülhyaratma
missiyasına dəstəyini və tranzit
daşımaları üçün
yaratdığı imkanları yüksək qiymətləndirdi.
Azərbaycan.- 2018.- 5 dekabr.- S.3.