Azərbaycan ilə ABŞ arasında hərbi-texniki əməkdaşlığın
daha da genişləndirilməsi
məsələləri müzakirə edilib
Dekabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Zakir Həsənov ölkələrimiz arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, o cümlədən hərbçilərimizin NATO proqramları çərçivəsində fəaliyyəti, sülhməramlılarımızın Alyansın Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirakı haqqında ətraflı məlumat verib. Nazir qeyd edib ki, hər iki ölkə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. ABŞ-ın qabaqcıl hərbi təhsil müəssisələrində təhsil alan zabitlərimizin sayının artırılması qərara alınıb.
Regiondakı hərbi-siyasi vəziyyət barədə də qonağa məlumat verən general-polkovnik Z.Həsənov Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratdığını, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxladığını xüsusi vurğulayıb.
L.Kuper ABŞ hökumətinin Azərbaycan ilə təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu vurğulayıb. Azərbaycanın Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəni, o cümlədən sülhməramlılarımızın peşəkarlığını yüksək dəyərləndirən L.Kuper ABŞ-ın müdafiə naziri Ceyms Mettisdən sitat gətirərək bildirib ki, "Əfqanıstanda bu gün əldə edilən uğurlar Azərbaycanın güclü dəstəyi olmadan mümkün olmazdı”.
Qonaq ölkəmizin terrorizmlə mübarizədə iştirakını və sülhməramlılarımızın Əfqanıstandakı nümunəvi xidmətini də xüsusi qeyd edib.
Görüşdə
Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələrin
inkişaf perspektivləri, o
cümlədən təhlükəsizlik və müdafiə
sahələrində əməkdaşlıq, hərbi təhsil
və tibb hazırlığı məsələləri
də müzakirə olunub.
Azərbaycan.-
2018.- 5 dekabr.- S.4.