ADA Universitetində azərbaycanlı diplomatların Paris Sülh
Konfransındakı fəaliyyətindən bəhs edən
kitabın təqdimatı olub
Dekabrın 4-də ADA Universitetində Georq Mamuliya və Ramiz Abutalıbovun müəllifliyi ilə “Ə.M.Topçubaşi. Paris arxivi. 1919-1940” (A.M.Топчибаши. Парижский архив. 1919–1940) dörd cildlik kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, Azərbaycan Prezidentinin 2015-ci ildə Əlimərdan bəy Topçubaşovun 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncama əsasən ADA Universitetində bundan əvvəl də tədbirlər keçirilib. Həmin tədbirlərdə Topçubaşovun siyasi fəaliyyətindən bəhs olunub. Bu gün təqdimatına toplaşdığımız kitabda Azərbaycanın diplomatiya tarixindən danışılır.
Kitabın həmmüəllifi Georq Mamuliya qeyd edib ki, Paris Sülh Konfransında Azərbaycan diplomatları yalnız öz ölkələrinin deyil, bütün Qafqazın müstəqilliyi və siyasi-mənəvi birliyi uğrunda mübarizə aparıblar. Nəşrdə həmin dövrdə gedən qlobal siyasi və sosial proseslərdən bəhs olunur.
Digər həmmüəllif Ramiz Abutalıbov kitabın nəşrinə göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. Məhz bu dəstək nəticəsində Fransa arxivlərində tarixi faktlarla bağlı araşdırmaların aparılması mümkün olub. O, Fransa arxivlərində Ceyhun Hacıbəyli və Azərbaycanın digər tarixi şəxsiyyətləri ilə bağlı zəngin məlumatların olduğunu da deyib. Sabiq səfir əlavə edib ki, kitab tarixi sənədlər və materiallar əsasında tərtib olunub. Nəşrdə 1918-ci il Azərbaycan diplomatlarının Paris Sülh Konfransındakı fəaliyyətindən bəhs olunub.
AMEA-nın Tarix İnstitutunun şöbə müdiri Sevinc Əliyeva bildirib ki, kitabda Azərbaycan Xalq Cümhuriyyəti tarixinin indiyədək məlum olmayan faktları əksini tapıb. Həmçinin əsərdə 1919-1921-ci illərdə Azərbaycan və Qafqaz xalqlarının azadlıq uğrunda mübarizəsindən danışılır.
Alim qeyd edib ki, 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan parlamentinin qərarı ilə Parisə - Versal Sülh Konfransına göndərilən nümayəndə heyəti xalqın iradəsini, onun müstəqillik əzmini ifadə etmək, bu müstəqilliyi dünyaya tanıtmaq və qəbul etdirmək missiyasını öz üzərinə götürmüşdü. Nəşrdə dövlət xadimi və diplomat, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə 1918-1920-ci illərdə Parisdə fəaliyyət göstərən Azərbaycan diplomatik missiyası haqqında bir sıra mənbələr aşkara çıxarılıb və ictimaiyyətə çatdırılıb.
Tarixçi Aydın Balıyev vurğulayıb ki, keçmiş sovet dövründə bu arxivlərə çatmaq mümkün deyildi. Müstəqilliyin bərpasından sonra bu proses bir qədər sadələşdi. Bu gün isə Azərbaycan dövlətinin dəstəyi və Ramiz Abutalıbovun yorulmaz səyi nəticəsində 4 cildlik kitab ərsəyə gəlib. Kitabda Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin tərkibi ilə bağlı məlumat verilir. Belə ki, 1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti parlamentin ağsaqqallar şurasının üzvlərinin iştirakı ilə Paris Sülh Konfransına göndəriləcək nümayəndə heyətinin tərkibini müəyyən edib. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə Məmmədhəsən Hacınski, Əhməd bəy Ağayev, Əkbər Şeyxülislamov, Məhəmməd Məhərrəmov, Miryaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli daxil idilər.
Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlı bildirib ki, diplomatlarımızın Paris Sülh Konfransı üçün hazırladıqları Memorandumda Azərbaycanın ərazi bütövlüyünə olan iddialar diplomatik dillə rədd edilir. Memorandumun ən mühüm bölmələri Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi və əhalisinə aid bölmələr idi. Qeyd olunurdu ki, Ermənistanın, Gürcüstanın və İranın konfransa təqdim etdikləri ərazi iddiaları bilavasitə Azərbaycana qarşı yönəldiyindən Cümhuriyyət ərazilərinin tarixən ona məxsus olması, Azərbaycana qarşı iddia qaldırılmış ərazilərdə əhalinin böyük əksəriyyətini ta qədimdən azərbaycanlıların təşkil etməsi tarixi faktlarla əsaslandırılıb.
Tarixçi alim Solmaz Tohidi kitabın əhəmiyyətindən bəhs edərək bildirib ki, bu nəşr Azərbaycan Xalq Cümhuriyyəti diplomatlarının, xüsusilə də Ə.M.Topçubaşovun xidmətlərinin xalqımızın diqqətinə çatdırılmasında əhəmiyyətli mənbədir. Solmaz Tohidi əhəmiyyətli tarixi faktların üzə çıxarılmasına göstərdiyi köməyə görə Georq Mamuliyaya minnətdarlığını bildirib. O deyib ki, Topçubaşovun arxivindən mühüm sənədlərin əldə olunmasında G.Mamuliyanın böyük rolu olub.
Qeyd edək ki, kitabda Azərbaycan nümayəndə heyətinin 1919-cu ildə Amerika Birləşmiş Ştatlarının Prezidenti Vudro Vilsonla görüşündən də bəhs olunur. Görüşdə ABŞ Prezidenti V.Vilsona təqdim olunmuş Memorandumda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, onun birillik inkişaf yolundan, istiqlal uğrunda verdiyi qurbanlardan danışılırdı. V.Vilsondan Azərbaycanın istiqlaliyyətinin tanınması, ABŞ ilə Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin qurulması istiqamətində kömək göstərməsi xahiş edilirdi.
ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, bu tarixi şəxsiyyətlər böyük ehtirama layiqdir. Onlarla bağlı bu cür tədbirlər tək bir universitetdə və tədqiqat institutunda deyil, geniş auditoriyalarda davam etdirilməlidir.
Rektor Georq Mamuliyaya və Ramiz Abutalıbova dəyərli bir kitabı ərsəyə gətirdiklərinə görə minnətdarlığını bildirdi, bu cür əhəmiyyətli işin davam etdirilməsinin vacibliyini söylədi. Mamuliyanın Cümhuriyyət tarixi ilə bağlı böyük məlumatlara malik olduğunu deyən H.Paşayev onun alimlərimizin arxiv sənədlərini əldə etmələrinə dəstək verdiyini söylədi.
Sonda
müəlliflər imzaladıqları kitabları tədbir
iştirakçılarına hədiyyə etdilər.
Azərbaycan.-
2018.- 5 dekabr.- S.4.