Gəzməyə qərib ellər...

 

Turistlər Azərbaycanı niyə seçir

 

Bu gün dünyanın istənilən ölkəsində hər bir insan üçün istirahətin ən əvəzsiz növü qərib elləri, qərib mədəniyyətləri ziyarət etmək, kitablarda, internet resurslarında şəkillərini gördükləri qədim məşhur abidələri, müqəddəs yerləri, əfsanələrlə bağlı məkanları görməkdir.

Başqa xalqların mədəniyyətləri ilə tanış olmaq, yemədikləri milli xörəklərin tamını dadmaq, fərqləri müqayisə etmək və turizmin incəliklərindən zövq almaqdır. Gəzdikcə, gördükcə dünya sənə yaxınlaşır, tanımadığın şəhərlər səni öz doğma övladı kimi qarşılayır.

Zahirən turizm bir qədər fərdi, hər bir şəxsin daxili dünyası və şəxsi istəyi ilə baş tutan sadə səyahət növü olsa da, mahiyyət etibarilə ölkə iqtisadiyyatının vacibböyük gəlirlər gətirməyə qadir olan sahələrindəndir. Azərbaycan dövləti qeyri-neft sektorunun şaxələndirilməsində turizmin inkişafını önəmli istiqamətlərdən biri elan etmişdirbu sahənin hərtərəfli və sistemli surətdə inkişafı üçün vacib addımlar atılır, xüsusi qərarlar qəbul edilir.

Turizmin inkişafı istiqamətində həyata keçirilən iritutumlu layihələr sayəsində əldə olunan nailiyyətlərin siyahısı ildən-ilə uzanır, statistik rəqəmlərin ötən illərlə müqayisəsi isə nikbindaha yüksək nəticələrə nail olduğumuzu təsdiq edir.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bildirilir ki, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2,4 milyon turist gəlmişdir. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə turistlərin sayının 6,1 faiz artdığını göstərir. Artımın coğrafiyası da maraqlıdır. Diqqəti cəlb edən tendensiya ondan ibarətdir ki, Azərbaycana bu ilin 10 ayı ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,3 faiz artmışdır. Bu artımın rəqəmlə ifadəsi 99,4 mindir. Amma onun dəfələrlə artması üçün real imkanlar mövcuddurbu istiqamətdə ciddi addımlar atılır.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, davamlı islahatların həyata keçirilməsi, Bakının dünyanın ən gözəl paytaxtlarından birinə çevrilməsi, beynəlxalq əhəmiyyətli tədbirlərin bu şəhərdə keçirilməsi turist axınını gücləndirən amillərdəndir. Beş-altı il əvvəl Bakını Parislə, Milanla müqayisə edirdilərsə, bu gün əcnəbi turistlər Azərbaycan paytaxtının Milan, Roma və Parisdən üstün cəhətlərini sayırlar. Azərbaycan mədəniyyəti, Azərbaycan qonaqpərvərliyi, Azərbaycan tolerantlığı ölkəmizə təşrif buyuran istənilən əcnəbini valeh edir. Onlar Şərqə qonaq gəlsələr də özlərini öz vətənlərindəkindən daha yaxşı hiss edir, Qərblə Şərqin bənzərsiz sintezindən yüksək zövq alırlar. Azərbaycana səfər edən istənilən əcnəbi ağlasığmaz münasibətlərin, nadir insanpərvərliyin, qonağa sonsuz rəğbətin və unikal tolerantlıq mühitinin incəliklərinə heyran qalırlar.

Məhz bu amillərin toplusu turist axınlarının güclənməsinə səbəb olur. Simaldan - Rusiyadan və MDB ölkələrindən gələnlərin sayı da 4,1 faiz artmışdır. Rusiya 891 min nəfər turistlə Azərbaycana gələn qonaqların siyahısında liderlik edən ölkədir.

10 ayda Şərq ölkələrindən gələnlərin də sayı artmaqdadır. Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gələnlərin arasında ən çox artım İraq (13,7 faiz) və Oman vətəndaşlarının sayında (6,3 faiz) müşahidə olunur. Ümumilikdə Rusiyadan gələnlərin sayı bir, Körfəz ölkələrindən gələnləri sayı isə yarım milyon nəfərə yaxınlaşır.

Səyahət müasir insanın həyatının ayrılmaz hissəsidir. Hər bir kəsin çalışdığı, can atdığı odur ki, dünyada onu gözəlliyi və bənzərsizliyi ilə cəlb edən bütün yerləri qarış-qarış gəzsin. 196 dövlətin hərəsi bir baxış bucağından səyyah üçün maraqlıdır. Turizmdə önəm verilən amillər səyahətin təhlükəsizliyi, xidmətin yüksək səviyyəsi və qiymətlərin orta səviyyəli turistlər üçün əlçatanlığı ilə bağlıdır. Ümumdünya Turist Təşkilatı 2017-2018-ci illərdə ən çox səyahət edilən 10 ölkənin siyahısını dərc edib. Fransa 86,9 milyon turistlə birinci yerdədir. Turizm ÜDM-in 9 faizini təşkil edir 3 milyon fransızı işlə təmin edir. Hamını valeh edən əsas abidə Eyfel qülləsidir. İspaniya 81,8 milyon turistlə ikinci yerdədir. ÜDM-in 14,4 faizi turizmin payına düşür. ABŞ qədər böyük əzəmətli dövlət sayılsa da 76,9 milyon turistlə üçüncü yerdə qərarlaşıb. Amma o da var ki, ABŞ saya görə geridə qalsa da, turizmdən Fransa İspaniyanın ikisinin birlikdə qazandığından da artıq gəlir götürür. Bu məbləğin illik həcmi 200 yüz milyard dollardan çoxdur.

60,7 milyon turistlə dördüncü yerdə qərar tutan Çin isə səyahətə hamıdan çox - 250-260 milyard xərcləyən ölkə kimi birinci yerdə qərar tutmaqla ABŞ-ın özünü bir neçə dəfə üstələyir. Bütün bunlar Çinə ildə 60 milyondan artıq turisti qəbul etməyə qətiyyən mane olmur. Qədim Böyük Çin səddi, Şanxay, Pekin əcnəbiləri valeh edən məkanlardır. İtaliya antik mədəniyyəti, saysız tarixi abidələri ilə məşhur olsa da, bu siyahıda 58,3 milyon turistlə beşinci yerdədir. Meksika 39,3, Böyük Britaniya 37,7, Türkiyə 37,6, Almaniya 37,5, Tailand 35,4 milyon turistlə ikinci beşlikdə qərar tutublar.

Bu statistik rəqəmlər onu deməyə əsas verir ki, turizm bir sıra ölkələr üçün iqtisadiyyatın ən vacib sahəsi kimi böyük gəlir mənbəyidir. Biz öz ölkəmizi, mədəniyyətimizi, tariximizi elə öyrənməli, elə sevməli onu elə təqdim etməyi bacarmalıyıq ki, əcnəbi üçün eşitdikləri, gördükləri əfsanəyə bərabər olsun.

Eyni zamanda onu da düşünməliyik ki, qiymətlərimiz əcnəbi turistlər üçün qonaqpərvərliyimizə müvafiq olsun. Çünki turistlərin hamısı Bil Qeyts, ya da Cek Ma kimi milyarder deyil. Onların böyük bir qismi təqaüdə çıxan insanlardır onlar qalan həyatlarını təəssüratlarla zənginləşdirmək istəyənlərdir. Orta səviyyəli bütün turistlər üçün əsas amil qiymətlərdir. Ona görə qiymətlər yüksək olarsa, onlar başqa ölkələri seçəcək, necə ki bu gün Gürcüstanı milyonlarla turist seçir. Hətta yeni ili qeyd etmək istəyən ölkə vətəndaşları Bakı restoranlarının qiymətləri ilə Tbilisi müqayisə edirlər Yeni il bayramını Gürcüstanda keçirməyə qərar verirlər. Çünki Tbilisin qiymətləri daha münasibdir. Bizdə isə çox qazanmaq eşqinə düşənlər azdan da olacaqlar. Görünür Bakıda qiymət məsələləri elə həllini tapmalıdır ki, əcnəbi buraya gəlmək fikrindən vaz keçsin, ölkə vətəndaşı bayramlarını xaricdə qeyd etsin.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2018.- 5 dekabr.- S.1; 5.