Prezident
İlham Əliyev Amerika Birləşmiş
Ştatlarının ölkəmizdəki səfirliyində
olub, ABŞ-ın 41-ci Prezidenti Corc Buşun vəfatı ilə
əlaqədar başsağlığı verib
Dekabrın 5-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş
Ştatlarının ölkəmizdəki səfirliyinə gələrək
ABŞ-ın 41-ci Prezidenti, görkəmli dövlət xadimi
Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar
başsağlığı verib.
AZƏRTAC xəbər verir ki,
Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki
müvəqqəti işlər vəkili Vilyam Gill Azərbaycan
Prezidenti İlham Əliyevi qarşıladı.
Dövlətimizin
başçısı Amerika Birləşmiş
Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət
xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar
başsağlığı verdi, matəm kitabına ürək
sözlərini yazdı.
Prezident İlham Əliyev Amerika
Birləşmiş Ştatlarının Azərbaycandakı
müvəqqəti işlər vəkili Vilyam Gill ilə
söhbət etdi və ona başsağlığı verdi.
Dövlətimizin başçısı mərhum Prezident Corc
Buşun Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin
yaradılmasında və inkişafında rolunu xüsusi
vurğuladı. Prezident İlham Əliyev mərhum Prezident
Corc Buşun ulu öndər Heydər Əliyevlə yaxın
münasibətlərini, vaxtilə onun Heydər Əliyevi
öz evində qəbul etməsini xatırladı, bunun
çox vacib və unudulmaz bir görüş olduğunu dedi.
Ulu Öndərin ona göstərilmiş hörmətdən,
səmimi görüşdən çox təsirləndiyini
bildirdi. Dövlətimizin başçısı 2004-cü ildə
keçirilən Afina Yay Olimpiya Oyunlarının
açılış mərasimi ilə əlaqədar təşkil
olunan qəbulda mərhum Corc Buşla görüşdüyünü
və onunla söhbət etdiyini yada saldı.
Amerika Birləşmiş
Ştatlarının Azərbaycandakı müvəqqəti
işlər vəkili Vilyam Gill Prezident İlham Əliyevin səfirliyə
gəlməsindən böyük şərəf duyduğunu
bildirdi. O qeyd etdi ki, Corc Buş Azərbaycanın müstəqilliyini
tanıyan və ölkəmizlə diplomatik münasibətlər
quran Amerika Birləşmiş Ştatları Prezidenti kimi
ölkələrimiz arasında güclü münasibətlərin
təməlini qoyub.
Azərbaycan.- 2018.-6 dekabr.- S.2.