Şəhid ailələri onlara
göstərilən qayğını dəyərləndirirlər
...Şahinlər səmanı
sevirlər. Onlar qıy vuran qartallar kimi zirvəsevər olurlar. Çünki səmanın ənginliklərinə
ucaldıqca dünyanın
bir parçası olan Vətənin hər qarışını
seyr edirlər. Onlar da belə
sevirdilər Vətənin
açıq səmasını,
günəş nurundan
cana gələn
torpağını. Eyni
zamanda tapdaq altında qalan, ayağımız dəyməyən,
gedib-gələni olmayan
cığır və
izləri də sevirdilər axı...
Bu amallı
şahinlər peşə
seçəndə yanılmır. Belə şahinlərimizdən
biri də Təbriz Musazadə idi. Vətən göylərində, səmanın
ənginliklərində, buludlardan
da yuxarıda idi 2 aprel 2016-cı il tarixədək.
O gün erməni vandallarının
canına vəlvələ
salanların biri də Təbrizin "dəmir qanadlı qartal”ı - "Mİ-24”-ü idi. Manevrləri ilə düşmən başına ələdiyi
mərmi yağışı
"salamat qalan” daşnakları səngərindən
çıxıb qaçmağa
məcbur etmişdi...
Təbriz Musazadə
12 avqust 1981-ci il qədim Borçalı ellərindən
olan Başkeçidin
(indiki Dmanisi rayonu) Yaqublu kəndində dünyaya göz açsa da, taleyi elə
gətirdi ki, vətənpərvərliyi, cəsurluğu
daşnakları vahiməyə
saldı. Orta məktəbi bitirdikdən
sonra C.Naxçıvanski
adına hərbi liseyi, Azərbaycan Ali Hərbi Təyyarəçilik
Məktəbini, Uçuş
Hazırlığının Təlim-Tədris Mərkəzini,
2011-ci ildə isə Türkiyədə Uçuş
Təhlükəsizlik Kursunu
bitirdi.
Xidmət müddəti
dövründə Azərbaycan
Respublikasının müdafiə
naziri adından 4 döyüş medalı ilə təltif olunan mayor Təbriz Musazadə təyyarəçi,
baş təyyarəçi,
manqa komandiri, eskadrilya qərargah rəisi vəzifələrində
çalışdı. O, həmişə
aldığı döyüş
tapşırıqlarını layiqincə yerinə yetirirdi. 2016-cı il aprel ayının 2-də də
Vətən naminə,
Qarabağ uğrunda ölüm-dirim savaşına
atıldı.
Füzuli istiqamətində gedən
ağır döyüşlərdə
düşmən qüvvələri
öncə hava hücumundan müdafiə
olunmağa çalışırdı. Bunu o gün
səma qartalları da yaxşı bilirdi. Ona görə də hər üç şahin - mayor Təbriz Musazadə, mayor İrfan Vəlizadə və baş leytenant Əbu-Bəkir İsmayılov hər şeyə hazır idi. Məhz onların "Mİ-24” hərbi helikopteri ilə endirdiyi zərbələr düşməni
pərən-pərən salırdı.
Səmada "min bir oyun çıxaran”
cəsurlar bu ölümsaçan atəşlərdən
qorxmur, düşmən
başına mərmi
yağdırırdılar. Birdən
sanki "hava qaraldı...” Sən demə, onların
son döyüşü imiş.
Ermənilərin canına vəlvələ
salan şahinlər hədəf alındılar.
Ermənistan verdiyi itkinin daha çox olacağını duyaraq,
beynəlxalq təşkilatlardan
Azərbaycanın döyüşləri
saxlamasını xahiş
etdi.
...O gün səmadan mərmi yağışı yağsa
da, qartallarımız
qanları ilə ana torpağa "Şəhidlər ölməz,
Vətən bölünməz!”
yazdılar.
"N” saylı hərbi hissənin komandiri mayor Rəşad Əkbərov o günləri
xatırlayır, şəhidlik
zirvəsinə yüksələn
üç dostun son döyüşlərdə göstərdiyi
qəhrəmanlıqdan danışmaqdan
yorulmur...
O qalibiyyət günündən ötən
müddətdə mayor Təbriz
Musazadənin ailəsində
də çox şeylər dəyişdi.
Balaları Tayfunu ilə Onurunun anası - ömür-gün
yoldaşı Pərişan
xanıma səhər
saat 5 radələrində
"çəməngözlü”sü sonuncu mesajı yazıb: "...bircə kəlmə xoş söz...”
Pərişan xanımı
qəhər boğsa da, iradəsini toplayıb sözünə
davam edir: "2 aprel ailəmizə qəm-qüssə, balalarıma
atasızlıq ağrısı
gətirsə də, qürurla deyə bilərik ki, həmin tarix həm də düşmən üzərində
qələbə sevinclərini
xalqımıza yaşatdığına
görə müqəddəsdir!”
Səmalar vurğunu, "çəməngözlü”sündən
aldığı o qara
xəbəri xatırlamaq
istəməsə də,
zorla eşidiləcək
səslə dillənir:
"...Pəncərəni açıb
paltar sərirdim. Hava çiskinli
idi, birdən dayandım. Paltarı qoyub, televiziyanın
qarşısına keçdim.
Xəbərlərdə ekranın
aşağısından qaçan
sətirlərdə həyatımızın
alt-üst olduğunu bildirən bir cümlə oxudum:
"Mİ-24” helikopteri vurulub”.
İnanmadım. Özümə təsəlli verməyə
çalışdım: "Sakit ol, Pərişan,
o deyil, ola bilməz”. Zəng etdim, çatmadı.
Heç
bir hərbçi yoldaşı açmadı
telefonu. Dəqiqələr keçir, saatın əqrəbləri elə
bil beynimin içində taqqıldayırdı.
Evdə iki övladımdan başqa heç kim
yox idi. Mənə baxırdılar. Təmkinli olmalıydım.
Özü tapşırmışdı:
"Qapına gələn,
suallarına cavab verə bilməyən, baxışları yerə
dikilən hərbçilərə
hazır ol!” Bu il şahinim
Azərbaycan səmasını
bəzəmədi. Bu il
səma Təbrizsiz qaldı...”
Pərişan Musazadə sözünə
nöqtə qoymağa
tələsmir. O, şəhidlərimizə
dövlət qayğısının
yüksək səviyyədə
olduğunu deyir. Onların müqəddəs
ruhları naminə atılan hər addımın xalq tərəfindən birmənalı
şəkildə dəstəkləndiyinin
şahidi kimi bəzi bədxahların bundan öz siyasi ambisiyalarını gerçəkləşdirməyə çalışmalarını qəbul etmir: "Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid ailələrinin,
Qarabağ əlillərinin,
kimsəsiz uşaqların
qayğısına qalmasını
kim unuda
bilər ki? Şəhid adının şərəfini
uca tutan Ali Baş Komandanın ordumuzun gücləndirilməsi,
işğal altında
qalan ərazilərimizin
azad olunması istiqamətində yürütdüyü
siyasət beynəlxalq
aləmdə də müdafiə edilir. Biz şəhid ailələri
dövlət başçısının
siyasətini dəstəkləməli
və bu istiqamətdə təbliğatçıya
çevrilməliyik. Bu
məqsədlə də
"Şəhid Övladları
və Kimsəsiz Uşaqlara Yardım”
İB yaratma qərarına
gəldik”.
Pərişan xanım deyir ki, üç ildir şəhid mayor Təbriz Musazadənin adını daşıyan
Təhsil və İncəsənət Mərkəzini
yaratmaqla məşğuldur. Bu müddət ərzində
şəhid övladlarına
və kimsəsiz uşaqlara müxtəlif fənlər üzrə müəllimlərlə birlikdə
təmənnasız dərslər
keçir. Könüllülərdən ibarət olan
birliyin hər bir üzvü şəhid ailələrinə
dəstək olmağı
əsas məqsədləri
hesab edir. Sevindirici haldır ki, könüllülük prinsipi
ilə bura ərizə verən müəllimlərin sayı
artmaqdadır. Onlar şəhid
övladlarına könüllü
dərs demək üçün birliyin fəaliyyətində yaxından
iştirakı özlərinin
vətəndaşlıq borcu
sayırlar.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2018.- 6 dekabr.- S.7.