Yuri Lujkov: Heydər Əliyev böyük qəlbli insan idi

 

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünyasını dəyişdiyi gündən 15 il keçir. "Moskva-Baku” portalında Moskvanın keçmiş meri Yuri Lujkovun bu böyük siyasi xadim haqqında xatirələri dərc olunub.AZƏRTAC həmin materialı təqdim edir.

 

Heydər Əliyev haqqında söz

 

Dahi insan Heydər Əliyev haqqında xatirələrimin əvvəlində çox sevdiyim ölkənin - Azərbaycanın vətəndaşlarını salamlamaq istəyirəm: "Salam, əziz azərbaycanlı dostlarım!”

Mən Heydər Əliyev haqqında danışmaq istərdim. Çünki Heydər Əliyev görkəmli şəxsiyyət idi. Özü də təkcə postsovet məkanında yox. Mən uzun illər sənaye sahəsində işləmişəm, Sovet İttifaqının ali dövlət hakimiyyəti orqanları ilə illər boyu qarşılıqlı fəaliyyətdə olmuşam və Heydər Əliyevi hələ sovet dövründən tanıyırdım. Heydər Əliyev haqqında çox danışmaq olar, bununla belə, düşünürəm ki, hərtərəfli, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elə bu səbəbdən dərin dövləti təfəkkürünə görə bu bənzərsiz insanın obrazını tam açmaq üçün vaxt çatmaz.

O, nadir potensiala malik insan idi. Tutduğu vəzifəsinə görə həm təhlükəsizlik, həm də təsərrüfat məsələləri ilə çox ciddi məşğul olan bənzərsiz şəxsiyyət idi. Mən bilirdim ki, Heydər Əliyevin əsas təhsili mülki sahəyə aiddir. O, memarlığa, iqtisadiyyata dərindən bələd idi... Həmin illərdə onun çalışdığı simasız hökumətdə olduqca nəzərəçarpan fiqur idi.

Heydər Əliyevin sovet hökumətinin ali rəhbərliyində işlədiyi beş il ərzində biz onun potensialına, hamını heyrətləndirən yaddaşına, təsərrüfatçılıq təfəkkürünə dönə-dönə müraciət edirdik. O, dövlətin, ölkə iqtisadiyyatının inkişafına kömək edirdi.

Deməliyəm ki, yeni dövr onun üçün faciəli illər idi... 1990-cı il 20 Yanvar hadisələri... Bu hadisələr Heydər Əliyevi çox həyəcanlandırdı. Şəxsiyyətinə və baxışlar sisteminə, təfəkkürünə, prinsiplərinə, məqsədlərinə təsir göstərən bu hadisələr onu Sovet İttifaqı rəhbərliyinin, ilk növbədə Mixail Qorbaçovun ümumən yanaşı yaşayan iki yaxın millət – azərbaycanlılar və ermənilər arasında yaranmış problemi dinc yolla həll etməyi, münaqişəni sülh yolu ilə nizamlamağı bacarmamasına qarşı etiraz səsini ucaltmağa vadar etdi. Sovet rəhbərliyi, çox ehtimal ki, dövləti məsələləri həll etməyə qabil olmaması səbəbindən bu problemləri çözə bilmədi, bəlkə də bunu istəmədi, vəziyyəti idarə etməyi, qan tökülməsini dayandırmağı bacarmadı.

Heydər Əliyev bu hadisələrə görə çox əzab çəkirdi. Bunu dəfələrlə mənə demişdi. Bu əzablar 1991-ci ildə onun Sov.İKP sıralarından çıxması ilə nəticələndi. Bu qərar dövlət hakimiyyəti orqanlarının yürütdüyü siyasətə qarşı çox güclü etiraz kimi səsləndi.

Sonra Sovet İttifaqı süqut etdi, onun yerində Azərbaycan da daxil olmaqla müstəqil dövlətlər formalaşdı. Bütün bunlar siyasi və xüsusən təsərrüfat-iqtisadi baxımdan çox mürəkkəb və qarmaqarışıq şəraitdə baş verirdi. Sonra Elçibəy peyda oldu. Mən onunla görüşdüm və bir məqamı hələ də təəccüblə xatırlayıram ki, Elçibəy mənimlə tərcüməçi vasitəsilə danışmağa başladı. Halbuki mən ərzaq məsələlərinin həllində Azərbaycana kömək etməyə gəlmişdim... Elçibəy tərəfindən bu cür nümayişkaranə hərəkətin heç yeri deyildi. Azərbaycan xalqı onu həqiqi dövlət rəhbəri kimi qəbul etmədi və 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdı.

Heydər Əliyev özünün çox böyük potensiala malik olduğunu dərk etsə də, o vaxta qədər bəlkə də ölkə rəhbərliyinə qayıtmaq fikrində deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıtdı!

Bundan sonra mənim Azərbaycanda görüşlərim çox olub. Heydər Əliyevin hakimiyyətə qayıtması sayəsində Azərbaycan sürətlə dirçəldi. Nəyin hesabına? Heydər Əliyevin müdrikliyi hesabına. Heydər Əliyev strateq idi, o düzgün başa düşürdü ki, iqtisadiyyatı inkişaf etdirmək, ərzaq təminatı üçün, xalqın yaşaması, tikinti, sənaye və bütün başqa sahələrin inkişafı üçün vəsait əldə etməyə imkan verəcək təsərrüfatı inkişaf etdirmək lazımdır.

Heydər Əliyevin daha bir keyfiyyəti haqqında danışmaq istəyirəm. Heydər Əliyev öz xalqının oğlu, millətin lideri idi.

Azərbaycanı inkişaf etdirməklə, onun suverenliyini möhkəmləndirməklə məşğul olan Heydər Əliyev, eyni zamanda, Rusiya ilə, rus xalqı ilə əlaqələri heç vaxt, heç bir vəchlə itirmək istəmirdi. Xalqlarımız onilliklər boyu birgə olub. Biz faşizmə qarşı birlikdə vuruşmuşuq. Böyük Vətən müharibəsi illərində Bakı bütün hərbi texnikanın yanacaqla təmin olunması məsələlərinin həllinə kömək edib. Əbəs deyil ki, almanlar neft mədənlərini ələ keçirmək üçün Bakıya can atırdılar. Bu gün biz ortaq tariximizi yadda saxlamalıyıq. Əgər bu gün bir-birimizə - Azərbaycanın və Rusiyanın bir-birinə yaxın xalqlarına kömək göstərmək üçün bizim az da olsa imkanımız varsa, bunu etməliyik.

Bakıda Moskva Günləri keçirilməsi ilə əlaqədar Heydər Əliyev dəfələrlə bizim hakimiyyət orqanlarını Bakıya dəvət edirdi. Belə günlər həmişə böyük dostluq, qardaşlıq bayramlarına çevrilirdi. O özü şəxsən bu tədbirlərdə iştirak edir, həmin vaxt diqqət mərkəzində olan zallarda həmişə mənim yanımda əyləşirdi. Bu tədbirlərdə xalqlarımızın dostluğu davam edir, təsdiqlənirdi.

Bu gün sizinlə böyük dövlət xadimi haqqında danışırıq. Sovet İttifaqı dağılandan sonra yaranmış dövlətlərin rəhbərləri arasında öz xalqı üçün Heydər Əliyev qədər çox iş görmüş, yeni ölkənin inkişaf etməsi üçün əlindən gələni etmiş insanlar çox deyil, ola bilsin, daha birini, ən çoxu ikisini göstərmək olar, onların adlarını çəkməyəcəyəm. Amma mənim nəzərimdə və yaddaşımda Heydər Əliyev bir nömrəli rəhbərdir.

Biz Heydər Əliyev haqqında ölkənin rəhbəri kimi danışanda onu, ilk növbədə, şəxsiyyət kimi, güclü iradə sahibi, irəliyə baxan, hamıdan uzağı görən bir insan kimi qəbul edirik. Ona görə ki, belə də olmalıdır. Lider öz xalqını səslədiyi gələcəyi görməlidir. Lider mərd insan olmalıdır. Lakin daha bir məqamı qeyd etməsəm, Heydər Əliyevin obrazı yarımçıq olar...

Sizə bir əhvalat danışım... Zənnimcə, Azərbaycanda bunu hamı bilmir.

Heydər Əliyev gözəl ailə başçısı idi. Onun həyat yoldaşı Zərifə Əziz qızı Əliyeva gözəl qadın idi. Zərifə xanım həyatdan çox tez getdi və bu, Heydər Əliyevi çox sarsıtdı, çox kədərləndirdi. Zərifə Əziz qızı əvvəlcə Moskvada, Novodeviçye qəbiristanlığında dəfn edilmişdi. Heydər Əliyev hər həftə vaxt tapan kimi Novodeviçye qəbiristanlığına gəlir, sevimli ömür-gün yoldaşının məzarı yanında bir neçə dəqiqə əyləşirdi. Dövlət xadimi üçün, bizim nəzərimizdə emosiyalardan uzaq, yalnız dövlət haqqında, genişmiqyaslı dünya problemləri haqqında danışan dövlət xadimi üçün belə incə hisslər, ailəsinə bu cür münasibət tamamilə qeyri-adi təsir bağışlayır.

Sizə daha bir əhvalat danışım. Bunu yalnız Heydər Əliyevlə mən bilirdik. Bir də, yəqin ki, onun ailə üzvləri, uşaqları bilir. Biz Heydər Əliyevlə yaxın dost idik. Bir dəfə o, Moskva ilə əlaqələri inkişaf etdirmək üçün məni Azərbaycana, Bakıya dəvət etdi. Bakıya belə səfərlərimin birində ona qeyri-adi hədiyyə gətirdim. Mən onun xanımının büstünü tapmışdım. Heydər Əliyev bu büstün olmasını bilmirdi. Kifayət qədər böyük tunc büst Zərifə xanımın sağlığında hazırlanmışdı. Bu büstü mənimlə çox yaxın münasibətdə olan məşhur heykəltəraşın emalatxanasında tapmışdım. Heydər Əliyevin dəvəti ilə Bakıya gəldim. Məni müşayiət edən adamlardan xahiş etdim ki, bu büstü Heydər Əliyevlə görüşəcəyim yerin yaxınlığında bir otağa qoysunlar. Heydər Əliyev söhbətdən sonra soruşdu ki, indi və bu axşam planlarım necədir? O, həmin gün axşam da mənimlə söhbət etmək istəyirdi. Dedim ki, hökumət üzvləri ilə görüşüb bizim ticari-iqtisadi əlaqələrimizə aid məsələləri müzakirə etmək, sonra Mədəniyyət Nazirliyində olmaq istəyirəm. Heydər Əliyev dedi: "Yaxşı, onda axşama qədər”. Mən ona müraciət etdim: "Heydər Əliyeviç, yox, sizə daha bir hədiyyə etmək istəyirəm”. O cavab verdi: "Bu nəyə lazımdır, onsuz da biz yaxınıq, qarşılıqlı münasibətlərimiz yaxşıdır. Hədiyyə nəyə gərəkdir? Məncə, bizim münasibətlərimizdə bütün bunlar artıqdır”. Mən dedim: "Heydər Əliyeviç, gəlin qonşu otağa keçək və düşünürəm ki, bu hədiyyəni nə üçün etmək istədiyimi başa düşərsiniz”.

Biz qonşu otağa keçdik. Mən Zərifə Əziz qızının büstünün üstündəki örtüyü götürdüm və ... Heydər Əliyevin gözlərindən axan yaşı, sonra onun hönkürməsini gördüm.

Bilirsinizmi, o, öz məhəbbətini gördü, gördü ki, bu sevgi fiziki baxımdan ötüb keçsə də, belə gözəl maddi təcəssümünü tapıb... Bütün bunlar məni də çox həyəcanlandırdı. Mən anladım ki, qarşımdakı insan nəinki emosiyalara malikdir, o, öz həyat yoldaşını, övladlarını, xalqını həqiqi mənada sevən insandır. Ulu Tanrı Heydər Əliyevə təkcə müdriklik, güclü dövlət təfəkkürü bəxş etməyib. Bununla yanaşı, bir daha təkrar edirəm, o, insanların taleyinə görə bizim zəmanədə heç kimlə müqayisə edilə bilməyəcək dərəcədə narahatlıq hissi yaşayan, adı böyük hərflə yazılan İnsandır. Onun xatirəsi, təkcə onunla ünsiyyətdə olanların deyil, bizim xalqlarımızın qəlbində əbədi yaşamalıdır. Belə insanlar tarixdə iz qoymaya bilməzlər, onlar tarixdə öz yerini tutmalı və təkcə hansısa bir ölkənin ali rəhbərləri üçün deyil, bütün sadə adamlar üçün, həm Azərbaycanın, həm də əvvəllər Sovet İttifaqı adlanan böyük məkandakı bütün dövlətlərin sakinləri üçün nümunə olmalıdır.

 

Azərbaycan.- 2018.-7 dekabr.- S.3.