Bu yolun sonunda
yalnız ümid var
Azərbaycan
Parlamenti - 100
7 dekabr 1918-ci il...
Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətə
başladığı gün... Məşhur milyonçu və
xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin
Bakının Nikolayev küçəsində yerləşən
Qızlar Məktəbinin binasında (indiki AMEA Əlyazmalar
İnstitutu) keçirilən açılış mərasimi
"günorta saat 1.25 dəqiqədə Şurayi-Milli rəisi
Məhəmməd Əmin Rəsulzadə əfəndinin nitq
iftitahilə açılır”. Parlamentin
stenoqrafçıları daha sonra ilk natiqin ümid və səadətlə
dilə gətirdiyi bu sözləri kağıza
köçürürlər: "Möhtərəm məbuslar!
Azərbaycan Cümhuriyyətinin ilk Məclisi-Məbusanını
açmaq yomi-səadəti, siz möhtərəm məbusları
təbrik etmək şərəfinin öhdəmə
düşməsilə müftəxirəm”.
Azərbaycan Parlamentinin
açılmasına mane olmaq üçün Bakıda fəaliyyət
göstərən rus və erməni milli şuraları həmin
ərəfədə təşrif gətirmiş müttəfiq
qoşunlarının baş komandanı general Tomsondan istifadə
etməyə səy göstərmişdilər. Tomsonla
aparılan danışıqlarla bağlı və qəzalardan
bütün deputatların Bakıya gələ bilməməsini
nəzərə alaraq parlamentin ilk iclası dekabrın 3-dən
7-nə keçirilmişdi.
"Bir dəfə
qaldırılmış bayraq bir daha enməyəcəkdir”
O tarixi iclasın
iştirakçıları haqqında Azərbaycan Milli
Şurasının sədri məlumat verirdi: "Bu gün əqəliyyət
təşkil edən millətlərin nümayəndələri
ilə qəzaların yeni nümayəndələri dəvət
olunmaq üzrə iştə bu Məclis təşkil
etmişdir. Bu Məclis ümumi seçki
üsulu ilə toplanaraq Azərbaycan Məclisi-Müəssisanı
toplanıncaya qədər məmləkətimizin sahibi olacaq.
Burada Azərbaycanda bulunan bütün millətlərin,
təbəqələrin və müxtəlif cərəyanların
nümayəndələri olduğundan bu Məclis vətənimizi
tamamilə təmsil edə bilər”.
Uzun illər bezar olduqları
çarizm Rusiyasından, Rusiya istibdadından qurtuluşun fərəhi
ilə danışan natiq: "... Hər bir millət müstəqil
və hürr olmalı, hürr olduqdan sonra digər millətlər
ilə ürəyi istədiyi kimi əqdi-ittifaq etməlidir, -
deyir: - Biz Rusiyanın səadətini istəriz, Rusiya
camaatını sevəriz, fəqət, kəndi
istiqlalımızı da əziz tutarız (Alqışlar). Cəbr ilə qəbul etdirilən bir şeydə səadət
olmaz. Çünki səadət və
hürriyyət istiqlaldır (Alqışlar). İştə
bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı
təmsil edən o üçboyalı bayrağı
Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa
iqtidarı - əhrarınəsini təmsil edən bu
üçboyalı bayraq daima başlarımızın
üstündə ehtizaz edəcəkdir. Bir dəfə
qaldırılmış bayraq bir daha enməyəcəkdir (Məbuslar
yerlərindən qalxır, şiddətli alqışlar uzun
müddət dəvam edir)”.
Ziddiyyətli, təlatümlü
ictimai-siyasi hadisələrin bir-birini əvəz etdiyi günlərdə
Azərbaycana müstəqillik işığı bəxş
edənlər o möhtəşəm zəfəri qoruyub
saxlamağın çətin və məsuliyyətli olduğunu
bilirdilər.
Elə buna görə Məhəmməd Əmin Rəsulzadə
vətənsevərləri gözlənilən təhlükələrə
qarşı ayıq-sayıq olmağa
çağırırdı: "Zaman ağır, gedəcəyimiz
yol çox tikanlı və arizəlidir. İrəlidə
bir çox müşkülat və maneələri dəxi
gözə almalıyız. Dumanlı yolları
keçmək və sər mənzil məqsədə irmək
üçün siz, məbus əfəndilər, bir çox
fədakarlıqlar etməli, təmsil etdiyiniz millətə səbat,
mətanət göstərmək üzrə bir nümuneyi-əmsal
təşkil etməlisiniz. Bu nümunəni
göstərəcək iqtidar və istedada malik oldunuzsa, yolun
yarısı gedilmiş deməkdir. Əvət,
əfəndilər, bu gün firqə ehtirasları, şəxsi
qərəzləri və bütün bu kimi vətən və
millət qayəsi qarşısında səqit qalan qərəzlər
atılmalı, vətən qayğısı, millət
duyğusu hər şeydən yüksək
tutulmalıdır”.
Sürəkli
alqışlarla məclis coşur.
Məhəmməd Əmin təklif
edir ki, parlamentə sədr və sədr müavini
seçilsin.
Namizədlərin müzakirəsinə başlanılır:
"Şəfi bəy -
"Müsavat” və bitərəflər namından rəisliyə
Əlimərdan bəy Topçubaşov, birinci müavinliyə
doktor Həsən bəy Ağayevin namizədliyini təklif
edirəm.
Sədr - Başqa namizəd
təklif edən və bu barədə söz söyləyən
yoxmu? Yoxsa, Əlimərdan bəy ilə Həsən bəyin
namizədlikləri qəbul olunacaq.
Əhməd Cövdət -
Müsəlman Sosialistlər İttifaqı tərəfindən
"Müsavat”ın göstərdiyi bu namizədlərə
etiraz yoxdur.
Heybətqulu Məmmədbəyov -
"İttihad” firqəsi tərəfindən Əlimərdan
bəy Topçubaşovun namizədliyinə etiraz yoxdur, fəqət
Həsən bəyin göstərildiyinə rəy verməyəcəyik.
Şeyxislamov - Sosialist
"Hümmət” firqəsi tərəfindən
"Müsavat”ın namizədlərinə etiraz yoxdur.
Sədr - Şu sürətlə
məsələni səsə qoymalıdır. Hər kəs
bu namizədliyə razıdır, əlini qaldırsın
(İttihadi-ara ilə Əlimərdan bəy sədrliyə
seçilir)”.
Sevgili Azərbaycanın
səadəti naminə
Əlimərdan bəy Azərbaycanda
olmadığı üçün iclasda iştirak etmir. Söz sədr
müavini Həsən bəy Ağayevə verilir. Həsən
bəy ona etimad göstərdiklərinə, belə uca mənsəbə
layiq bildiklərinə görə parlament üzvlərinə
təşəkkür edir: "Rəis cənabları gələnə
kimi onun ağır vəzifəsinin ifası öhdəmə
buraxıldı. Bu ağır vəzifəni ifa
edə biləcəkmiyəm, yoxmu, bunu deməyə cəsarət
edəmirəm. Zira vəzifə xeyli məsuliyyətli
və ağırdır. Burası
hamınıza məlumdur. Fəqət
hamının məqsədi sevgili Azərbaycanın səadəti,
buraya toplanmamızdan murad əziz vətənimizi sahili-nicata
çıxarmaq olduğundan ümidvaram acizləriniz sizinlə
bərabər məqsədə nail və sizin müavinətiniz
ilə vəzifəmi hüsnü-ifayə müvəffəq
olacağam”.
Həsən bəy Ağayev
parlamentin açılması münasibətilə Azərbaycanın
müxtəlif yerlərindən gələn çoxlu təbrik
teleqramlarından bir qismini oxuyur.
Parlamentdə söz alan
Fətəli xan Xoyski ölkəsinin müstəqillik
qürurunu belə dilə gətirir: "Bugünkü
gün Azərbaycan üçün böyük, əziz
mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə
gəlməzdi. Bu gün o gündür ki,
muxtariyyəti əlinizə aldınız. Hökumət vəkalətilə
özümüzü də sizinlə bərabər təbrik
edirəm”.
Millətin
hüququ, istiqlalı, hürriyyəti!
Fətəli xan hökumətin
çox mürəkkəb tarixi şəraitdə
gördüyü işlər barədə geniş hesabat
verir: "Bir vaxt idi ki, bir kənddən o biri kəndə getmək
qorxulu idi, gecə yatanda sabaha çıxmaq ümidi yox idi. Heç kəsin irz və namusu əmniyyətdə
deyil idi. Dəmir yollarında rus
qoşunları qayıdarkən nə hallar oldu. Başımıza nə fəlakətlər gəldi,
dəmir yolları təmamilə yatmışdı. Poçta, teleqraf yox idi, bir kağız yollamaq
mümkün deyil idi. O vaxt idi ki, maliyyatdan hökumət
əlində heç bir şey yox idi. Hökumətə
lazım olan idarələrin hamısı başdan-başa
dağılmış idi, xidmətçilər
qaçmışdılar”. Belə
qarışıq vaxtlarda cümhuriyyət hökuməti ilk
növbədə erməni daşnaklarının terror
hücumlarına son qoymalı idi. Fətəli xan
bildirir ki, hələ milli ordusunu qurmamış Azərbaycan
Xalq Cümhuriyyəti rəhbərləri həmdinimiz, həmvətənimiz
Türkiyəyə müraciət etməli olublar: "Bu
altı ay müddətindəki hökumət idarə eyləmişdir.
Siz görürsünüz ki, çox şeylər
tazə təşkil olubdur. Daxildə hərci-mərcdən
başqa heç bir şey yox idi. Hətta
polis də yox idi. Ona görə hamıdan
artıq polis işlərinə diqqət etdik. İndi,
Allaha şükür olsun ki, Azərbaycanın hər yerlərində
lazımi qədər olmasa da, xalqın malını,
canını müdafiə edəcək təşkilatımız
var. Bu xüsusda çox sözlər ola
bilər. Fəqət vaxta baxıb tərəziyə
qoyulmalıdır ki, bu işləri hansı hökumət və
nə vaxt etmişdir? Tarixi, sabiqəsi, əsgəri
və xəzinəsi olan hökumətmi? Yaxud
iki gündə təşkil olunmuş pulsuz və əsgərsiz
hökumətmi? Əgər burasını
nəzərə alsanız, görərsiniz ki, nə qədər
zəhmət lazım idi”.
Gördükləri bu qədər
işi öhdələrinə düşən vəzifənin
bir zərrəsi hesab edən Fətəli xan məclis
üzvləri qarşısında hesabatını davam etdirir:
"Xarici işlər, bilirsiniz ki, nə halda idi. Zülmət zamanı qayalıq içində nazik
taxta bir qayığa bənzər idi ki, hər dəqiqə
qayalara toxunub dağılmaq təhlükəsi var idi. Fikir etsəniz görərsiniz ki, böylə idi.
Mən tərif etmirəm. İştə
bizim vəzifəmiz bu idi ki, qayığı qayalar
arasından keçirə idik”.
Hökumət rəhbəri ürəkaçan
xəbərlər də verir: "Şimdi məktəblər
milliləşdilər. İbtidai məktəblər
və bəzi siniflər milliləşmişlər, bir
çox yeni məktəblər açılmışdır.
Bundan əlavə, hökumət əldən gələn
qədər çalışaraq yox olan ədliyyə idarələrini
təcdid etdi. İndi, Allaha
şükürlər, hər yerdə olmaz isə də, bir
çox ədliyyə idarələrinə türk dili bilən
adamlar təyin edilmişlər. Qüvvəmiz
qədər vəzifəmizi ifa etdik. Hələ
çox şey edə bilməmişik, amma bunu sürətlə
deyə bilərəm ki, hökumətin nöqsanları ilə
bərabər yol göstərən işıqlı ulduzu bu
şüar olmuşdur: MİLLƏTİN HÜQUQU,
İSTİQLALI, HÜRRİYYƏTİ!
Fəaliyyətimizdə xətalar
işləmişiksə də, həmişə fikrimiz bu
olmuşdur. Hökumət çalışmışdır ki,
öz nüfuzunu millətin gözündə itirməsin.
Biz xahiş edirik ki, nöqsanlarımızı
bizə göstərəsiniz, tənqidə ixtiyarınız
var və tənqid xeyirli şeydir. Parlamentin
əsas vəzifəsi də yol göstərməkdir”.
Fətəli xan öz
hökumətinin istefasını qəbul etməyi yeni
yaranmış parlamentdən xahiş edir. İstefa qəbul
olunur. Sonra Məhəmməd Əmin hökumətin
iş başında qalmasını təklif edir. Və təklif qəbul edilir.
Digər məsələlər
müzakirəyə çıxarılır. Son təklifi Məhəmməd
Əmin Rəsulzadə söyləyir: "Məclisi bitirmədən
ikinci Məclis vaxtı təyin edilsin.
Sədr - Gələn
iclasın vaxtını müəyyən ediniz.
Məmməd Əmin - O
birisi gün saat 12-də.
Sədr - Etiraz yox isə, iclas düşənbə günü, dekabrın 10-da saat 12-də təyin edilir.
İlk iclasda stenoqramçı son qeydini edir (İclas saat 5-in yarısında qapanır).
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tarixi iclası başa çatır. Parlament üzvləri onları gözləyən böyük işlərin qayğıları içərisində salonu tərk edirlər. Qarşıdan çətin günlər gəlir. Ancaq hələ ki bu yolun sonunda yalnız ümid var.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2018.- 7 dekabr.- S.6.