Tarixi günümüz

 

1337 sənəyi-hicrisi rəbiüləvvəlin 2-ci günü Türk-Azərbaycan tarixində xüsusi bir yer tutub böyük bir əhəmiyyəti haiz olacaqdır.

Bu gün o gündür ki, Azərbaycan türklərinin Milli Məclisi, Milli Şurası açılıb, Azərbaycan təkmil bir hökumət şəklinə girir.

Yüz, yüz əlli sənə bündan əvvəl müxtəlif xanlıqlardan ibarət olan Azərbaycan toprağının rus istilasından qazandığı bir mənfəət o oldu ki, bu topraq üzərində qurulmuş olan saxta və əməli hüdudları silinib-süpürülüb müttəhid və vəsi bir ərazi şəklinə girdibu gün xilas olub da iki milyonu mütəcaviz nüfusilə Azərbaycan Cümhuriyyəti namini daşımağa kəsbi-ləyaqət etdi.

Pəs bu gün haman bu Azərbaycan Cümhuriyyətinin Milli Parlamanı, Milli Məclisi açılmaqla təşkilat və tərtibati-siyasiyyəsi artıq itmamə yetir.

Parlamanımız daxilən və xaricən nə şərait içində açılır?

İstiqlalımızın felən yürüdülməsinə qarşı bugünki cahan zorluları tərəfindən məmaniətlər göstərilmiyorsa da, qəbuluna da hələ qol qoyanlar yoxdur. Məsələnin həlli, istiqlalımızın rədd və ya qəbulu gələcək sülh konfransının baxacaq işlərindəndir.

Bir tərəfdən dəxi Türk-Azərbaycan Cümhuriyyətində vətəndaşcasına yaşamaq, asayiş və istirahətimizin təmini yolunda əl-ələ verib çalışmağa dəvət etdiyimiz qeyri-müsəlmanlar arasında öylələri tapıldı ki, uzatdığımız ələ arxalarını çevirib parlamanımızı və hətta cümhuriyyətimizi belə "namüssəm” ədd edərək istiqlalımıza qarşı bədxah olduqlarını indidən bildirdilər. Bunların içində hətta "boykotsözünün istemalı kimi qabalıq və nəzakətsizlik göstərənlər də olmadı deyil.

Daxilən dəxi quldurluqları və ya rəsmi hökumət məmurluqları hələlik, bizcə, bəlli olmayan bir takım müsəlləh ermənilərin hüdudumuza təcavüz edib Azərbaycan müsəlmanları həqqində icra etdikləri qətl və qarət, zülm və cəfa xəbərləri cümləmizi mükəddər və mütəhəyyus etməkdədir.

Bu şərait nə qədər mucibi-məsərrət olmasa da, parlamanımızın açılmasına qarşı məmaniət təşkil etmədi; biləks, Məclisi-Millimizin tezlik ilə açılmaq lüzumiyyətini meydanə qoydu.

Çünki yuxarıda icmalən zikr etdiyimiz əhvalatın bilaxirə Türk Azərbaycan Cümhuriyyəti üçün mübarək və müsaid bir yola düşməgi - məhz parlamanımızın vücudindən və çalışmasından asılı bir məsələdir.

Böylə olan surətdə, deməli, qəlbimizdə bəslədigimiz ümid - parlamanımızadır. Və ümidvarıq ki, cavan parlamanımız bu ümidimizin hüsuli yolunda var qüvvəsilə çalışacaq və siyasi imtəhanını xaricilər ənzari qarşısında parlaq bir surətdə verməklə vətənimizin istiqlal və azadlığına birinci səbəb olacaqdır.

 

Yaşasın Türk-Azərbaycan Cümhuriyyətinin cavan parlamanı!

 

Hacıbəyli Üzeyir,

"Azərbaycan”, 7 dekabr 1918, ¹58

 

Namüssəm - qəti surətdə qərar verilməmiş, qət edilməmiş

P.S. Məqaləni redaksiyaya professor Şirməmməd Hüseynov təqdim edib

 

Azərbaycan.- 2018.-7 dekabr.- S.6.