Alim
ömrü
Elm xadimləri
XX əsrin görkəmli tədqiqatçısı,
əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix
elmləri doktoru, professor Qaraş Əli oğlu Mədətovun
həyatı tarix elmimizin son 40 ildəki inkişafı ilə
bilavasitə bağlıdır. O, elmin bu sahəsində
yüksəlmiş, böyük alim, şəxsiyyət səviyyəsinə
qalxmışdır.
...1928-ci ilin fevralında
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun
Qarabağlar kəndində anadan olmuşdur. Zəngin tarixə
malik olan Naxçıvanın və əsrlərin
yadigarlarını özündə yaşadan Qarabağlar kəndinin
məşhur memarlıq abidələri onda tarix elminə maraq
oyatmış və illər keçdikcə bu hiss daha da
güclənmişdir.
Yeri gəlmişkən qeyd edək
ki, Qarabağlar kəndi əməksevər insanları və
çoxsaylı ziyalıları ilə tanınır. Bu
torpaqda doğulub, boya-başa çatmış
adlı-sanlı insanlardan, professorlar K.Rəhimov,
Ş.Sadıqov, Ş.Səfərov və başqaları təkcə
Naxçıvanın deyil, Azərbaycanın
tanınmış ziyalılarından, sevilən
insanlarından olmuşlar.
Qaraş Mədətov 1945-ci ildə
həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)
tarix fakültəsinə daxil olmuş, 1950-ci ildə həmin
universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
1951-1953-cü illərdə Naxçıvanda orta məktəbdə
müəllim işləmişdir.
Qaraş Mədətov 1953-1955-ci
illərdə M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin aspiranturasında oxumuş, dövrünün
görkəmli alimlərindən tədqiqatçılığın
sirlərini öyrənmişdir. Bu qədim və məşhur
elm və təhsil ocağının əyani
aspiranturasındakı 3 illik gərgin əməyi Q.Mədətovun
gələcəkdə püxtələşmiş bir alim
kimi yetişməsində mühüm rol oynamışdır.
O dövrdə təhlili xüsusi cəsarət tələb
edən Naxçıvanın sovetləşməsinə həsr
edilmiş namizədlik dissertasiyasını vaxtından əvvəl,
uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan
tarixşünaslığında Naxçıvan bölgəsinin
tarixi ilə bağlı köklü məsələlərin
elmi cəhətdən öyrənilməsi və ümumiləşdirilməsi
baxımından ilk sanballı əsər olmuşdur.
Q.Mədətov 1956-cı ildə
Azərbaycan EA Tarix İnstitutunun "Sovet dövrü tarixi
şöbəsi”ndə kiçik elmi işçi vəzifəsinə
qəbul edilmiş, 1957-1958-ci illərdə institutun elmi katibi,
1958-1968-ci illərdə isə baş elmi işçi işləmişdir.
O, tariximizin tədqiqi sahəsində işlərini uğurla
davam etdirmişdir. 1965-ci ildə "Azərbaycan Böyük
Vətən müharibəsində” mövzusunda doktorluq
dissertasiyasını müdafiə edərək, tarix elmləri
doktoru alimlik dərəcəsi almışdır. Azərbaycan
xalqının faşizmə qarşı mübarizədə
oynadığı mühüm rol, Azərbaycan əsgərlərinin
ön cəbhədə, partizan dəstələrində,
antifaşist hərəkatında fəal iştirakı,
müharibə illərində sovet ordusunun əsas cəbbəxanalarından
birinə çevrilmiş neft Bakısında, respublikanın
kəndlərində zəhmətkeşlərin, habelə
alimlərin, ədəbiyyat və incəsənət xadimlərinin
fədakar əməyi bu əsərdə öz əksini
geniş tapmışdır. Bu əsər 1975-ci ildə bəzi
əlavə və dəyişikliklər edilməklə yenidən
çap edilmişdir.
Q.Mədətov 1968-ci ildə
professor adına layiq görülmüşdür.
Alim 1968-ci ildən
ömrünün sonunadək "Azərbaycanın müasir
dövr tarixi” şöbəsinin müdiri kimi fəaliyyət
göstərmiş, yurdumuzun müasir tarixini öyrənən
elmi məktəbin yaradıcılarından biri olmuşdur.
Qaraş müəllim geniş dünyagörüşünə
malik, tariximizin müxtəlif problemlərinin qiymətləndirilməsində
özünəməxsus mövqeyi olan istedadlı və
çox işgüzar alim idi. Onun qələmindən 150-dən
çox elmi əsər, o cümlədən 5 monoqrafiya, 10
ümumiləşdirici kollektiv tədqiqat işi, 8 sənədlər
məcmuəsi, 15 kitabça, onlarla elmi məqalə
çıxmışdır. Onun əsərləri Tarix
İnstitutunda müasir dövr üzrə yazılmış
ümumiləşdirici monoqrafiyaların, habelə
üçcildlik "Azərbaycan tarixi”nin 3-cü cildinin,
qısa "Azərbaycan tarixinin” (1979-cu ildə çap
olunmuş), 7 cildlik "Azərbaycan tarixi”nin və başqa tədqiqat
işlərinin hazırlanmasında mühüm rol
oynamışdır.
Professor Q.Mədətovun elmi fəaliyyətində
əsas yeri "Azərbaycan Böyük Vətən
müharibəsində” mövzusu tutsa da, o,
bütövlükdə ölkə tarixinin aktual problemlərinə
münasibət bildirmiş, qiymətli kitab və məqalələri
ilə tanınmışdır.
Qaraş Mədətov "Azərbaycan
fəhlə sinfinin tarixi oçerkləri”, 7 cildlik "Azərbaycan
tarixi”nin və başqa ümumiləşdirici əsərlərin,
"Azərbaycanın qızıl ulduzları”,
"Şöhrət və ölməzlik məktubları”,
"Azərbaycan SSR Böyük Vətən müharibəsi
illərində (1941-1945-ci illər)”, "Azərbaycanın
Sovet İttifaqı qəhrəmanları” kimi məcmuələrin
müəlliflər kollektivinin üzvü olmuşdur.
Q.Mədətov müasir tariximiz
üzrə yazılmış onlarla elmi əsərlərin
redaktoru idi.
Görkəmli alim tarix elmimizi
respublika sərhədlərindən kənarda da şərəflə
təmsil etmiş, onun təbliği sahəsində
böyük iş aparmışdır. Q.Mədətovun əsərləri
Moskva, Kiyev, Minsk, Tbilisi, Riqa və başqa şəhərlərdə
çap olunmuşdur. Professor bir çox beynəlxalq elmi
simpoziumlarda və sessiyalarda maraqlı məruzələrlə
çıxış etmişdir.
Qaraş Mədətov "Azərbaycan
Sovet Ensiklopediyası” kimi dövrün çox əhəmiyyətli
bir nəşrinin hazırlanmasında fəal iştirak
etmişdir, elmi redaksiyanın üzvü, bir çox
ensiklopediya məqalələrinin müəllifi və ya məsləhətçisi
olmuşdur.
Daxilən azad insan olan Qaraş
müəllim Azərbaycanın müstəqilliyinə
çox sevinirdi. Bunun nə qədər qiymətli olduğunu
dönə-dönə xatırladır, həmişə
tariximizin yenidən öyrənilməsi haqqında düşünürdü.
Tarixçi alim bu sahədə tədqiqatlarını davam
etdirir, ideyalarını həyata keçirmək
üçün səmərəli yollar axtarırdı.
Professor Qaraş Mədətov həm
də geniş elmi-pedaqoji fəaliyyət göstərmişdir.
O, 25 ildən çox Bakı Dövlət Universitetində və
Azərbaycan Dövlət Pedaqoji Universitetində tariximizin
müasir dövrünə aid mühazirələr oxumuş,
xüsusi kurslar aparmışdır. Q.Mədətov respublikada
tarixçi kadrların hazırlanması sahəsində də
yaxından iştirak etmiş və böyük əmək sərf
etmişdir. Onun elmi rəhbərliyi ilə 11 elmlər doktoru,
30-a qədər elmlər namizədi
hazırlanmışdır. O, onlarla doktorluq və namizədlik
dissertasiyalarına opponentlik etmişdir. Hazırda
respublikanın əksər tədris və elmi tədqiqat
müəssisələrində onun rəhbərliyi altında
yetişmiş yüzlərlə mütəxəssislər
çalışırlar. Görkəmli tədqiqatçı
1974-cü ildən 1991-ci ilədək Azərbaycan Elmlər
Akademiyasının Tarix İnstitutunun yanında doktorluq
dissertasiyalarının müdafiəsi üzrə
ixtisaslaşdırılmış şura sədrinin
müavini, sonralar bu şuranın, habelə Azərbaycan
Dövlət Pedaqoji Universitetində namizədlik
dissertasiyaları müdafiəsi üzrə
ixtisaslaşdırılmış şuranın üzvü
olmuşdur.
O, öz elmi əsərləri,
pedaqoji fəaliyyəti, mətbuatdakı yazıları,
televiziya və radiodakı çıxışları ilə
oxucularının, tamaşaçılarının rəğbətini
qazanmış, xüsusilə də gənclərin tərbiyəsində
fəal iştirak etmişdir.
Azərbaycan tarixinin tədqiqi və
təbliği sahəsində böyük xidmətlərinə
görə Q.Mədətov 1983-cü ildə Azərbaycan
EA-nın müxbir üzvü seçilmiş, 1990-cı ildə
isə "Azərbaycan Respublikasının əməkdar elm
xadimi” fəxri adına layiq görülmüşdür. O, dəfələrlə
yüksək dövlət mükafatları, o cümlədən
"Şərəf nişanı” ordeni və müxtəlif
medallarla, habelə fəxri fərmanlarla təltif
olunmuşdur.
Professor Q.Mədətov həm də
Azərbaycan və ümumiyyətlə Şərq
xalqlarının adət və ənənələrinin, incəsənət
və mədəniyyətlərinin yaxşı bilicisi idi. O,
öz ibrətamiz sözləri, dadlı-duzlu söhbətləri,
prinsipiallığı və əqidəsindən dönməzliyi
ilə seçilən şəxsiyyət idi. İstər
iş prosesində bərabər əməkdaşlıq, istərsə
də aspirant və dissertantlara elmi rəhbərlik zamanı səmimiliyi
və yüksək tələbkarlığı ilə
seçilirdi.
Bir insan və elm xadimi kimi Q.Mədətovun
ibrətamiz həyat yolu layiqli insan ömrü yaşamaq istəyənlərin
hamısı üçün örnək, böyük məktəbdir.
Ədalət
QASIMOV,
tarix üzrə
elmlər doktoru
Azərbaycan.
- 2018.-7 dekabr.- S.7.