İlham Əliyevin iqtisadi
siyasəti şəffaf biznes mühiti formalaşdırıb
Azərbaycan bu sahədə dünyanın aparıcı
ölkələri sırasındadır
Bazar iqtisadiyyatının ayrılmaz atributlarından olan, azad rəqabətin yaradıldığı şəraitdə sürətlə inkişaf edən sahibkarlıq təkcə cəmiyyətin yox, konkret halda götürülmüş müəyyən toplumun və ya fərdin inkişafında özünəməxsus mühüm rol oynayır.
İlk növbədə ona görə ki, sahibkarlıq insan şəxsiyyətinin ifadə forması və inkişafı, onun qabiliyyət və tələbatları, əmək potensialının realizasiyası kimi mühüm məqamları özündə ehtiva edir. Ən əsası, sahibkarlıq ümumi inkişafda mühüm çəkiyə malik olaraq iqtisadi tərəqqinin daha sürətli xarakter almasına kifayət qədər önəmli sayılan və bu tərəqqinin əsasına çevrilən möhtəşəm töhfələr verir. Bu mənada iqtisadi yüksəliş yolunu azad bazar münasibətləri şəraitində həyata keçirən hər bir dövlət üçün sahibkarlıq institutunun inkişafı xüsusi əhəmiyyət kəsb edir, iqtisadi siyasət strategiyasının ən önəmli hissələrindən birinə çevrilir.
Təqdirəlayiq haldır ki, Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri odur ki, ölkəmizdə məhz güclü sahibkarlar sinfi formalaşır. Bu gün Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin mövqeyi davamlı şəkildə güclənir. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, eyni zamanda, sözügedən institutun daha sürətli tərəqqisi məqsədilə sistem halında ardıcıllıq prinsipi ilə həyata keçirilən, bir-birini tamamlayan iqtisadi islahatlar sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri olaraq çıxış etməsinə möhkəm bazis yaradıb.
Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət sahibkarlığın inkişafında, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə zamanın tələblərinə uyğun şəkildə aparılan islahatlar daha geniş vüsət alaraq həm də sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyub. Bu kontekstdə ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Görülmüş tədbirlər nəticəsində 2003-2017-ci illərdə ölkəmizin qeyri-neft məhsulları ixracı 4,1, ixrac olunan mal çeşidlərinin sayı 2,6 dəfə artmışdır. Eyni zamanda, sahibkarlıq subyektlərinin sayı 4,2, hüquqi şəxslərin sayı 1,9, kiçik müəssisələrin sayı 2, fərdi sahibkarların sayı 5 dəfə çoxalıb. Müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur.
Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir, bu sahənin inkişafı üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlər tətbiq olunur. Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayının son 15 il ərzində artması, ölkəmizdə iş yerlərinin 75 faizinin məhz özəl sektorun payına düşməsi bu prosesin dönməz xarakter aldığını bir daha təsdiq edir.
Son illərdə ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir. Bu baxımdan ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir. Sahibkarlıq subyektlərində yoxlamaların 2021-ci ilədək dayandırılması öz müsbət nəticələrini vermişdir.
Eyni zamanda, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılmış, lisenziyalar müddətsiz müəyyən edilmiş, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılmış, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzlərində verilməsinə və "Elektron lisenziya” portalının yaradılmasına başlanılmışdır. Əvvəllər müxtəlif sahibkarlıq fəaliyyətlərinə bütünlükdə 330 icazə tələb olunurdusa, "Lisenziyalar və icazələr haqqında” qanunun qüvvəyə minməsi ilə bütün icazələr vahid sənəddə göstərilir, onların sayı 86-ya, lisenziyalar 59-dan 37-yə endirilib.
Dekabrın 4-də Bakı Ekspo
Mərkəzində "Bakutel-2018” sərgisində Prezident İlham Əliyev bu gün Azərbaycanın
biznes sahəsində dünyanın
aparıcı ölkələri sırasında olduğunu bəyan edib:
"Azərbaycan iqtisadiyyatının davamlı tərəqqisi
üçün qeyri-neft
sektorunun inkişafı bizim
uğurla həll etdiyimiz
əsas vəzifəmizdir. Buna görə
də biznesə yaxşı şəraitin yaradılması məqsədilə
infrastruktur layihələrinin
inkişafı üçün çox iş görülür. Biznesin
həvəsləndirilməsi, sahibkarlara
köməklə bağlı xeyli layihələr
var. Bütövlükdə investisiya, biznes mühiti Azərbaycanda
yaxşılaşır. Dünya Bankının son məlumatlarına,
"Doing busines” hesabatına
görə Azərbaycan
25-ci yerdədir. Biz bir
il ərzində 32 pillə irəliləmişik
və bu gün biznes sahəsində dünyanın
aparıcı ölkələri
sırasındayıq”.
Qeyd edək ki, əldə
edilmiş uğurların
davamlığının təmin
olunması sahibkarlıq
fəaliyyətinin tənzimlənməsi
sisteminin təkmilləşdirilməsini,
sahibkarlara, xüsusilə
də kiçik və orta sahibkarlara
göstərilən texniki,
maliyyə, hüquqi, metodiki və s. xidmətlərin əhatə
dairəsinin genişləndirilməsini,
keyfiyyət səviyyəsinin
daha da artırılmasını
zəruri edir, bu sahədə institusional yanaşmanı
şərtləndirir. Bütün
bunları nəzərə
alaraq Azərbaycan Prezidenti "Kiçik və orta sahibkarlıq
sahəsində idarəetmənin
daha da təkmilləşdirilməsi
haqqında” 28 dekabr
2017-ci il tarixli fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat
Nazirliyinin tabeliyində
publik hüquqi şəxs statuslu Kiçik və Orta Sahibkarlığın
İnkişafı Agentliyi
yaradılıb. Agentliyin qarşısında
qoyulan əsas vəzifə ölkədə
kiçik və orta sahibkarların iqtisadiyyatda rolunun və əhəmiyyətinin
artırılması, dövlət
orqanları və təşkilatlarının bu
sahədə fəaliyyətinin
əlaqələndirilməsi, bu sahə üzrə
dövlət dəstəyi
sahəsində qabaqcıl
beynəlxalq təcrübənin
tətbiq edilməsidir.
Sahibkarlığın maliyyə resursları ilə təmin olunması əsas mexanizmlərdəndir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondu fəaliyyət göstərdiyi dövrdə
investisiya layihələrinin
ümumi dəyəri
4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli
kredit verilib. Bu kreditlərdən istifadə
etməklə investisiya
layihələrinin reallaşdırılması
nəticəsində 164 minə
yaxın yeni iş yerinin açılması imkanı
yaradılıb. Güzəştli kreditlərin 72%-i aqrar sektorun, 28%-i sənaye və
digər sahələrin
inkişafına yönəldilib.
Bu kreditlərin 75%-i regionların, 25%-i Bakı qəsəbələrinin
payına düşür.
2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına
sahibkarlara minimum 170 milyon
manat güzəştli
kreditin verilməsi təmin ediləcək.
Artıq sahibkarlıq
subyektlərinə 113,1
milyon manat güzəştli kredit verilib.
Dövlət başçısının "Azərbaycan Respublikasında
sahibkarlığın inkişafına
dövlət dəstəyi
mexanizminin təkmilləşdirilməsi
haqqında” 2018-ci il
31 iyul tarixli fərmanı ilə Sahibkarlığa Kömək
Milli Fondu ləğv edilərək
İqtisadiyyat Nazirliyinin
tabeliyində Sahibkarlığın
İnkişafı Fondu
publik hüquqi şəxsi yaradılıb.
Bütün bunlar ondan xəbər
verir ki, Prezident İlham Əliyevin iqtisadi siyasəti şəffaf biznes mühiti formalaşdırıb. Bəli, sahibkarlar
sinfinin formalaşması
Azərbaycanın inkişafına
çox böyük töhfədir. Bu da sirr deyil
ki, azad sahibkarlıq yalnız o ölkələrdə uğurla
inkişaf edir ki, orada sahibkarlara,
sahibkarlar sinfinə dövlət tərəfindən
qayğı var, diqqət var. Bu gün bu qayğını bütün sahibkarlar hiss edirlər. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, gələcəkdə
də Azərbaycanda sahibkarlığın inkişafına
böyük diqqət
göstəriləcək, sağlam
rəqabət təmin
olunacaq. Azad sahibkarlığın inkişafı,
onların maneələrlə
üzləşməmələri üçün dövlətimiz
üzərinə düşən
məsələləri həll
edir. Eyni zamanda, sahibkarlar
buna adekvat olaraq özəl sektorda üzərlərinə
düşən vəzifələri
layiqincə yerinə yetirirlər.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2018.- 8 dekabr.- S. 1; 6.