Hikmət
Hacıyev: MDB dövlət başçılarının
qeyri-rəsmi Sankt-Peterburq görüşü
işgüzar və səmimi şəraitdə
keçdi
Prezident
Administrasiyasının xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Rusiya
Federasiyasının Sankt-Peterburq şəhərində
keçirilmiş MDB dövlət
başçılarının qeyri-rəsmi Zirvə
toplantısında iştirakı və tədbirin əhəmiyyəti
barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni
təqdim edirik.
-
Dekabrın 6-da MDB dövlət başçılarının
Sankt-Peterburq şəhərində qeyri-rəsmi Zirvə
toplantısı keçirildi. Prezident İlham Əliyev Zirvə
toplantısında iştirak etdi. Bu tədbirin əhəmiyyəti
və müzakirə olunan məsələlər barədə
nə deyərdiniz?
- Azərbaycan
Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti
ilə dekabrın 6-da Sankt-Peterburq şəhərində
keçirilən MDB dövlət
başçılarının qeyri-rəsmi Zirvə toplantısında
iştirak etdi. Keçən il isə MDB dövlətlərinin
qeyri-rəsmi Zirvə toplantısı Moskvada keçirilib. Bu
qəbildən olan zirvə toplantılarında MDB çərçivəsində
il ərzində görülən işlər barədə
geniş fikir mübadiləsi aparılır və gələcək
fəaliyyət istiqamətləri ətraflı müzakirə
olunur. Bu dəfə də keçirilən qeyri-rəsmi Zirvə
toplantısı əsnasında eyni məqsədlər
güdülürdü. MDB dövlət
başçılarının qeyri-rəsmi Sankt-Peterburq
görüşü də işgüzar və səmimi şəraitdə
keçdi, dövlət başçıları birlikdə
nahar etdilər və sonra Mariinski Teatrında
"Şelkunçik” balet tamaşasına baxdılar. Bir məqama
da toxunmaq istərdim ki, tamaşa zamanı Prezident İlham
Əliyev tədbirə ev sahibliyi edən Prezident Vladimir Putinin
yanında sağda əyləşmişdi. Bu, dövlətimizin
başçısına və onun şəxsiyyətinə
xüsusi hörmətin və ehtiramın əlamətidir.
Zirvə
görüşündə Prezident İlham Əliyevin tədbirdə
iştirak edən bütün dövlət
başçıları ilə qarşılıqlı maraq kəsb
edən məsələlər ətrafında məzmunlu
söhbəti və müzakirələri oldu.
- Ermənistanın
baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə
də müzakirələr aparıldımı?
- Bəli.
Tədbir əsnasında Prezident İlham Əliyevin Ermənistanın
baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə
də söhbəti oldu. Söhbət zamanı Ermənistan-Azərbaycan
münaqişəsinin həlli üzrə fəal
danışıqların davam etdirilməsi və atəşkəs
rejiminin möhkəmləndirilməsi ətrafında
müzakirələr aparıldı. Nəzərə almaq
lazımdır ki, bu iki amil bir-biri ilə sıx şəkildə
bağlıdır və biri digərini tamamlayacaq şəkildə
davam etdirilməlidir. Son dövrlərdə qoşunların təmas
xətti və dövlət sərhədi boyunca nisbi sakitlik
mövcuddur. Bu da münaqişənin həlli üzrə
substantiv və intensiv danışıqların
aparılması üçün yaxşı fon yaradır.
Bu, əsla münaqişənin dondurulması və ya qəbuledilməz
olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Qəti
mövqeyimiz ondan ibarətdir ki, işğala əsaslanan
status-kvo tezliklə dəyişdirilməlidir. ATƏT-in Minsk
qrupunun həmsədr ölkələri də dövlət
başçıları səviyyəsində status-kvonun dəyişdirilməsinin
vacibliyini dəfələrlə vurğulayıblar. Münaqişənin
həlli üzrə danışıqlar nəticəsində
Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış sərhədləri daxilində ərazi
bütövlüyü və suverenliyi bərpa
olunmalıdır.
Eyni
zamanda, söhbət çərçivəsində Ermənistan
və Azərbaycan arasında saxlanılan şəxslərin
qarşılıqlı şəkildə dəyişdirilməsi
məsələsi də müzakirə olundu.
- Azərbaycanın
bu məsələdə humanist xarakter daşıyan və
"hamının hamıya” prinsipinə söykənən
mövqeyinə Ermənistanın münasibəti necədir?
-
Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə
mövqeyini vurğulayaraq bildirib ki, "hamının
hamıya” prinsipi əsasında dəyişdirmə tam
olmalı və o cümlədən Dilqəm Əsgərov və
Şahbaz Quliyev onların arasında yer almalıdır.
Humanist xarakter daşıyan bu kimi addımlar
danışıqlar prosesinə müsbət təsir göstərə
bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu
mövqeyi dəstəkləyir və ona görə də Ermənistan
tərəfi bunu nəzərə almalıdır.
Soydaşlarımız
Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi
və Azərbaycana qaytarılması məsələsini
dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun
həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin
şəxsi nümayəndəsi Anji Kaspşik və digər
tərəfmüqabilləri ilə görüşlərdə
hər dəfə qaldırır.
Xüsusilə
qeyd etmək lazımdır ki, dövlətimizin
başçısı Dilqəm Əsgərov və Şahbaz
Quliyevin azad edilməsi üçün böyük səylər
göstərir və bu məsələni daim diqqətdə
saxlayır.
- Ermənistanın
baş naziri vəzifəsini icra edən Nikol Paşinyan iki
ölkə arasında rabitənin yaradılması barədə
danışır. Bu barədə nə deyərdiniz?
-
Düşənbədə dövlətimizin
başçısı ilə Ermənistan baş naziri
arasında olan söhbət əsnasında razılıq əldə
edilmişdi ki, zəruri hallarda əlaqə yaratmaq
üçün imkanlar təmin edilsin. Bu əlaqələr
müntəzəm xarakter daşımır, dövlət
başçıları, xarici işlər və ya müdafiə
nazirləri səviyyəsində olan təmaslar deyil,
aşağı səviyyədə və lazım olan hallarda
həyata keçirilir.
-
Kütləvi informasiya vasitələrində verilən məlumata
görə, Belarus Prezidenti Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının növbəti
baş katibinin Belarusdan olacağını bildirib. Ermənistan
tərəfi isə bunu təkzib edərək fərqli fikir səsləndirib.
Bu barədə nə demək olar?
-
Sözügedən məsələ ilə bağlı biz də
kütləvi informasiya vasitələrindən məlumat
almışıq. Kuluarlarda gedən söhbətlər onu deməyə
əsas verir ki, MDB ölkələrinin qeyri-rəsmi Zirvə
görüşündən əvvəl Avrasiya İqtisadi
İttifaqının Sammitində Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının (KTMT) baş katibi məsələsi
müzakirə olunub. Çox dərinə getmək istəməzdim,
amma bəzi mənbələrdən aldığımız məlumata
görə KTMT-nin baş katibi məsələsi ilə
bağlı iclasda gərgin vəziyyət yaranıb. Bizdə
olan məlumata əsasən tam əminliklə deyə bilərik
ki, Ermənistan KTMT-nin baş katibi vəzifəsini itirib və
Ermənistanın rəyi və fikri nəzərə
alınmadan böyük ehtimalla yaxın gələcəkdə
bu vəzifəyə Belarusun nümayəndəsi təyin
olunacaq. Ermənistanın baş katib vəzifəsini
özündə saxlamaqla bağlı bütün səyləri
iflasa uğrayıb. Bu, ümumilikdə, Ermənistanın
siyasəti və diplomatiyasının növbəti məğlubiyyətidir.
-
Hadisələrin bu məcrada inkişafını Azərbaycanın
növbəti qələbəsi kimi qəbul etmək
olarmı?
-
Bildiyiniz kimi, Azərbaycan KTMT-nin üzvü deyil və ölkəmiz
təşkilat daxilində gedən proseslərə müdaxilə
etmək fikrində deyil. Prezident İlham Əliyevin bu ilin
noyabrında Belarusa səfərindən öncə bu ölkənin
səfirini qəbul edərkən səsləndirdiyi fikirlərə
istinad etmək istərdim. Dövlətimizin
başçısı bildirmişdi: "Ermənistan Azərbaycan
ərazilərini işğal edən ölkədir və əlbəttə
ki, biz hərbi-siyasi təşkilat olan Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına hansı ölkənin
nümayəndəsinin rəhbərlik etməsinə biganə
deyilik. Bu məsələlərin tərəfdaşlar və
dostlar arasında müzakirəsi təbiidir”. Ermənistan Azərbaycana
qarşı işğalçılıq siyasətini davam
etdirmək üçün KTMT-nin arxasında gizlənməyə
çalışır. Ermənistanın üzləşdiyi
aprel məğlubiyyətinin təcrübəsi də bunu
göstərdi.
Heç
kimə sirr deyil ki, yeni baş katibin təyinatı məsələsini
Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, KTMT-yə
üzv olan bütün ölkələrin dövlət
başçıları ilə bu və ya digər formada
müzakirə edib.
Sözsüz
ki, işğalçı dövlət olaraq, Ermənistanın
çoxsaylı xarakter daşıyan hər bir siyasi,
diplomatik, iqtisadi və digər müstəvilərdə olan məğlubiyyəti
Azərbaycanın qələbəsi kimi dəyərləndirilə
bilər. Çünki bu məğlubiyyətlərin şərtləndirilməsində
Azərbaycanın rolu kifayət qədər
böyükdür. Nəticə etibarilə, Ermənistanın
tamhüquqlu üzv olduğu KTMT-də növbəti dəfə
alçaldıcı məğlubiyyəti bu sıradan olan
nümunələrdən biridir.
Prezident
İlham Əliyev bəziləri kimi deklarativ deyil, dərin
strateji düşüncə və praqmatik baxışlar əsasında
yüksək məharətlə və müdrikliklə
"strateji diplomatiya” adlandırılan siyasət
yürütmək iqtidarında olan şəxsiyyətdir. Bu
"strateji diplomatiya” Azərbaycanın qələbəsini təmin
edir, milli maraqlarımızın qorunmasına, ölkəmizin
beynəlxalq münasibətlərdə mövqeyinin və
rolunun gücləndirilməsinə xidmət edir.
Azərbaycan.- 2018.- 8 dekabr.- S. 1; 4.