Azərbaycanın
altıncı ticarət evi
Yeni ünvan
Polşadadır
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, respublikada istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, "Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması, satışının təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin yaradılması prosesi davam etdirilir.
Polşada Azərbaycan məhsullarına maraq artır
Qeyd edək ki, indiyədək Azərbaycanın Rusiya, Belarus, Ukrayna, Çin və Latviyada ticarət evləri fəaliyyətə başlayıb. Altıncı ticarət evi isə dekabrın 6-da Polşanın paytaxtı Varşavada açıldı.
İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evi "Made in Azerbaijan” brendinin Polşa bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, yerli məhsullarımızın Polşada satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirəcəkdir.
Ticarət evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar, o cümlədən spirtli içkilər, quru meyvələr, nar, fındıq, çay, mürəbbə, meyvə suları, mineral sular, kosmetik məhsullar və s. nümayiş olunur.
Azərbaycan Ticarət Evinin fəaliyyətə başlaması ilə əlaqədar təşkil olunmuş tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Polşanın rəsmi şəxsləri və iş adamları iştirak ediblər.
Azərbaycan-Polşa
ticarət dövriyyəsi 57 faiz artıb
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Polşada Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin, Polşada Azərbaycan məhsullarına olan marağın göstəricisi olduğunu vurğulayıb. Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi də məhz 2017-ci ildə Polşada təyin olunub. Qeyd olunub ki, strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Polşa əlaqələri uğurla inkişaf edir. Polşanın paytaxtı Varşavada Azərbaycan Ticarət Evinin açılması iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə töhfəsini verəcəkdir.
Azərbaycan və Polşa arasında ticarət əlaqələrinin dinamik inkişafını vurğulayan Şahin Mustafayev qeyd edib ki, bu ilin ilk 9 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 57% artıb. İndiyədək Polşa Azərbaycana 20 mln. dollardan çox, Azərbaycan isə Polşaya 6,5 mln. dollar investisiya yatırıb. Hazırda Azərbaycanda xidmət, sənaye və ticarət sahələrində 21 Polşa şirkəti fəaliyyət göstərir.
Əməkdaşlığın inkişafı perspektivlərindən danışan iqtisadiyyat naziri ölkələrimiz arasında sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm və digər sahələrdə böyük potensialı diqqətə çatdırıb.
İlk ixrac
müqavilələri imzalandı
Polşanın sahibkarlıq və texnologiyalar naziri xanım Yadviqa Emileviç və xarici işlər nazirinin müavini Maciej Lang Varşavada Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm addım olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb, qarşılıqlı iqtisadi əlaqələrin daha da genişləndirilməsinə dair fikirlərini bölüşüblər.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşada Azərbaycan Ticarət Evinin iqtisadi əlaqələrin genişlənməsində önəmini qeyd edib, iş adamlarını bu imkandan yararlanmağa dəvət edib.
Sonra tədbir iştirakçıları Azərbaycan Ticarət Evi və burada daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının sərgisi ilə tanış olublar.
Tədbir çərçivəsində Azərbaycan Ticarət Evi ilə Polşanın "STX ONE” şirkəti arasında fındıq və nar şirəsi konsentratının satışına dair anlaşma memorandumu imzalanıb.
Polşaya səfər çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev Polşanın sahibkarlıq və texnologiyalar naziri xanım Yadviqa Emileviçlə görüşüb. Görüşdə Şahin Mustafayev Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, polşalı sahibkarları bu imkanlardan yararlanmağa dəvət edib. Polşanın sahibkarlıq və texnologiyalar naziri xanım Yadviqa Emileviç Polşanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayaraq əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.
Elçin CƏFƏROV
Azərbaycan.- 2018.- 8 dekabr.- S. 1; 3.