Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib

 

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 80-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İclas iştirakçıları əmtəə və xidmətlərin azad mübadiləsi haqqında Saziş layihəsi üzərində işi fəallaşdırmaq, ona "İnvestisiyalar” fəslini əlavə etmək barədə qərar qəbul ediblər, "MDB-nin iştirakçısı olan dövlətlərdə rəqabətli siyasətin formalaşdırılması” mövzusunda məruzəni müzakirə ediblər və tövsiyə ediblər ki, MDB ölkələrinin əlaqədar nazirlik və idarələri onun müddəalarını nəzərə alsınlar.

2020-ci ilə qədər olan dövrdə Dövlətlərarası İnnovasiya Əməkdaşlığı Proqramı çərçivəsində innovativ fəaliyyətin monitorinq sistemi haqqında Əsasnamə və innovasiyaların kommersiyalaşdırılması mərkəzləri şəbəkəsinin yaradılması haqqında Əsasnamə də təsdiq edilib.

İclas iştirakçıları dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi Konsepsiyası və 2018-ci fraxt ili üçün dəmir yollarının tarif siyasəti haqqında MDB Hökumət Başçıları Şurasının qərarının yerinə yetirilməsi barədə informasiyanı müzakirə ediblər, malın mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol layihəsini bəyəniblər.

İclasda 2018-ci ildə Tacikistan Respublikasının MDB-yə sədrliyinin iqtisadi gündəliyinə yekun vurulub. İqtisadi Şura üzvlərinə 2019-cu ildə MDB-yə Türkmənistanın sədrliyi Konsepsiyası təqdim edilib.

Bundan əlavə, bir sıra büdcə-maliyyə və təşkilati məsələlər müzakirə olunub.

MDB İqtisadi Şurasının növbəti iclası 2019-cu il martın 15-də Moskvada keçiriləcək.

 

Azərbaycan.- 2018.- 8 dekabr.- S. 4.