Azərbaycanda
mötəbər tədbirlərin yüksək səviyyədə
təşkil olunmasında könüllülərin rolu böyükdür
Dekabrın 7-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman nazirliklərinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yüzlərlə gəncin və bütün könüllü təşkilatlarının təmsil olunduğu Azərbaycan könüllülərinin həmrəylik festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Konqres Mərkəzinin foyesində ölkəmizdə könüllülük hərəkatına dair stendlər quraşdırılıb, 70-dək şirkətin iştirakı ilə əmək yarmarkası təşkil olunub.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov festivalın açılışında çıxış edərək ölkəmizdə könüllülük hərəkatının inkişafı və təbliği istiqamətində görülən işlərdən danışıb. O, könüllü gənclərimizin beynəlxalq arenada qazandıqları uğurlardan və Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin könüllülük hərəkatına diqqət və qayğısından söhbət açaraq deyib: "Bu gün ilk dəfə keçirilən festivalda ölkəmizdə könüllülük hərəkatının üzvləri iştirak edirlər. Festival çərçivəsində həmçinin doqquz təşkilat öz stendlərində könüllülük fəaliyyəti ilə bağlı gördükləri işlərə dair təqdimatlar edirlər. Könüllülük fəaliyyətinin əsasında cəmiyyət naminə təmənnasız işlərin görülməsi dayanır. Bu fəaliyyətlə məşğul olanlar digər şəxslərə kömək etməklə yanaşı, öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanırlar. Ölkəmizdə könüllülük fəaliyyəti üçün hər cür şərait yaradılıb, bu istiqamətdə zəruri hüquqi baza mövcuddur. Eyni zamanda, bütün dövlət qurumları tərəfindən bu fəaliyyətə cəlb olunmuş təşkilat və şəxslərə lazımi dəstək göstərilir. Gənclər Fondu da könüllülük fəaliyyətinə dəstək olan qurumlardan biridir. Fondun fəaliyyət göstərdiyi yeddi il ərzində bu istiqamətdə yüzlərlə layihə icra olunub. Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbir və yarışların uğurlu təşkilində könüllülərin rolu böyükdür. Buna görə də onlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva könüllülərə, onların fəaliyyətinə yüksək dəyər verirlər. Hazırda ölkəmizdə yürüdülən gənclər siyasətinin mərkəzində gənclərin maraqları, onların potensiallarının artırılması, cəmiyyətə yararlı vətəndaş kimi yetişmələri dayanır”.
Fondun icraçı direktoru bütün könüllüləri təbrik edib, onlara uğurlar arzulayıb.
Gənclərin Dünya Assambleyası beynəlxalq təşkilatının baş katibi Ediola Paşollari çıxışında Beynəlxalq Könüllülər Gününün tarixi barədə məlumat verib. O, könüllülük fəaliyyətinin gənclərin inkişafına təkan verdiyini, onlara humanistlik duyğuları aşıladığını diqqətə çatdırıb.
Rusiya Federasiyasının Milli Gənclər Şurasının sədri Qriqori Petuşkov Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan gənclərinə təbriklərini çatdırıb. Könüllülüyü nəcib fəaliyyət adlandıran Q.Petuşkov könüllülərimizin fəaliyyətini yüksək qiymətləndirib. Qonaq həmçinin öz ölkəsində gənclərin könüllülük fəaliyyətindən də danışıb.
Tədbirin gedişində "ASAN Könüllüləri"nin, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin, "Formula 1 Könüllüləri"nin və "Bir Könüllüləri"nin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat veriblər.
Sonra Azərbaycan Respublikası Gənclər Fondunun "Gənc könüllü” proqramının təqdimatı olub.
Rəsmi hissədən sonra festival işini "Tələbə və gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi, Könüllülük hərəkatının inkişafı sahəsində real uğur nümunələri”, "İnklüziv könüllülük - könüllülüyü ictimaiyyətə necə açıq etmək olar?” və "Könüllülük sahəsində beynəlxalq təcrübə və standartlar” mövzularında paralel sessiyalarla davam etdirib.
Festival çərçivəsində həmçinin Bakı Konqres Mərkəzinin foyesində oyun, əyləncə və intellektual zonalar yaradılıb, gənclər arasında müxtəlif maraqlı oyunlar və müsabiqələr keçirilib, fərqlənənlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Panel müzakirələrdə
fəal iştirak edən və təşkilatlar
tərəfindən namizədliyi irəli sürülmüş
könüllülər sertifikatlarla təltif
olunublar. Festival
çərçivəsində həmçinin il ərzində yüksək fəallıq
göstərən 100 gənc üçün
ikigünlük qış düşərgəsi
təşkil ediləcək.
Azərbaycan.- 2018.- 8 dekabr.- S. 5.