Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir

 

Dekabrın 7-də Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanışlıqdan sonra abidə önündə xatirə şəkli çəkdirilib.

Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun konfrans iştirakçılarına təbrik məktubu oxunub.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək muxtar respublikada təhsilə göstərilən qayğıdan danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövrdə muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi, o cümlədən məktəbəqədər və məktəbdənkənar təhsil, musiqi məktəbləri, Heydər Əliyev adına Hərbi Lisey, aliorta ixtisas təhsili müəssisələri üçün yeni tədris korpusları tikilib istifadəyə verilib. Bu işlər 2018-ci ildə də davam etdirilib, 2096 şagird yerlik 8 ümumtəhsil məktəbi, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Tibb KolleciOrdubad Rayon Təhsil Şöbəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Hazırda 3 ümumtəhsil müəssisəsi və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsi üçün binaların tikintisi davam etdirilir.

Muxtar respublikanın ümumtəhsil məktəblərində 5500-dən artıq kompüter və 600-dən çox elektron lövhə quraşdırılıb, laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilib, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunub. Təhsil müəssisələrinin pedaqoji kadrlara olan tələbatını ödəmək məqsədilə muxtar respublikanın ali təhsil müəssisələrində pedaqoji yönümlü ixtisaslar açılıb, yüksək səviyyəli müəllim kadrların hazırlanması diqqətdə saxlanılıb.

Qeyd olunub ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası da diqqətdə saxlanılıb, məhdud fiziki imkanlı uşaqlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi, görmə və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün isə audio və elektron kitabxana yaradılıb.

Təhsil naziri qeyd edib ki, muxtar respublikanın təhsil müəssisələrində şagird, tələbə və müəllimlərin vahid geyim formasından istifadə etməsi tədrisin və təlim-tərbiyənin yüksəldilməsinə öz müsbət təsirini göstərib. 2018-ci ildən pedaqoji kadrların müsabiqə ilə işə qəbulu isə gənc kadrların işlə təmin olunmasına, eləcə də ümumtəhsil müəssisələrinin bilikli müəllimlərlə təminatına geniş imkanlar açıb. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagirdin təhsili ilə 6642 müəllim məşğul olur. Onlardan 44-ü yeni tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərərək işlə təmin olunub. Hazırda rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd məktəblərində fəaliyyət göstərən 80 müəllimə həvəsləndirmə tədbirləri tətbiq edilib. Müəllimlərin ictimai fəallığı da artıb. Belə ki, muxtar respublika müəllimlərindən 13-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Müəllimlərin maddi rifah halının yaxşılaşdırılması da diqqətdə saxlanılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqları və dərs saatları artırılıb.

Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev, Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva və Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Ülvanə Məmmədli çıxış ediblər.

Tədbirin aparıcıları görkəmli pedaqoqların əsərlərindən parçalar oxuyub, təhsillə bağlı müdrik fikirləri konfrans iştirakçılarının diqqətinə çatdırıblar.

Sonra görkəmli pedaqoq, Naxçıvanda ilk dünyəvi məktəbin əsasını qoymuş maarifçi Məhəmməd Tağı Sidqiyə həsr olunmuş "Xalqın müəllimi” sənədli filminə baxış olub.

 

Azərbaycan.- 2018.- 8 dekabr.- S. 6.