Fitnələrlə
döyüşən qələmlər
Dövrün
aktual problemləri "Azərbaycan”ın səhifələrində
dolğun əks olunurdu
100 yaşlı "Azərbaycan” qəzetinin arxiv nüsxələri o dövrün ruhunu duymaq, xalqımızın taleyüklü məsələləri ilə bağlı aydın nəticələrə gəlmək, müxtəlif ictimai problemlərin həlli yollarını tapmaq üçün mənəvi bələdçidir. Bu qəzetin müəllifləri zəmanələrinin böyük mütəfəkkirləri idi. Onların "Azərbaycan” qəzetində dərc etdirdikləri məqalələr ayrı-ayrı faktlara bu şəxsiyyətlərin hər birinin nəzərləri ilə baxmağa imkan yaradır. Bugünümüz üçün də aktuallıq kəsb edən bir çox həqiqətlərin onların nurlu təfəkkürü işığında təhlilinə böyük kömək göstərir.
Təəssüflər olsun ki, Azərbaycan oxucusu uzun illər bu yazılardan xəbərsiz qalmışdı. Sovet ideologiyası həmin məqalələrlə birgə onların qələmə aldıqları gerçəkləri də qapalı arxivlərdə məhbus taleyinə məhkum etmişdi. Dövlət müstəqilliyimizin bərpasından, bir çox gizlinlər kimi "Azərbaycan” qəzetinə aid arxivlər açıldıqdan sonra indi həmin yazılar da oxucuların ixtiyarındadır.
Erməni məsələsi
"Azərbaycan” qəzetinin hər nömrəsində erməni məsələsi gündəmdə olub. Xalqımız tarix boyu erməni millətçilərinin ağır zərbələrinə məruz qalıb, hiylə və xəyanətlərinin qurbanına çevrilib. Dünyanın bir sıra dövlətləri bu amildən faydalanıb, onları öz maraqlarına uyğun şəkildə istiqamətləndirib, millətçi daşnak şovinistlərinə dəstək verib. İri dövlətlərin himayəsi altında "Böyük Ermənistan” yaratmaq üçün hər cür vasitə və yollardan istifadə edib, vəhşi üsullardan belə çəkinməyib.
O dövrdə yaşamış qabaqcıl ziyalılarımız da təbii ki, vəziyyətin fərqində olublar. Yalnız Cənubi Qafqazda deyil, bütün Rusiya müsəlmanlarının dağınıq halda olan qüvvələrinin vahid bir mərkəzdə birləşdirilməsi Azərbaycanın siyasi xadimləri qarşısında vacib məsələ kimi durub. Onlar təşkilatlanmağa çalışıblar. Bu isə daşnakları və bolşevikləri böyük qorxuya salıb. Erməni-rus bolşevik narahatlığının əsas səbəbi o idi ki, yerli əhali Azərbaycan ziyalılarına dəstək verirdi. Onların qurduqları təşkilatlar ərafında bir araya gəlirdilər.
Azərbaycanın ictimai-siyasi
fikir tarixinin görkəmli nümayəndələri Əlimərdan
bəy Topçubaşov, Fətəli xan Xoyski, Məhəmmədəmin
Rəsulzadə, Ceyhun bəy Hacıbəyli, Əbdürrəhim
bəy Haqverdiyev, Üzeyir bər Hacıbəyli, Ömər
Faiq Nemanzadə, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, Yusif Vəzir Çəmənzəminli,
Əli Şövqi, Əhməd Cavad, Əliabbas Müznib, Fərhad
Ağazadə və başqaları əsərlərində
bugünədək problem kimi mövcud olan Qarabağ məsələsini,
erməni fitnə-fəsadlarını, düşmənlərimizin
təcavüzkar, millətçi niyyətlərini
uzaqgörənliklə duymaları və ifşa etmələri,
onlara layiqli cavablar vermələri aydın görünür.
Yazılarında istiqlalımız və onun mühafizəsi,
ana dilimizin zənginliyi, xalqın həyat tərzi, baş verən
hadisələrin məntiqli şərhi, onların
çözülməsi yolları öz əksini tapır.
"Azərbaycan” qəzetində çıxan məqalələrdə 1918-1919-cu illərdə ermənilərin Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qarabağda, Zəngəzurda törətdikləri qanlı əməllərin, müxtəlif təxribatların arxasındakı səbəblər üzə çıxarılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin gələcəyini, ümumilikdə regionda sülh və təhlükəsizliklə bağlı niyyətləri təhdid edən bu əməllərin qarşısının alınmasından ötrü təkliflər verilmişdir. Həmin siyasi məzmunlu təhlillər müasir dövrümüz üçün də çox əhəmiyyətlidir. Çünki "Azərbaycan” qəzetinin toxunduğu məsələlər, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, bu siyasəti həyata keçirməkdən ötrü müxtəlif təxribatçı ünsürlərdən istifadə, beynəlxalq aləmin bu məsələyə yanaşmalarındakı ikili standartlar yenə də eyni məzmunda və daha geniş miqyasdadır. Bir sözlə, zaman dəyişsə də, dərd həmin dərd, bəla həmin bəla olaraq qalmaqdadır...
Xalqa yol göstərən bu publisistik yazılar tarixin ən çətin mübarizələr dövründə meydana çıxmış və ictimai-fəlsəfi fikrin inkişafında mühüm rol oynamışdır.
Xalqa yol göstərən
publisistika
Üzeyir bəy Hacıbəyli 1918-ci ildə "Azərbaycan” qəzetinə gələndə artıq özünü yetkin bir siyasi publisist və ictimai xadim kimi təsdiq etmişdi. 33 yaşlı yazarın hər gün baş verən hadisələrə baxışları da fərqli idi, problemləri səlist publisistik üslubda qələmə alırdı. O, xalqın həyatı, ruhi aləmi, mənəviyyatı, tarixi və mədəniyyəti ilə dərindən tanış idi, onun dərdlərini, ehtiyaclarını bilir və görürdü. Üzeyir bəyin publisistikasının xalqla, xalqın mübarizəsi, gündəlik problemləri ilə bağlı olması onun demokratik görüşlərinin saflaşmasına kömək etmişdir. Ədibin publisistik əsərləri üçün səciyyəvi olan ilk böyük keyfiyyət ideyalılıq, aydın məslək və əqidəlilik idi.
O, məqalələrindən birində - "Məslək nədir” adlı yazısında bu sualı belə cavablandırırdı: "Məslək - hər kəsin etiqad etdiyi bir yoldur. Ümumin xoşbəxtliyini, asayiş və məramını, rifah halını, tərəqqi və təkamülünü təqib edən hər bir məslək onun sahibi üçün müqəddəs ədd olmalıdır”. Üzeyir bəyə görə insan bu cür məsləkə sadiq qalmalı və ona xəyanət etməməlidir. Məslək və əqidə barədə Hacıbəylinin o zaman belə hərarətlə yazması, mütərəqqi proseslərə, əqidələrə sədaqət, məhəbbət tələb etməsi təsadüfi deyildi. Bu sözlər, şübhəsiz ki, o dövrdə mühüm əhəmiyyətə malik idi və cəmiyyətin yaralı yerinə toxunurdu. Hər hansı bir məsləkə sadiq olmaq, mütərəqqi ideallar uğrunda mübarizədə fədakarlıq göstərmək barədə Üzeyir bəyin yazıları simalarını, cildini, cəbhəsini tez-tez dəyişən bir sıra ziyalılara qarşı güclü bir ittiham kimi səslənirdi.
Üzeyir bəyin mətbuatda 900-ə yaxın məqalə və felyetonu çap olunmuşdu ki, bunlardan bir qismi "Azərbaycan” qəzetinin payına düşür. Böyük yazar həm gündəlik hadisələrdən bəhs edir, həm gələcəyə diqqət yönəldir, eyni zamanda qaranlıq mətləblərə işıq salır. Onun erməni məsələsi, Qarabağ hadisələri ilə bağlı xeyli məqalələri çap olunmuşdur. "Əyri yol”, "Qarabağ haqqında”, "Fitnələr qarşısında”, "Eyni müamilə gözləyirik”, "Qara təhlükə”, "Andranikin məsələsi”, "Qarabağ hadisatı” və s. publisistik yazılarında Azərbaycanı parçalamağa, torpaqlarını işğal etməyə, əhalisini qırmağa cəhd edən qəddar, hiyləgər, təcavüzkar erməni millətçilərinin niyyəti uzaqgörənliklə açılıb göstərilirdi. Ü.Hacıbəylinin "Kirimirlər”, "Nə istəyirlər”, "Əsassız tələb”, "Kim nəyin fikrində imiş”, "Düşmənlərimizin fəaliyyəti”, "Üzərimizdəki qara buludlar” kimi siyasi məzmunlu məqalələrində ermənilərin iç üzü ifşa olunur. Müəllif "Eyni müamilə gözləyirik” ("Azərbaycan”, 5 may 1919, ¹172) adlı məqaləsində göstərirdi ki, bədnam planlarını, terror və təcavüzkar aksiyalarını həyata keçirməkdə olan ermənilərin arxasında xarici bir qüvvə, xüsusi dəstək və gözəgörünməz əl vardır. Əks təqdirdə "Qarabağ ermənilərinin Azərbaycan hökumətinə tabe olmamaq qəsdi ilə göstərməkdə olduqları inad həyasızlıq dərəcəsinə çatmazdı”.
Böyük yazar öz publisistikasında xalqı ehtiyatlı olmağa, istiqlaliyyətini qorumağa səsləyirdi. Bu yazıları indi oxuduqca sovetlərin onlara nə üçün qadağa qoyduğu aydın şəkildə dərk edilir. Ü.Hacıbəyli "Qara təhlükə” (Azərbaycan”, 8 iyun 1919, ¹198) məqaləsində erməni daşnaklarının böyük faciələr yarada biləcək niyyətlərini, millətin üzərində yaranan qorxulu təhlükəni hiss edirdi. O yazırdı: "Ermənilərə etibar yoxdur, çünki daşnaklar bu milləti etibarsız bir dərəcəyə çatdırıblar. Silahlı üsyanlar törətmək və müharibəyə səbəb olmaq üçün onlar aşkar və gizli işlər görüb bizi qafil edə bilərlər. Bu qəflət nəticəsində başımıza bəlalar gələ bilər”. Bu sözlər Üzeyir bəyin ağrı və həyəcanla səsləndirdiyi xəbərdarlıq idi. O yazırdı ki, millətin azadlığı və bütövlüyü onun mübarizə ruhundadır. Bu ruhu sarsıtmaq istəyənlər, Qafqazda güclü bir türk dövlətinin mövcudluğunu gözü götürməyənlər, bu tarixi reallığın qarşısını almağa çalışanlar çoxdur... Ədib bu cür bədxahların millətin azadlıq ideallarını, mübarizə əzmini sarsıda bilməyəcəklərini vurğulayaraq yazırdı: "Bir vaxt yetişər ki, millət bir ruh və bir cisim olub son və qəti qərarını elan edər”.
"Azərbaycan” qəzetinin saralmış arxiv səhifələri böyük publisistin ürək ağrıları, həyəcanlı fikirləri, sarsıntıları ilə doludur. Onun milli azadlıq ideallarını tərənnüm edən, vətənpərvərlik ruhunda yazılmış publisistik əsərləri sanki bugünkü tariximizin aynasında öz əksini tapıb. O, "Qurtuluş” adlı məqaləsində ("Azərbaycan”, 15 sentyabr 1919, ¹274) yazırdı: "Qurtuluş və xilasımız yolunda canlarını qurban verib bizə bu dünyada cənnət arzulayıb, özlərini o dünyada behiştə vasil edən möhtərəm şəhidlərin əziz məzarları üzərinə fatiəxan olmaqla özlərini yad və ruhlarını şad etmək hər bir azərbaycanlının müqəddəs borcudur”.
1918-ci il dekabrın 15-də "Azərbaycan” qəzetinin 65-ci nömrəsində "Andranikin məsələsi” adlı məqalə dərc edilir. Hacıbəyli Üzeyir imzası ilə çıxan yazının məzmunu həmin dövrdə Andranik Ozanyanın Azərbaycanın Naxçıvan, Culfa və Zəngəzur bölgələrində törətdiyi qətliamlarla bağlıdır. Üzeyir bəy məqaləsində ilk növbədə Andranikin kimliyi barədə məlumat verir, onu oxucularına tanıdır. Yazı belə başlayır: "İngilis komandasının və qismən bizim hökumətimizin təhriri və şifahi tədabirinə rəğmən Qarabağ əhalisinin dadü-fəryadını yenə də eşitməkdəyik. Aşkardır ki, Bakıdan deyilən sözlər, nəsihətlər və xəbərdarlıqlar, hətta general Tomsonun təhdidi böylə, Andranikə heç də əsər eləmiyor. O, öz işindədir. Müsəlman kəndlərini dağıdır, əhalisini öldürür... ərzi-qüvvətcə zəif yerlərimizə soxulub bildiyini edir və Bakıdan gedən sifarişlərə aşkardır ki, məhəl-güzar olmur.
Zənni-acizanəmizlə Andranik məsələsinə ciddi surətdə əhəmiyyət verənlər, Azərbaycan müsəlmanlarının cinayətkar ünsürlərin zülm və sitəmi altında məhv edilmələrinə razı olmayanlar və Azərbaycanın qoparılmaz bir qismi olan ümum Qarabağ müsəlmanlarının daim qorxu altında yaşayıb da, yedikləri, içdikləri, güzəran və məişətləri haram olmağına soyuq nəzərlə baxmayanlar... bu məsələni tezlik ilə bu tövr, ya o tövr həll və fəsl etmək üçün Andranikin kim olduğunu, yəni simayi-siyasiyyəsini, məmuriyyətini, kimin tərəfindən bu əmrə məmur olduğunu bilib, bu cürə vəhşi hərəkətlər vasitəsilə təqib edilən, məqsədlərin mənayi-həqiqisindən lazımınca xəbərdar olmalıdırlar”.
Qaniçən bir quldur olan Andranik ermənilərin "Qnçaq”, daha sonra isə "Daşnaksütyun” partiyasının üzvü kimi Osmanlı imperiyasına xəyanət yolu tutmuşdu. 1890-cı illərdə türk ordusuna qarşı döyüşlərdə iştirak etmişdi. 1904-cü ildə erməni üsyanı yatırıldıqdan sonra bir müddət Qafqazda olmuş, sonra isə Avropaya getmişdir. 1907-ci ildə Bolqarıstanda "Daşnaksütyun”un IV qurultayında iştirak etmişdir. 1912-ci ildə müharibə başlayanda Qaregin Njde ilə birlikdə ermənilərdən ibarət könüllü dəstə yaratmış, yerli türk əhalisinə qarşı kütləvi qırğınlar törətmişdir.
Üzeyir bəy bildirir ki, 1918-ci il iyunun 4-də Osmanlı imperatorluğu ilə yeni elan edilmiş Cənubi Qafqaz respublikaları arasında bağlanan və ərazi bölgüsünü nəzərdə tutan Batum müqaviləsinin şərtlərini Andranik qəbul etmir. Ermənistan torpaqlarının Ərzurumu, Vanı, Bitlisi və Muşu da əhatə etməsi iddiasını irəli sürür. Bu şərtlər rədd edildikdən sonra Andranik Şərqi Anadoludakı qətliamlarını Culfada, Naxçıvanda və Zəngəzurda davam etdirməyə başlayır. Türk ordusu Naxçıvanı və Culfanı tutduqdan sonra Zəngəzura qaçır. Burada da kütləvi qətliamlar həyata keçirir. Azərbaycan Xalq Cümhuriyyəti İrəvan hökumətinə bütün bu faciələrə görə etiraz edəndə hökumət həmin qanunsuz dəstələr üzərində hakimiyyətinin olmadığını bildirir, cavabdehliyi özlərindən uzaqlaşdırır. Yazıda oxuyuruq: "...Biz dəxi bu cürə hərəkətləri cismani qüvvələrimiz ilə durdurmağa müqtədir olduğumuzu lazım olan dərəcəyə qədər bildirməliyik. Andraniklər dəxi türklər gedəndən sonra baş qalxızıb zənn etməsinlər ki, biz qoşunsuz və əsgərsiz qalmışıq. Lazım olan yerdə hamımızın əsgər olduğumuzu andraniklər içində bilənlər yox deyil, zənn edirəm. Fəqət bir bu qədər tökülən qanlardan sonra bəşəriyyət artıq zara gəlib sülh, sülh deyə sevindiyi halda, bu sülh axşamı bir də təkrar qan tökmək igidlik deyil, rəzalətdir... Bu cürə vəhşi hərəkətlər icrası ilə erməni millətinə xoş gəlməyi qəsd edən andraniklər, zənn edirəm ki, səhvdədirlər”.
"Andranikin məsələsi” məqaləsində Üzeyir bəy minlərlə azərbaycanlını qılıncdan keçirən, kəndlərimizi dağıdan bu quldurun kimliyini, ona dəstək verən qüvvələrin məkirli niyyətlərini aydınlaşdırmağa çalışır. Onun belə qanlı əməlləri ilə Ermənistan rəhbəri olmaq istəyini, yaxud 1918-ci ildə müstəqilliyini elan etmiş Ararat hökumətinin casusu olmasını mümkün ehtimallar kimi nəzərdən keçirir. Hesab edir ki, bu cür təxribatlar, Azərbaycana qarşı əsassız ərazi iddiaları müstəqil surətdə yaşamaq üçün özlərində qabiliyyət və istedad görmədiklərindən qonşuların da müstəqil yaşamasını istəməyən erməni daşnaklarının andraniklər vasitəsilə qəsdən şuluqluq salıb Azərbaycanın yenidən qəyyumlar əlinə keçməsi məqsədindən irəli gəlir.
Azərbaycan Xalq Cümhuriyyətinin və o dövrdə bölgədə olan ingilis komandanlığının belə bir cinayətkarla danışıqlar aparmasını siyasi baxımdan lüzumsuz sayan Üzeyir bəy hesab edir ki, "bu insanlara qarşı ən düzgün davranış özünü də, dəstəsindəki digər quldurları da məhkəmə qarşısına çıxarıb layiq olduqları cəzaya çatdırmaqdır”.
Daşnak
üslubu: məkrli niyyət mətbuat səhifələrində
30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında imzalanmış Mudros müqaviləsindən sonra ingilis hərbi qüvvələrinin komandanı general Tomson Bakıya gəlir və AXC hökumətini tanıyır. Yeni siyasi vəziyyət Andranikin törətdiyi qırğınların qarşısını alır. General Tomson Andranikin Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edir. Beləliklə də Qarabağı Ermənistana birləşdirmək planı baş tutmur.
Bölgədə vəziyyətin nizama salınması, erməni təxribatlarının əngəllənməsi üçün Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları daxil olmaqla müvəqqəti general-qubernatorluq yaradılır. Qeyd edək ki, bu da Üzeyir bəyin yazılarında irəli sürdüyü əsas təkliflərdən idi. General qubernator vəzifəsinə Xosrov bəy Sultanov təyin olunur. Üzeyir bəy Hacıbəylinin yazılarından oxuyuruq ki, bu idarəetmə subyekti bütün çətinliklərə baxmayaraq, vəziyyətə nəzarətin təmin olunması, daşnakların törətdikləri qırğınların dayandırılması, bölgənin mərkəzi hökumətə tabe etdirilməsi, Azərbaycan parlamentinin qəbul etdiyi yeni qanunların burada icrası səmtində xeyli işlər görür. Amma erməni təxribatları yenə ara vermir, zəhərli fəaliyyət bu dəfə mətbuat səhifələrinə keçir. Özlərini dünya ictimaiyyətinə məzlum görkəmdə təqdim etməyə əsrlərdən bəri adət etmiş, bu rolu mənimsəmiş, xüsusi bacarıqla oynayan ermənilər Azərbaycan əsgərlərinin guya erməni kəndlərində qətl-qarətlə məşğul olması barədə şayiələr uyduraraq bunları nəzarətlərindəki qəzetlərdə tirajlamağa başlayırlar. "Naşe vremya”, "Vperyod” kimi daşnak qəzetləri Qarabağ ermənilərini Azərbaycan hökumətinə qarşı üsyana çağırırlar.
Üzeyir bəy qəzetin 23 yanvar 1919-cu il tarixli 95-ci nömrəsində dərc edilmiş "Fitnələr qarşısında” adlı məqaləsində bu xüsusda yazırdı: "Daşnakların andraniklər vasitəsilə üzərimizə atılan top və tüfəng güllələrini dəf etmək bunların iftira və böhtanlarını rədd etmək işindən çox asandır. Çünki ermənilər cəngavərlikdən artıq böhtan və iftira qurmaq ustalığı ilə məşhurdurlar”.
O, bütün bu təxribatların arxasındakı məkrli niyyətləri fəhmlə izah edir. Erməni hökumətinin, daşnakların öz mənfur planlarını yerinə yetirib Qafqaz regionunu yenidən yadlara təslim etməkdən ötrü Azərbaycanı müharibəyə çəkməyə çalışdıqlarını göstərir.
Ü.Hacıbəylinin bu məqaləsindən ermənilərin general Tomsonun şəxsində İngiltərə hökumətinə qarşı da hücumlara başladıqları açıqlığı ilə aydınlaşır. Andranikin bölgədən qovulmasının qisasını almaqdan ötrü mənfur qonşularımızın öz qəzetlərində hərəkətə keçdikləri başa düşülür: "Top və tüfəng ağzından çıxan güllələr daşnak və əmsali ağzından çıxan söyüş və yalan sözlər ilə əvəz edilibdir. İftira, böhtan və əsassız ittihamlardan ibarət olan bu sözlər zatən general Tomsona qarşı bir nümayişdir. Yəni ey general Tomson, sən ki bizim andraniklərimizi dayandırmağa məcbur etdin, indi gör Azərbaycan müsəlmanları bizim başımıza nə oyunlar açırlar, nə zülmlər edirlər. Halbuki bunun təqsiri sənin boynuna gəlir, çünki bu işdə ehmallıq edən və Azərbaycan türklərinə "cürət” verən sənsən! Bugünkü nömrəmizdə tərcümə edilmiş olan Şuşa erməni komitəsi nümayəndələrinin "şikayəti” mülahizə edildiyi üzrə azərbaycanlıların "zülmündən” və general Tomsonun "qeydsizliyindən”dir. Lakin zənn etmirik ki, bu "şikayətnamə” müttəfiqlər komandası rəisinə ermənilərin arzu etdiyi təsiri "bəxş” edib də "məzlumların” halına can yandırtsın. Tomsonlar erməni "şikayətlərini” Londra mühafilində dinləmirlər ki, inanmamağa həqləri olsun. Tomsonlar Qafqazdadırlar, işin içindədirlər. Kimin kimdən şikayət etməyə həqqi olduğunu görürlər. Görməsə idilər andraniklərin həddini özünə bildirməzdilər”.
Üzeyir bəy digər yazısında - "Qarabağ haqqında” məqaləsində ("Azərbaycan”, 30 yanvar, 1919, ¹101) o dövrdə yenicə formalaşan milli ordumuzun gücünə güvənərək vurğulayır ki, əgər erməni hökuməti Azərbaycan Xalq Cümhuriyyəti ilə müharibə edərsə, öz halının fəna olacağına heç bir şübhə yoxdur. Amma Azərbaycan heç bir halda müharibə niyyətində deyil: "Biz öz daxili islahat işlərimiz ilə məşğuluq. Müharibə etmək istəsəydik əlimizdə böyük bəhanəmiz dəxi vardı. Halbuki indi müharibəyə heç bir tərəfin heç bir bəhanəsi yoxdur”. Burada müəllif bir zamanlar Andranik kimi quldurların guya onlara heç bir aidiyyətinin olmadığını söyləyən Ermənistan hökuməti rəsmilərinin ikiüzlü siyasətini də ifşa edir: "Ararat hökuməti şükür eləsin ki, biz onun "Andranikin bizə dəxli yoxdur” sözünə inanıb da Andraniki xudsər bir quldur sifəti ilə torpağımızdan rədd etdik. İndi də o quldurun hərəkati-vəhşiyanəsindən dolayı əhalimizə varid olan zərər və ziyanları rəf etmək işilə məşğuluq. Əgər bizim bu işimizdən erməni cümhuriyyətinə və erməni "ərazisinə” bir xələl edirsə, bu xüsusda dəlillərini meydana qoyub müzakirəyə girsinlər. Yoxsa gözü yummadan protest etmək və ya müharibədən söz salmaq fitnə və pravokatorluqdan başqa bir şey deyildir”.
Üzeyir bəyin "Başlanır” adlı məqaləsindən ("Azərbaycan”, 13 fevral 1919, ¹113) isə belə məlum olur ki, erməni təxribatçıları o dövrdə - xüsusilə Paris Sülh Konfransı zamanı Azərbaycanı, hətta imperializm siyasətində belə ittiham etməyə başlayıblarmış. Paris Sülh Konfransı Birinci Dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədi ilə Antanta ölkələri və ABŞ-ın Parisdə çağırdıqları, 18 yanvar 1919-cu il tarixindən 21 yanvar 1920-ci ilə qədər davam edən siyasi tədbir idi. Burada 27 ölkə təmsil olunurdu.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Paris Sülh Konfransında iştirakı bu dövrün beynəlxalq münasibətlərində mühüm yer tuturdu. Azərbaycanın xarici siyasətinin başlıca məqsədi ölkənin müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Erməni nümayəndələrinin pozuculuq fəaliyyəti isə bu məsələnin müsbət həllinə mane olurdu. Onlar suverenliyin tanınmasından daha çox ərazi-sərhəd məsələsinə əhəmiyyət verir, Qafqazdakı real vəziyyət barədə Avropa və ABŞ ictimaiyyətində yanlış təsəvvür yaradırdılar. Erməni təbliğatının əsas hədəfi Osmanlı dövləti və Azərbaycan idi. Öz torpaqları üzərində nəzarəti təmin edən Azərbaycanın imperializm siyasətində günahlandırılması da ermənilərin öz mətbuat orqanlarında yaydıqları təxribatlardan biri idi. Üzeyir bəy onların bu təxribatına belə cavab verirdi: "Bizim öz yerlərimizə sahib olmaq əməlimizi daşnaklar "imperializm məqsədi” deyə adlandırırlar. Çünki Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın yerləri ermənilərin imiş?! Və o qədər mübahisəli imiş ki, onun həllini Paris Konfransından gözləmək lazım gəlirmiş.
Lakin Qarabağ məsələsinin həllini Paris Sülh Konfransından gözləmək icab etdiyini safdərunlar nəzərində "sülhcuyanə” görünmək məqsədilə ortaya atan daşnaklar bizi inandıra bilməzlər ki, o konfransın hökmünə tabe olub da bir kərəlik kiriyəcəklər”.
Amma erməni nümayəndə heyətinin Parisdə, erməni mətbuatının isə öz səhifələrində apardığı təxribatçı fəaliyyət bir səmərə vermədi. 1920-ci il yanvarın 11-də Lord Kerzonun təklifi ilə Paris Konfransının Ali Şurasında Azərbaycan və Gürcüstanın istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olundu.
Daha bir fitnə
ocağı
Üzeyir bəyin məqalələrində erməni xalqını mənfur niyyətlərə, pis əməllərə sürükləyən daha bir fitnə ocağı da nişan verilir. Bu, XX əsrin əvvəllərinə qədər dünyanın ayrı-ayrı ölkələrinə mühacirət etmiş ermənilərin yaratdıqları lobbidir. Böyük yazarın məqalələrində erməni lobbisinin Azərbaycana qarşı fitnəkar siyasətdə fəal iştirakından bəhs edilir. "Azərbaycan” qəzetinin 22 dekabr 1919-cu il nömrəsində işıq üzü görmüş "Miralay Haskelin təklifi” adlı məqaləsində Amerikanın Cənubi Qafqazda baş verən proseslərlə bağlı mövqeyinin formalaşmasında, ermənilər haqqında yanlış olaraq məzlum millət təsəvvürünün yaranmasında və onlara Amerikadan ianələrin göndərilməsində lobbinin rolu xüsusi vurğulanır. Amma Üzeyir bəy onu da göstərir ki, erməni hökumətinin başında duranların kütbeyinliyi bu yanlış təsəvvürləri tezliklə alt-üst edir. Regiondakı vəziyyəti araşdırmaq üçün Cənubi Qafqaza gələn xarici nümayəndə heyətləri bölgənin sülh və təhlükəsizliyinə ən böyük təhdidin daşnaklardan gəldiyinə, erməni hökumətinin fitnəkar siyasətindən qaynaqlandığına özləri də şahid olurlar.
Maraqlı məqalələrdən biri də "Kontrast” adlanır ("Azərbaycan”, 11 sentyabr 1919, ¹271). Bu yazıda müəllif daşnakların, erməni hökumətinin fitnəkar siyasətini ifşa edərək yazır ki, Avropaya yalvarmağı, diplomat qapılarında sülənməyi öz qonşusu və vətəndaşı ilə insaf və mürvətlə davranmaqdan üstün tutan erməni başbilənləri bu cür siyasətlə ən böyük ziyanı öz xalqına, camaatına vurur: "Onların erməni xalqını öz əllərində oyuncaq kimi oynatmağı, keyfi istədiyi yerdə cəmaətin canını, malını, namusunu və heysiyyatını fəda etməsi nə qədər təəccüb isə erməni cəmaətinin də tamam qoyun sürüsü kimi öz müqəddəratını və öz varlığını bu ziyankar partiyaya tapşırıb da bu yolda bir bu qədər ya sədaqət və ya qorxaqlıq və cəbunluq göstərməsi bir o qədər şayani-heyrətdir. Görünür bu partiya erməni xalqını o qədər "terror”layıb və o qədər gözünün qorxusunu alıbdır ki, birinin də ağız açmağa cürəti qalmayıbdır”.
Üzeyir bəy "millət xadimi” olan daşnakların bu xalqı artıq etibarsız bir hala gətirdiklərini, onlara inamın qalmadığını, ona görə də "gözlərimizi hər zaman dörd açmalı” olduğumuzu zəruri sayır. "Azərbaycan” qəzetində dərc edilmiş "Kirimiyorlar” (14 aprel 1919, ¹157) adlı məqaləsində qeyd edilir ki, hər bir halda Qarabağ ermənilərinin asayiş və rahatlıq içində yaşaması öz davranışlarından asılıdır: "Məhəlli hökumətə tabe olub da öz iş-gücləri ilə məşğul olarlarsa, rahat yaşarlar. Yox əgər daşnak və əmsali təşviqatına uyub da Azərbaycan hökumətini tanımamaq və qəsdən iğtişaş salmaq istəsələr, o halda yaman güzəran keçirmələrinə səbəb özləri olarlar”.
Ədib ermənilərin Azərbaycanla eyni vaxtda dövlət müstəqilliyini elan etmiş Gürcüstana müharibə təxribatlarından, bu ölkəyə qarşı ərazi iddialarından, sərhədlərin dəqiqləşdirilməsi məsələsində tutduğu təxribatçı mövqedən də yazır. Açıq mətnlə göstərir ki, Cənubi Qafqazda sülhün, sabitliyin, demokratik inkişaf mühitinin bərqərar olmasına maneçilik törədən əsas əngəl məhz Ermənistan hökumətidir. "Azərbaycan” qəzetinin 12 oktyabr 1919-cu il tarixli, 293-cü nömrəsində dərc olunmuş "Səmimiyyət lazım” sərlövhəli məqaləsində bu barədə yazır: "Qafqazlılara burası gözəlcə məlumdur ki, Gürcüstan, Ermənistan və Azərbaycan arasındakı ixtilaflı hüdud məsələlərini itlaf və müvafiqət mütəqabilə yoluylə həll etmək üçün Azərbaycan və Gürcüstan tərəfindən dəfələrlə vaqe olan təklifləri rəddilə Qafqaz millətlərinin istirahət və asayişini xələldar edən Ararat hökuməti idi. Gürcülər üzərinə müharibə açan, Qarabağı qan ocağına döndərmək istəyən, "türklər düşməni-əbədimizdirlər” deyən erməni-müsəlman arasında daimi bir xüsumət ibqasına çalışan Naxçıvan, Şərur, Sürməli fəcayeyi-rəzilanəsini yapan və yapdıran bir hökumətin itlaf və müvafiqət meylinin səmimiliyinə etibar etmək mümkündürmü?”
Üzeyir bəy Ermənistanla Gürcüstan arasındakı müharibə durumunda Azərbaycanın tutmalı olduğu mövqeyə diqqət yönəldir və bu məsələdə ölkəmizin milli təhlükəsizlik maraqlarından çıxış edir. Bildirir ki, daşnakların bölgədə "təkrar-təkrar yandırdıqları odun evimizə keçməməsi üçün” Azərbaycan hökuməti ilk növbədə öz sərhədlərinin möhkəmləndirilməsi barədə düşünməlidir.
(ardı var)
İradə
ƏLİYEVA
Azərbaycan.- 2018.- 8 dekabr.- S. 7.