Azərbaycan iqtisadiyyatında fundamental keyfiyyət dəyişiklikləri

 

Son 15 il ölkəmizin müstəqillik tarixinin ən uğurlu və ən şanlı səhifəsidir

 

Dünya Bankı tərəfindən tərtib olunmuş "Doing Business-2019" reytinqində Azərbaycan iqtisadiyyatı əvvəlki dövrlə müqayisədə 32 pillə irəliləyərək 25-ci sırada yer almış lider islahatçı ölkə kimi ən çox islahat aparan ilk onluğa daxil olmuşdur. Hesabatda dünyanın 190 ölkəsi arasında müəyyən edilmiş reytinqdə belə sürətli irəliləyişin əsas səbəbi kimi biznesin həyata keçirilməsi prosesinin sadələşdirilməsi istiqamətində ölkəmizdə rekord sayda islahatların aparılması göstərilmişdir. Qeyd etmək lazımdır ki, bu göstəriciyə görə, ölkəmiz MDB məkanında birinci olmaqla yanaşı, Yaponiya, Fransa, İtaliya, İsveçrə, Türkiyə və Çin kimi ölkələri də üstələyə bilmişdir. Bunlarla yanaşı, Dünya İqtisadi Forumunun 2017-ci il üçün hazırladığı "İnklüziv inkişaf indeksi" hesabatında inkişaf etməkdə olan 80 ölkə arasında ölkəmiz 3-cü yerə yüksəlmişdir. Qlobal rəqabət qabiliyyəti göstəricisinə görə ölkəmiz dünyanın 137 ölkəsi arasında 35-ci sırada qərarlaşmış, MDB məkanındadoqquz ildir ki, lider mövqeyini qorumuş və "G-20”yə üzv olan 9 ölkəni -İndoneziya, Rusiya, Hindistan, İtaliya, Meksika, Türkiyə, Cənubi Afrika Respublikası, Braziliya, Argentinanı üstələmişdir. Bu dövr ərzində Azərbaycanın iqtisadi və sosial inkişafında çox mühüm kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş, əhalinin həyat səviyyəsi xeyli yüksəlmişdir. Şübhəsizdir ki, bütün bu uğurların və misilsiz nailiyyətlərin arxasında son on beş ildə həyata keçirilən əzəmətli işlər dayanır.

 

Özünəməxsus iqtisadi inkişaf modeli

 

Mübaliğəsiz demək olar ki, bu 15 il Azərbaycan Respublikasının müstəqillik tarixinin ən uğurlu və ən şanlı səhifəsidir. Bu dövrün nailiyyətləri yalnız iqtisadi, sosial və mədəni sferaların sürətli inkişaf ilə deyil, həm də cəmiyyət həyatının istisnasız olaraq bütün sahələrini əhatə edən əsaslı islahatlar, institusional dəyişikliklər və innovasiyalara əsaslanan səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması ilə səciyyələnir. 2003-cü ildən başlayaraq həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkəmiz malik olduğu resurslardan, geosiyasi və geoiqtisadi üstünlüklərdən bacarıqla istifadə edərək, dünya iqtisadiyyatına və dünya birliyinə milli maraqların prioritetliyi əsasında ən rasional şəkildə inteqrasiya olunmuş, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşmasına nail olmuş, sosialyönümlü bazar iqtisadiyyatı modelinə keçidi tam başa çatdırmışdır. Təbiiki, bu dövr ərzində Azərbaycanın keçdiyi yol və əldə etdiyi uğurların miqyası, çəkisi və əhatə dairəsi o qədər geniş və çoxşaxəlidir ki, onların ən qısa xronologiyasını belə bir məqalədə əks etdirmək çox çətindir. Hesab edirik ki, bu dövrdə baş verən bütün proseslərin, aparılan siyasətin, qazanılan uğurların istər nəzəri-metodoloji cəhətdən, istərsə də sosial-iqtisadi, ictimai-fəlsəfi, hüquqi və dövlətçilik praktikası baxımından hərtərəfli və sistemli elmi araşdırılması olduqca vacib və əhəmiyyətlidir.

Əvvəlcə bu dövrün ən mühüm nailiyyəti kimi ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi və onun müasir dövrün tələb və çağırışlarına, eləcə də dünyada baş verən qlobal proseslərə müvafiq olaraq keyfiyyətcə təkmilləşdirilməsi xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyev tərəfindən son 15 ildə aparılan düşünülmüş, qətiyyətli, uzaqgörən, çevik və praqmatik siyasət nəticəsində ölkəmizin milli maraqları və təhlükəsizliyi tam təmin edilmiş, ictimai-siyasi sabitlik bərqərar olunmuş, iqtisadiyyatın dinamik inkişafına nail olunmuşdur. Bu dövr ərzində ölkəmizdə müasir tələblərə, minilliyin çağırışlarına, qarşıya qoyulan strateji vəzifələrə cavab verən səmərəli dövlət idarəçiliyi sistemi yaradılmış və onun beynəlxalq nüfuzu, siyasi çəkisi xeyli yüksəlmişdır. Bu 15 ildə dövlətmüstəqilliyimiz daha da möhkəmlənmiş, sözün tam mənasında əbədi və dönməz xarakter almışdır. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən tam müstəqil bir dövlətdir və heç kimdən asılı olmayaraq, öz milli maraqlarına uyğun siyasət həyata keçirmək iqtidarındadır. Bu da son 15 ildə əldə etdiyimiz ən böyük uğur və dəyər kimi qiymətləndirilməlidir. Azərbaycan öz dövlətçilik tarixində heç vaxt indiki qədər müstəqil olmamışdır.

Ulu öndər Heydər Əliyevin formalaşdırdığı milli iqtisadi inkişaf modeli bu dövr ərzində daha da təkmilləşdirilərək ölkəmizin sosiai-iqtisadi həyatının bütün sahələrinin dayanıqlı və davamlı inkişafında özünün məntiqi nəticəsini tapmışdır. Dünya ölkələrinin sosial-iqtisadi inkişaf modellərinin mütərəqqi cəhətləri ilə yanaşı, ölkəmizin tarixən formalaşmış maddi və milli-mənəvi dəyərlərini, təbii-coğrafi amilləri və müqayisəli üstünlüklərini, çoxvektorlu geosiyasi və geoiqtisadi maraqlarını özündə ehtiva edən bu eklektik model milli iqtisadiyyatımızda yeni rəqabət faktorları və rəqabət üstünlükləri yaradaraq özünəməxsus iqtisadi inkişaf kursunu formalaşdırmışdır. İqtisadi inkişafımızda alternativi olmayan bu model azad iqtisadi siyasətin və real bazar münasibətlərinin bütünlüklə qərarlaşmasına şərait yaradan liberalizmlə, iqtisadiyyatın dövlət tərəfindən düşünülmüş şəkildə tənzimlənməsini təmin edən institusional yanaşmaların optimal sintezinə əsaslanaraq, konstitusiyamızda təsbit edildiyi kimi, həm azad sahibkarlığa, həm də sosialyönümlü iqtisadiyyatın formalaşmasına tam təminat yaratmışdır. Ölkəmizdə sosialyönümlü bazar iqtisadiyyatı modelinin xarakterinə uyğun olaraq formalaşdırılmış mülkiyyət və bölgü münasibətləri, sahibkarlıq ənənələri, kompleks bazar institutları və infrastrukturlar, eyni zamanda iqtisadiyyatın effektivliyinin və rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən sistemli islahatlar, dövlət və sahibkarlığın qarşılıqlı əlaqələrini möhkəmləndirən yeni, daha səmərəli idarəetmə formaları və metodları ildən-ilə bu təminatı daha da gücləndirməkdədir.

Həqiqətən də 2003-cüildə cənab İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra milli iqtisadi inkişaf modelimiz yeni keyfiyyətdə və yeni məzmunda uğurla təkmilləşdirilərək tamamilə yeni bir inkişaf mərhələsinə keçidin "sərhəd situasiyasını” formalaşdırmışdır. Ulu öndər Heydər Əliyevinmüəyyənləşdirdiyi kimi, "Milli maraqların hər şeydən üstünlüyü” bu gün də dövlətimizin inkişaf strategiyasının ən mühümprinsiplərindən biri kimi çıxış edir. Məhz, milli inkişaf maraqlarından irəli gələrək dünyada və regionda formalaşmış yeni şəraitin təhdidlərinə və çağırışlarına adekvat olaraq, preventiv tədbirlərin görülməsi sayəsində son 15 ildə Azərbaycaniqtisadiyyatında, daxili və xarici siyasətdə, sosial-mədəni və digər fəaliyyət sferalarında irimiqyaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş, müsbət və strateji əhəmiyyətli yeni trendlər meydana gəlmişdir. Bütün bunların dünyada tüğyan edən geosiyasi və geoiqtisadi təhlükələrin, artan risklərin və təhdidlərin fonunda cərəyan etməsi milli inkişaf modelimizi dünya miqyasında bir nümunəyə, fenomenə çevirmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır. Siyasi, iqtisadi islahatlar, müstəqil siyasət, dinlərarası dialoq, yüksək səviyyəli milli-dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər göz qabağındadır”.

 

İtirilmiş illərin bərpası

 

Əldə edilən bütün bu nailiyyətlərin miqyası deməyə əsas verir ki, "15 illik hakimiyyət dövrü” ifadəsi Prezidentİlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin yalnız fiziki zaman ölçüsünü əks etdirir. Əslində bir qədər təhlili genişləndirərək dünya dövlətlərinin inkişaf tarixinə nəzər salsaq, mübaliğəsiz deyə bilərik ki, bu dövr ərzində görülən genişmiqyaslı işlərin və əldə edilən nailiyyətlərin həcmini bir çox dünya ölkələrinin reallığında ən azı 20-25 illik müddətə belə sığışdırmaq mümkün olmazdı. Başqa sözlə, ötən bu 15 il ölkəmizə xeyli əlavə zaman resursu qazandırmış, müstəqilliyin ilk dövrlərində itirilmiş illəri bərpa etməklə yanaşı, inkişaf etmiş ölkələr səviyyəsinə doğru irəlilədiyimiz yolu xeyli yaxınlaşdırmışdır.

Qeyd etmək lazımdır ki, hələ sovet dövrünün sonu və müstəqilliyin ilk illərində (1988-1993) bir-birini tez-tez əvəzləyən və hakimiyyəti qanunsuz, zorla ələ keçirən səriştəsiz, səmərəsiz idarəçiliyə malik olan və milli maraqları arxa plana keçirən biabırçı hakimiyyətlər dövrü iqtisadi inkişafımızı ən azı 13 il geri salmışdır. Bu fakt statistik göstəricilərdə də öz təsdiqini tapır. Belə ki, 1993-cü ildə ölkəmizdə istehsal olunmuş ümumi daxili məhsul iki dəfədən çox aşağı düşərək 1988-ci ilin müvafiq göstəricisinin 49,9 faizinə bərabər olmuşdur. Ölkəmiz itirilmiş iqtisadi potensialını yalnız 13 ildən sonra tamamilə bərpa edə bildi və məhz ulu öndər Heydər Əliyev və onun layiqli siyasi varisi cənab İlham Əliyevin siyasəti sayəsində bu dövrdə istifadə olunması mümkün olan bütün iqtisadi və siyasi resurslardan, düzgün dövlət idarəçiliyi sisteminin üstünlüklərindən məharətlə və daha səmərəli istifadə etməklə ölkəmizi düçar olduğu nəinki iqtisadi, siyasi, mədəni və institusional böhran vəziyyətindən xilas olunmasına, eləcə də ölkədə ictimai-siyasi sabitliyə,iqtisadi və sosial yüksəlişə, vətəndaş birliyinə nail olundu.

Sözsüz ki, ölkəmizin bu dirçəlişində və günbəgün qüdrətlənməsində20 sentyabr 1994-cü il tarixində "Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan yeni uğurlu neft strategiyası əvəzsiz rol oynamışdır. Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi hesab edilən bu müqavilənin əhəmiyyəti haqqında danışarkən Prezident İlham Əliyev qeyd etmişdir: "Bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın həqiqətən müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə "Əsrin kontraktı”nın imzalanması ilə bağlıdır. Bu çox cəsarətli və müdrik addım idi. Əgər 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə "Əsrin kontraktı” imzalanmasaydı, bu gün təsəvvür etmək mümkün deyil ki, Azərbaycan hansı vəziyyətdə ola bilərdi”. Həqiqətən də o dövrdə nəinki tək Azərbaycanda, eləcə də bütövlükdə Cənubi Qafqazda iqtisadi-siyasi və hərbi-strateji maraqları olan böyük güclərin təzyiq və təhdidlərinə baxmayaraq ulu öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində "Əsrin müqaviləsi” imzalanmasaydı, nə bugünkü müstəqilliyimiz, qüdrətli dövlətimiz, dayanıqlı və güclü iqtisadiyyatımız, nə də böyük strateji valyuta ehtiyatlarımız, görülən genişmiqyaslı quruculuq-abadlıq işləri, həyata keçirilən nəhəng transregional layihələr, sosial proqramlar, infrastruktur layihələri və s. haqqında danışmaq mümkün olardı.

Ölkəyə rəhbərlik etdiyi 10 il ərzində Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etməklə, sözün əsl mənasında böyük xilaskarlıq missiyasını həyata keçirmiş ulu öndər Heydər Əliyevin ən böyük tarixi missiyalarından biri də özünün etibarlı siyasi varisini müəyyənləşdirməsi və qurucusu olduğu müasir Azərbaycanı etibarlı əllərə əmanət etməsi oldu. Azərbaycan dövlətçiliyinin gələcək inkişaf yolu və siyasi xəttini hər zaman düşünən ulu öndər Heydər Əliyevinİlham Əliyev haqqında Azərbaycan xalqına tarixi müraciətində dediyi: "...Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini

İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə

İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - müdrik sözlər bu 15 il ərzində özünün tam təsdiqini tapdı. İlham Əliyev xalqın ona bəslədiyi ümidləri və etimadı tam mənası ilə doğrultdu, o, seçki öncəsi xalqa verdiyi bütün vədləri şərəflə yerinə yetirərək ümumxalq məhəbbətini qazandı. Azərbaycan məhz İlham Əliyevin dövründə, sözün əsl mənasında, dünyaya günəş kimi parladı.

 

Sıçrayışlı inkişaf və tərəqqi dövrü

 

Əslində, İlham Əliyevin xalqın inam və etimadını doğruldacağı heç kimdə şübhə doğurmurdu və ümummilli lider tərəfindən onun namizədliyinin dəstəklənməsi heç də təsadüfi deyildi. Bütün bunlar İlham Əliyevin dahi Heydər Əliyev siyasi məktəbinin və həyat yolunun ən layiqli davamçısı kimi hələ 90-cı illərdən də əvvəl Mixail Qorbaçovun üzdəniraq yenidənqurma dövründə Heydər Əliyevin qarşılaşdığı bütün mürəkkəb vəkeşməkeşli vəziyyətlərdə, 20 Yanvar hadisələrində, Naxçıvanda baş verən proseslərdə, Yeni Azərbaycan Partiyasının yaradılmasında, 1993-cü ilin iyununda ölkə rəhbərliyinə gəldiyi ən çətin və taleyüklü məqamlarda daim onun yanında olub. Ulu öndərin memarı olduğu müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında, "Əsrin müqaviləsi”nin ərsəyə gəlib imzalanmasında, bu müqavilə ilə bağlı bütün beynəlxalq razılaşmaların əldə olunmasında, 1998-ci ildən sonra millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyətinin rəhbəri və bu qurumun vitse-prezidenti kimi ölkənin beynəlxalq imicinin formalaşmasında, Azərbaycanla AŞ PA, Avropa İttifaqı və Avropa ölkələri arasında ikitərəfli və çoxtərəfli münasibətlərin formalaşmasında və inkişafında, informasiya blokadasında olan Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında və digər sahələrdə gördüyü böyük işlərdən, göstərdiyi müstəsna xidmətlərdən irəli gəlirdi.

İlham Əliyevin 15 illik hakimiyyəti dövründə ölkəmizin əldə etdiyi sıçrayışlı inkişaf və tərəqqi ulu öndər Heydər Əliyevin neft strategiyasının və idarəetmə irsinin uğurlarından qaynaqlanmaqla, Azərbaycanın yeni müstəqillik tarixində, sözün əsl mənasında, öz möhtəşəmliyinə görə yaddaşlara qızıl hərflərlə əbədi həkk olunan bir çox əlamətdar hadisələrin zənginliyi ilə seçilir. Ərazimizin 20 faizinin işğal altında olması, bir milyondan çox qaçqın və məcburi köçkünlərin mövcudluğu, əlverişsiz qlobal və regional siyasi-iqtisadi mühitin getdikcə mürəkkəbləşməsi şəraitində iqtisadi inkişafın sürətləndirilməsi, hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin yüksələn xətlə inkişaf etdirilməsi, milli mənəvi dəyərlərimizin zənginləşdirilməsi, milli ideologiyanın gücləndirilməsi, ölkəmizin tamamilə yeni statuslarda dünyaya təqdim olunması və beləliklə də müstəqilliyimizin dönməz surətdə möhkəmləndirilməsi bu dövrün misilsiz uğurları kimi dəyərlədirilməlidır.

Cəmiyyət həyatının əsasını - bazisini təşkil edən iqtisadiyyatımızın inkişafı sahəsində son 15 ildə əldə edilən mühüm uğurların sırasında ilkin kapital yığımının və bazariqtisadiyyatına keçid prosesinin tamamilə başa çatdırılmasını, ölkədə dinamik, davamlı, dayanıqlı və şaxələndirilmiş surətdə inkişaf edən, dünya iqtisadiyyatına rasional formada inteqrasiya olunan, rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşmasını, regionda geoiqtisadi güc səviyyəsinə yüksəlməsini və bu mövqeyini ildən-ilə daha da möhkəmlənməsini xüsusi olaraq qeyd etmək vacibdir.

Etiraf etmək lazımdır ki, İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdə Azərbaycanda iqtisadi və sosial inkişaf, əhalinin həyat səviyyəsi, vətəndaş həmrəyliyi baxımından ictimai-siyasi vəziyyət o qədər də əlverişli deyildi. Cəmiyyətdə hələ də mövcud olan radikal müxalifət xarici mənbələrdən dəstək alaraq öz dağıdıcı fəaliyyətini davam etdirirdi.Yenicə dirçəlməyə başlamış iqtisadiyyatımız hələ cəmiyyətdə mövcud olan iqtisadi və sosial problemləri tam həll etmək iqtidarında deyildi. Sosial-iqtisadi göstəricilərin əvvəlki 10 illikdə əhəmiyyətli dərəcədə artmasına baxmayaraq 2003-cü ildə ölkənin ÜDM-i cəmi 7,1 mlrd. manat, dövlət büdcəsinin həcmi 1,2 mlrd. manat təşkil edirdi (müqayisə üçün qeyd edək ki,1993-cü ildə ölkə üzrə bu göstəricilər müvafiq olaraq 31,4 mln. və 10,7 mln. manat həcmində idi). Yoxsulluğun səviyyəsi 44,7 faiz, işsizlik isə təqribən 10 faizə qədər təşkil edirdi. Ölkə iqtisadiyyatına 10 il ərzində 75 faizi xarici investisiya olmaqla ümumilikdə 16,8 mlrd. dollar həcmində investisiya qoyulmuşdu vəümumi investisiyaların 61 faizi, xarici investisiyaların isə 75 faizi neft sektoruna yönəldilmişdi. Eləcə də ölkəmizin ixrac gəlirlərinin 90 faizə qədəri neft sektoru hesabına formalaşmışdı. "Əsrin müqaviləsi”nin imzalanmasından doqquz il keçsə də, hələ neft hasilatı və ixracında elə bir ciddi irəliləyişə nail olunmamışdı (müvafiq olaraq son 15 ilin orta illik göstəricisindən 2,5 və 7,3 dəfə az), mövcud ixrac boru kəmərlərinin imkanları məhdudidi,dünya bazarında neftin qiymətinin cəmi 28 dollar təşkil etməsi səbəbindən neft müqavilələrindən ciddi məbləğdə gəlir əldə edilmirdi və nəticədə 2003-cü ildə təqribən 1,6 mlrd. dollar və ya indiki səviyyədən 28,7 dəfə az strateji valyuta ehtiyatımız mövcud idi ki, bu da ölkədə iqtisadi artım imkanlarını məhdudlaşdırırdı. Bütün bunlar, həm qeyri-neft sektorunda, həm də regionlarda iqtisadi fəallığın artırılması, regional və sahəvi inkişafın tarazlılığının təmin edilməsi, əhalinin məşğulluğunun və rifah səviyyəsinin yüksəldilməsi istiqamətində irimiqyaslı işlərin həyata keçirilməsinə lazımi imkanlar yaratmırdı.

Belə bir şəraitdə hakimiyyətə gələn İlham Əliyev qısa müddət ərzində Azərbaycanın iqtisadi inkişaf modelini tamamilə yeni fenomenal inkişaf trayektoriyasına çıxararaq daha da təkmilləşdirdi. Azərbaycanın təbii sərvəti olan neft-qaz faktorunu, sözün əsl mənasında, iqtisadi gücə çevirmək üçün ölkədə dünya standartlarına cavab verən maddi-texniki baza və infrastruktur formalaşdırdı, qara qızılın insan kapitalına çevrilməsi, regionlarda mövcud olan potensialın fəal surətdə iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində nəzərəçarpacaq irəliləyişlərə, bir çox sosial-iqtisadi sahələrin inkişafında yüksək göstəricilərə nail olundu.

İqtisadiyyatın diversifikasiyası və neftdən asılılığın azaldılması istiqamətində ardıcıl və sistemli şəkildə struktur və institusional islahatları özündə ehtiva edən bir sıra sosial-iqtisadi inkişaf proqramları və strateji sənədlərin qəbul edilməsi və reallaşdırılması ölkəmizin sosial-iqtisadi həyatında ciddi dönüş yaratdı.Bu sənədlər sırasında "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə 3 Dövlət Proqramı, "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya”, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişafKonsepsiyası, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, kənd təsərrüfatında kooperasiyanın, eləcə də ənənəvi kənd təsərrüfatı sahələrinin - üzümçülüyün, pambıqçılığın, çayçılığın, çəltikçiliyin, sitrus meyvəçiliyin, baramaçılıq və ipəkçiliyin və s. inkişafına dair dövlət proqramları iqtisadiyyatımızın hərtərəfli və sistemli inkişafında, milli iqtisadiyyat sahələrinin xarici faktorların dağıdıcı təsirlərindən qorunmasında müstəsna rol oynamaqla yanaşı, gələcək iqtisadi artım üçün geniş imkanlar və potensial formalaşdırdı.

 

İnstitusional və struktur islahatlarının faydası

 

Danılmaz faktdır ki, son 15 ildə uğurla həyata keçirilən neft strategiyası sayəsində əldə olunmuş gəlirlərdən düzgün istifadə edilməsi nəticəsində ölkə iqtisadiyyatının infrastrukturu əsaslı surətdə modernləşdirilmiş, qeyri-neft sahələrinin üstün inkişafı təmin edilmiş, dövlətin maliyyə aktivləri xeyli dərəcədə artmışdır. Lakin 2014-cü ildən başlayaraq dünya bazarında xam neftin qiymətlərinin kəskin surətdə azalması və ölkəmizin əsas ticarət tərəfdaşlarının milli valyutalarının devalvasiyaya uğramasının mənfi nəticələri Azərbaycan iqtisadiyyatından da yan keçmədi, manatın məzənnəsi aparıcı valyutalara nisbətdə xeyli ucuzlaşdı, ölkədə iqtisadi artım zəiflədi, tədiyə balansının profisiti əhəmiyyətli dərəcədə azaldı və qeyri-neft büdcə kəsiri isə yüksəldi. Bütün bunlar təbii ki, iqtisadi inkişaf modelində davamlı inkişafı təmin etmək məqsədi ilə yeni yanaşmaya keçidi, institusional və struktur islahatlarının dərinləşməsini obyektiv zərurətə çevirdi.

Bu kontekstdə Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş Milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin əhəmiyyəti xüsusi qeyd olunmalıdır.Cari, orta və uzunmüddətli dövrlər üzrə inkişaf hədəflərini və tədbirlər planını özündə ehtiva edən və elmi cəhətdən əsaslandırılan strateji yol xəritələrinin hazırlanması bir daha sübut edir ki, bu gün ölkədə düşünülmüş, ardıcıl, sistemli, koordinasiya edilən, riskləri qabaqcadan nəzərə alan və qiymətləndirən, çox ssenarili, nəticəyə əsaslanan effektiv iqtisadi siyasət həyata keçirilir. Strateji yol xəritələrində milli iqtisadiyyatın perspektivləri kontekstində dörd strateji hədəfin seçilməsi və 11 sektor üzrə strateji yol xəritələrinin həyata keçirilməsi nəticəsində real sektorla maliyyə sektoru arasında tarazlığın təmin edilməsi kimi qarşıya çox mühüm vəzifələr qoyulmuşdur. Başqa sözlə, fiskal və monetar siyasətlərin uzlaşdırılması, paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin artırılması və özəlləşdirmənin həyata keçirilməsi, insan kapitalının inkişafı ilə əmək bazarının inkişafını milli iqtisadiyyat perspektivinə uyğunlaşdırılması və biznes mühitinin daha da yaxşılaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin olunması nəzərdə tutulur.

Ölkəmizdə sürətli iqtisadi artım templərinin əldə olunması, yüz minlərlə yeni iş yerlərinin yaradılması, qeyri-neft sektoruna yönəldilən xarici investisiyaların həcminin artırılması, eləcə də bu sektorun ixrac potensialının yüksəldilməsi və bütövlükdə ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi və s. bu kimi hədəfləri özündə ehtiva edən strateji yol xəritələri milli iqtisadiyyatın rəqabət qabiliyyətinin, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək və Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini daha dagücləndirəcəkdir. Bütövlükdə, bu islahatlar neft hasilatından və neft qiymətlərindən asılı olmayaraq ölkəmizin kompleks inkişafını təmin edə bilən, neftdən kənar iqtisadiyyatın qurulması istiqamətində qısa zaman ərzində ciddi nəticələrin əldə olunmasına hədəflənmişdir.

Azərbaycanın iqtisadi və sosial inkişafında İlham Əliyev tərəfindən proqram-məqsədli yanaşmaya üstünlük verilməsi nəticəsində son 15 il ərzində qarşıya qoyulmuş vəzifələrinuğurla icra edilməsi üçün real zəmin yaranmış və yüksək templərlə artan makroiqtisadi göstəricilərə nail olunmuşdur. Belə ki, bu dövrdəümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə ÜDM 2,8 dəfə artmış və qeyri-neft sektorunun iqtisadiyyatda payı 62,8 faizə qədər yüksəlmişdir. Ölkəmizdə orta illik iqtisadi artım tempi dünyada ən yüksək nəticələrdən biri kimi qeydə alınmış və Azərbaycan dünyada iqtisadi və sosial cəhətdən ən sürətli inkişaf edən ölkə olmuşdur. Bütün bunların nəticəsində Dünya Bankının məlumatlarına əsasən, Azərbaycan ÜDM-in həcminə görə dünya ölkələri arasında 20 pillədən çox irəliləmiş və hazırda Cənubi Qafqaz iqtisadiyyatının 60 faizindən çoxunu təşkil edərək, regionda liderlik mövqeyini daha da gücləndirmişdir. Son 15 ildə adambaşına düşən ÜDM-in həcmində isə 2,7 dəfə real artıma nail olmuşdur ki, bu da Azərbaycanın dünya ölkələri arasında 29 pillə yüksəlməsinə səbəb olmuşdur. Nəticədə Dünya Bankı tərəfindən adambaşına düşən milli gəlirin həcminə görə dünya ölkələrinin təsnifatı sistemində Azərbaycanın mövqeyini aşağı gəlirli ölkələr qrupundanyuxarı-orta gəlirli ölkələr qrupuna yüksəltmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi və onun ixrac potensialının artırılması məqsədilə, istər qeyri-neft sənayesi, istər kənd təsərrüfatı, istərsə də xidmət sektorunda istehsalın və infrastruktur təminatının genişləndirilməsi və modernləşdirilməsi istiqamətində görülən işlər strateji əhəmiyyət kəsb edir. Xüsusilə, son dövrlərdə qəbul edilmiş dövlət proqramları çərçivəsində regionlarda - Sumqayıt, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Neftçala, Masallı və s. rayonlarda yaradılmış çoxlu sayda sənaye və texnoloji parkları, sənaye məhəllələrini və onların ərazisində fəaliyyət göstərən yeni istehsal müəssisələrini misal göstərmək olar ki, bütün bunlar da ölkənin iqtisadi potensialının və ixrac imkanlarının yüksəlməsinə xidmət edir. Biznes mühitinin yaxşılaşdırılması, inzibati prosedurların sadələşdirilməsi və şəffaflaşdırılması, fiskal siyasətin stimullaşdırıcı və motivasiya yaradan mexanizmlərindən maksimum istifadə edilməsi, vergi yükünün azaldılması və vergi güzəştlərinin genişləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin daha da gücləndirilməsi, sağlam rəqabət mühitinin təmin edilməsi, ixrac və investisiya fəaliyyətinin təşviqi, daxili bazarın qorunması istiqamətində tədbirlərin optimallaşdırılması və s. sahələrdə həyata keçirilən tədbirlər də əldə edilən nəticələrin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə şərait yaradır.

Bununla yanaşı, ölkə başçısının təşəbbüsü və xüsusi diqqəti sayəsində ənənəvi kənd təsərrüfatı sahələrinin genişləndirilməsi istiqamətində görülən tədbirlər aqrar sektorun ixrac potensialının nəzərəçarpacaq dərəcədə artırılmasınayönəldilmişdir. Ayrı-ayrı ərazilər üzrə istehsal olunan kənd təsərrüfatı məhsullarının əkin coğrafiyasının və istehsal olunan məhsulların strukturunun ölkənin təbii-iqlim və ənənəvi istehsal şəraitinə uyğun inkişaf etdirilməsi, iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması, istehsal kooperativlərinin və assosiasiyalarının təşkil edilməsi bu dövrdə kənd təsərrüfatının inkişafına yeni yanaşma kimi qiymətləndirilə bilər.

Eləcə də bütün mövcud infrastrukturların modernləşdirilməsi və genişləndirilməsi istiqamətində ciddi irəliləyişlər baş vermişdirYalnız son 15 ildə3500-dəkməktəb,642 tibb müəssisəsi tikilmiş və ya əsaslı təmir edilmişdir. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb” və digər sosial layihələr çərçivəsində yüzlərlə məktəb, məktəbəqədər təhsil müəssisələri, uşaq evləri, internat məktəbləri, tibb müəssisələri, mədəniyyət mərkəzləri və s. inşa edilmiş və ya yenidən qurulmuşdur. Yol, nəqliyyat və enerji infrastrukturlarının genişləndirilməsində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, bu dövr ərzində 15 min kilometr yol çəkilmiş, 443 körpü inşa olunmuş, 4 yeni metro stansiyası, 7 hava limanı, Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı kompleksi hesab edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, 30 elektrik stansiyası tikilib istifadəyə verilmiş, qaz təchizatı 51 faizdən 95 faizə qədər yüksəldilmişdir.Eyni zamanda, qəbul edilmiş strateji yol xəritələrinə əsasən ölkəmizdə qeyri-neft ixracının təşviq edilməsi və yeni ixrac bazarları hesabına genişləndirilməsi, idxaləvəzləyici istehsal sahələrinin inkişafı və yerli istehsalın idxal komponentlərindən asılılıq dərəcəsinin azaldılması, xarici investisiya və texnologiyaların cəlb edilməsini həvəsləndirən əlverişli investisiya mühitinin təmin edilməsi, ölkənin maliyyə sisteminin sağlamlaşdırılması və fiskal dayanıqlığının gücləndirilməsi, müasir dövrün tələblərinə cavab verən insan kapitalının inkişaf etdirilməsi istiqamətində görülən işlər ölkəmizin hələ uzun illər "sabitlik adası” kimi cəlbediciliyini artıracaqdır.

 

Özününtəminatın və "ikinci iqtisadiyyat”ın formalaşması

 

Digər mühüm nailiyyət Azərbaycanın özünü təmin edən iqtisadiyyata malik tam müstəqil dövlətə çevrilməsidir. Təbii ki, iqtisadi müstəqilliyi olmayan ölkə siyasi cəhətdən də müstəqil ola bilməz. Bu məsələni öz çıxışlarında tez-tez vurğulayaraq hər zaman diqqət mərkəzində saxlayan cənab İlham Əliyevin 15 illik fəaliyyəti dövründə ölkəmiz iqtisadi cəhətdən tam müstəqil ölkəyə çevrildi ki, bu bizim siyasi müstəqilliyimizi də möhkəmləndirdi.

Azərbaycan iqtisadiyyatı dünyada özünü təmin edən az saylı iqtisadiyyatlardan biri olaraq xarici kreditlərdən asılılığını tam olaraq aradan qaldıra bilmişdir. Başqa sözlə, hazırda ölkə iqtisadiyyatında nəzərdə tutulmuş hədəflərə müstəqil surətdə nail olmaq üçün kifayət qədər maliyyə resurslarına sahibik. Ölkəmizdə xarici borcun səviyyəsi beynəlxalq maliyyə təşkilatlarının müəyyən etdiyi təhlükəsizlik hədlərindən də xeyli aşağıdır. Ümumi daxili məhsula nisbəti cəmi 20 faiz təşkil edən xarici borcumuzdan 5 dəfə çox strateji valyuta ehtiyatlarımız mövcuddur ki, bu da dünyanın çox az sayda ölkəsində əldə edilən uğurlu nəticələrdən biridir.

Ölkəmizdə islahatların uğurla reallaşdırılması nəticəsində iri həcmdə strateji valyuta ehtiyatları formalaşmışdır. 2004-cü illə müqayisədə hazırda strateji valyuta ehtiyatları 25 dəfədən çox artaraq təqribən 46 milyard ABŞ dolları təşkil edir ki, bu da dünya iqtisadiyyatında davam edən mənfi trendlərin doğura biləcəyi riskləri azaltmağa və tam aradan qaldırmağa imkan yaratmaqla, gələcək inkişaf hədəflərinə uyğun olaraq iqtisadi inkişafın maliyyələşdirilməsi üçün mühüm amildir. Bununla yanaşı, son 15 ildə ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi müstəqillik illərində yatırılmış ümumi sərmayələrin 93 faizini təşkil etməklə 250 milyard ABŞ dollarına çatmışdır. Daxili və xarici investisiyaların paylarının təxminən bərabər olması və qeyri-neft sektoruna yönələn investisiyaların neft sektorunu xeyli üstələməsi milli maraqların yüksək səviyyədə təmin olunduğu tarazlı iqtisadiyyatın formalaşdırılmasına və inkişafına əhəmiyyətli töhfədir. Son 15 il ərzində aparılan uğurlu siyasət nəticəsində qürur hissi ilə deyə bilərik ki, bu gun Azərbaycan özünün iqtisadi, maliyyə, enerji, nəqliyyat, ərzaq, hərbi-strateji və digər sahələrdə təhlükəsizliyini təmin edən nadir ölkələrdən biridir.

Dövrün mühüm uğurlarından biri də Azərbaycan kapitalının transmilliləşməsi nəticəsində ölkəmizin qlobal geniş təkrar istehsal tsiklinə qoşularaq "ikinci iqtisadiyyatı”nı formalaşdırmaqla dünya gəlirlərindən pay əldə etmək imkanlarının yaradılmasıdir. Artıq Azərbaycan dünya iqtisadiyyatında resipiyent ölkədən donor ölkəyə, yəni investisiya qəbul edən ölkədən investisiya ixrac edən ölkəyə çevrilmiş, yaxın coğrafiyada iri, etibarlıinvestor ölkə kimi yeni status əldə etmişdir. Azərbaycan bu dövrdə Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, İran, Belarus, Moldova, İsveçrə və digər ölkələrin iqtisadiyyatlarına bütövlükdə 17 mlrd. dollardan çox sərmayə qoyuluşu həyata keçirmişdir. Yaxın qonşu və dost ölkələr olan Türkiyə və Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyaların həcminə görə ölkəmiz lider investor mövqeyinə sahibdir. Xüsusilə qeyd etmək lazımdır ki, "G 20” ölkəsi olan və iqtisadiyyatının ölçüsünə görə dünyada 17-ci yerdə qərarlaşan qardaş Türkiyə ilə investisiya əməkdaşlığı daha yüksək səviyyədə inkişaf etmişdir və 2020-ci ilədək Azərbaycanın qardaş ölkənin iqtisadiyyatına yatıracağı investisiyanın həcminin 20 milyard dollara çatdırılması planlaşdırılmışdır. Bu istiqamətdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) irimiqyaslı transmilli fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Buna konkret misal olaraq 2008-ci ildə Türkiyənin ilk və yeganə neft-kimya müəssisəsi olan "PetkimHoldinq”in özəlləşdirilməsi zamanı SOCAR-ın 2,04 mlrd. dollar həcmində vəsait qoyuluşu ilə şirkətin səhmlərinin 51 faizinə sahib olmasınıgöstərmək olar. İllik istehsal gücü 3,6 milyon ton olan,60 növdə məhsul istehsal edən və bu məhsulları 50-dən çox ölkəyə ixrac edən "Petkim Holdinq” hazırda Türkiyənin neft-kimya məhsullarına olan tələbatının 20 faizini təmin edir. Bundan əlavə, SOCAR tərəfindən Türkiyədə inşa edilmiş "Star” neft emalı zavodu Azərbaycan tarixində xarici ölkə iqtisadiyyatına ən böyük həcmdə sərmayə qoyuluşu layihəsi hesab olunur. Ümumi neft emalı gücü 10 milyon ton təşkil edən "Star” zavodunun tikilməsinəSOCAR tərəfindən 6,3 milyard dollar həcmində investisiya qoyulmuşdur. Layihənin həyata keçirilmə müddətində 19500 işçi çalışmış və zavod işə başladığı andan 1100 yeni iş yeri yaradılmışdır. İlkin hesablamalara görə, neftin qiymətindən asılı olaraq "Star”ın ticarət həcmi hər il 6-8 milyard dollar təşkil edəcəkdir. Bütün bunlar, Azərbaycanın "ikinci iqtisadiyyatı”nın yaradılması istiqamətində önəmli addımlar olmaqla yanaşı, müasir beynəlxalq iqtisadi münasibətlər sistemində "nümayiş effekti” və "miqyas effekti” yaradan mühüm iqtisadi amil olaraq ölkəmizin dünya bazarındakı mövqelərini daha da gücləndirir.

 

(Ardı var)

 

Şəmsəddin HACIYEV,

 

Milli Məclisin deputatı,

 

YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2018.- 9 dekabr.- S. 1; 2.