Zəhmətin bal kimi bəhrəsi
Son 9 ildə Azərbaycanda arı ailələrinin
sayı 1.9, bal istehsalı isə 2.2 dəfə
artıb
Aqrar sektorda keçirilən islahatların əsas məqsədi kənd təsərrüfatının bütün sahələrinin inkişafına nail olmaqdır. Amma kənd təsərrüfatı sahələri genişdir və hər bir sahə özü də bir neçə yerə bölünür. Təkcə heyvandarlıqda və əkinçilikdə neçə sahə var, hamısı da bir-birindən vacib.
Bu həm də o deməkdir ki, aqrar sektorda hər bir sahənin inkişafında dövlət dəstəyinə ehtiyac var. Belə sahələrdən biri də arıçılıqdır.
Azərbaycanda arıçılığın tarixi qədimdir. Üstəlik hələ qədimlərdən bizdə olan arı növləri istehsal etdiyi məhsulun keyfiyyətinə görə də fərqlənib. Buna görə də ötən əsrin əvvəllərində Azərbaycanda yetişən arı növləri Amerikaya aparılıb.
Məlumat üçün bildirək ki, hazırda Amerika dünyada bal istehsalına görə liderdir. İndi kim inkar edə bilər ki, ABŞ-ın bu liderliyində Azərbaycanın payı yoxdur.
Ölkədə arıçılığı inkişaf etdirmək məqsədilə dövlət başçısı tərəfindən cari il martın 5-də "Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” sərəncam imzalanıb. Sahənin inkişafına dövlət dəstəyini təmin edən bu sərəncamı arıçılıqda yeni bir dönəmin başlanması kimi qəbul etmək olar. Belə ki, sərəncama uyğun olaraq Nazirlər Kabineti "Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nı təsdiq edib. Bu qaydaya əsasən, arıçılar hər il saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya alacaq. Qərar bu il də daxil olmaqla 5 il müddətində qüvvədə olacaq.
Yeri gəlmişkən bildirək ki, bu günlər arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. İclasda 11 rayon komissiyasından daxil olan sənədlərə baxılıb, 1249 arıçıya saxladıqları 31565 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 315 min 650 manat məbləğində subsidiya verilməsi barədə qərar qəbul edilib.
Ölkəmiz arıçılığın inkişafı ilə bağlı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə də əməkdaşlıq edir. Bu çərçivədə keçirilən Azərbaycanda Arıçılıq Sahəsində Məhsuldarlığın Artırılması Vasitəsilə Kənd Əhalisinin Yaşayışının Yaxşılaşdırılması layihəsi həm iqtisadi, həm də sosial xarakter daşıyır. Layihənin məqsədi ölkəmizdə Qafqaz bal arılarının məhsuldarlığının artırılması ilə kənd əhalisinin yaşayış imkanlarının yaxşılaşdırılmasıdır. Dəyəri 200 min dollar olan layihə çərçivəsində türkiyəli mütəxəssislər yerli arıçılara onların müvafiq biliklərinin artırılması, ana arıların seçilməsi, istehsalı və marketinq üzrə təlimlər keçirlər. Eyni zamanda arıçılıqda son dövrlər qazanılan elmi nəticələrlə, texnika və texnologiya ilə yerli arıçıları maarifləndirməklə onların peşəkarlığını artırırlar.
Arı məhsullarından qida və dərman vasitələri kimi də istifadə edilir. Hazırda dünyada təmiz bal və digər arı məhsullarına tələbat böyükdür. Odur ki, ölkəmizdə arıçılığın inkişafı daxili tələbatı ödəməklə yanaşı, ixraca da hesablanıb. Keçən il 54,8 min dollar dəyərində 6,5 ton bal 5 ölkəyə ixrac edilib ki, onun da 93,8 faizi Yaponiyanın payına düşüb. Göründüyü kimi, Yaponiya bazarında Azərbaycanın arıçılıq məhsullarına tələbat böyükdür. Bu üzdən gündoğan ölkənin bazarı müştəri sarıdan arıçılarımız üçün yaxşı fürsətdir.
Dövlət Statistika Komitəsi tərəfindən verilən son məlumata görə, ötən il 21165 təsərrüfatda mövcud olan 271,2 min arı ailəsindən 3043,1 ton bal, 90,2 ton mum, 11,2 ton vərəmum, 8,1 ton güləm və 281,7 kiloqram arı südü əldə olunub. Ötən il 1 kiloqram balın orta satış qiyməti 23,7, mumun orta satış qiyməti 11,5, vərəmumun orta satış qiyməti 116,7, güləmin orta satış qiyməti 56,7, arı südünün 1 qramının orta satış qiyməti isə 4,9 manat olub.
"Arıçılıq haqqında” qanunun qəbulundan keçən 9 il ərzində arıçılıq təsərrüfatları üçün dövlət tərəfindən güzəştli kreditlərin ayrılması, arıçılıq üzrə damazlıq təsərrüfatlarının yaradılması, arıçılıq məhsullarının qablaşdırılması və satışa çıxarılması sahəsində çox iş görülüb. Bu qanunun qəbulundan ötən 9 il ərzində arı ailələrinin sayı 1,9, bal istehsalı 2,2 dəfə artıb, arıçılıqla məşğul olan bir təsərrüfata düşən arı ailəsinin sayı 11,1-dən 12,8-ə çatıb.
Arıçılığa dəstək məqsədilə Bakı şəhərində hər il satış-sərgi yarmarkası keçirilir. Cari il keçirilən satış-sərgi yarmarkasında 371 sahibkardan 150 ton süzmə bal daxil olmuşdu. Onların 5 tonu çərçivə halında idi. Yarmarkaya ən çox arı məhsulları Astara və Aran rayonlarından gətirilmişdi.
Rüstəm KAMAL
Azərbaycan.- 2018.- 9 dekabr.- S. 1; 3.