Virtual ensiklopediya
Vikipediya qlobal məlumat bazasına və
sosial şəbəkəyə çevrilib
Daim yeni məlumat axtarışındayıq. Ancaq müraciət
etdiyimiz mənbənin də mötəbərliyi mütləqdir.
Ona görə də bütün dünyada
insanların ilkin mənbə olaraq müraciət etdiyi
vikipediyanın mövqeləri daha da möhkəmləndirilir.
Vikipediya istənilən mövzuda müzakirə
aparmaq, bildiklərini paylaşmaq, məsləhət almaq,
yeniliklərdən xəbərdar olmaq və milyonlarla
insanın yaradıcılığını izləmək,
yaşadığın ölkəni tanıtmaq
üçün asan vasitədir. Ən əsası
isə artıq internetin ən böyük mənbə və
məlumat bazasına çevrilir.
Cəld və bildiyimiz qədər...
Dünyanın 300-ə yaxın dilində yayımlanan
vikipediya virtual, açıq ensiklopediyadır. Könüllülər
tərəfindən zənginləşdirilən bu resursa
dünyada internetə çıxışı olan hər bir
kəs daxil olaraq səhifələrdə dəyişiklik
apara bilər. Vikipediya yalnız bilik mənbəyi
deyil, həm də nəhəng sosial şəbəkədir.
Və beləliklə, dünyada yeni bir cəmiyyətin
- vikicəmiyyətin yaranmasına təkan verib.
Vikipediyanın yaradıcıları Cimmi Ueyls və Larri
Sanger biliklərini paylaşmaq istəyən insanların birgə
təşəbbüsü ilə dünyanın ən
dolğun internet ensiklopediyasını yaratmaq qərarına gəlirlər. 2001-ci ilin
yanvar aynın 10-da vikipediyanın ilk bölməsi işıq
üzü görür. Bundan 5 gün sonra
vikipediya müstəqil sayt kimi fəaliyyətə
başlayır.
Qısa müddətdə dünyanın ən məşhur
25 internet saytı sırasına daxil olan vikipediya 100-dən
çox dildə olan "Vikimedia Fondu” tərəfindən
yaradılmış onlayn ensiklopediyadır. Onun əsas tələbi
yazılan məqalələr və əlavə edilən məlumatların
qərəzsiz olmasıdır.
Vikipediya
sözünün mahiyyəti barədə bir neçə
versiya var. Bəzi iddialara görə, havaylıların dilində
"wiki” (wihiwihi) sözü "tez”, "cəld” mənasını
verir. Bəziləri isə deyir ki, "wiki” sözü
"What I Know Is..” ifadəsinin baş hərfləridir.
Mənası "bildiyim qədər” deməkdir.
300-ə yaxın dil qrupu arasında
Azərbaycan Vikipediyası 52-cidir
Azərbaycanca vikipediya 2004-cü ildən etibarən fəaliyyət
göstərir və artıq 140.093 məqalə dərc edib.
Bəs Azərbaycan vikipediyası necə zənginləşdirilir? Bu işlə
kimlər məşğuldur? Bizi
maraqlandıran bu və ya digər suallara cavab tapmaq
üçün Azərbaycan vikipediyasının "qərargah”ı
olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasına yollandıq.
Gün ərzində
vikipediyanın Azərbaycan bölməsində 60-a yaxın məqalə
hazırlanıb yerləşdirildiyini deyən Milli Elmlər
Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK)
Sərbəst elektron resursları şöbəsinin müdiri
Elnur Eltürk bildirir ki, iş fəaliyyətlərinin əsası
Azərbaycan dilində olan materialları zənginləşdirməkdir.
İşçi
heyətinin bütünlüklə vikipediyanın milli
versiyasının inkişafı üçün
çalışdığını diqqətə
çatdıran Elnur Eltürkün sözlərinə görə,
Azərbaycan bölməsində fəaliyyət göstərən
idarəçilər, istifadəçilər tərəfindən
istər azərbaycanca vikipediyada, istərsə də digər
dillərdə olan bu resursda ölkəmizlə bağlı
maraqlı məqalələr hazırlanır: "Gündəlik
olaraq bir çox sahələri əhatə edən məqalələr
yazılır, yarımçıq məqalələr redaktə
edilir, ingilis-rus dillərindən Azərbaycan dilinə məqalələr
tərcümə edilir. Vikipediyanın 300-dən
artıq dil qrupu var ki, Azərbaycan bölməsi hazırda məqalələrin
sayına görə bu siyahıda 52-ci yerdədir və bu,
böyük uğur sayılır. AMEA MEK
Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən
xaricidilli vikipediyalarda məqalələrin yaradılması
prosesi sürətlə davam edir. Onlarla məqalə
tərcümə olunaraq vikipediyalara yerləşdirilir”.
İstənilən şəxs
vikipediyada məqalə yerləşdirə bilər
Elnur Eltürk qeyd edir ki, Azərbaycan Vikipediyasına
öz töhfəsini vermək arzusunda olanlara da təlimlər
keçilir.
AMEA-nın müxtəlif institutlarının əməkdaşları,
ali təhsil müəssisələrinin tələbələri,
QHT təşkilatlarının nümayəndələri
üçün təlimlər təşkil olunur. Onlar da
burada öyrəndiklərini tətbiq edərək maraq dairələrinə
uyğun məqalələr hazırlaya bilərlər:
"Bu gün Azərbaycan Vikipediyasında böyük
işlər görülür. AMEA Mərkəzi Elmi
Kitabxanasında vikipediyanın şərtləri və prinsipləri,
həmçinin məqalə yaradılması ilə
bağlı təlimlər keçilir. 2015-ci
ildən etibarən 40-dan çox təlim keçilib. Sonda onlara sertifikatlar verilir. Təlim
iştirakçıları sistemli şəkildə məqalələr
hazırlayırlar, yarımçıq materialları redaktə
edib genişləndirirlər. Fəaliyyətlərini
daim izləyirik. İstənilən şəxs
vikipediya üçün məqalə hazırlaya bilər.
Burada əsas şərt məqalənin
ensiklopedik olmasıdır. Əgər məqalə
şərtlərə cavab vermirsə, müzakirəyə
çıxarılır və səsvermə yolu ilə
silinir”.
Mənbə mötəbər
olmalıdır
Mərkəzi Elmi Kitabxananın Sərbəst elektron
resursları şöbəsinin təlimlər üzrə
bölmə rəhbəri Günay Məmmədova isə
bildirir ki, məqalə yaradarkən istinad etdikləri əsas
mənbə ensiklopediyadır. Bundan başqa, rəsmi
qəzet, sayt, kitab, jurnal, akademik kitablardan da mənbə kimi
istifadə edilir.
Günay Məmmədova deyir ki, hər şəxs haqqında
vikipediyada məqalə yerləşdirilə bilməz. O, müəyyən şərtləri
ödəməli və ən əsası, ensiklopedik şəxs
olmalıdır: "Ən başlıcası, həmin şəxsin
tanınmış olmasına diqqət edirik. Alimdirsə,
elmi dərəcəsi, məqalələri, kitabları
olmalıdır. Xalq arasında, beynəlxalq
aləmdə tanınmış olmalıdır. Onunla bağlı məlumatları toplayarkən
sağdırsa, lazımi məlumatları özündən
soruşuruq, həyatda deyilsə, kitablardan, haqqında
çıxan materiallardan, bəzən gərəkdirsə,
ailə üzvlərindən toplayırıq. Məqaləni yerləşdirdikdən sonra onun fəaliyyətini
izləməliyik ki, yeni bir məlumat olduğu halda məqaləyə
düzəliş edək. Dünyasını
dəyişərsə, ölümü barədə
informasiya yayılarsa, dəqiqləşdirib biz də məqaləyə
əlavə edirik”.
Məqalələrə necə
nəzarət edilir?
Bəzən məqalələrə qərəzli
müdaxilələr edildiyini vurğulayan Günay Məmmədova
deyir ki, belə halda 16 nəfərdən ibarət idarə heyəti
tərəfindən məsələ müzakirəyə
çıxarılır, aydınlaşdırılır. Düzəlişin
istinad edildiyi doğru mənbə tapılarsa, redaktə
saxlanılır, əks halda isə düzəliş silinir.
Əgər vandalizm törədilibsə, o halda
həmin material mühafizəyə alınır. Yəni bundan sonra ancaq məqalənin müəllifi
və idarə heyətinin üzvləri həmin məqaləyə
daxil olub redaktə edə bilər.
Vikipediyanın prinsiplərini sadalayan Günay Məmmədova
deyir ki, burada məqalə hazırlayarkən obyektiv olmaq
lazımdır. Digər prinsip isə məqalənin vikiləşdirilməsidir.
Həmçinin istinadlara diqqət yetirilməlidir.
Mövzular maraq dairəsinə
uyğun seçilir
Azərbaycanın Milli qəhrəmanları haqqında
ingilisdilli vikipediyada məqalələrin yaradılması
prosesi də davam edir. Bu işdə Sərbəst elektron
resursları şöbəsinin əməkdaşı olan Jalə
Babazadənin böyük töhfəsi var.
İş
prosesi, gördüyü işlə bağlı məlumat verən
Jalə indiyə qədər ingilisdilli vikipediyada Əliyar
Əliyev, Səfiyar Behbudov, Şikar Şikarov, Raquf Orucov, Fərid
Əhmədov və digər azərbaycanlı qəhrəmanlar
haqda 37 məqalə hazırlayıb. Onun
sözlərinə görə, bu fəaliyyət artıq daha
intensivliklə davam edəcək.
Jalə deyir ki, bəzən ermənilər Dağlıq
Qarabağ münaqişəsinə dair ingilisdilli vikipediyada
yerləşdirilən məqalələrə müdaxilə
də edirlər.
"Yanlış məlumatların
qarşısını almağa çalışırıq”
Gülarə Səbzəliyeva isə əsasən ədəbiyyat
sahəsində məqalələr hazırlayır. Mövzuları
maraq dairəsinə uyğun seçir. Hazırda
Azərbaycanda XX əsr repressiya qurbanı olan şəxslər
haqda məqalələrin redaktəsi ilə məşğuldur.
Fərqli mənbələrdən istifadə edərək
mövcud məqalələri daha da dolğun vəziyyətə
gətirir. Gülarə deyir ki, vikipediya nə
qədər açıq ensiklopediya olsa da, müəyyən
qaydaları var və o qaydalar pozulduğu halda xəbərdarlıq
edilir. Xəbərdarlığa əməl edilmədikdə
isə həmin istifadəçi sistemdən
çıxarılıb bloka atılır: "Məqsədimiz
bizi oxuyanların düzgün məlumatlanmasıdır. Yanlış məlumatların
qarşısını almağa çalışırıq.
İşimiz buna görə daha məsuliyyətlidir”.
Məqalə yazarkən bir neçə
kitabdan mənbə kimi istifadə edilir
Təlimçi Sura Məmmədova məqalələri
redaktə etməklə məşğuldur. Dediyinə
görə, işinin maraqlı tərəfi odur ki, həm
özü öyrənir, həm də oxucuları məlumatlandırır.
Məqalə hazırlayarkən bir neçə kitabdan mənbə
kimi istifadə edir: "Yaxşı məqalə
hazırlanması bir neçə gün çəkir. Mənbələrin əldə olunması, onu
araşdırmaq, istifadə etmək çox vaxt tələb
edir. Daha çox filologiya, siyasətçilər,
aktyorlar haqqında məqalələr yazıram. Geniş məqalə olanda bir ay ərzində 30-35,
kiçik ölçüdə olanda isə 50-ə qədər
məqalə hazırlayıram”.
Azərbaycana dair məqalələr
müxtəlif dillərə tərcümə edilir
Bakı
Dövlət Universitetinin Hüquq fakültəsi üzrə
magistr təhsili alan Firuzə Nəsibli elə
öz sahəsinə uyğun da məqalələr
hazırlamaqla məşğuldur. Azərbaycandilli
vikipediyada hüquqla bağlı məqalələrin məhdud
olduğunu deyən Firuzə təxminən 100-ə yaxın məqalə
hazırlayıb.
Səbinə Abizadə və Nuray Tanrıverdiyeva da Azərbaycanı
rus və ingilisdilli vikipediyalarda təbliğ etməyə
çalışır. Səbinə əsasən tarix,
coğrafiya mövzularında məqalələr yazır.
Nuray isə Azərbaycana dair məqalələri
rusdilli vikipediyada yerləşdirir. Bununla
yanaşı, yüzlərlə məqalədə dəyişikliklər
edib zənginləşdirməklə məşğuldur.
Mahirə Niftullayeva isə Azərbaycan və dünya
tarixinə dair müxtəlif məqalələr
hazırlayıb. Hazırda isə Macarıstan tarixi ilə
bağlı məqalələrin həm yaradılması, həm
də redaktəsi ilə məşğuldur. Fəaliyyəti dövründə tarixi şəxsiyyətlər,
tarixi hadisələr, dövlət adamları, o cümlədən
incəsənət xadimləri ilə bağlı 30-a
yaxın məqalə hazırlayıb. Məqsədi
Macarıstanla bağlı məqalələrin sayını
daha da artırmaqdır.
Qulamhüseyn Məmmədov işə qəbul
olunduğu müddətdən indiyədək 600-ə
yaxın tarixi məqalə yazıb, redaktə edib. Xüsusən
Azərbaycan tarixinə dair məqalələr yaradıb.
Dediyinə görə, təkcə Azərbaycan
Xalq Cümhuriyyəti mövzusunda 150 məqaləsi var. 10 məqaləni
isə əsaslı formada redaktə edib. Bundan
başqa, Qarabağın qədim dövr tarixi ilə
bağlı müxtəlif məqalələr hazırlamaqla
da məşğuldur.
Vikipediya artıq gündəlik müraciət etdiyimiz, məlumat aldığımız, biliyimizi zənginləşdirdiyimiz qlobal şəbəkəyə çevrilib. Bu ümumdünya informasiya bazasının təkmilləşdirilməsində, orada Azərbaycanın mövqeyinin möhkəmləndirilməsində isə hamımız iştirak edə bilərik. Vikipediya bu imkanı bizə verir.
Fərizə
ƏHMƏDOVA
Azərbaycan.- 2018.- 9 dekabr.- S. 1; 5.