Fitnələrlə döyüşən qələmlər

 

Dövrün aktual problemləri "Azərbaycan”ın səhifələrində dolğun əks olunurdu

 

Həqiqətin özü, yaxud "bizləri istəməyənlərin qara oyunları”

 

Ümumiyyətlə, Azərbaycanda ordu quruculuğu işinin gücləndirilməsi, ölkənin müdafiə potensialının artırılması Üzeyir bəyin məqalələrində ana xətt kimi keçir: "Biz hər halda özümüzü qorumalıyıq və hüdudumuzu öylə möhkəm vəziyyətə salmalıyıq ki, hər dəli, qudurmuş soxulub bildiyini, istədiyini yapa bilməsin. Ümumi əhalimizin baxüsus hüdud və yaxınlığında olanların müdafiə və mühafizəsi üçün əlimizdə vasitələr lazımdır ki, hərəkətcə sürətə və fəaliyyətcə də qüvvətə malik olmaqla xalqımızı mütməinülqəlb etsin” ("Azərbaycan”, 15 dekabr 1918, ¹ 65). Bu, xalqın müdafiəsinin möhkəmləndirilməsi ilə bağlı hökumət qarşısında qoyulan tələb idi.

Üzeyir Hacıbəylinin "Azərbaycan” qəzetində dərc edilmiş məqalələri beynəlxalq aləmin Azərbaycanın istiqlalına münasibəti, ölkəmizin Xəzərdə iştirakı, cümhuriyyət hökumətinə müxalif qüvvələrin qeyri-konstruktiv davranışları və s. bu kimi mövzuları da əhatə edir. Yada salaq ki, cümhuriyyət dövründə xarici qüvvələrə bağlı ayrı-ayrı təxribatçı ünsürlər 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə istinad edərək Azərbaycanın Xəzərdə ticarət və hərbi gəmilər saxlamasına əngəl olmağa çalışırdılar. Üzeyir bəy isə "Azərbaycan” qəzetindəki "Əsassız tələb” ("Azərbaycan”, 30 oktyabr 1919, ¹ 309) adlı məqaləsi ilə bu iddianın tam yersiz olduğunu tutarlı dəlillərlə isbata yetirir və xüsusi vurğulayırdı ki, Azərbaycan üçün dəniz məsələsi can məsələsidir: "Bu məsələyə əl vurmaq Azərbaycanın canına toxunmaqdır. Azərbaycan dənizdə hərbi gəmilər saxlamaqla heç kəsi qorxutmaq və heç bir kəsin yerinə təcavüz etmək fikrində deyildir. Onun fikri özünü xarici imperialist və qasiblər tərəfindən müdafiəyə hazır bir halda durmaqdır. Azərbaycanın özgələr yerinə göz dikdiyini heç kəs xəyalına böylə gətirməz. Halbuki özgələrin Azərbaycan torpağı haqqındakı təcavüzkaranə fikri cümləcə məlumdur. Böylə olduğu sırada özünü qurudan mühafizə etmək Azərbaycana borc olduğu kimi, dəniz tərəfindən dəxi müdafiə və mühafizə yolunu əlində saxlamağa var qüvvəsilə səy və qeyrət edəcəkdir”.

Bu böyük yazar Azərbaycan Xalq Cümhuriyyətinə münasibətdə bəzi ölkələrin ikili siyasətinə də toxunur. Qəzetin 16 oktyabr 1919-cu il tarixli 298-ci nömrəsində işıq üzü görmüş "İki siyasət” adlı məqaləsində istiqlalımızı tanımış İngiltərə hökumətinin düzgün siyasətini təqdir etməklə yanaşı, Fransanın Azərbaycan və Gürcüstanın müstəqilliyini tanımamasını Birinci Dünya müharibəsində böyük sarsıntılar yaşamış bu ölkənin əsəbi siyasət yürütməsi ilə əlaqələndirir. Qeyd edir ki, ingilislər öz məqsədyönlü siyasətləri sayəsində Qafqazda, İranda, Türkiyədə böyük nüfuz qazanmaqda ikən Fransanın tutduğu yanlış mövqe həmin bölgədə təəccüb doğurur. Belə bir "yanaşmadan əsas itirən tərəf isə yenə də Fransanın özüdür”.

Üzeyir Hacıbəylinin müstəqilliyimizi istəməyən xarici qüvvələr tərəfindən Azərbaycanın Muğan bölgəsində törədilən separatçı əməllər, milli komitələr, sosialist firqələri, fəhlə ittifaqları adı altında pərdələnmiş, müasir dillə desək, "5-ci kolon” üzvlərinin milli dövlətçiliyimizə qarşı təxribat əməlləri, AXC hökumətinin gördüyü işləri hər vəchlə gözdən salma cəhdləri barədə fikirləri də son dərəcə maraqlıdır.

O, "Azərbaycan” qəzetində işıq üzü görmüş "Yersiz çıxış” ("Azərbaycan”, 3 sentyabr 1919, ¹ 267) adlı məqaləsində cümhuriyyətin qısa müddətdə gördüyü işləri ümumiləşdirir. Sosialistyönümlü siyasilərin milli hökumətə qarşı qərəzli çıxışlarını nəzərdən keçirir. Yazır ki, qısa müddətdə Qarabağ məsələsini xalqın arzusuna uyğun həll edən, Lənkəran bölgəsini qan tökmədən, heç bir qurban vermədən yabançılar cəngindən qurtaran, Qafqazın digər yerlərindəki islam ümmətinə imkan daxilində əl tutan, ordu quruculuğunu uğurla həyata keçirən, məmləkəti zülmkar və rüşvətxor məmurlardan təmizləməkdə olan, paytaxtda universitet açan, kasıblara 3-4 manata çörək yedirdən, hər yerdə asayişi, əmin-amanlığı bərpa edən, Azərbaycanın bütün insaf sahiblərini rahatlıq və asudəliyə çağıran, xalqın rifahı üçün səmimi-qəlbdən, istirahət nə olduğunu bilmədən çalışan hökuməti və onun rəhbərini bacarıqsızlıqda ittiham etmək ya ağıl və insafdan xali olmaqdır, ya da başqa bir məqsəd güdməkdir.

 

Məkrli siyasət

 

Bütün dövrlərdə həyatı və yaradıcılığı, ədəbi irsi daim insanların diqqət mərkəzində olan görkəmli yazarlardan biri də Yusif Vəzir Çəmənzəminlidir. Onun yaradıcılığında erməni məsələsi hər zaman aktual mövzulardan olub.

Yusif Vəzir heç vaxt siyasətçi olmaq istəməyib. Lakin yollar onu bu axara qovuşdurub. Mübahisələr, keşməkeşli hadisələr, çətinliklər, bəzən hətta böhtan və qalmaqallar gənc yaşlarından Yusifin yaradıcılığını da addımbaaddım, qarabaqara izləyib.

1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyətinin yaradılması ərəfəsində Y.V.Çəmənzəminli Kiyevdən Bakıya dönür. "Azərbaycan” qəzetində "Xarici siyasətimiz”, "Milli və mədəni işlərimiz”, "Beynəlxalq əlaqələr” rubrikaları ilə silsilə məqalələr çap etdirməyə başlayır. Artıq həm siyasətçi, həm diplomat, həm də ölkədə gedən proseslərə aydın qiymət verən yazar kimi formalaşan ədib hökumətin ilk yığıncaqlarından birində Türkiyədə Azərbaycan səfirliyinin yaradılması təşəbbüsü ilə çıxış edir. 1919-cu ildə Türkiyədə Azərbaycan səfirliyi yaradılır və Çəmənzəminli oraya səfir göndərilir. İstanbulda diplomatik fəaliyyəti ilə yanaşı, Yusif Vəzir ədəbi yaradıcılıqla da məşğul olur, kitablarını nəşr etdirir.

Y.V.Çəmənzəminli elə sənətkarlardan idi ki, qismətinə üç dövrdə - çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və sovetlər imperiyası illərində yaşamaq düşmüşdü. Bu dövrlərdə ermənilər tərəfindən törədilən qırğınları izlədiyi, digər tərəfdən bir müddət xarici işlər idarəsində çalışdığı, səfir kimi fəaliyyət göstərdiyi vaxtlarda müxtəlif ölkələrin diplomatik nümayəndələri ilə danışıqlar aparan rəsmi şəxs olduğu üçün bu bədnam millətin azərbaycanlılara, ümumiyyətlə, türklərə qarşı yeritdiyi məkrli siyasətdən çox yaxşı xəbərdar idi. Xüsusilə "Azərbaycan” qəzetində çıxan "Ermənistan və biz”, "Əfkari-ümumiyyə”, "On beş gün Ermənistanda”, "Bolşevik qurğusu”, "Elçilər göndərilməlidir”, "Qüvvəli istiqlal”, "Denikin qurğusu” və s. məqalələrində, "Biz kimik və istədiyimiz nədir” kitabında, "Studentlər” və "Qan içində” romanlarında bəhs etmiş, yeni fikirlər irəli sürmüşdür. Həmin fikirlər bu gün də aktuallığı ilə seçilən tarixi faktlar kimi qiymətləndirilir.

Yusif Vəzir "Əfkari-ümumiyyə”də ("Azərbaycan”, 9 iyul 1919, ¹ 220) yazırdı: "Hankı millət yaşamaq istərsə, öz dərdini söyləməlidir, səsini çıxarmalıdır. Səsini çıxarmağı bilməyən bir millət həmişə əzilər. Səs vasitəsi də qəzetlər və məcmuələrdir. Qonşularımızdan bağırmaları ilə məşhur olanı ermənidir. Bu millət dərdini və tələblərini bildirməkdə böyük istedad sahibidir. Dünyada elə bir qəzetə yoxdur ki, "erməni məsələsi”ni yazmasın. Bundan başqa, özlərinə məxsus bir çox qəzetə və məcmuələri var. Müharibə əsnasında Moskvada rus dilində "Armyanski vestnik” məcmuəsi verilirdi. Bu məcmuə başdan-başa erməniliyi təqdir və tərvic (işə salma) etmək ilə məşğul idi. Məcmuənin fikri ermənini ən mədəni bir millət şəklində Avropaya tanıtmaq idi. Odessada dəxi eyni fikirdə bir qəzetə çıxırdı. Bu gün İstanbulda ermənilərin fransızca qəzetələri var. Tələblərini Avropanın qulağına söyləməkdən çəkinmirlər. Göründüyü kimi, milçəyi fil boyda edən ermənilər hər sahədə özlərinin üstün olmalarına çalışırlar. Bəzən yalanı elə həqiqət kimi qələmə verirlər ki, kənardan baxan bunu gerçək kimi görür”. Yusif Vəzir 1919-cu ildə yazdığı bu məqalədə ermənilərin milli məsələ ilə bağlı 900 əsər çap etdirdiklərini bildirir və yazının son abzasında göstərir ki, "bütün müsəlman aləmində əfkari-ümumiyyənin rəğbətini qazanmaq üçün az çalışılır. Onun üçün dərdlərimiz kimsəyə bəlli olmur və biz ilə maraqlanan az olur... Siyasi adamlar məmləkətdən xəbərsiz olduqda, biz ermənilərdən də çox çalışmalıyıq ki, özümüzü tanıdaq”.

Çəmənzəminli "Ermənistan və biz” ("Azərbaycan”, 13 iyul 1919, ¹ 223) məqaləsində ermənilərin böyük iddiaları barədə söhbət açır. Yazıda oxuyuruq: "Böyük Ermənistan” xəritəsini gördüm. Üç dəniz arasında təşəkkül edəcək imiş. Ağ, Qara və Xəzər dənizləri arasında xəritədə Gəncə, Lənkəran, Salyan, Təbriz, Marağa və başqa şəhərlər də Ermənistana daxil edilmişdir. Əgər bu xəritə erməni amalının şəklidirsə, onda "erməni məsələsi” yenə bir çox münaqişə və mücadiləyə səbəb olacaq və həlli yenə kağız üzərində qalacaqdır. Halbuki Qafqazda asayişin təmini məsələsinin etnoqrafı dairədə həll olunması ilə mərbutdur (əlverişlidir). Uzun bir təcrübə göstərdi ki, dindaşlıq ilə siyasət arasında böyük bir uçurum var”. Böyük demokrat bu yazılarında xalqımıza, millətimizə qarşı ermənilərin bütün məkrli siyasətlərindən xəbərdar olmağı, dünya ictimaiyyətinə çirkin əməllərinin puçluğu və əsassızlığı barədə düzgün məlumat verməyi zəruri hesab edirdi. O, "erməni məsələsi”ndə, hətta elmi dəlillərə söykənib milli təəssübkeşlik hisslərini ən çətin, ən ağır məqamlarda belə qələmə almış, öz sözünü demişdir. Ədib məqalənin bir yerində yazır ki, "Avropa şəhərlərindən birində olarkən bir erməninin cocuğa güllə atdığını qəzetdə oxumuşdur. Ermənidən cinayətin səbəbini soruşduqda demişdir: "Bu cinayət ilə erməni cocuqlarının halından sizi xəbərdar eləyirəm, onları Osmanlıda qırırlar”. Belə qəribə informasiyalarla bütün dünya əfkari-ümumiyyəni öz tərəflərinə çəkən ermənilər çox şeyə nail ola bilirlər: "Beynəlxalq aləmdə əfkari-ümumiyyənin öz tərəfinə həllini təmin etmək məqsədilə erməni hoqqabazlarına züy tutanlar belə güman edirlər ki, nə qədər ki bir çox məhkum millət "qəflət” yuxusundan oyanmayıb, onların mövcud hallarında öz xeyirlərinə istifadə etməyə girişmək lazımdır”.

Yusif Vəzir Çəmənzəminlinin "Şərq məktubları” rubrikası ilə maraqlı publisistik yazıları da çap olunmuşdur. Həmin silsilə məqalələrdə "Daşnaksütyun” partiyasının çirkin əməlləri, xəyanətkar siyasəti, türk-müsəlman əhalisini beynəlxalq aləmdə hörmətdən salmaq üçün əl atdıqları vasitələr, azərbaycanlılara etdikləri pislikləri, məkrli niyyətləri qələmə alınmışdır. Məqalələrinin birində yazırdı: "Bir vaxtlar qapımızda məzlum-məzlum boyun büküb iş axtaran, sonra da yavaş-yavaş özünə isti yuva düzəldən, nəhayət, əzəli torpaqlarımızda dövlət və digər siyasi qurumlar yaradan ermənilər onlara çörək və yaşayış yeri verən geniş ürəkli, son dərəcə sadəlövh qonşularına, o cümlədən biz azərbaycanlılara etdikləri pislik və xəyanətlərdən utanaraq nə vaxtsa Qafqazdan da, İrəvan və Zəngəzurdan da baş götürüb getməli olacaqlar”.

Bolşevik hakimiyyətinə qarşı olan, bu üsul-idarəni daim tənqid edən böyük demokrat bu dövrdə "Azərbaycanın muxtariyyatı”, "Biz kimik və istədiyimiz nədir” kitablarını yazır, "Azərbaycan və azərbaycanlılar” məqaləsində ermənilərin bütün şovinist siyasətini açıb göstərir, onların mənfur əməllərinin puçluğu və əsassızlığı barədə geniş danışır.

Azərbaycan ziyalıları arasında xüsusi yeri və mövqeyi olan Y.V.Çəmənzəminli təəssüflər olsun ki, zəmanəsinin bir çox şəxsiyyətləri kimi layiqli qiymətini almamışdır. Yaşadığı dövrün keşməkeşləri onun da həyatından yan keçməmişdir. Yusif Vəzir sürgünlərə göndərilmiş, ən ağır işgəncələrə məruz qalmış, Stalin repressiyasının qurbanı olmuşdur.

 

Milli birliyə çağırış

 

Dövrün görkəmli ziyalılarının erməni məsələsi ilə bağlı hər bir yazısında milli birliyə çağırış mövzusu kəskinliyi ilə seçilirdi. "Azərbaycan”ın siyasi publisistikasında bolşeviklərin və erməni-daşnak qüvvələrinin sinfi mübarizə pərdəsi altında apardıqları qatı millətçilik siyasətinin faciəli və qanlı nəticələri ifşa olunurdu. Ədiblərimiz xalqın mədəni maarifçilik şüurunu inkişaf etdirmək üçün var qüvvələrini əsirgəmirdilər.

"Azərbaycan” qəzetinin rus variantının redaktoru olmuş Şəfi bəy Rüstəmbəylinin bu baxımdan peşəkarlıq məharəti toxunduğu problemlərin prioritetliyini üzə çıxarır, məsələnin mahiyyətini açıb göstərir, həm də onu diqqətdə saxlayır, gedişatını da izləyirdi. Qəzetdə erməni-daşnak quldurlarının Zəngəzurda, Naxçıvanda, Qarabağda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, soyqırımları, İrəvanda yaşayan həmyerlilərimizin acı taleyi, onların kütləvi surətdə məhv edilməsi və ata-baba yurdlarından qovulması haqqında çoxlu məqalələr dərc edilirdi. Şəfi bəyin "Düşünmək vaxtıdır” məqaləsində "Daşnaksütyun” partiyasının şovinist, qarşıdurma və terrorçuluq xətti tənqid olunurdu. Müəllif yazırdı: "Bizim üçün vacibdir ki, erməni xalqı, nəhayət, "Daşnaksütyun” partiyasının siyasi avantürasının məhvə məhkumluğunu başa düşsün, nə qədər ki, gec deyil, ondan üz döndərsin, öz qonşuları ilə səmimi və mehriban yaşamaq yoluna qədəm qoysun. Başqa yol onlar üçün daim fəlakətli olacaqdır”. Ədib bu məsələnin həlli vaxtının çatdığını, bu barədə düşünməyin vacibliyini diqqətə çatdırırdı.

Maraqlı yazılardan biri də jurnalistin tanınmış ictimai xadim və publisist Əhməd bəy Ağayevlə siyasi hadisələr haqqında müsahibəsidir. "Qafqazın gələcəyi” bölməsində Şəfi bəyin həmsöhbəti deyir ki, Qafqaz xalqlarının hər birinin öz varlığını digərlərindən təcrid olunmuş halda qoruyub saxlaya biləcəkləri barədə fikir irəli sürənlər çox səhv edirlər. Onlar yalnız birlikdə böyük qüvvə yarada bilərlər. Daha sonra müsahibədə Azərbaycan və Rusiya münasibətlərinə toxunulur. Xüsusi vurğulanır ki, yurdumuzda rus xalqına, o cümlədən burada yaşayan ruslara qarşı heç bir düşmənçilik hissi yoxdur. 1918-ci il noyabrın 4-də qəzetdə "İrəvan quberniyasında müsəlmanların vəziyyəti” sərlövhəli yazı dərc olunur. Məqalədə özlərini Azərbaycanın bir hissəsi hesab edən İrəvan müsəlmanlarının nümayəndə heyətinin Bakıya gəlişi barədə məlumat verilir. Onların yaşayışı, iş şəraiti təhlil edilir. Azərbaycan hökumətindən müsəlmanların təhlükəsizliyi üçün tədbirlərin görülməsini, Ermənistanla danışıqlar apararaq İrəvanda yaşayan türklərin öz yerlərinə qaytarılmasını xahiş edirlər.

1918-ci il noyabrın 13-də Şəfi bəyin digər bir yazısı oxuculara təqdim olunur: "Azərbaycan Milli Şurasının çağırılmasına dair”. Yazıda Azərbaycanın o vaxtkı ictimai-siyasi durumu açıqlanır və ona qiymət verilirdi. Şəfi bəy göstərirdi ki, söhbət Tiflisdə yaradılan Milli Şuranın fəaliyyətindən gedir. Onun yaradılması ölkədə anarxiyanın zirvə nöqtəsinə çatdığı, Bakının bolşevik-daşnak quldurları tərəfindən ələ keçirilməsi ilə bir vaxta düşmüşdür. Məqalədə erməni məsələsinə xüsusi diqqət yetirilmiş və Milli Şuranın Azərbaycanın siyasi həyatında gördüyü işin çətinliyi barədə geniş məlumat verilmişdir: "Zaqafqaziya Seymi çağırılarkən bolşeviklər və daşnaklar Bakıda dərin kök salmış, milli təşkilatlarımızın hər cür ictimai və siyasi fəaliyyətini iflic etmişdir. Buna müəyyən dərəcədə daxili çəkişmələr və partiyalar arasında fikir ayrılıqları da səbəb olmuşdur... Zaqafqaziya Seyminin və onunla birlikdə qısa müddətdə fəaliyyət göstərmiş Müsəlman Milli Şurasının mövcudluğu dövrü Zaqafqaziya ilə Osmanlı imperiyası arasında münasibətlərin tənzimlənməsinə həsr olunmuşdur. Hökm sürən anarxiya səbəbindən öz xalqından ayrı düşmüş Müsəlman Milli Şurası özünün siyasi fəaliyyəti və inadkarlıqla həyata keçirdiyi planlar barədə seçicilərini məlumatlandırmaq imkanından məhrum olmuşdur. Bundan əlavə, siyasi nöqteyi-nəzərdən və o vaxtkı şərait səbəbindən bir çox məsələlər geniş açıqlanmırdı. Həmin vaxt xalq instiktiv olaraq özünün fiziki mövcudluğunun xilası üçün xarici real qüvvəyə ehtiyac duyurdu. Xalqın nəzərləri qardaş Osmanlı ordusu tərəfinə yönəlmişdi. O öz xilasını Osmanlı əsgərlərdə görürdü”.

Məqalədə, həmçinin çox narahatlıqla vurğulanırdı ki, Tiflisdə müsəlman fraksiyası ağır və düşmənçilik atmosferi mühasirəsində idi - erməni və gürcü rəhbərlər müsavatçıları Osmanlı imperiyasının casusları kimi qələmə verir və dəfələrlə Zaqafqaziya Seyminin tribunasından onları satqın adlandırırdı. Bütün böyük siyasi, xüsusilə beynəlxalq məsələlər müsəlman fraksiyasından, hətta hökumətin müsəlman üzvlərindən gizli şəkildə həll edilirdi... Bu analitik məqalədə dövrün salnaməsi məntiqli, uzaqgörən şərhlərlə açıqlanırdı.

Ümumiyyətlə, Şəfi bəyin siyasi fəaliyyəti və yüksək səviyyəli məqalələri, verdiyi çoxsaylı şərhlər onun hazırlıqlı siyasi xadim olduğunu göstərirdi. O, azərbaycançılıq ideyasının inkişafında mühüm rol oynayan yaradıcı ziyalılarımızdan biri, ömrünün sonunadək xalqının istiqlalı uğrunda mübarizə aparan vətən fədailərindən idi.

 

Unudulmayan faciə, acı həqiqətlər

 

Xalqımız üçün ümumi faciəyə çevrilmiş 1918-ci il mart qırğınları haqqında o dövrün bütün mütərəqqi ziyalıları bəyanatlar, müraciətlər vermiş, onlarla, yüzlərlə məqalə və publisistik oçerklər yazmışlar. Özü də bu əsərlər ictimai ziddiyyətlərin kəskinləşdiyi, mübarizələrin son dərəcə gərgin olduğu bir dövrdə qələmə alınmışdır. 31 mart hadisələri xalqımızın qan yaddaşıdır. Həmin yazılarda uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətlər açılıb göstərilmiş, vəziyyəti ağırlaşdıran əsas amillər meydana çıxarılmışdır. "Vətəndaş müharibəsi”, "əksinqilabi qiyam” kimi saxtalaşdırılan mart hadisələri əslində bolşevik-daşnak ittifaqının xalqımıza qarşı yeritdiyi soyqırımı siyasəti idi.

Xatırladaq ki, o dövrdə bolşeviklər hər cür demokratik şüarlarla pərdələnsələr də, azarbaycanlıların milli maraqlarına qətiyyən cavab vermirdilər. Bu hərəkatın rəhbərliyində bolşeviklərin və ermənilərin çoxluq təşkil etməsi əhalinin milli mənafeyinə qarşı böyük təhdidlər yaradırdı. Hadisələrin sonrakı gedişatı bu ehtimalı doğrultdu. Ermənilər tərəfindən istiqamətləndirilən bolşevizm Azərbaycan xalqına sonsuz qırğınlar və fəlakətlər gətirdi.

"Azərbaycan” qəzetinin 1919-cu il 31 mart tarixli nömrəsi bütünlüklə 1918-ci il azərbaycanlıların soyqırımı mövzusuna həsr edilmişdi. Xüsusi buraxılışda Hacıbəyli Üzeyir imzası ilə çıxan "31 mart” redaksiya yazısı həmin hadisələrin təhlilini vermiş, istiqlalımıza qarşı rus bolşevizminin sui-qəsdini açıb göstərmiş, "qrajdanski” və bir də milli olmaq üzrə "iki rəngli müharibə salıb çaylarca qanlar axıtdı”ğını, milyonlarca bəşər övladını tələf etdiyini, "evlərin viranə qoyulduğunu” güclü bədii dildə qələmə almışdır. Bu məqalə həmin hadisələrə həsr olunmuş klassik nümunələrdən sayılır. Yazıda oxuyuruq: "Keçən keçdi, olan-oldu. Mart hadisatı Azərbaycan tarixində mühüm bir səhifə işğal edib azəri türklərinin istiqlal yolunda can verib, qan tökdüklərini gələcək nəslə oxutduracaqdır. Bugünkü vəzifəmiz isə o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hazır olmaqdır. Böylə hazırlıq ki, bu hadisələr bir də təkrar edərsə, müdafiəsinə qadir olalım”.

Elə həmin nömrədə çıxan "Mart hadiseyi-əliməsinin müxtəsər tarixçəsi” sərlövhəli məqalədə Şaumyanın, Saakyanın və Arekyanın rəhbərlik etdikləri dəstənin Şamaxıda törətdikləri qırğınlar barədə ətraflı məlumat verilir. Bu xəbərin Bakıda güclü təşviş doğurduğu göstərilir, insanlar erməni vəhşiliklərini heyrətlə qarşılayırlar.

Qəzetin xüsusi nömrəsində yer alan dövrün tanınmış mühərrirlərindən olan Xəlil İbrahimin "18-31 mart” adlı yazısında isə matəm günü münasibəti ilə şəhərdə dolaşan ab-hava və görülən tədbirlər ətraflı təsvir edilirdi.

Ə.Bədi imzası ilə "Acı həqiqətlərim” adlı bir məqalədə müsəlman nümayəndələrinin "İsmailiyyə” binasında və Təzəpir məscidində keçirilən toplantıları barədə geniş məlumatlar verilirdi. A.Rüfət imzası ilə şıxan "El yazı” adlı xatirə-esse emossional təsir gücünə malik idi və oxucuların böyük marağına səbəb olmuşdur. "Keçmiş mart günləri” adlı başqa bir məqalədə isə bolşevik libasına bürünmüş erməni əsgərlərinin əsas hədəfinin məhz türk-müsəlman əhalisinin olduğuna diqqət çəkilirdi. Əli Əsgər Ələkbərzadənin "İthaf” adlı məqaləsi mart qırğınları günlərində həlak olmuş şəhidlərə həsr edilirdi. Bundan başqa, mart hadisələri ilə bağlı Əlimərdan bəy Topçubaşovun, Ceyhun Hacıbəylinin, Şəfi bəy Rüstəmbəylinin, Mirzəbala Məmmədzadənin, Əli Şövqinin, Əmin Abidin, Fərhad Ağazadənin və başqalarının məqalələrində 1918-ci il faciələrini törədən səbəblər, onun əsas "oyunçuları”, "qurbanları”, kütləvi qırğınların həyata keçirilməsində əsas məqsədlər, onların nəticələri araşdırılır, həmin günlərin canlı mənzərəsi yaradılır.

 

İşıqlı zəkaların aydınlatdığı yol

 

Fitnələrlə döyüşən qələmlər çarpışmalardan, tufanlardan, fırtınalardan keçmiş, xalqın azadlıq mübarizəsinə xidmət etmiş, zamanın qaranlığını, zülmünü, məşəqqətlərini açıb göstərmiş, insanları fitnə-fəsadlardan qorumuşdur. Nadana, zülmkara, "bir arxın suyunu min arxa calayan”, məsləkini tez-tez dəyişənlərə qarşı soyumaz qəzəb, nifrət, hiddət onların yaradıcılığının ifadə gücünü, əsasını təşkil etmişdir.

Bu işıqlı zəkalar insanlığın gələcəyinə inanırdılar.

Publisistika daim hərəkətdə olan, həyatın hazırkı vəziyyətini əks etdirən, vacib suallara cavab verən canlı bir janrdır. Burada həm də elə publisist əsərlər əhəmiyyətli və qiymətli sayılır ki, onlar gündəlik mübarizələrin içində həyatın canlı axınında ən zəruri məsələləri əks etdirir, zamanın ziddiyyətləri içərisində itib qalmır, həqiqətləri görür və müdafiə edir, mürtəce fikirlərə, həris duyğulara, alçaq hisslərə əsir olmur. O dövrün görkəmli ziyalı simalarının publisist əsərlərinin çoxu məhz bu cür yazılardır. Onlar mütərəqqi ruhda qələmə alınmış, mühüm məsələlərə toxunmuş, suallara düzgün cavablar vermişlər. Doğma xalqının böyük vətənpərvərləri Üzeyir bəy, Ceyhun bəy, Şəfi bəy, Yusif Vəzir, Xəlil İbrahim, Əmin Abid, Fərhad Ağazadə və başqaları o xoşbəxt ictimai-siyasi xadimlərdəndir ki, zaman keçdikcə bu insanların böyüklüyü, fəaliyyətlərinin mütərəqqi və humanist mənası daha parlaq şəkildə gözə dəyir. Həmin şəxsiyyətlərin zəngin irsi diqqəti bütün zamanlarda daha çox cəlb edir və dərin mənası ilə bizi daim heyran qoyur.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2018.- 9 dekabr.- S. 4.