Əsl ziyalı, böyük alim

 

Onun böyüklüyü ziyalılığında idi. Müdrik alim, azad insan idi. Fikrini aşkar deməyi bacarırdı. Görkəmli tədqiqatçı, xeyirxah və ləyaqətli müəllim idi. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, professor Aqil Əliyev zirvədə duran alimlərdən idi. O, elmlə ucalmış, zəngin yaradıcı fəaliyyəti ilə ölkəmizin inkişafına xidmət etmişdir.

Daim zəhmətə qatlaşmağa, yalnız özünə, əməyinə güvənməyə, insanlara qayğı və həssaslıqla yanaşmağa, imkansız və kimsəsizlərə arxa olmağa, onlara kömək və əl tutmağa, sadə və təvazökar həyat sürməyə üstünlük vermiş, şan-şöhrətdən və bayağılıqdan uzaq olmuşdur. Bu keyfiyyətlər onu adi institut laborantlığından iqtisad elmləri doktoru, professor, kafedra müdiri vəzifəsinə və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlüyünədək yüksəltmişdir.

A.Əliyev 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsini bitirmiş, elmi və tədris işlərinə olan marağı onu əvvəlcə Azərbaycan Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda, Politexnik İnstitutunun Siyasi iqtisad kafedrasında işləməyə, sonradan isə ömrünün axırınadək Azərbaycan Dövlət Tibb Universitetinin Siyasi iqtisad kafedrasında çalışmağa gətirib çıxarmışdır. Tədris işinə, böyük elmə qovuşmaq həvəsi və ürəkdən bağlılığı onu bütün şüurlu həyatını ali məktəbdə müəllimlik etmək, gənclərin təlim-tərbiyəsi ilə məşğul olmaq və elmi yaradıcılıq işləri aparmaq kimi çox çətin, mürəkkəb və eyni zamanda müqəddəs bir vəzifənin yerinə yetirilməsinə həsr etməyə sövq etmişdir. A.Əliyev 1970-ci ildə namizədlik, 1983-cü ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Ona 1973-cü ildə dosent, 1979-cu ildə professor elmi adı verilmişdir.

Professor A.Əliyev yüksəkixtisaslı iqtisadçı və tibb kadrlarının hazırlanması sahəsindəki əvəzsiz xidmətlərinə görə 1982-ci ildə respublikanın əməkdar elm xadimi adına layiq görülmüşdür. O, 1996-cı ildə Beynəlxalq Enerji-İnformasiya Elmlər Akademiyasının Azərbaycan bölməsinin həqiqi üzvü, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2003-cü ildə isə Beynəlxalq Menecment Akademiyasının akademiki seçilmişdir. Bu illər ərzində böyük vəzifələr tutmaq imkanlarına malik olmasına baxmayaraq, Aqil Əliyev həmişə şan-şöhrətdən uzaq olmuş, müəllimlik etməyə, kadr hazırlığı ilə məşğul olmağa, elmi-tədqiqat işləri aparmağa və öz intellektual inkişaf səviyyəsini artırmağa üstünlük vermişdir.

Professor A.Əliyev 53 il Azərbaycan Dövlət Tibb Universitetində çalışmışdır. Əvvəlcə Siyasi iqtisad kafedrasında kabinet müdiri, müəllim, dosent, professor və kafedra müdiri vəzifəsində işləmiş, sonra isə İqtisadi nəzəriyyə və hüququn əsasları kafedrasına rəhbərlik etmişdir. Bütün bu illər ərzində professorun rəhbərliyi ilə kafedrada yüksək səviyyədə tədris və elmi-tədqiqat işləri aparılmışdır. Təsadüfi deyil ki, Azərbaycan Tibb Universitetinin Siyasi iqtisad kafedrası uzun illər boyu Tibb Universitetinin ən yaxşı kafedrası fəxri adına layiq görülmüş və kollektivin işi əsl nümunə məktəbinə çevrilmişdir.

Çox təəssüflər olsun ki, 1988-1992-ci illərdə Azərbaycana "rəhbər” vəzifələrə təyin edilmiş bəzi insanlar və onların xoşuna gəlmək üçün Tibb Universitetinin üzdəniraq iradəsiz rəhbərləri professor Aqil Əliyevə qarşı haqsızlıqlar etmişlər. 1987-ci ildə ulu öndər Heydər Əliyev Sov. İKP Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldıqdan sonra şər qüvvələrin gizli hücumları açıq şəkildə həyata keçirilməyə başlandı. Bu şər qüvvələr bütün Əliyevlər nəslinə hücuma keçdilər. Bu hücumlarda mərkəzi nöqtədə akademik Cəlal Əliyev olsa da, onun böyük qardaşlarından biri - Aqil Əliyev də nəzərdən qaçmamışdı. Həmin illərdə heç bir əsas olmadan, respublikamızın tarixində ilk dəfə olaraq 62 yaşlı professor Aqil Əliyev Azərbaycan Tibb Universitetinin Siyasi iqtisad kafedrasının müdirliyindən istefaya göndərildi. Ancaq bu haqsızlıqlar nə akademik Cəlal Əliyevin, nə də Aqil Əliyevin şəxsiyyətini sındıra bildi. Çox keçmədi ki, ədalət zəfər çaldı, haqq öz yerini tutdu və Aqil Əliyev yenidən öz əvvəlki iş yerinə qayıtdı. Ancaq bu dəfə kafedra müdiri kimi deyil, professor kimi. Çünki artıq Siyasi iqtisad kafedrasının da adı dəyişdirilib başqa kafedraya birləşdirilmişdi. Bir neçə il sonra həmin kafedra İqtisadi nəzəriyyə və hüququn əsası adı altında yenidən bərpa edildi və Aqil Əliyev həmin kafedraya müdir seçildi. Professor yenidən əvvəlki həvəs və işgüzarlıqla həmin kafedraya rəhbərlik etməyə və səmərəli elmi-tədqiqat işləri ilə məşğul olmağa başladı.

Görkəmli alimin apardığı elmi-tədqiqat işləri çoxşaxəli olsa da, onun elmi yaradıcılığında əsas yeri sosial-iqtisadi problemlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, şəhər və kənd əhalisinin yaşayışının bir-birinə yaxınlaşması qanunauyğunluqları və yollarının öyrənilməsi, ərzaq və təchizat problemlərinin həlli, səhiyyənin iqtisadiyyatı, əhalinin sağlamlığının sosial-iqtisadi və demoqrafik inkişaf aspektlərinin tədqiqi və s. tutur. Bu problemlər onun 190-dan çox elmi-tədqiqat əsərlərində, o cümlədən 18 sanballı monoqrafiya və kitablarında, 6 dərslik və dərs vəsaitində, 6 tədris-metodiki göstəricidə öz əksini tapmışdır.

Professor Aqil Əliyev iqtisad elminin təkcə nəzəri və metodoloji əsaslarının tədqiqi ilə kifayətlənməmişdir. O öz tədqiqatlarında, xüsusilə də doktorluq dissertasiyasını həsr etdiyi və keçən əsrin 60-70-ci illərində öz aktuallığı ilə seçilən və böyük mübahisələrə səbəb olması ilə yadda qalan çətin bir mövzuda yazdığı "İnkişaf etmiş sosializm cəmiyyətində şəxsi istehlak problemləri” adlı monoqrafiyasında keçmiş SSRİ-də ilk dəfə olaraq xidmət sahəsində əməyin xarakteri, bu istiqamətin cəmiyyətin həyatındakı rolu və yeri verilmiş, xidmət sahəsinin mahiyyəti, məzmunu, onun quruluşu, əsas göstəriciləri müəyyən edilmiş, bu sahədə mövcud olan bir çox anlayışlara aydınlıq gətirilmişdir. Onun əsərlərində pərakəndə ticarət, əhalinin qeyri-istehlak malları ilə təmin edilməsində baş verən əsas dəyişikliklər və yeni meyillər, əhalinin istehlakına təsir edən amillər təhlil edilib qiymətləndirilmiş və elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr işlənib hazırlanmışdır. Aqil müəllimin həmin əsəri keçmiş SSRİ-nin iqtisadçı alimlərinin böyük marağına səbəb olmuşdu. Onun apardığı tədqiqatlar keçən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində ən nüfuzlu elm dairələrində mübahisə və müzakirə obyektinə çevrilmiş və görkəmli iqtisadçı alim kimi nüfuzunu daha da artırmışdı. Qeyd edilən dövrdə professor Aqil Əliyev keçmiş İttifaqda xidmətlərin istehsalı və istehlakı sahəsində əsaslı tədqiqatlar aparan görkəmli iqtisadçı alim hesab edilmiş və həmkarlarının hüsn-rəğbətini qazanmışdı.

Professor A.Əliyev 1979-1989-cu illərdə Azərbaycan Respublikasında elmi-texniki tərəqqi və onun sosial-iqtisadi nəticələri üzrə "Əhalinin sağlamlığının qorunması” problem komissiyasının sədri olmuş, yerinə yetirilmiş tədqiqat işləri Azərbaycanın 1980-2000-ci və 1986-2005-ci illər üzrə nəzərdə tutulmuş elmi-texniki tərəqqi və onun sosial-iqtisadi nəticələrinin kompleks proqramına və bu sahədə keçmiş SSRİ-də hazırlanmış elmi-texniki tərəqqi və onun sosial-iqtisadi nəticələrinin kompleks proqramına daxil edilərək Moskvada və Bakıda nəşr olunmuşdur. Onun bir çox əsərləri iqtisad elmi ilə məşğul olan mütəxəssislərin, müəllim və tələbələrin stolüstü kitabına çevrilmişdir. Professor Aqil Əliyevin əsərlərinin xeyli bir qismi xarici ölkələrdə çap edilmişdir.

Alimin tədqiqatları Moskvada, Sankt-Peterburqda, Çexiya, Slovakiya və başqa ölkə və şəhərlərdə yaşayan iqtisadçı alimlərin diqqətini cəlb etmiş və onların əsərlərində onun kitablarına çoxlu istinadlar edilmişdir. Professorun çap etdirdiyi əsərlər arasında müasir dövr və bazar iqtisadiyyatına keçidlə bağlı tədqiqatlar xüsusi yer tutur. Bu sahədə onun 80-ə yaxın əsəri çapdan çıxmışdır. Həmin əsərlər arasında onun çap etdirdiyi "Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu”, "Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri”, "İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur”, "Səhiyyənin iqtisadiyyatı”, "Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri”, "Naxçıvan qədim diyardır”, "Milli iqtisadiyyatımızın aktual problemləri”, "Özəlləşdirmə və sahibkarlıq fəaliyyətinin inkişafı”; "Dünya iqtisadiyyatı, müasir dövlətin problemləri”; "İnnovasiya və investisiya” (rus dilində - Moskva); "Demokratikləşmə - milli iqtisadiyyatımızın inkişafının əsasıdır”, "Naxçıvan Muxtar Respublikası (nailiyyətlər və problemlər)” adlı ikicildlik ensiklopedik əsər və s. xüsusi yer tutur. Burada bir daha qeyd etmək istərdim ki, professor Aqil Əliyevin doktorluq dissertasiyası kimi müdafiəyə təqdim etdiyi və onun müdafiəsindən xeyli əvvəl rus dilində nəşr olunmuş "İnkişaf etmiş sosializm şəraitində şəxsi istehlak problemləri (Regional inkişafın nəzəriyyə və praktikası)” adlı monoqrafiyası (Bakı, "Azərnəşr”, 1982-ci il) bu gün də çox aktualdır və öz elmi-nəzəri əhəmiyyətini itirməmişdir, dəyərli tədqiqat əsəri kimi mütəxəssislərin və elmi-tədqiqat işçilərinin stolüstü kitablarından biri kimi diqqəti cəlb edir. Aqil Əliyev elmi-pedaqoji institutların və universitetlərin tələbələri üçün yazılmış "İqtisadi nəzəriyyə” kursu üzrə ikicildlik dərsliyin də müəlliflərindən biridir.

Professor A.Ə.Əliyev bir sıra beynəlxalq və respublika əhəmiyyətli elmi-praktik konfranslarda, simpoziumlarda və seminarlarda fəal iştirak edərək Azərbaycanın iqtisad elmini layiqincə təmsil etmişdir. Onun kadr hazırlığı sahəsində böyük xidmətləri vardır. Aqil müəllimin bilavasitə rəhbərliyi və köməyi ilə iqtisad elmi sahəsində xeyli sayda elmlər doktoru və elmlər namizədi hazırlanmışdır. Professor Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Elmi Şurasının və burada fəaliyyət göstərən İxtisaslaşdırılmış Doktorluq Dissertasiya Şurasının, habelə Azərbaycan Dövlət Tibb Universitetinin Elmi Şurasının, Beynəlxalq Ekoenerji Akademiyasının həqiqi üzvü, Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü və Beynəlxalq İqtisadçılar İttifaqının üzvü olmuşdur. Elmi fəaliyyəti və yüksəkixtisaslı tibb kadrları hazırlığındakı xidmətlərinə görə A.Əliyev dövlətimiz tərəfindən əməkdar elm xadimi fəxri adına layiq görülmüş, "Şöhrət”, "Qırmızı Əmək Bayrağı” ordenləri, "Səhiyyə əlaçısı” döş nişanı, bir sıra medal, fəxri fərman və tərifnamələrlə təltif olunmuşdur.

Professor Aqil Əliyev 2008-ci ilin baharında, ömrünün müdriklik çağında - 80 yaşının tamam olmasına 6 ay qalmış dünyasını dəyişmişdir. O, səmimi, xalqına, ailəsinə, dostlarına və həmkarlarına bağlı olan mərd bir insan, əsl azərbaycanlı idi.

AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Aqil Əliyevin əməli işləri onun tələbələri, dostları və həmkarları tərəfindən layiqincə davam etdirilir. Aqil müəllim Allahın hər kəsə bəxş etmədiyi böyük ürəyə, insanlığın ən yüksək göstəricisi olan səmimiyyətə, sadəliyə və mərdliyə, hamını dinləmək, onlara yardım əli uzatmaq bacarığına malik bir insan idi. Əsl ziyalı və böyük vətəndaş alim idi.

 

Şahbaz MURADOV,

 

AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2018.- 9 dekabr.- S. 5.