“Azərbaycanın
İntellektual Birİncisi”
layihəsinin icrası başa
çatıb
"İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı "Azərbaycan İntellektual Birİncisi” layihəsinin üçüncü mövsümünə yekun vurulub. AZƏRTAC xəbər verir ki, layihənin sonuncu günündə - dekabrın 8-də ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan final mərhələsi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov tədbirdə çıxış edərək belə layihələrin həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, gənclərin intellektual oyunlarda iştirakı onların zehni inkişafına, bilik və bacarıqlarının artırılmasına böyük töhfə verir.
İctimai Birliyin sədri Mirhəsən Seyidov "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsinin əksini tapdığını vurğulayıb. "Azərbaycan İntellektual Birİncisi” layihəsinin Dövlət Proqramına uyğun olaraq həyata keçirildiyini vurğulayan M.Seyidov diqqətə çatdırıb ki, ölkəmizin bütün regionlarını əhatə edən layihənin məqsədi gənclərimizin maarifləndirilməsi və onların intellektual potensiallarının qiymətləndirilməsi olub.
Sonra layihə çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən layihə çərçivəsində dörd intellektual oyun - "Xəmsə”, "Nə? Harada? Nə zaman?”, "Axtar tap”, "Vətəni tanı” üzrə 11 regionda keçirilən yarışlarda Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1500-ə yaxın gənc iştirak edib. Layihə iki mərhələdən ibarət olub. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilib. Bu mərhələdə zona turnirlərinin qalibləri mübarizə aparıblar.
Layihənin yekununda "Vətəni tanı” oyunu üzrə Xətai, "Axtar tap” oyununun nəticələrinə görə Naxçıvan gəncləri qalib adını qazanıblar. "Nə, harada, nə zaman?” oyunu üzrə Abşeron, "Xəmsə” oyunu üzrə isə Abşeron rayonunun gənc intellektualları qalib elan olunublar.
Qalib komandalar
medallar, şəhadətnamələr və
hədiyyələrlə təltif ediliblər.
Azərbaycan.- 2018.- 9 dekabr.- S. 5.