Ermənistan parlament seçkilərinə
total saxtakarlıq və
repressiyalarla gedir
Bu seçkilər
də, əvvəlkilər
kimi, siyasi şou olacaq
Bu gün Ermənistanda
növbədənkənar parlament
seçkiləri keçiriləcək. Başa çatan
seçkiqabağı kampaniya
demokratik tələblərdən
kifayət qədər
uzaq olub və hər şey əsas etibarı ilə baş nazirin vəzifələrini icra edən Nikol Paşinyana bağlı qüvvələrin qələbəsinə
hesablanıb. Bu səbəbdən də seçkilərin demokratik
şəraitdə baş
tutması ciddi şübhə doğurur.
Seçkilərə qatılanlar
arasında bu fonda Nikol
Paşinyana bağlı
olan "Mənim addımım alyansının
səslərin daha çoxunu qazanması gözlənilir. Bura hazırkı hökumətin
üzvləri, ötən
yaz dinc küçə etirazları
nəticəsində hakimiyyətə
gəlmiş hərəkatın
tərəfdarları daxildir.
Silahlı qruplaşmanın partiyası
da seçkilərə
qatılır
Əsas
müxalifət qismində
çıxış edən
Serj Sarkisyanın sədri olduğu Respublika Partiyasının
isə bu dəfə qanunverici orqanda daha az səslə təmsil olunması gözlənilir. Partiyanın namizəd siyahısına
keçmiş müdafiə
naziri Vigen Sarkisyan rəhbərlik edir. Vigen Sarkisyan bildirir
ki, Respublika Partiyasının məqsədi
seçkidə ikinci olmaqdır, çünki indi bu partiya
Ermənistanın yeganə
həqiqi müxalifət
qüvvəsidir. Amma Paşinyan
və müttəfiqləri
Respublika Partiyasının
parlamentdə hər hansı yer qazana biləcəyinə şübhə etdiklərini
bildirirlər. Ermənistanın keçmiş prezidenti və keçmiş baş naziri Serj Sarkisyan isə Respublika Partiyasının namizədləri
içində deyil.
Erməni maqnat Hagik Sarukyanın
rəhbərlik etdiyi
"Çiçəklənən Ermənistan partiyası da seçkiyə qatılıb. Yeni yaradılmış "Sasna Tsrer Partiyasının
siyahısının başında
Varuzhan Avetisyan durur. O, 2016-cı ilin
iyulunda Yerevanda polis şöbəsini iki həftə ərzində
tutmuş silahlı qruplaşmanın liderlərindən
biridir. Onda qruplaşma hökumətə
siyasi tələblər
irəli sürmüşdü.
Avetisyan və qruplaşmanın digər üzvləri o zaman saxlandı, lakin sonradan buraxıldılar. Ölkənin
yeni administrasiyası isə onlara amnistiya verdi.
Qruplaşma silahlı mübarizəni
dayandırmağı vəd
edir, siyasi prosesə qoşulacağını
deyir.
Sənədlərini təqdim etmiş digər partiyalar deputat, Paşinyanın keçmiş
müttəfiqi Edmon Marukyanın rəhbərlik
etdiyi "Parlaq Ermənistan, "Daşnaktsütyun,
"Orinats Yerkir,
"Hanrapetutyun və
Azad Demokratlar partiyalarının
"Biz alyansıdır.
Az tanınan daha üç partiya - Xristian-Demokratik Yeni Yaranış Partiyası, Milli Proqres Partiyası və Vətəndaşların
Qərarı Sosial Demokratik Partiya da seçkilərə qoşulub. Amma onların parlamentə
buraxılması inandırıcı
görünmür.
"Paşinyan özünü Hitlerə
oxşatmağa çalışır
Əsas məsələ isə Paşinyanın rəqiblərini
güc yolu ilə sıradan çıxarmasıdır. Bu fonda parlamentin vitse-spikeri Eduard Şarmazanov
Paşinyanda faşizmin
əlamətlərini gördüyünü
açıqlayıb. Onun
sözlərinə görə,
bu şəxs Ermənistanı faşist
Almaniyasına çevirmək
istəyir: "Paşinyan
nifrət təbliğatı
ilə məşğuldur.
O, Ermənistanı 1930-cu illərin
Almaniyasına bənzətməyə,
özü isə Hitlerə oxşamağa çalışır. Baş nazir
səlahiyyətlərini icra
edən Nikol Paşinyan siyasi rəqiblərini güc strukturlarının hesabına
qorxudur.
"Hakimiyyət
seçki günü
Respublika Partiyasının
qərargahına basqın
edəcək
Belə bir vaxtda Ermənistanın
"168 saat qəzeti
etibarlı mənbələrə
istinadən yazır ki, parlament seçkiləri
günündə hakimiyyət
Serj Sarkisyanın sədrlik etdiyi Respublika Partiyasının
qərargahına basqın
edəcək. Qeyd olunur ki, Nikol
Paşinyanın əmrlərini
icra edən güc strukturlarının
respublikaçıların qərargahına qəfil basqını üçün
əsas var və bu da
seçkilərdə səslərin
rüşvətlə alınacağına
dair polisə edilən "zənglərdir.
Qəzet yazır:
"Ölkədəki hakimiyyətin
bu addımının
başlıca məqsədi
seçkiqabağı antitəbliğat,
qorxu atmosferinin gücləndirilməsi və
müxalif partiyaların
qərargahlarında işlərin
iflic edilməsidir. Mənbəmiz istisna etməyib
ki, qərargahla yanaşı, respublikaçıların
Melik Aramyan - 2 ünvanında yerləşən
mərkəzi ofisi də basqın hədəfinə çevriləcək.
O da qeyd olunur
ki, əgər konkret "zənglər və "şikayətlər
varsa, polisin basqın üçün
məhz seçki gününü gözləməsi,
bütün bunların
sadəcə Paşinyanın
ucuz şousu olduğunu və ölkənin əsas müxalif partiyasının
qələbəsindən ehtiyatlandığını
sübut edir.
Paşinyan siyasi terroru gücləndirir
Ümumiyyətlə, Nikol Paşinyanın göstərişi əsasında
ölkənin güc strukturları növbədənkənar
parlament seçkilərində
qələbə şansı
yüksək olan rəqib partiyalara qarşı təhdid metoduna keçiblər. Elə buna
müvafiq olaraq Ermənistanın Baş Prokurorluğu Nikol Paşinyanın göstərişi
ilə sabiq ekologiya nazirini həbs etməyə hazırlaşır.
Hazırda parlamentin üzvü olan respublikaçı
Aram Arutunyana 14 milyon
dollar dəyərində rüşvət
almaq və qanunsuz yolla əldə edilən gəlirlərin leqallaşdırılması
üzrə ittiham irəli sürülüb. Bildirilir
ki, 2008-ci ildə Ermənistanın ekologiya naziri olmuş Arutunyan 10 əlvan metal yatağında geoloji kəşfiyyat işlərinin
aparılması və
işlənməsi üçün
lisenziya əldə olunması qarşılığında
14 milyon dollar həcmində
rüşvət tələb
edib və alıb. Həmin yataqlar Sünik,
Qeqarkunik, Lori və Kotay vilayətlərində
yerləşir. 6 milyon dollar Arutunyana vasitəçilər tərəfindən
birbaşa, yerdə qalan 8 milyon isə bank vasitəsilə
köçürülmə yolu ilə ödənilib.
İstintaqın araşdırmasına
görə, sabiq nazir xarici ölkələrdə
digər şəxslərin
adına bank hesabları açıb. Arutunyana qarşı rüşvət
almaq və gəlirlərin leqallaşdırılması
maddələri üzrə
istintaqa başlamaq üçün kifayət
qədər əsaslar
var. Bu maddələr üzrə
ittiham olunan şəxs 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Ermənistanın baş prokuroru Artur Davtyan cinayət
işinin başlanması
və Arutunyanın həbs edilməsi üçün parlament sədrinə müraciət
edildiyini bildirib. Onun deputat
mandatından məhrum
ediləcəyi gözlənilir.
Arutunyan isə bütün bunları siyasi təzyiq adlandırır.
Paşinyanın seçkiqabağı ən böyük sürprizi
Ermənistanda yeni iqtidarın sələflərinə qarşı
ən sərt üsullarla hücuma keçəcəyinə dair
verilən proqnozlar özünü doğruldur. Seçkilərə bir gün qalmış
ən böyük sürpriz isə Ermənistanın keçmiş
prezidenti Robert Koçaryanın
məhkəmənin qərarı
ilə həbs edilməsidir. Yerevandakı "Kentron həbsxanasında saxlanılan sabiq prezident konstitusiya quruluşunu dəyişmək
üçün başqa
şəxslərlə qabaqcadan
əlbir olmaqda ittiham olunur. Hazırda belə fikirlər səslənir ki, Robert Koçaryanın və digərlərinin həbsi
əslində Yerevan klanının
"Qarabağ klanı
üzərində apardığı
haqq-hesabdır.
Xatırladaq ki, iyulun 28-də Yerevan məhkəməsi 2008-ci ilin
mart hadisələrində törədilən
cinayətə görə
Koçaryan barəsində
iki ay müddətinə
həbs qətimkan tədbiri seçilməsinə
dair qərar qəbul etmişdi. Sonradan apelyasiya
məhkəməsi bu
qərarı ləğv
etmiş və səbəb kimi Koçaryanın "toxunulmaz
şəxs olduğunu
göstərmişdi.
Seçicilər təhdid olunur
Respublika Partiyasının üzvü
Arpine Ovannisyan da eyni mövqedən
çıxış edir. O bildirib
ki, Paşinyanın tərəfdarları tərəfindən
özünə və
ailə üzvlərinin
həyatına qarşı
hədələr olmasına
və bununla bağlı şikayət
etməsinə baxmayaraq,
nədənsə polis müvəqqəti
hökumətə müxalif
olanların ünvanına
təhdidlərlə bağlı
cinayət işi açmır: "Nəhayət
ki, mən polisin niyə belə etdiyini anladım. Çünki onların başı
özlərinin ən
yüksək səviyyədə
hədələr etməsinə
qarışıb. Bizə
siqnallar daxil olur ki, Respublika
Partiyasının əməkdaşlarını,
seçki qərargahının
işçilərini və
onların yaxınlarını
təhdid edirlər ki, əgər respublikaçılar konkret
seçki məntəqələrində
10 faizdən çox səs toplasalar, onda ciddi problemləri
olacaq.
Hətta bəzilərini məcbur edirlər ki, səsvermə gününədək
ölkəni müvəqqəti
tərk etsinlər. Yeri gəlmişkən
dediklərimi asanlıqla
sübut etmək olar. Bütün silahdaşlarımızı qorxmamağa, birləşərək
seçkilərdə iştiraka
səsləyirəm. Bununla onlar
bu hakimiyyətin bizi üzləşdirdikləri
təhdidlərdən agah
olduqlarını göstərəcəklər.
Seçicilərin sayı 13,5 min nəfər ixtisar olunub
Erməni politoloq David Stepanyan isə qeyd edir
ki, parlament seçkiləri ərəfəsində
Ermənistan polisi seçici siyahılarına
ciddi dəyişikliklər
edib. Nəticədə 2017-ci illə müqayisədə
Ermənistanda seçicilərin
sayı 13,5 min nəfər ixtisar olunub. Bu isə
olduqca böyük rəqəmdir. Polisin müdaxiləsindən
sonra hazırda Ermənistanda seçicilərin
ümumi sayı 2 milyon 574 min 916 nəfərə
enib. Erməni mediası yazır
ki, polisin ixtisara saldığı seçicilər daha çox əvvəllər
respublikaçıların daimi qələbə çaldıqları dairələrdə
qeydə alınıblar.
Bütün bunlar Paşinyan hakimiyyətinin heç də demokratik seçki keçirmək
niyyətində olmadığını
göstərir və bu halda Ermənistanda
vəziyyətin daha da gərginləşməsi
gözlənilir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2018.- 9 dekabr.- S. 1; 6.