Türkiyənin kənd təssərrüfatı sahəsində
əldə etdiyi uğurlar
Azərbaycan üçün böyük maraq doğurur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTACxəbər verir ki, dövlətimizin başçısı Bekir Pakdemirlini kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, onun ilk dəfə nazir kimi Azərbaycana səfərindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi. Kənd təsərrüfatının inkişafına ölkəmizdə böyük önəm verildiyini deyən dövlətimizin başçısı bunun iqtisadiyyatın şaxələndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurların və təcrübənin Azərbaycan üçün böyük maraq doğurduğunu dedi. Dövlətimizin başçısı Bekir Pakdemirlinin Bakıda aqrar və yaşıl texnologiyalar üzrə "AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq forumda iştirakının əhəmiyyətini vurğuladı və onun Azərbaycana bu səfərinin əməkdaşlığın perspektivlərinin səmərəli müzakirəsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Bakıda aqrar və yaşıl texnologiyalar üzrə "AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq forumun əhəmiyyətinə toxundu, ölkəmizə böyük nümayəndə heyəti ilə gəldiyini dedi və nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən iş adamlarının da daxil olduğunu bildirdi.
Söhbət zamanı kənd təsərrüfatı sahəsində çalışan Azərbaycan və Türkiyə iş adamlarının dekabrın 11-də Bakıda birgə biznes forumunun keçiriləcəyi və bunun əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətli olacağı vurğulandı.
Dövlətimizin
başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə
çatdırmağı xahiş etdi.
Azərbaycan.- 2018.-11 dekabr.- S.2.