Azərbaycan iqtisadiyyatında fundamental keyfiyyət dəyişiklikləri

 

Son 15 il ölkəmizin müstəqillik tarixinin ən uğurlu və ən şanlı səhifəsidir

 

Ölkəmiz strateji nəqliyyat qovşağına çevrilib

 

Son 15 ildə Azərbaycan 3 qitəni və 3 dənizi birləşdirən nəhəng transkontinental neft-qaz və nəqliyyat-kommunikasiya layihələrinə imza atmışdır ki, bununla da ölkəmiz mühüm əhəmiyyət kəsb edən beynəlxalq enerji-kommunikasiya mərkəzinə, strateji nəqliyyat qovşağına çevrilmişdir: Nəhəng transmilli enerji layihələri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, təzəcə açılışını etdiyimiz "Cənub qaz dəhlizi” və onun tərkib hissəsi olan "Şahdəniz 2” layihəsi, Cənubi Qafqaz boru kəməri, TANAP qaz ixrac kəməri, yekunlaşmaqda olan TAP qaz ixrac kəməri, dünyanın enerji xəritəsini dəyişməklə, Avropanın enerji təhlükəsizliyində mühüm layihələrdən olmaqla, uzun müddət ölkəmizə milyardlarla valyuta gəlirlərinin gəlməsini təmin etməklə yanaşı, Azərbaycanı yaxın coğrafiya ücün, eləcə də Avropa üçün çox əhəmiyyətli ölkəyə çevirir.

2017-ci il sentyabrın 14-də ümummilli lider Heydər Əliyev dühasının möhtəşəm nailiyyəti olan, XX əsrin neft sənayesi tarixinin ən nəhəng müqaviləsi sayılan "Əsrin müqaviləsi”nin başa çatmasına 7 il qalmış onun fəaliyyət müddətinin daha əlverişli şərtlərlə 2050-ci ilədək uzadılmasını nəzərdə tutan, dünyanın ən məşhur 8 neft şirkəti ilə SOCAR arasında daha bir nəhəng, qlobal əhəmiyyətli - beynəlxalq ictimaiyyət tərəfindən "Yeni əsrin müqaviləsi” adlandırılan Sazişin imzalanması Azərbaycanın müstəqillik tarixinin çox əlamətdar hadisəsi olaraq İlham Əliyev dövrünün ən mühüm uğurlarından biri kimi dəyərləndirilməlidir. Bu saziş mübaliğəsiz olaraq, Prezident İlham Əliyevin 15 illik hakimiyyəti dövründə apardığı müstəqil, uzaqgörən, birmənalı şəkildə Azərbaycan xalqının milli mənafelərinə xidmət edən, gələcəyə - uzunmüddətli perspektivə hədəflənmiş müdrik siyasətinin təntənəsi kimi şərh olunmalıdır.

Azərbaycan dövlətinin belə bir nəhəng sazişə imza atması ən azı 2050-ci ilə qədər ölkəmizin davamlı və dayanıqlı iqtisadi və sosial inkişafı üçün zəmanət yaratmaqla, həm də Azərbaycanın neft strategiyasında yeni eranın başlanğıcını qoydu. Bu nəhəng transregional enerji müqaviləsinin son illərdə qlobal iqtisadiyyatda müşahidə olunan qeyri-stabil şərait fonunda baş tutması, birmənalı olaraq ölkə rəhbərimiz cənab İlham Əliyevin məharətli idarəçiliyini və regiondakı güclü lider obrazını bir daha təsdiq edir.

"Yeni əsrin müqaviləsi”nin imzalanması sentyabr ayının ilk günlərində bəzi xarici mətbuatlarda Azərbaycan hakimiyyətinə qarşı səsləndirilən bütün qarayaxmalara da çox tutarlı cavab oldu. Bütün bu siyasi təzyiqlərə, toqquşan maraqlara baxmayaraq, nəhəng qlobal neft şirkətlərinin Azərbaycana uzunmüddətli dövr ərzində böyük miqdarda investisiya qoyuluşunu həyata keçirməsi dünya birliyinin Azərbaycan Prezidentinə, Azərbaycan iqtidarına olan inamının, etibarının ən bariz göstəricisi oldu, eyni zamanda İlham Əliyevin cəsarətini, güclü siyasi iradəsini, Azərbaycanın necə etibarlı beynəlxalq tərəfdaş olduğunu bütün dünyaya nümayiş etdirdi.

"Əsrin müqaviləsi”nin 23 illik fəaliyyəti (1994-2017) dövründə 33 milyard dollar həcmində sərmayə qoyuluşu ilə 440 milyon ton neft hasil edilərək ölkəmizə 125 milyard dollardan çox birbaşa mənfəət qazandırmış "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının potensialının yarısından çoxunun hələ istifadə edilmədiyini nəzərə alsaq, onda yeni sazişin ölkəmizin sosial-iqtisadi rifahına verəcəyi misilsiz töhfələr əvəzedilməz hesab edilməlidir. Belə ki, "Yeni əsrin müqaviləsi”nin şərtlərinə görə, fəaliyyət göstərəcəyi 32 il ərzində əlavə olaraq 40 milyard dollar həcmində investisiya qoyuluşları, 3,6 milyard dollar məbləğində bonusun dövlətə ödənilməsi, 500 milyon tondan çox neft hasilatının proqnozlaşdırılması, neftlə yanaşı hasil ediləcək səmt qazının tamamilə Azərbaycana məxsus olacağı nəzərdə tutulur. Mənfəət neftindən 75 faizlik payın əldə edilməsi və SOCAR-ın payının 2 dəfədən çox artaraq 11,65 faizdən 25 faizə yüksəldilməsi, xeyli sayda yeni iş yerlərinin yaradılması ölkə iqtisadiyyatının dinamik inkişafına səbəb olacaq böyük multiplikativ effektlər doğuracaqdır.

Eləcə də 40 milyard ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulan və indiyə qədər 31,4 milyard dolları sərf edilən, uzunluğu 3500 kilometr və 4 seqmentdən ibarət olan "Cənub qaz dəhlizi” layihəsini xüsusi olaraq vurğulamaq lazımdır. Artıq layihənin 3 seqmenti üzrə işlər, demək olar ki, yekunlaşmışdır. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunacaq qazın bu ilin sonlarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya nəql edilməsi planlaşdırılmışdır. Türkiyə və Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyan bu layihə Azərbaycanı qaz ixrac edən ölkə kimi də dünya enerji bazarında mövqeyini gücləndirəcək və ildə 31 milyard kubmetrə qədər artırılması proqnozlaşdırılan qaz ixracı ölkəmizə böyük həcmdə gəlir - valyuta daxilolmalarını təmin edəcəkdir.

Eyni zamanda istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolu, tikintisi yekunlaşmaqda olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti "Şərq-Qərb”, "Şimal-Cənub” və "Cənub-Qərb” nəqliyyat dəhlizlərinin Azərbaycanda kəsişməsini və inteqrasiyasını təmin edərək ölkəmizi beynəlxalq nəqliyyat qovşaqlarından, logistika mərkəzlərindən birinə çevirir. Belə qlobal əhəmiyyətli nəhəng layihələrin reallaşdırılması ilə Azərbaycanın Avrasiya geoiqtisadi məkanının bütün istiqamətləri arasında rəqabətqabiliyyətli və effektiv əlaqəni təmin edən "qitələrarası körpü” statusunu qazanması ölkəmizin iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amilə çevrilməklə yanaşı, onun geosiyasi mövqeyini gücləndirəcək, regional təhlükəsizliyə və inkişafa mühüm töhfələr verəcəkdir.

Bu 15 ildə Azərbaycanın iqtisadi və sosial inkişafının, innovasiyalara əsaslanan yeni iqtisadiyyatının formalaşması, kosmik sənayenin yaradılması, yüksək elmi-texnoloji sıçrayışın və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olaraq, ölkəmizin qısa bir müddətdə zəif inkişaf etmiş keçid iqtisadiyyatlı bir ölkədən, dünyanın məhdud saylı, inkişaf etmiş olkələrinin təmsil olunduğu kosmik ölkələr statusuna yüksəlməsi İlham Əliyev siyasətinin ən möhtəşəm nailiyyətlərindən biri kimi qiymətləndirilməlidir. Bütün bu nailiyyətlər son on beş ildə Azərbaycan reallığında arzuların gerçəkləşməsi, xəyalların reallığa çevrilməsi kimi də dəyərləndirilə bilər.

Bu sahədə 2008-ci ildə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı və buna uyğun olaraq 2009-cu ildə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq olunması və reallaşdırılması ölkəmizdə yüksək texnologiyaların tətbiq olunmasına, kosmik sənayenin yaradılmasına, müasir kosmik layihələrin həyata keçirilməsinə təkan verdi. Məlum olduğu kimi, cənab İlham Əliyevin 15 illik prezidentliyi dövründə "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılmış, üç peyk - 2013-cü ilin fevral ayında "Azerspace-1”, 2014-cü ilin dekabr ayında "Azersky”, 2018-ci ilin sentyabr ayında "Azerspace-2” peykləri orbitə çıxarılmışdır. Bu peyklərin orbitə çıxarılması Azərbaycanı magistrallarının kəsişdiyi çoxölçülü informasiya-kommunikasiya məkanına çevirərək, onun geoiqtisadi funksiyalarını genişləndirmiş, xarici ölkələrdən informasiya asılılığını aradan qaldırmış və informasiya təhlükəsizliyini təmin etmişdir.

Hazırda Azərbaycan dünyanın 25 ölkəsində fəaliyyət göstərən 100-dən çox özəl və dövlət şirkətlərinə peyk xidmətləri göstərir və bu günə qədər bu xidmətlərdən əldə edilən gəlirlərin həcmi 104 milyon dollar təşkil etmişdir. Bu istiqamətdə ixracın genişləndirilməsi üçün mövcud olan böyük potensial növbəti illərdə daha çox özünü büruzə verəcək və təqribən 900 milyon dollardan çox vəsaitin daxil olmasını təmin edəcəkdir. Kommersiya xarakterli fəaliyyətlə yanaşı, peyklər ölkəmizin sosial-iqtisadi yüksəlişində, yeni elmi-tədqiqat sahələrinin yaranmasında, insan kapitalının inkişafında, beynəlxalq əməkdaşlığın genişləndirilməsində və s. müstəsna rol oynayacaqdır.

 

İctimai və sosial xidmətlərin həcmi və keyfiyyəti yüksəlib

 

Son 15 illik zaman kəsiyində baş verən uğurlu iqtisadi inkişaf prosesi ölkədə sosial sahədə də geniş islahatların aparılmasına və əhalinin sosial rifahının yüksəldilməsinə real imkanlar yaratmışdır. Bütün bunların məntiqi nəticəsi olaraq, bu dövrdə nominal ifadədə əhalinin gəlirləri 8,6 dəfə, orta aylıq əməkhaqqı 7 dəfə, minimum əməkhaqqı 14,4 dəfə, pensiyalar 11,8 dəfə artmış, 2 milyona yaxın yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 5,4 faizə, işsizliyin səviyyəsi isə 5 faizə enmişdir. Ölkəmizdə sosialyönümlü bazar iqtisadiyyatı modelinin xarakterinə uyğun olaraq gəlirlərin yenidən bölgüsünü təmin edən dövlət büdcəsinin ildən-ilə əhəmiyyətli dərəcədə artması bütövlükdə ölkə iqtisadiyyatının çox sürətlə inkişaf etməsini göstərməklə yanaşı, bu inkişafın cəmiyyət həyatının bütün sahələrinə sirayət etməsinə geniş imkanlar yaratmışdır. Qeyd edək ki, 2003-cü illə müqayisədə 2018-ci ildə dövlət büdcəsinin gəlir və xərclərinin təqribən 18 dəfədən çox artması nəticəsində, bu dövr ərzində iri sosial, investisiya və infrastruktur layihələri həyata keçirilmişdir. Bütün bunların nəticəsi olaraq, hazırda Azərbaycan Respublikasının dövlət büdcəsi Cənubi Qafqaz ölkələri büdcəsinin 70 faizə qədərini təşkil edir ki, bu da ictimai həyatın bütün sferalarının inkişafında Azərbaycan dövlətinin işğalçı Ermənistanla müqayisədə ölçüyəgəlməz dərəcədə üstün olan gücünün və imkanlarının bariz göstəricisidir.

Sosial rifah göstəricilərinin yüksək templərlə artmasına paralel olaraq əhaliyə göstərilən ictimai və sosial xidmətlərin həcmi və keyfiyyəti də əhəmiyyətli dərəcədə yüksəlməkdədir. Bu istiqamətdə sosial innovasiyalara əsaslanan institusional mexanizmlərin yaradılması ölkəmizi dünya səviyyəsində nümunəyə çevirmişdir. Buna misal olaraq 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin təsis edilməsini, onun idarəçiliyində hazırda dünyada Azərbaycan brendi kimi tanınan "ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərməsini xüsusi qeyd etmək lazımdır. Dövlət orqanlarının əhaliyə göstərdiyi xidmətləri vahid sistemdə birləşdirən bu mərkəzlərə indiyə qədər 24 milyona qədər müraciət daxil olmuş və xidmətlərin keyfiyyəti əhali tərəfindən yüksək qiymətləndirilmişdir. Eyni zamanda, "ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin fəaliyyət göstərməsi və özünüməşğulluq proqramının icra olunması aztəminatlı ailələrin sosial yardımlardan asılılığının aradan qalxmasına və onların sosial fəallığının yüksəlməsinə şərait yaratmışdır. Bütün bunlar bir daha təsdiq edir ki, son 15 ildə ölkəmizdə həyata keçirilən sosial siyasətin xarakteri tamamilə dəyişmiş, sosial müdafiə və sosial təminat sferalarında əsaslı dönüşə nail olunmuşdur ki, nəticədə passiv sosial siyasətdən tədricən imtina edilərək aktiv sosial siyasətə keçid prosesinə başlanılmışdır. Hazırda bu istiqamətdə həyata keçirilən islahatlar uğurla davam etdirilməkdədir. Belə ki, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və sosial təminatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə ölkə başçısının müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi yaradılmış və onun idarəçiliyində "ASAN xidmət”in analoqu - DOST Mərkəzlərinin təşkili prosesinə start verilmişdir.

Bu gün ölkəmizdə, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur, müxtəlif dinlərə, konfessiyalara, etnik qruplara mənsub olan insanların bir arada sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşaması üçün dövlət tərəfindən bütün şərait yaradılmışdır. 2003-2018-ci illər ərzində Azərbaycanda 220-dən çox məscid, kilsə, sinaqoqun tikilməsi, yaxud bərpa olunması və əsaslı surətdə yenidən qurulması bunun əyani sübutudur. Bunlarla yanaşı, ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə 2014-cü ildə "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi” yaradılmış, mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, həmçinin vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyinin göstərilməsi məqsədilə 2017-ci ildə "Mənəvi Dəyərlərin Təbliği Fondu” təsis edilmişdir. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı il "Multikulturalizm ili”, İslam dünyasında həmrəyliyin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə 2017-ci il "İslam həmrəyliyi ili” elan olunmuşdur. Eyni zamanda ölkəmizin paytaxtı Bakı şəhərində multikulturalizm, sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxlu sayda nüfuzlu beynəlxalq tədbirlər, konfrans və forumlar keçirilmişdir. Hazırda dünyanın 13, Azərbaycanın 28 ali təhsil müəssisəsində Azərbaycan multikulturalizmi kursu tədris olunur. Göründüyü kimi, Azərbaycan bu 15 il ərzində dünyada multikulturalizmin inkişafına böyük töhfələr verən nadir ölkələrdən birinə çevrilmişdir.

Bu istiqamətdə cənab İlham Əliyevin şəxsi təşəbbüsü sayəsində 2008-ci ildən reallaşdırılmağa başlayan "Bakı Prosesi”ni xüsusilə qeyd etmək lazımdır ki, bunun da müxtəlif sivilizasiyalar və xalqlar arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsində müstəsna əhəmiyyəti beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş və böyük rəğbətlə qarşılanmışdır. Eləcə də 2009-cu ildə Bakı şəhərinin və bu il isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması, xüsusilə 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi və bu mötəbər, çoxmillətli, multi-idman turnirində ilk dəfə olaraq 54 müsəlman ölkəsini təmsil edən 3 mindən çox idmançının iştirak etməsi Azərbaycanın islam dünyasındakı nüfuzundan və dünya müsəlmanlarının həmrəyliyinin gücləndirilməsi istiqamətində özünəməxsus əhəmiyyətli mövqeyindən xəbər verir. Beləliklə, təsadüfi deyil ki, son 15 ildə Azərbaycan beynəlxalq humanitar, mədəni, sivilizasiyalararası dialoq, multikulturalizm mərkəzlərindən birinə çevrilərək dünya birliyində yeni dəyər, yeni status qazanmışdır. Azərbaycan bu illər ərzində milli, mənəvi dəyərlərini zənginləşdirməklə yanaşı, ümumbəşəri dəyərlərə və qlobal xarakterli problemlərin həllinə də çox mühüm töhfələr vermişdir. Bu gün Azərbaycan etibarlı tərəfdaş, qlobal və regional sülh, təhlükəsizlik, əməkdaşlıq və inkişaf təşəbbüskarı, sivilizasiyalararası dialoq məkanı, tolerantlıq və multikulturalizm mərkəzi, xarici və daxili siyasətdə hər zaman humanizm və ədalətliliyə söykənən dövlət kimi dünyada tanınır və bu dəyərlər sisteminin nümunəvi daşıyıcısı kimi böyük nüfuz qazanmışdır.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, son 15 ildə Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğu istiqamətində geniş islahatlar həyata keçirilmiş, bütün fundamental azadlıqlar (söz, sərbəst toplaşma, mətbuat, vicdan azadlığı və s.) tam təmin edilmiş, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün əlverişli şərait formalaşdırılmışdır. Bu dövrdə dövlətçiliyimizin konstitusion əsaslarının təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən mütərəqqi addımlar atılmışdır. Bildiyimiz kimi, hər bir ölkədə Konstitusiya cəmiyyət həyatının iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrində yaranan münasibətləri tənzimləyən, dövlətin institusional sistemini və ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən, həmçinin vətəndaş cəmiyyətinin formalaşmasını, insan hüquqları və azadlıqlarını təmin edən ali qanunvericilik sənədi hesab edilir. Xalqımızın xoşbəxtliyi ondadır ki, müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması ulu öndər Heydər Əliyevə nəsib olmuş və o, bu missiyanın öhdəsindən çox məharətlə və uzaqgörənliklə gəlmişdir. Beləliklə, 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu müstəqillik tariximizin şərəfli səhifələrindən biri olmaqla, müasir Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna rol oynamış və oynamaqdadır.

Zaman-zaman dünyada baş verən qlobal çağırışlara, dinamik dəyişən geosiyasi şəraitin xarakterinə, ölkədə həyata keçirilən köklü islahatlara adekvat olaraq ümummilli inkişaf maraqları kontekstində referendumlar yolu ilə Konstitusiyaya əhəmiyyətli dəyişikliklər qəbul edilmişdir. Bu dəyişikliklər nəticəsində ölkədə seçki sistemi daha da təkmilləşdirilmiş, insan hüquq və azadlıqlarının təminatı gücləndirilmiş, dövlətin sosial məsuliyyətinin artırılması, yerli özünüidarənin inkişafı və s. istiqamətində mütərəqqi dəyişikliklər baş vermişdir. Xüsusilə 2016-cı ildə qəbul edilən sonuncu dəyişikliklər bugünkü Azərbaycan cəmiyyətində mövcud olan ictimai-siyasi və iqtisadi sabitliyi qoruyub saxlamaq, dövlət hakimiyyəti institutlarının fəaliyyətini, dövlət təhlükəsizliyi və ordu quruculuğunu təkmilləşdirmək, vətəndaşların hüquq və azadlıqlarının təminatını gücləndirmək, gənclərin ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakını təmin etmək, mülkiyyət və əmək münasibətlərində səmərəliliyi və sosial məsuliyyəti artırmaq istiqamətində səmərəli islahatlar həyata keçirməyə əlverişli hüquqi təminat yaratmışdır.

 

Dövlət idarəçiliyi sistemi daha da təkmilləşdirilir

 

2016-cı il referendumunun ən mühüm nəticələrindən biri də ölkəmizdə dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsinə xidmət edən Vitse-prezidentlik institutunun təsisi olmuşdur. Məhz bu mütərəqqi dəyişiklik nəticəsində 21 fevral 2017-ci il tarixində Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi Azərbaycanın ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən çox müdrik bir qərar olmuşdur. Belə ki, o, bu dövrə qədər Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Fondunun və Azərbaycan Gimnastika Federasiyasının prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi gördüyü genişmiqyaslı və çoxşaxəli işlərlə özünü nəinki Azərbaycanda və yaxın coğrafiyada, eləcə də dünyada böyük nüfuza sahib olan dövlət xadimi kimi tanıtmış və təcrübəli siyasətçi, yüksək idarəetmə və təşkilatçılıq məharətinə malik səriştəli dövlət adamı kimi tamamilə doğrultmuşdur. Ölkə ictimaiyyəti tərəfindən də birmənalı şəkildə müsbət qarşılanan bu qərar, hər şeydən öncə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, milli təhlükəsizliyimizin qorunmasına və Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinə xidmət edəcəkdir. Mehriban xanım Əliyevanın yeni, yüksək məsuliyyət tələb edən Birinci vitse-prezident vəzifəsinə təyin olunması, eyni zamanda, Azərbaycan qadınının cəmiyyətdəki rolunun artırılmasına, xalqımızın sosial, mədəni rifahının və ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsinə əhəmiyyətli töhfələr verməklə, prezidentlik institutunu da gücləndirərək dövlətçilik tariximizə yeni mərhələ kimi daxil olacaqdır.

Dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi və effektivliyinin yüksəldilməsi ilə yanaşı, bu dövrdə həyata keçirilmiş islahatların məntiqi nəticəsi olaraq ölkəmizdə formalaşdırılmış tam demokratik və şəffaf şəraitdə minlərlə vətəndaş cəmiyyəti institutları - siyasi partiyalar, qeyri-hökumət təşkilatları, kütləvi-informasiya vasitələri (KİV), həmkarlar ittifaqları, sahibkarlıq subyektləri azad fəaliyyət göstərir, dövlət tərəfindən onların fəaliyyətini dəstəkləyən zəruri hüquqi, inzibati və maliyyə dəstəyi mexanizmləri tətbiq edilir. Hazırda ölkədə 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı, 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları sərbəst fəaliyyət göstərir. Hər il siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsinə dövlət büdcəsindən vəsaitlərin ayrılması, qeyri-hökumət təşkilatlarının bir çox layihələrinin dövlət tərəfindən qrant maliyyələşdirilməsi, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, eləcə də onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər respublikamızda siyasi plüralizmin, söz və mətbuat azadlığının təmin olunmasına, bir sözlə vətəndaş cəmiyyəti quruculuğuna dövlətin diqqət və qayğısının bariz təzahürləridir. Ölkəmizdə siyasi, iqtisadi, sosial, mədəni sferalarda könüllü olaraq yaranan və fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları bu gün ictimaiyyəti maraqlandıran məsələlərə dövlət tərəfindən heç bir təzyiq olmadan azad şəkildə münasibət bildirir, ictimai müzakirələrə fəal surətdə cəlb olunur, qəbul ediləcək qanun layihələri ilə bağlı təkliflər və təşəbbüslər irəli sürür, maarifləndirici layihələr həyata keçirirlər və beləliklə, vətəndaş maraqlarından çıxış edərək dövlət strukturları ilə effektiv münasibətlər qururlar.

Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası dövlət quruculuğunun bütün istiqamətlərində olduğu kimi, xarici siyasət sahəsində də uğurlu addımlar atmışdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyası tarixi təcrübəni, geosiyasi reallıqları nəzərə alaraq, çoxvektorlu və tarazlaşdırılmış əsasda praqmatik və realist prinsiplərlə həyata keçirilir. Bu müstəqil siyasətin əsasını Azərbaycanın milli maraqları və ölkə vətəndaşlarının mənafeyinin və təhlükəsizliyinin qorunması təşkil edir. Məhz bu prizmadan yanaşaraq milli maraqlara söykənən müstəqil xarici siyasət yürütməklə ölkəmiz dünyada etibarlı tərəfdaş kimi beynəlxalq siyasi nüfuzunu və çəkisini xeyli artırmış, regionda söz sahibinə, lider dövlətə çevrilmişdir. Böyük güclərin çarpazlaşan maraqlarının Azərbaycanın milli mənafelərinə uyğun olaraq bu coğrafiyada balanslaşdırılması ölkə başçımızın yüksək intellekti, cəsarətli və uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Ölkəmizin ikitərəfli və çoxtərəfli regional əməkdaşlıq formatlarında fəal iştirak etməsi və təşəbbüskarlığı, 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv və 2019-2022-ci illər üzrə Hərəkata sədrliyinin qəbul edilməsi, Avropa İttifaqına (Aİ) üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinin qurulması və Aİ ilə "Tərəfdaşlıq prioritetləri” sənədinin imzalanması, Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi, sivilizasiyalar arasında dialoqun inkişafı naminə "Bakı Prosesi”nin reallaşdırılması Azərbaycanı regionda və dünyada nüfuzlu aktor və söz sahibi olan dövlətlər sırasında yerini kifayət qədər möhkəmləndirmiş və siyasi çəkisini xeyli artırmışdır.

İlham Əliyevin güclü siyasi iradəsi, müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan günü-gündən dünyanın əksər ölkələri ilə siyasi, iqtisadi əlaqələrini və dostluq bağlarını gücləndirərək illər ərzində formalaşdırmış olduğu zəngin iqtisadi və infrastruktur potensialını, geosiyasi və geoiqtisadi mövqeyini, əhatə etdiyi coğrafiyanı böyük üstünlüklərə və inkişafı təmin edən faktorlara çevirə bilmişdir. Azərbaycanın xarici siyasətində qarşılıqlı faydalılıq prinsipi ilə yanaşı, dövlətlərarası çərçivədən çıxan və regional əhəmiyyət kəsb edən ikitərəfli əlaqələrin inkişafına və şaxələndirilməsinə xüsusi diqqət yetirilir. Eyni zamanda regional təhlükəsizlik, xüsusilə ölkənin milli təhlükəsizliyi əsas məqsədlərdən biri kimi müəyyən edilmişdir. Regional və milli təhlükəsizliyin təmin olunmasında əsas şərtlərdən biri də dövlət tərəfindən balanslaşdırılmış siyasətin uğurla həyata keçirilməsidir. Zəngin təbii sərvəti, əlverişli geosiyasi və geoiqtisadi mövqeyi ilə Azərbaycanın dünyanın güc mərkəzlərinin çarpazlaşan maraqları dairəsində olmasına baxmayaraq, İlham Əliyev müstəqil siyasi iradəsi ilə region ölkələri, xüsusilə də qonşu ölkələrlə strateji münasibətləri yüksələn xətlə inkişaf etdirərək, təşəbbüskarı və iştirakçısı olduğu transmilli enerji və nəqliyyat layihələrini uğurla reallaşdırmaqla bu maraqların balanslaşmasını böyük məharətlə təmin edə bilmişdir. Təbii ki, bu layihələr həm Azərbaycana, həm də iştirakçı ölkələrə böyük dividendlər, faydalar gətirir və şübhəsizdir ki, gələcək dövrlərdə də ölkəmizin regionda təhlükəsizliyinin təmin edilməsinə, səmərəli siyasi-iqtisadi əlaqələrinin inkişaf etdirilməsinə əhəmiyyətli töhfələr verəcəkdir.

Məhz 15 il ərzində xarici siyasət sahəsində əldə edilmiş uğurların nəticəsidir ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı prinsipial mövqeyini yüksək siyasi iradəsi, intellekti və diplomatik məharəti sayəsində - BMT-nin Baş Assambleyası, ATƏT, AŞ PA, Avropa İttifaqının Parlament Assambleyası, İƏT və s. nüfuzlu beynəlxalq təşkilatların müvafiq sənədlərində əks olunmasına nail ola bilmişdir və bu da problemin yalnız ölkəmizin ərazi bütövlüyünün təmin olunması prinsipi ilə həllinin mümkünlüyü deməkdir. Eyni zamanda, cənab İlham Əliyevin son dərəcə düşünülmüş və uzaqgörən siyasəti nəticəsində işğalçı Ermənistan bütün beynəlxalq layihələrdən təcrid edilərək, bu coğrafiya üçün əhəmiyyətsiz və inkişaf yolunda başlıca maneə yaradan ölkəyə çevrilmişdir.

Böyük qürur hissi ilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin son illərdə Ali Baş Komandan kimi diqqət və qayğısı sayəsində ölkəmizin hərbi qüdrəti əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bu il 26 iyun Azərbaycan Ordusunun 100 illiyi və 15 sentyabr Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə keçirilmiş iki möhtəşəm hərbi paradda ölkəmizin hərbi-müdafiə potensialının kiçik bir hissəsi Azərbaycan xalqına və dünyaya nümayiş etdirildi. Hazırda dünyada ən güclü 50 ordu sırasında Azərbaycanın Silahlı Qüvvələri də yer alır. Ordumuzun gücünün və döyüş qabiliyyətinin ən real təsdiqi isə Silahlı Qüvvələrimizin 2016-cı ilin aprel və 2018-ci ilin may aylarında qısa müddət ərzində minlərlə hektar ərazini işğalçılardan azad etməsidir. Qürurverici faktdır ki, döyüşlərdə əsasən yerli istehsal olan hərbi məhsullardan istifadə edilmişdir. Qeyd etmək lazımdır ki, hazırda ölkəmizdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir və eyni zamanda, istehsal olunan bu məhsullar daxili ehtiyaclarımızı tam ödəməklə yanaşı, dünyanın onlarla ölkəsinə ixrac olunmaqdadır ki, bu da ölkəmizin hərbi-strateji mövqeyinə keyfiyyətcə yeni məzmun qazandırmışdır.

Şübhəsizdir ki, əldə edilmiş bütün bu misilsiz nailiyyətlər qlobal siyasi-iqtisadi arenada böyük "nümayiş effekti” yaradaraq, bu gün Azərbaycanla strateji əməkdaşlığın inkişafında və dərinləşdirilməsində maraqlı olan ölkələrin diqqətini cəlb edir və sayını əhəmiyyətli dərəcədə artırır.

Bütün bunlar bir daha təsdiq edir ki, cənab İlham Əliyev ötən dövr ərzində həyata keçirdiyi genişmiqyaslı, misilsiz işləri ilə həqiqətən də hər bir azərbaycanlının Prezidenti olduğunu tam təsdiq etmişdir. Azərbaycan ərazisinə, əhalinin sayına və iqtisadiyyatının həcminə görə böyük ölkə olmasa da, onun İlham Əliyev kimi böyük lideri, müdrik və uzaqgörən rəhbəri vardır. ABŞ-ın nüfuzlu konqresmeni Kurt Ueldonun sözləri ilə desək: "Bir çox xalqlar arzulayırlar ki, onların da cənab İlham Əliyev kimi bacarıqlı, 5 dildə danışa bilən, müxtəlif mövzulara dair geniş bilgilərə malik, geniş dünyagörüşlü lideri olsun. Hesab edirəm ki, bu mənada Azərbaycan xoşbəxt ölkədir, çünki bu ölkəyə İlham Əliyev kimi lider qismət olmuşdur”. Məhz İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin siyasəti yaşayır və cəmiyyətimizin həyatında, dünyada baş verən proseslərə, müasir dövrün tələb və çağırışlarına uyğun olaraq təkmilləşdirilir, modernləşdirilir və uğurla davam etdirilir. Heç bir alternativi olmayan bu ümummilli inkişaf yolu həm müasir Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin, həm də 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xalqımızın suveren və firavan gələcəyi ilə bağlı arzularını tam gerçəkliyə çevirməklə yanaşı, bizi daha böyük uğurlara, tərəqqiyə və ümumxalq rifahına aparır.

 

Şəmsəddin HACIYEV,

Milli Məclisin deputatı,

YAP Səbail rayon təşkilatının sədri,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2018.- 11 dekabr.- S.5.