Azərbaycanın mühüm siyasi və iqtisadi tərəfdaşı
Belarusla əlaqələr strateji xarakter daşıyır
Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən ayın 19-da Belarus Respublikasına etdiyi səfərin nəticələri iki dövlət arasındakı əlaqələrin mahiyyətini bir daha təsdiq etdi. Çünki bütün dünya gördü ki, Azərbaycan-Belarus münasibətləri möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. İki dövlətin prezidentlərinin səmimi dostluğu isə münasibətlərin məzmun və mahiyyətinin zənginliyinə impuls verir.
Ümumiyyətlə, MDB üzvü olan dövlətlərlə əməkdaşlığı gücləndirmək, sovet dövründə mövcud olan çoxşaxəli əlaqələri müasir dövrün tələbləri səviyyəsində inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində vacib məsələlərdən biri kimi nəzərdən keçirilir. Ulu öndər Heydər Əliyevin xarici siyasətdə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edən Prezident İlham Əliyev ötən 15 ildə postsovet respublikaları ilə münasibətlərə xüsusi önəm verib. Dövlət başçısının MDB-nin iqtisadi potensialına görə seçilən respublikalarından sayılan Belarusa son rəsmi səfəri bu nöqteyi-nəzərdən diqqəti cəlb edir. Bu səfər ikitərəfli əlaqələrə əlavə impulslar vermək, genişmiqyaslı əməkdaşlıq üçün mövcud potensialdan hərtərəfli yararlanmaq baxımından vacib əhəmiyyət kəsb edirdi.
Belarus güclü istehsal və hərbi-sənaye kompleksinə, tranzit əhəmiyyətinə görə indinin özündə də fərqli imkanlara malik respublikalardan sayılır. Sovetlər birliyi dövründən Azərbaycanla Belarus arasında mövcud olan çoxşaxəli əməkdaşlığın yeni mərhələdə davam etdirilməsi müştərək iqtisadi maraqların diktə etdiyi zərurətdir. Şübhəsiz, uzun illər vahid ailə kimi formalaşan, iqtisadi cəhətdən zəncirvarı şəkildə bağlı olan dövlətlərin bir-birindən təcrid vəziyyətdə yaşaması mümkün deyildir. Təsadüfi deyil ki, bu reallığı düzgün dəyərləndirən hər iki ölkənin rəhbərləri əlaqələrin genişləndirilməsinə daim mühüm önəm verir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin indiyədək Belarusa 5 dəfə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun isə Azərbaycana 4 dəfə rəsmi səfər etməsi də hər iki ölkənin rəhbərlərinin tərəfdaşlığa verdikləri önəmin göstəricisidir. Bundan əlavə, ayrı-ayrı vaxtlarda işgüzar səfərlər də edilib. Diplomatiyada və dövlətlərarası münasibətlərdə bu cür münasibətlər nadir hallarda müşahidə olunur. Bu da ondan xəbər verir ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.
Azərbaycan-Belarus münasibətlərində qarşılıqlı siyasi etimadın formalaşmasının səbəblərindən biri də rəsmi Minskin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu prinsipial mövqedir. Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir və bunu Prezident Aleksandr Lukaşenko daim bəyan edir.
Azərbaycanla Belarus arasındakı əlaqələrdə qarşılıqlı siyasi etimadın yaranmasının əsas səbəblərindən biri bu ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqedir. Bəli, rəsmi Minsk bu məsələdə prinsipialdır və daim Azərbaycanı dəstəkləyir. Azərbaycanın təmsil olunmadığı qurumlarda da Belarus ədalətli mövqe ortaya qoyur. Bu ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Prezident İlham Əliyev bununla bağlı deyib: "Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir”.
Səfər çərçivəsində siyasi, hərbi-texniki, humanitar və digər sahələrdə münasibətlərin inkişafına dair məsələlər diqqət mərkəzində oldu. Belarus ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın böyük potensialı var. Əlbəttə, Azərbaycan-Belarus münasibətlərinin əsas prioritetlərindən danışarkən iqtisadi əlaqələri xüsusilə qeyd etməmək qeyri-mümkündür. Çünki hər iki ölkə bir-biri üçün mühüm iqtisadi tərəfdaşlar sayılır. Hər iki dövlətin dinamik inkişaf yolunda olan iqtisadiyyatı, böyük istehsal potensialı, zəngin təbii sərvətləri qarşılıqlı marağı şərtləndirməklə çoxşaxəli əməkdaşlıq üçün daha fəal iş aparmağı zərurətə çevirir. Məhz buna görə də iqtisadi sahədə əlaqələr ildən-ilə dərinləşib, yeni əməkdaşlıq formatları yaranıb.
Təkcə bu ilin 9 ayında iki ölkə arasında əmtəə dövriyyəsinin həcminin 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə artması və 331,5 milyon dollara bərabər olması Azərbaycan-Belarus iqtisadi münasibətlərindəki dinamizmdən xəbər verir. Xarici iqtisadi amillərin müəyyən qədər təsirlərinə baxmayaraq, Azərbaycan və Belarus arasında iqtisadi sferada ciddi artım müşahidə olunub. Həmçinin Azərbaycan ixracatında 20 faizə yaxın artım qeydə alınıb. Son 4 ildə Azərbaycan Belarusa daha çox məhsul ixrac edib. İxracın artması nəticə etibarilə ölkəyə daxil olan valyutanın yüksəlməsinə də təsirini göstərib. Azərbaycan Belarusdan daha çox şəkər, meşə materialları, dərman vasitələri, kərə yağı və siqaret idxal edir. Eyni zamanda, Azərbaycan Belarusa tütün xammalı, polietilen ixrac edir. Bu məhsullar ixracda əsas paya malikdir.
Çünki iki ölkə arasında investisiya və birgə layihələrin reallaşdırılması imkanları kifayət qədər genişdir. Ona görə ötən ay Minskdə aparılan danışıqlar zamanı razılaşdırılmış məsələlər, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Bu mənada Prezident İlham Əliyevin Belarusa ötən ay reallaşan rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından yeni bir mərhələnin əsasını formalaşdırır. Bu da iqtisadi və strateji baxımdan Azərbaycanla Belarusun daha da yaxınlaşmasına yol açacaq.
Azərbaycan-Belarus iqtisadi münasibətlərinin ən uğurlu göstəricilərindən biri maşınqayırma sahəsində "Gəncə Avtomobil Zavodu”nda həyata keçirilən birgə əməkdaşlıqdır. Xatırladım ki, "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Belarus müəssisələri ilə əməkdaşlığa 2006-cı ildən başlayıb. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin oktyabrında Belarusa səfəri zamanı Minsk traktor və avtomobil zavodları ilə "Gəncə Avtomobil Zavodu” arasında əməkdaşlığın yaradılması barədə Belarusun dövlət başçısı ilə razılığa gəlindi. Bu razılığa əsasən Gəncə zavodu həmin müəssisələrlə uzunmüddətli əməkdaşlıq müqaviləsi bağladı. Bundan sonra "Gəncə Avtomobil Zavodu”nda ümumi ərazisi 20 min kvadratmetr olan sexdə təmir-bərpa işləri görüldü, yeni texnoloji yığım xətləri quraşdırıldı. Yeni sex müasir avadanlıqlar və texnika ilə təchiz olundu. Müqaviləyə uyğun olaraq 2007-ci ilin mart ayında Belarusdan daxil olan komplektləşdiricilərin əsasında "Belarus 80.1”, "Belarus 82.1”, "Belarus 1221”, "Belarus 1025”, "Belarus 892” və "Belarus 80X” modeldə traktorların istehsalına başlanıldı. Həmin ilin aprel ayından isə MAZ avtomobillərin yığımı təşkil olundu. İndiyədək 11 illik əməkdaşlıq çərşivəsində müəssisə tərəfindən "Belarus” traktorunun 10 modelinin (o cümlədən, ekskavatorlar, asfaltkəsən, qartəmizləyən texnikalar, traktor üçün qoşqular və istənilən növ asma avadanlıqlar və s.) və MAZ avtomobilinin 20 modelinin (o cümlədən, MAZ markalı avtomobillərin bazasında yanacaq və sudaşıyan maşınlar, yüküözüboşaldan, dartıcı avtomobillər, assenizasiya maşınları, təmir emalatxanaları və kommunal maşınları) yığım istehsalı mənimsənilib.
Ötən 11 ildə "Gəncə Avtomobil Zavodu”nun Belarus müəssisələri ilə ticarət dövriyyəsi 402 milyon ABŞ dolları məbləği təşkil edib. Bu dövrdə ümumilikdə müxtəlif modeldə 10 min 581 ədəd traktor (o cümlədən, pambıqyığan, kommunal, minitraktorlar və xüsusi təyinatlı texnika) və 3204 ədəd MAZ avtomobili (o cümlədən, su və yanacaqdaşıyanlar, yüküözüboşaldanlar, avtokranlar, "Haller” kommunal maşınları), 75 ədəd MAZ avtobusu, 360 ədəd MAZ avtomobil qoşqusu, 20 ədəd MZKT ağırtonnajlı yük dartıcısı yığılıb.
"Gəncə Avtomobil Zavodu” Belarusun digər müəssisələri ilə də işbirliyi yaradıb. Zavod Minsk Təkərli Dartıcılar Zavodu, Smorqon Avadanlıqlar Zavodu, Mozırsk Maşınqayırma Zavodu, Bobruysk Ehtiyat Hissələri və Avadanlıqlar İstehsalı Zavodu ilə sıx əməkdaşlıq edir. Bundan başqa, 2010-cu ildə Almaniyanın "Haller” şirkəti, Belarusun Minsk Avtomobil Zavodu və "Gəncə Avtomobil Zavodu” arasında üçtərəfli müqavilə imzalanıb. Bugünədək ümumilikdə 105 ədəd 21 kubmetr tutumlu Avro 4 standartına cavab verən kommunal maşın istehsal olunub.
2018-ci il
aprelin 2-də müəssisədə
onmininci traktor istehsal edildi. Bununla əlaqədar keçirilən tədbirdə
Belarus Respublikasının Baş
nazirinin müavini
Vladimir Semaşko, Azərbaycanın
Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Minsk traktor və avtomobil zavodlarının baş direktorları iştirak ediblər. Qonaqlar zavodun fəaliyyətini yüksək qiymətləndirib,
texniki və kadr potensialında perspektivlərdən söz
açıblar.
Azərbaycan Prezidenti
cənab İlham Əliyevin sərəncamları
ilə "Gəncə
avtomobil zavodu”
İB-in 11 işçisi "Tərəqqi” medalı, 3
nəfəri isə
"Əməkdar mühəndis”
fəxri adı ilə təltif olunub.
"Gəncə Avtomobil Zavodu” bu ili də uğurla başa vurur. 2018-ci il yanvarın 1-dən dekabrın 1-nə qədər müəssisədə 1027 ədəd Belarus traktoru, 669 ədəd traktor qoşqusu, 57 ədəd KamAZ avtomobili, 100 ədəd URAL avtomobili, 64 ədəd qoşqulu su çəni, 9 ədəd "Haller” markalı məişət tullantıları daşıyan avtomobil istehsal olunub.
2019-cu ildə qarşımızda duran əsas vəzifələrdən biri istehsalın həcmini artırmaqla yeni iş yerlərinin açılmasına nail olmaq, zavodda Belarus markalı traktorlar, MAZ markalı avtomobillər ilə yanaşı, həmin texnikaların bazasında respublikamız üçün əhəmiyyətli olan bütün növ xüsusi təyinatlı maşınların istehsalını və eləcə də KamAZ, URAL avtomobillərin yığımının genişləndirilməsi istiqamətində işləri davam etdirməkdir.
Göründüyü kimi, Azərbaycan-Belarus iqtisadi münasibətlərində "Gəncə Avtomobil Zavodu”nun fəaliyyəti xüsusi yer tutur. Təsadüfi deyil ki, zavodda Belarus brendi olan müxtəlif nəqliyyat vasitələrinin istehsalı üstünlük təşkil edir. Bu ölkə ilə mövcud iqtisadi əməkdaşlıq müxtəlif təyinatlı nəqliyyat vasitələrini Azərbaycan üçün daha da əlçatan edib. Daim dövlətimizin və onun rəhbərinin diqqət və qayğısını hiss edən kollektiv istehsal sahələrini genişləndirməklə həm ölkəmizin maşın və mexanizmlərə olan ehtiyacını ödəyir, həm də yeni iş yerləri açmaqla əhalinin məşğulluğunu təmin edir.
Xanlar FƏTİYEV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2018.- 11 dekabr.- S.4.