Misir və
Livan mətbuatı ulu öndər Heydər Əliyev
haqqında silsilə məqalələr yayıb
Misirin və Livanın
aparıcı mətbuat orqanları ulu öndər Heydər
Əliyev haqqında silsilə məqalələr yayıb.
AZƏRTAC xəbər verir ki,
Misirin yarım milyon tirajla çıxan gündəlik
"Əl-Əhram” qəzeti, eləcə də nüfuzlu
"El-Vatan”, "Al-Masry Al-Youm” qəzetləri, həmçinin
Livanın "Ən-Nəhar”, "Al3arabia.net”,
"Lebanesenews”, "Alseyasa.com”, "Cedarnews.net”, "Araznews”
və digər xəbər saytları tərəfindən
yayılan məqalələrdə Heydər Əliyev şəxsiyyətinin
böyüklüyündən, onun zəngin və
çoxşaxəli fəaliyyətindən, Azərbaycan
xalqı və dövləti qarşısındakı misilsiz
xidmətlərindən ətraflı bəhs edilir.
Məqalələrdə Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından
15 il keçdiyi bildirilir.
Qeyd edilir ki, bu böyük insan Azərbaycana
onilliklər boyu rəhbərlik edib, xalqın xatirəsində
tarixi lider və ölməz şəxsiyyət kimi
yaşayır. Heydər Əliyev Azərbaycanı
parçalanmaq təhlükəsindən xilas edərək
birliyə, sabitliyə nail olub, onu yoxsulluq səviyyəsindən,
gerilikdən qurtararaq həyatın bütün sahələrində
tərəqqiyə, çiçəklənməyə
aparıb. Məhz buna görə də o, ölməz tarixi
lider və müasir Azərbaycanın memarı kimi
yaddaşlara həkk olub. O, milli birlik üçün sabitlik
yaradıb, Azərbaycan xalqının həyatının
çətin anlarında vətəndaş müharibəsinin
baş verməsinin qarşısını alıb. Bu
böyük liderin həyat və fəaliyyətindən yazmaq
üçün bir ensiklopediya lazımdır. Onun tərcümeyi-halının
hər bir məqamı milli irsdir, Azərbaycan xalqının
fəxr mənbəyidir. Heydər Əliyev Azərbaycanın
müasir tarixini yaradıb.
Yazılarda Heydər Əliyevin
1923-cü il mayın 10-da Azərbaycanın qədim diyarı
olan Naxçıvanda dünyaya göz açdığı
qeyd edilir. Naxçıvanın Azərbaycan tarixində, elmində,
mədəniyyətində dərin izlər qoymuş ədiblərin,
mütəfəkkirlərin vətəni olduğu diqqətə
çatdırılır. Ulu Öndərin gənclik illəri,
tutduğu yüksək vəzifələr, hələ Sovet Azərbaycanına
rəhbərliyi dövründə respublikanın
inkişafı üçün gördüyü mühüm
işlər haqqında ətraflı məlumat verilir.
Bildirilir ki, Heydər Əliyev gənclərə hər zaman
diqqət və qayğı ilə yanaşırdı. O, hesab
edirdi ki, gənclər Azərbaycanın gələcəyidir.
Ona görə də Heydər Əliyevin prioritetlərindən
biri məhz gənclər üçün təhsil
imkanlarının təmin edilməsi idi. Bu gün həmin gənclər
ölkənin inkişafına xüsusi töhfələr
verirlər.
1982-ci ildə Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun
üzvü seçilən Heydər Əliyevin SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsinə təyin
olunduğu qeyd edilən məqalələrdə bunun Ulu
Öndərin siyasi karyerasında yeni mərhələ
olduğu diqqətə çatdırılır.
Vurğulanır ki, Heydər Əliyevin Siyasi Büroya üzv
seçilmiş ilk azərbaycanlı olması da Azərbaycan
xalqının tarixində mühüm hadisə idi.
Yazılarda 1993-cü ildə
ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan
Respublikasında siyasi hakimiyyətə
qayıdışından sonra ölkədə gedən
sürətli inkişaf prosesləri, həyata keçirilən
islahatlar barədə məlumatlar ətraflı şəkildə
oxucuların diqqətinə çatdırılır.
Bildirilir ki, Prezident Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi dövrdə ölkənin müstəqilliyinin möhkəmlənməsi,
inkişafı yolunda çalışıb. Təsadüfi
deyil ki, onun hakimiyyəti illəri, haqlı olaraq, Azərbaycanın
müasir dövlət quruculuğu yolunda köklü dəyişikliklər
və inkişaf mərhələsi sayılır. Həmin illərdə
daxili və xarici siyasətdə böyük dəyişikliklər
baş verdi. Azərbaycan Heydər Əliyevin rəhbərliyi
ilə müasir tarixinin yeni mərhələsinə daxil oldu,
dünya birliyində fəal dövlətə çevrildi,
beynəlxalq ictimaiyyətin nəzəri Xəzər dənizi
hövzəsində yerləşən Qafqaz regionundakı bu
ölkəyə yönəlməyə başladı.
Məqalələrdə
vurğulanır ki, ümummilli lider Heydər Əliyevin vəfatından
15 il keçsə də o, özünün böyük xidmətləri
ilə Azərbaycan xalqının yaddaşında qalır. Azərbaycan
xalqının Ulu Öndərin vəfatının
ildönümlərini qeyd etməsi onun xatirəsinə ehtiramdan
irəli gəlir.
Qeyd edilir ki, bu gün Azərbaycan
Heydər Əliyevin irsinə əsaslanaraq Prezident İlham
Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən
ölkədir. Azərbaycan iqtisadiyyatı çox
böyük inkişaf göstəriciləri əldə edib.
Prezident İlham Əliyevin davamlı demokratik və iqtisadi
islahatları, onun müdrik rəhbərliyi, fəal xarici siyasəti
Azərbaycanı regional müstəvidə öncül
dövlətə və beynəlxalq münasibətlərdə
etimad edilən inamlı tərəfdaşa çevirib. Azərbaycan
bütün regional məsələlərdə aparıcı
rol oynayır, inkişafın bəhrələrini tərəfdaşlıq
və əməkdaşlıq əsasında region dövlətləri
ilə bölüşür.
Azərbaycan.- 2018.- 11 dekabr.- S.2.