Bakıda
aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq
forum keçirilir
Heydər Əliyev Fondunun
vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının xoşməramlı səfiri, IDEA
İctimai Birliyinin rəhbəri Leyla Əliyeva forumun
açılış mərasimində iştirak edib
Dekabrın 10-da Azərbaycanda ilk dəfə
aqrar və yaşıl texnologiyalar üzrə "AgTech and
Green Energy” mövzusunda beynəlxalq forum işə
başlayıb.
AZƏRTAC xəbər verir ki, Kənd
Təsərrüfatı və Energetika nazirliklərinin birgə
təşkilatçılığı ilə ADA Universitetində
keçirilən forumun açılış mərasimində
Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO)
xoşməramlı səfiri, IDEA İctimai Birliyinin rəhbəri
Leyla Əliyeva, dövlət qurumlarının rəsmiləri,
fermer təsərrüfatlarının rəhbərləri,
yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və
texnoloji şirkətlərin nümayəndələri, özəl
sektorun təmsilçiləri iştirak ediblər.
"Yaşıl gələcək
üçün innovasiyalar” şüarı ilə
keçirilən forumda çıxış edən ADA
Universitetinin rektoru, səfir Hafiz Paşayev deyib:
"Hazırda yaşıl enerji və bu sahənin
inkişafı üçün texnologiyalar dünyada geniş
yayılıb. ADA Universiteti də bu sahəni diqqətdə
saxlayır. Universitetin mövcud kampusu yaşıl və smart
texnologiyası əsasında qurulub. Ümumilikdə 50 faiz
enerji bu mənbələrdən, xüsusilə geotermal enerji
mənbələrindən əldə edilir. Hazırda ADA
Universitetində yeni binalar da inşa olunur. Bütün bu
texnologiyaların tətbiqi burada təhsil alan tələbələrin
təcrübə və biliklərinin artırılmasına
öz təsirini göstərir. Heydər Əliyev Fondunun
vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının xoşməramlı səfiri, IDEA
İctimai Birliyinin rəhbəri Leyla Əliyeva ətraf
mühitin qorunması, təhlükəsiz, sağlam və
yaşıl gələcəyə təminat verən
çoxsaylı təşəbbüslərlə
yanaşı, ADA Universitetində keçirilən beynəlxalq
tədbirlərdə məmnuniyyətlə iştirak edir”.
Kənd təsərrüfatı
naziri İnam Kərimov bildirib ki, bu cür əhəmiyyətli
beynəlxalq forumun ölkəmizdə keçirilməsi Azərbaycanın
bütün əməkdaşlıq sahələri üzrə
hər zaman etibarlı tərəfdaş olduğunu təsdiqləyir:
"Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı ən
aktual məsələlərdən birinə çevrilib.
Qeyri-neft sektorunun önəmli bir sahəsi olan aqrar sahə
özünün yeni inkişaf mərhələsinə qədəm
qoyub. Ölkədə kənd təsərrüfatı sürətlə
inkişaf edir. Ümumi daxili məhsulda kənd təsərrüfatının
payı artır. İxracda qeyri-neft sektorunun payı, o cümlədən
kənd təsərrüfatı məhsullarının
payı yüksəlib”.
Nazir deyib ki, aqrar sahəni
iqtisadiyyatın prioritet sahəsi kimi müəyyən edən
Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təmin
edilməsi ilə bağlı tapşırıqlar müəyyənləşdirib:
"Bu tapşırıqlar mövcud resurslardan səmərəli
istifadə etmək, məhsuldarlığı artırmaq, ətraf
mühitin qorunmasını təmin etməkdən ibarətdir.
Müəyyənləşən vəzifələrə
uyğun olaraq fəaliyyət prinsiplərimizdə
düzgün və səmərəli idarəçilik, kəndli
və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqini
əsas götürürük. Sevindirici haldır ki, dövlətin
göstərdiyi diqqət nəticəsində
qarşımıza qoyulan vəzifələrin icrası istiqamətində
uğurlu nəticələr əldə olunub. Ölkədə
əhalinin ərzaqla özünü təminetmə səviyyəsi
yüksəlib. Bu ilin 9 ayı ərzində kənd təsərrüfatı
məhsulunun ümumi həcmi ötən illə müqayisədə
4,3 faiz artıb. Ət və süd məhsulları ilə
özünü təminetmə artıq 90 faizə
çatıb. Bütün növ tərəvəz və meyvə
üzrə bu göstərici 100 faizdən çoxdur.
Müasir innovasiyaların tətbiqi ilə bu göstəriciləri
daha da yüksəltmək mümkün olacaq”.
İ.Kərimov qeyd edib ki, bu forum
fermerlərə belə innovativ yeniliklərlə tanış
olmaq imkanı verir: "Tədbir, eyni zamanda, təcrübə
mübadiləsi aparmaq üçün yeni platforma rolunu
oynayır. Belə bir forumun keçirilməsinə verdiyi dəstəyə
görə Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
xoşməramlı səfiri, IDEA İctimai Birliyinin rəhbəri
Leyla xanım Əliyevaya təşəkkür edirəm. Hesab
edirik ki, Azərbaycan aqrar sahədə innovasiyaların daha
çox tətbiq olunduğu lider ölkələrdən birinə
çevriləcək”.
Türkiyənin kənd təsərrüfatı
və meşəçilik naziri Bekir Pakdemirli deyib ki, ölkəsi
kənd təsərrüfatı sahəsində tətbiq
etdiyi yenilikləri Azərbaycanla bölüşə bilər.
Türkiyədə kənd təsərrüfatı sahəsində
həyata keçirilən islahatlar barədə məlumat verən
nazir bildirib ki, bu istiqamətdə Azərbaycanla fikir
mübadiləsi aparmaq iki ölkənin əməkdaşlığının
inkişafına töhfə verəcək: "Türkiyə
kənd təsərrüfatının inkişaf etmiş sahələrində
tətbiq etdiyi üsullarla, texnoloji yeniliklərlə
bağlı təcrübəsini Azərbaycanla
bölüşməyə hazırdır”.
Azərbaycan Respublikası
Prezidentinin aqrar siyasət məsələləri üzrə
köməkçisi - şöbə müdiri Azər
Əmiraslanov qeyd edib ki, ölkədə əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatı və rasional
qidalanmasının təmin edilməsi diqqətdə
saxlanılır: "Kənd təsərrüfatı
iqtisadiyyatın mühüm sahəsidir. Aqrar sektor nə qədər
inkişaf etsə də, biz ekoloji tələbləri gözləməli,
ekosistemi qorumalıyıq. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının xoşməramlı səfiri Leyla
xanım Əliyevanın təşəbbüsü ilə bu
istiqamətdə həyata keçirdiyi ekoloji layihələr
xüsusi olaraq qeyd edilməlidir”.
A.Əmiraslanov deyib: "Bu gün
aqrar siyasətin başlıca vəzifəsi effektivlik
meyarlarının və ekoloji tələbləri səmərəli
şəkildə uzlaşdırmaqdan ibarətdir. Hazırda
ölkədə kənd təsərrüfatının
inkişafına yönəlmiş sistemli və kompleks tədbirlər
görülür. Aqrar sahənin inkişafı
üçün strateji məqsədlər, vəzifələr,
prinsiplər və hədəflər müəyyən olunub.
Aqrar sektor Azərbaycanda prioritet sahə elan edilib.
Çünki o, dayanıqlı inkişafın təmin
olunmasında, iqtisadiyyatın şaxələndirilməsində,
yoxsulluğun azaldılmasında, ən əsası isə
sosial problemlərin həllində və ərzaq təminatında
xüsusi rol oynayır. Məhz bu amillərə görə
ölkə başçısı aqrar sahəyə həssaslıqla
yanaşır, kənd təsərrüfatının
inkişafına həm iqtisadi, həm də sosial məsələ
kimi baxır”.
Azərbaycan Respublikası
Prezidentinin aqrar siyasət məsələləri üzrə
köməkçisi qeyd edib ki, kənd təsərrüfatı
son yarım əsrdə çox ciddi texnoloji yeniləşmə
dövrü keçib: "Hazırda müasir kənd təsərrüfatı
mürəkkəb və bahalı texnologiyalara əsaslanan,
eyni zamanda, böyük investisiyalar tələb edən istehsal
sahəsinə çevrilib. Yeni bitki sortlarının tətbiqi,
mütərəqqi suvarma sistemlərinin istifadə edilməsi,
kənd təsərrüfatının sənayeləşdirilməsi
yaşıl inqilabın əsas istiqamətləridir. Bu istiqamətdə
ölkəmizdə də mühüm addımlar
atılıb. Lakin hələ görüləcək xeyli
işlər var. Prezident İlham Əliyevin əsas
tapşırıqlarından biri aqrar sahədə yeni
texnologiyaların geniş tətbiqi, elektron kənd təsərrüfatı
sisteminin tətbiq olunması, yer səthinin müşahidə
peykinin imkanlarından həm ekoloji siyasətin, həm də
aqrar siyasətin məqsədləri üçün geniş
istifadə edilməsindən ibarətdir. Rəqəmsal
texnologiyaların kənd təsərrüfatında tətbiqi
məqsəd deyil, vasitədir. Bu, məhsuldarlığın
yüksəldilməsi, aqrar idarəetmənin təkmilləşdirilməsi,
kənd təsərrüfatına dövlət dəstəyinin
daha səmərəli təşkil edilməsinin vasitəsidir.
Bugünkü forum da aqrar innovasiyaların tətbiqi ilə
bağlı məsələlərin səmərəli
müzakirəsinə və təcrübə mübadiləsinə
öz töhfəsini verəcək”.
Energetika naziri Pərviz Şahbazov
isə deyib: "Prezident İlham Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə ölkə iqtisadiyyatının
bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı
və energetika sahələrində də beynəlxalq təcrübəyə
uyğun islahatların aparıldığı bir dövrdə
bu forumun keçirilməsi xüsusi əhəmiyyət kəsb
edir. Bugünkü forumun əsas məqsədi aqrar və
energetika sahələrinin gələcəyi, aqrar sahədə
yeni texnologiyaların, o cümlədən yaşıl enerjinin
tətbiqi kimi aktual mövzular ətrafında fikir mübadiləsinin
aparılmasından, bu sahədə qabaqcıl təcrübəyə
və dünyada müşahidə olunan trendlərə nəzər
salmaqdan ibarətdir. Azərbaycan enerji siyasətini yeni
çağırışlara uyğunlaşdıraraq enerji təhlükəsizliyi
məsələsinə çoxşaxəli yanaşır”.
Nazir bildirib ki, bu gün ölkənin
ümumi elektroenergetika sisteminin qoyuluş gücündə iri
su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin
payı təxminən 18 faizə yaxındır: "Lakin bizdə
bərpaolunan enerji mənbələrinin potensialı daha
yüksəkdir. Təxminən 25 geqavat həcmindədir və
yaxın illərdə külək, günəş və
bioenerji üzrə yeni enerji güclərinin istifadəyə
verilməsi planlaşdırılır. Hazırda bərpaolunan
enerjinin ümumi enerji balansındakı həcminin
artırılması və enerji səmərəliliyi ilə
bağlı kompleks tədbirlər həyata keçirilir. Bərpaolunan
enerji mənbələri sənayesinin inkişafına təkan
vermək, bazarını yaratmaq, rəqabət qabiliyyətini
artırmaq üçün beynəlxalq ekspertlərin dəstəyi
ilə "Bərpaolunan enerji mənbələri haqqında”
qanun layihəsi hazırlanır. Bu qanunun qəbulu
yaşıl enerjinin kənd təsərrüfatı sektorunda
da geniş istifadəsinə şərait yaradacaq. Eyni zamanda,
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə
bərpaolunan enerjinin şəbəkəyə inteqrasiyası
və şəbəkənin gücləndirilməsi layihəsinə
başlanılıb. Bərpaolunan enerji sahəsində özəl
sektorun iştirakı üçün əlverişli
investisiya mühitinin yaradılması istiqamətində
addımlar atılır. Bu sahədə
ixtisaslaşmış bir sıra şirkətlərlə məsləhətləşmələr
aparılır, işçi qrupları yaradılıb.
Hazırda Asiya İnkişaf Bankının dəstəyi ilə
Böyükşor gölündə "Üzən Günəş
Paneli” pilot layihəsi həyata keçirilir”.
Nəqliyyat, rabitə və
yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib ki, forum
aktual mövzuya həsr olunub və BMT-nin 2030-cu ilə qədər
Dayanıqlı İnkişaf Məqsədlərinin icrası
baxımından da olduqca əhəmiyyətlidir: "Bu
gün ölkəmiz yeni inkişaf mərhələsindədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə
uğurlu islahatlar aparılır. Ölkədə ixrac
potensialının gücləndirilməsi, əlverişli
investisiya mühitinin formalaşdırılması, innovasiya fəaliyyətinin
genişləndirilməsi istiqamətində ciddi addımlar
atılır. Qəbul olunmuş Strateji Yol xəritələri
milli iqtisadiyyatın inkişafı üçün yeni
imkanlar açır. Bütün bunlar beynəlxalq hesabatlarda
da öz əksini tapmaqdadır. Dünya Bankının son
"Doing Business” hesabatında Azərbaycan 190 ölkə
arasında 25-ci yeri tutub. Eyni zamanda, ölkəmiz
dünyanın 10 ən çox islahat aparan dövlətləri
siyahısına daxil edilib”.
Nazir qeyd edib ki, dünyada
iqtisadiyyatın inkişafında yüksək
texnologiyaların, innovasiyaların rolu ildən-ilə
artır. Azərbaycan da bu məsələlərə
xüsusi diqqət yetirir. Ölkəmizdə kənd təsərrüfatı
sahəsi üzrə informasiya ehtiyatları və sistemləri
yaradılıb və bu proses davam etməkdədir: "Bununla
bərabər kənd təsərrüfatında yüksək
texnologiyaların tətbiqi imkanları daha da genişdir.
"Əşyaların interneti”, dronlar, "Big Data”
texnologiyaları bu sektoru yeni mərhələyə aparır.
Bir çox ölkələrdə məhsuldarlığın,
məhsulun keyfiyyətinin artırılmasında
"Əşyaların interneti” mühüm rol oynayır.
Dronların tətbiqi isə fermerlərə istənilən
yerdən əkin sahələrinə nəzarət etmək
imkanı verir. Bu texnologiyaların tətbiqində Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öz töhfəsini
verə bilər”.
"Nazirliyin tabeliyindəki
İnnovasiyalar Agentliyi vasitəsilə aqrar sahədə fəaliyyət
göstərən sahibkarların (fermerlərin) müasir
texnologiyaları əldə etməsi və mənimsəməsi,
həmçinin aqrar sahədə yüksək
texnologiyaların tətbiqini nəzərdə tutan innovativ
layihələrin, o cümlədən startapların maliyyələşdirilməsi
istiqamətində geniş əməkdaşlıq perspektivləri
var. Biz aqrar sahə üzrə informasiya ehtiyatları və
sistemlərinin, böyük həcmli informasiyaların
intellektual analizi üçün nazirliyin regionda yeganə TIER
3 səviyyəli data mərkəzinin xidmətlərindən
istifadə edilməsini təklif edirik. Bundan əlavə,
nazirliyin İKT-nin Tətbiqi və Tədrisi Mərkəzində
yaradılacaq "Əşyaların interneti”
laboratoriyasının imkanlarından istifadə etmək olar. Mərkəzdə
aqrar sahədə yüksək texnologiyaların tətbiqi
üzrə kadr hazırlığına dəstək vermək
məqsədilə müxtəlif təlimlərin təşkili
də əməkdaşlıq istiqaməti ola bilər. Bu
forum, yeni əməkdaşlıq platformalarının
yaranmasına, ölkəmizdə aidiyyəti qurumların, o
cümlədən Kənd Təsərrüfatı və Təhsil
nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası,
İnnovasiya Agentliyinin birgə səyləri nəticəsində
"Agrotech” klasterinin formalaşdırılmasına və
inkişafına böyük töhfə verəcək”, - deyə
R.Quluzadə əlavə edib.
Forum çərçivəsində
yaşıl texnologiyalara həsr olunan sərgi də
nümayiş etdirilib. Burada yeni innovativ ekosistemlər, yaşıl
texnologiyalar və onların tətbiqi ilə hazırlanan məhsullar
sərgilənir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva sərgi ilə tanış oldu.
Dünyanın 15-ə yaxın
ölkəsindən 40-dək xarici mütəxəssisi bir
araya toplayan forumun əsas məqsədi Azərbaycanda kənd
təsərrüfatı və enerji sahələrinin innovativ
inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər
arasında əlaqələri gücləndirmək,
dayanıqlı biznes modelləri və əlaqələr
qurmaqdır. İki gün davam edəcək forumda ABŞ,
Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir
çox ölkələrdən sahibkarlar, vençur
kapitalistlər, elm xadimləri, aparıcı texnologiya şirkətlərinin
nümayəndələrinin çıxışları nəzərdə
tutulur. Həmçinin "Energetika və aqrar
texnologiyaların gələcəyi”, "Aqrar və
yaşıl enerji üçün texnologiyalar”, "Aqrar və
energetika texnologiyaları üzrə Akademiya”, "Siyasətin
təsiri”, "Yeni innovativ ekosistemlər”, "Fermerlər
üçün seksiya”, "Aqrar sahə və energetika
üçün biznes: AgTech sessiyası”, "Aqrar sahə və
energetika üçün biznes: Green Energy sessiyası”,
"Startap və innovasiya ekosistemi seminarı” panelləri
üzrə keçiriləcək.
Azərbaycan.- 2018.- 11 dekabr.- S.3.