Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı
sığortası üzrə əməkdaşlıq protokolu imzalanıb
Dekabrın 10-da kənd təsərrüfatı
naziri İnam Kərimov Bakıda səfərdə olan
Türkiyənin kənd təsərrüfatı və meşəçilik
naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüsüb.
AZƏRTAC xəbər verir ki, nazir İnam Kərimov qardaş ölkənin nümayəndələrinin Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə "AgTech and Green Energy" mövzusunda keçirilən beynəlxalq forumda iştirakını yüksək qiymətləndirib. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub, kənd təsərrüfatının inkişafı prosesində əhəmiyyətli nailiyyətlər edilib. Hazırda kənd təsərrüfatının aparıcı sahələrinə dair dövlət proqramları üzərində iş getdiyini xatırladan İnam Kərimov Azərbaycanın Türkiyə Respublikası ilə aqrar sahədə əməkdaşlıqda maraqlı olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə aqrar sığorta sisteminin tətbiqinə dair təcrübə mübadiləsi aparmaqda, toxumçuluq, fındıqçılıq və pambıqçılıq sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Azərbaycana dəvətə görə nazir İnam Kərimova təşəkkürünü bildirib. O qeyd edib ki, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini genişləndirmək üçün böyük potensial var, amma real ticarət dövriyyəsi mövcud potensiala görə çox aşağıdır. Bekir Pakdemirli özəl sektorun qarşılıqlı ticarətdə rolunu artırmaqla bu potensialdan tam istifadə etməyin mümkün olduğunu deyib.
Dekabrın 11-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə biznes forumunda iştirak etmək üçün Türkiyədən 65 iş adamının gəldiyini xatırladan Bekir Pakdemirli bu tədbirin əməkdaşlığın genişlənməsində mühüm rol oynayacağına əminliyini vurğulayıb. Türkiyənin toxumçuluq sahəsində böyük uğurlara imza atdığını deyən nazir əlavə edib ki, ölkəsi pambıqçılığın inkişafına önəm verir. "Hazırda Türkiyə özünü pambıq toxumu ilə tam təmin edir, toxumçuluq sahəsində imkanlarımızı pambıqçılığın inkişafında son dərəcə maraqlı olan Azərbaycanla bölüşə bilərik", – deyə nazir bildirib.
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov iki ölkənin aqrar qurumlarının fındıqçılıq, texnologiyalar sahəsində də əməkdaşlıq edə biləcəyini, hər iki ölkənin aqrar sahədə ixtisaslaşmış təhsil müəssisələrinin mütəxəssis mübadiləsi apara biləcəyini deyib. Nazir əlavə edib ki, Bakıda keçiriləcək Azərbaycan-Türkiyə biznes forumu aqrar sahədə əməkdaşlığı dəyərləndirmək baxımından mühüm rol oynayacaq.
Görüşün
sonunda nazirliklər arasında Kənd Təsərrüfatı
Sığortası üzrə Əməkdaşlıq Protokolunun imzalanma mərasimi
keçirilib. Protokolu
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və
Türkiyənin kənd təsərrüfatı və meşəçilik
naziri Bekir Pakdemirli imzalayıblar.
Azərbaycan.-
2018.- 11 dekabr.- S.6.