Sergey Lavrov: Xəzərin hüquqi statusuna dair Konvensiya Xəzəryanı ölkələrin əməkdaşlığının inkişafına güclü təkan verəcək

 

Aktauda keçirilmiş Xəzər sammiti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya üzərində iyirmi ildən çox davam edən işə yekun vurdu. Hər şeydən əvvəl, bunu Xəzərin bəxş etdiyi nemətlərdən – energetikabioloji ehtiyatlardan, nəqliyyat imkanlarından daha çox səmərəli istifadə edilməsi tələb edirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın "Xabarinformasiya agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.

Rusiyalı nazirin sözlərinə görə, Konvensiyanın qəbulu üzrə əsas nailiyyət Xəzəryanı dövlətlər tərəfindən "Xəzər dənizi ilə əlaqəli bütün məsələlərdə” özlərinin tam məsuliyyətini təsdiq etmələri olub. "Burada meydana gələn bütün məsələləri onlar özləri həll edəcəklər. Əlbəttə, regionun xaricindəki ölkələr də əməkdaşlığa dəvət olunur, lakin bu, beş Xəzəryanı dövlətin Konvensiyada razılaşdırdığı şərtlər əsasında baş verə bilər”, -deyə S.Lavrov vurğulayıb.

Nazir əlavə edib ki, Konvensiyada hər bir Xəzəryanı dövlətə aid suveren və balıqçılıq zonasının müəyyən edilməsinin zəruriliyi ilə bağlı məsələlərin dədiqləşdirilməsi üzrə meyarlar öz əksini tapıb. O deyib: "Bu da çox böyük nailiyyətdir. Xəzər dənizi hövzəsində ekologiya və ətraf mühitin mühafizəsinin təmini, dənizdə təsərrüfatçılığın iqtisadi cəhətdən sərfəli və ekoloji baxımdan təhlükəsiz olması yolları və bir çox digər məsələlər müəyyənləşdirilib”.

S.Lavrov vurğulayıb ki, Konvensiya Xəzəryanı dövlətlərin iqtisadi, ekologiya, bioloji ehtiyatların gələcək nəsillərə çatdırılması sahələrində əməkdaşlığının inkişafına güclü təkan verəcək. "Əlbəttə, bu, sammitin böyük uğurudur”, -deyə nazir əlavə edib.

 

Azərbaycan.- 2018.- 11 dekabr.- S.6.