İlk tərbiyə
beşiyi
Qazax Müəllimlər
Seminariyası - 100
XIX əsrin sonlarına
doğru Azərbaycanda yeni tipli məktəblərin
açılmasına zərurət kimi baxanların sayı
artırdı.
Bunun üçün, ilk növbədə,
maarifpərvər və millətsevər müəllimlərə
ehtiyac var idi.
Azərbaycan
ziyalılarının maarifçilik arzuları
Həmin vaxtlar
Gürcüstanın Qori şəhərində 1876-cı ilin
sentyabrından fəaliyyət göstərən və
ümumilikdə Rusiya imperiyasının ən qabaqcıl təhsil
müəssisələrindən biri sayılan Zaqafqaziya Müəllimlər
Seminariyası pedaqoqlar hazırlayırdı. Bu tədris ocağı
1875-ci il aprelin 8-də çar II
Aleksandrın imzaladığı fərmanla təsis
edilmişdi. Seminariyanın əsasnaməsinin birinci bəndinin
qeyd hissəsində yazılırdı: "Müsəlmanlar
üçün xüsusi məktəb açılanadək
onlara Zaqafqaziya Müəllimlər Seminariyasına və onun nəzdindəki
ibtidai məktəblərə daxil olmağa icazə verilir”.
Seminariyanın nəzdində
açılmış üç ibtidai məktəbdə -
rus, gürcü və erməni məktəblərində təhsil
rus dilində aparılırdı. Azərbaycan dilini bilən
müəllimlərin olmaması azərbaycanlı
uşaqların bu təhsil ocağına cəlb edilməsinə
problemlər yaradırdı. Azərbaycanda isə sayca az olan ziyalılar yeni tipli məktəblərin
açılması uğrunda böyük işlər
görürdülər. Elə Qafqaz
canişininin ilk dəfə Zaqafqaziyanın müsəlman əhalisi
üçün Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində
tatar (Azərbaycan) bölməsinin açılmasına
razılıq verməsi də bu mübarizənin nəticəsi
idi. Bölmə 1879-cu ilin sentyabrında fəaliyyətə
başladı. Çar II Aleksandrın 1880-ci il mayın 13-də imzaladığı fərmanla
isə Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində
tatar (Azərbaycan) bölməsinin fəaliyyəti rəsmiləşdirildi.
Bu bölməyə Aleksey
Çernyayevski inspektor təyin edildi. Şamaxıda
kasıb rus ailəsində doğulub böyüyən, azərbaycanlılara
böyük rəğbət bəsləyən
A.Çernyayevski narahat idi. Çünki
oxumaq üçün ərizə verənlərin
sayının azlığı Azərbaycan bölməsinin
bağlanması ilə nəticələnə bilərdi.
Azərbaycanlı uşaqları seminariyaya cəlb etmək
üçün A.Çernyayevski İrəvan,
Naxçıvan, Gəncə, Şuşa,
Şamaxı, Quba və Dərbəndi kəndbəkənd gəzib-dolaşdı.
Onun zəhməti sayəsində Qori Seminariyasına
təhsil almağa gələn azərbaycanlı
uşaqların sayı ildən-ilə artdı.
Zaqafqaziya Müəllimlər
Seminariyası 40 ilə yaxın müddətdə Azərbaycan
məktəbləri üçün 250-dək müəllim
hazırladı. Məktəbin məzunları - Firidun bəy
Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərəli
bəy Vəlibəyov, Baba bəy Səfərəlibəyov,
Teymur bəy Mahmudbəyov, İsmayıl ağa Vəkilov, Məmmədağa
Şıxlinski, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə,
Nəriman Nərimanov, Müslüm Maqomayev, Süleyman Sani
Axundov, Fərhad Ağazadə, Nurməmməd Şahsuvarov,
Müseyib İlyasov, İsfəndiyar Vəkilov və
başqaları yalnız milli maarifçilik hərəkatının
inkişafında müstəsna rol oynamadılar, onlar
ümumilikdə Azərbaycanın tərəqqisi yolunda
böyük fədakarlıqlar göstərdilər.
Gerçəkləşən
ümidlər
Ziyalılarımız XIX əsrin
80-ci illərindən seminariyanın Azərbaycan şöbəsinin
Qoridən Bakı, Gəncə, Şamaxı, Şuşa,
yaxud Ağdam şəhərlərindən birinə
köçürülməsini və onun əsasında
ayrıca seminariya açılmasını təklif edirdilər.
Ancaq xalqımızın inkişafına xidmət
edən bu gözəl arzunu yalnız 1918-ci ilin 28 mayında Azərbaycan
Xalq Cümhuriyyəti hakimiyyətə gəldikdən sonra
reallaşdırmaq mümkün oldu.
Azərbaycan hökuməti həmin il iyunun 20-də keçirilən iclasında
Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan
şöbəsi əsasında müstəqil müəllimlər
seminariyasının təşkilini qərara aldı. Xalq maarif naziri həmin şöbəyə aid əmlakın
Qoridən Qazaxa gətirilməsini Zaqafqaziya Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsinin müfəttişi
Firidun bəy Köçərliyə həvalə etdi. Bunun üçün Azərbaycan hökuməti
maliyyə vəsaiti ayırdı. Lakin
Gürcüstan hökumətinin Osmanlı ordu hissələrini
Azərbaycana buraxmamaq üçün 1918-ci ilin iyun-avqust
aylarında Tiflisdən Poylu körpüsünədək dəmir
yolu xəttini nəzarətində saxlaması maneələr
yaratdı. Qoridən seminariyanın Azərbaycan
şöbəsinin əmlakını Qazaxa sentyabrın
ortalarında gətirmək mümkün oldu. Bu işdə seminariyanın məzunları və
yerli əhali yaxından iştirak etdi. Qazax
qəzasının rəhbərliyi, nüfuzlu şəxslər
də lazımi hazırlıqlar gördülər. Məşədi İbrahim Hacı İsmayıl
oğlu Qazax şəhərindəki on yeddi otaqlı
mülkünü seminariyaya bağışladı.
1918-ci ildə Zaqafqaziya Müəllimlər
Seminariyasının Azərbaycan bölməsinin Qazaxa
köçürülməsində çox böyük xidmətlər
göstərən görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas,
publisist Firidun bəy Köçərli xalq maarif naziri Nəsib
bəy Yusifbəylinin əmri ilə həmin il oktyabrın 1-dən
seminariyanın direktoru təyin edildi.
Zaqafqaziya Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsinin
bazasında yaradılan Qazax Müəllimlər
Seminariyasının rəsmi açılışı 1918-ci
il noyabrın 10-da oldu və həmin
gündən dərslər başlandı.
Firidun bəy "Azərbaycan” qəzetinin
(rus dilində) 1918-ci il 13 oktyabr tarixli nömrəsində dərc
olunan "Zaqafqaziya Müəllimlər Seminariyasının
tatar bölməsinin müstəqil seminariyaya çevrilməsi
haqqında” sərlövhəli məqaləsində
yazırdı: "Qazax Müəllimlər Seminariyası kimi
vacib bir pedaqoji məktəbin açılması bütün
qəza üçün böyük əhəmiyyət kəsb
etdiyindən inanırıq ki, ziyalılar başda olmaqla yerli əhali
bu təhsil ocağının gələcək fəaliyyətini
təmin etməkdən ötrü əllərindən gələn
köməyi əsirgəməyəcəkdir. Bütünlüklə
seminariyanın yetirmələrindən ibarət olan yerli
administrasiya tərəfindən də bu təhsil
ocağına xüsusi qayğı göstəriləcəyinə
şübhə etmirik”.
Bu təhsil
ocağının fəaliyyəti ilk gündən əhali tərəfindən
böyük rəğbətlə qarşılandı. Seminariya direktorunun Xalq Maarif
Nazirliyinə ünvanladığı raportda 1918-ci il noyabrın 8 və 9-da keçirilmiş qəbul
imtahanlarının nəticələri
açıqlanırdı. Firidun bəy
bildirirdi ki, müraciət etmiş 42 şagirddən 35-i imtahanlardan
uğurla keçərək seminariyada oxumaq haqqı
qazanıb. Cəbrayıl, Şamaxı,
Ağdam, Göyçay, Naxçıvan, Zaqatala və
başqa rayonlardan şagirdlər gəlib seminariyada təhsil
alırdılar.
1919-cu ildə seminariyada
dövlət hesabına oxumaq üçün
ayrılmış 8 yerə 40 ərizə verildi. Qəbul edilməyən
şagirdlərin valideynləri həmin vaxt Qazaxda keçirilən
kəndli qurultayının iştirakçılarından - Azərbaycan
parlamenti üzvləri Əhməd bəy Pepinov, Hacı Kərim
Sanıyev və Səməd ağa Ağamalıoğlundan
kömək istədilər. Parlament
üzvlərinin müraciətinə cavabında
seminariyanın direktoru ömrünü pedaqoji işə həsr
etmiş qocaman müəllim kimi hamının təhsil
almasını istədiyini, lakin seminariya binasının
bütün arzu edənləri qəbul etməyə uyğun
olmadığını bildirdi. Firidun bəy
onlardan Qazax Müəllimlər Seminariyası
üçün yeni böyük bina tikilməsi məsələsinin
həllini sürətləndirməyi xahiş etdi.
Məşədi İbrahim
Hacı İsmayıl oğlunun yaşayış
üçün nəzərdə tutulmuş mülkündə
çətinliklə 60 nəfərin oxuması mümkün
idi. Amma
seminariyada xəzinə hesabına təhsil alan
60 şagirddən başqa, 5 şagird də öz hesabına
oxuyur, pansionatda qalırdı. Yeni qəbul edilən
daha 11 şagird isə dərslərdə iştirak edir və
evlərinə gedirdilər. Beləliklə,
1919-1920-ci tədris ilində seminariyada 76 şagird təhsil
alırdı. Həmin il birinci
buraxılış olacaqdı...
Xeyirxahlıq
unudulmur
Qazax Müəllimlər
Seminariyası Azərbaycanda milli müəllim kadrları
hazırlığına başlayan ilk pedaqoji məktəb
idi. Bakı və Gəncə şəhərlərində
daha əvvəldən fəaliyyət göstərən
müəllimlər seminariyalarında milli proqramlar əsasında
pedaqoji kadrlar hazırlığına da 1919-cu ildən
başlandı.
Seminariyanın direktoru F.Köçərlinin
və kargüzarı A.Vəkilovun imzaları ilə Xalq Maarif
Nazirliyinə göndərilmiş 1 aprel 1919-cu il
tarixli məlumat burada çalışan müəllim və
texniki işçilərin əksəriyyətinin azərbaycanlı
olduğunu təsdiq edir.
Azərbaycan Xalq Cümhuriyyətinin
maarifçilik istiqamətində nəzərdə tutduğu
işlərin həyata keçirilməsində Qazax Müəllimlər
Seminariyasının təqdirəlayiq əməyi oldu. Seminariyanın fəaliyyəti
Azərbaycanda təhsilin, maarifin inkişafına böyük
təkan verdi. 1919-cu il
aprelin 6-da xalq maarif nazirinin müavini Həmid bəy
Şahtaxtinski Firidun bəy Köçərliyə məktubunda
bildirirdi: "Sizin gənc seminariyanın mədəni fəaliyyəti
nazirliyi fərəhləndirir. Nazirlik sizə və
sizin seminariyaya təşəkkür edir”.
1919-cu ilin yayında
seminariyanın nəzdində pedaqoji kurs təşkil edildi. Kursun dinləyiciləri
arasında kişi müəllimlərlə
yanaşı, 20-dən çox qadın müəllimə var
idi. Seminariya müəllimlərinin köməyi
ilə yaşlılar üçün savad kursları
açıldı.
1919-1920-ci dərs ilinin əvvəlində
seminariyada aşağı hazırlıq sinfi yaradıldı. Xalq Maarif
Nazirliyi tərəfindən Qazax Müəllimlər
Seminariyasında müəyyən hazırlıq keçən
müəllimlərə digər məktəblərə
yuxarı siniflərdə dərs aparmaq üçün təyinat
verilirdi.
Firidun bəy Köçərli
seminariyaya rəhbərlik etməklə bərabər, Qazaxda
yüzlərlə qız uşağının savadlanması
üçün yetimlər kursu, qaçqınlara yardım
fondu yaradırdı. 1920-ci ildə Firidun bəy erməni
terrorçuları tərəfindən qətlə yetirildikdən
sonra seminariyaya Əli Hüseynov başçılıq etdi.
Sovet hakimiyyəti qurulduqdan sonra seminariya
1940-cı illərədək Qazax Pedaqoji Texnikumu adı ilə
fəaliyyət göstərdi.
Qazax Müəllimlər
Seminariyası məzunlarının əksəriyyəti Azərbaycanda
xalq maarifi, məktəb, ədəbiyyat, mədəniyyət
və incəsənətin bir çox görkəmli nümayəndələri
kimi tanındılar.
Azərbaycan xalqının
maarifçilik tarixində unudulmaz yeri olan Qazax Müəllimlər
Seminariyasının yaradılmasından yüz il
ötür. Seminariyanın 100 illik yubileyinin qeyd
edilməsi ilə bağlı Prezident İlham Əliyev
noyabrın 3-də sərəncam imzalayıb. Sərəncamda
deyilir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına
əsasən, Qazax Müəllimlər Seminariyasının təşkili
Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindəndir:
"Görkəmli ədəbiyyatşünas,
tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy
Köçərlinin rəhbərliyi ilə fəaliyyətə
başlayan Qazax Müəllimlər Seminariyası bütün
fənlərin tədrisinin ana dilində mütərəqqi
üsullarla aparıldığı yeni təhsil ocağı
kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin
inkişafına misilsiz töhfələr vermişdir”.
Xalqın maarifçilik
yolunu aydınladan Qazax Müəllimlər
Seminariyasının qurucuları, müəllimləri və məzunlarının
xeyirxah əməlləri ənənəyə, arzuları
inama çevrildi. Bu gün onların görmək istədikləri
müstəqil Azərbaycanın tərəqqisi naminə həmin
əməllər və arzular davam etdirilir.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2018.- 11 dekabr.- S.7.