Heydər Əliyev: zaman, şəxsiyyət və əbədiyyət

 

Zaman - dövr, dövran, vaxt mənalarını ifadə edən anlayış olub, həm də konkret tarixi-siyasi şəxsiyyətlərin adı və fəaliyyəti ilə əlaqədar olan mərhələni, bəzən isə geniş mənada epoxanı ifadə edir.

Böyük siyasət - zamanın fövqünə qalxa bilən və onu ifadə edən, cəmiyyəti istiqamətləndirən siyasətdir.

Şəxsiyyət və zaman münasibətlərində şəxsiyyət ağırlıq təşkil etdikdə zaman irəli gedir.

Şəxsiyyət zamanı idarə etməyi, qabaqlamağı, irəli aparmağı bacardıqda tarixi şəxsiyyətə çevrilir. Belə tarixi məqamlarda şəxsiyyət zamanı yaradır və ona öz damğasını vurur.

Heydər Əliyev böyük zəka və iradə ilə zamanı nəinki idarə etmiş, qabaqlamış, irəli aparmışdır. Sözün əsl mənasında Heydər Əliyevin simasında şəxsiyyətin miqyası mövcud cəmiyyətin səviyyəsindən yuxarıda dayanmış, onun inkişaf yollarına işıq salmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin tarixində öz epoxasını yaratmış qüdrətli tarixi şəxsiyyətdir. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982 və 1993-2003-cü illər çoxəsrlik Azərbaycan tarixinin Heydər Əliyev epoxası dövrüdür.

Birinci mərhələni əhatə edən 1969-1982-ci illər Azərbaycan tarixinin qızıl dövrü hesab edilir. Bu tarixi mərhələdə Azərbaycan keçmiş Sovetlər İttifaqında geridə qalmış bir respublikadan inkişaf etmiş ölkə səviyyəsinə yüksəldilmişdir. İqtisadiyyatın bütün sahələri üzrə göstəricilər rekord həddə çatdırılmış, xalqın yaşayış səviyyəsi köklü surətdə dəyişmişdir. Lakin iqtisadi göstəricilər əsas olsa da və digər istiqamətlərdə olan inkişaf üçün stimullaşdırıcı faktor funksiyası daşısa da, "qızıl dövr” - milli intibah mərhələsi üçün tam yetərli deyildir. Bunun üçün mütləq cəmiyyətin hərtərəfli inkişafı və harmoniyası baş verməli, xüsusən elmi-ədəbi-mədəni gedişat və milli-mənəvi özünüdərk prosesləri dərinləşməli və zamanın miqyası səviyyəsinə çatdırılmalıdır.

Məhz görkəmli dövlət xadimi Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Sovet Respublikasında qazanılan iqtisadi göstəricilərdən daha yüksək səviyyədə xalqın milli-mənəvi intibahını formalaşdırmağa nail olmuşdur.

Əvvəla, Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə Azərbaycan elmi, ədəbiyyatı və incəsənəti yüksək templərlə inkişaf etdirilmişdir. Bu dövrdə Azərbaycan elminin, ədəbiyyatının və mədəniyyətinin canlı klassikləri formalaşmış, keçmiş Sovetlər İttifaqında və onun hüdudlarından kənarda da şöhrət qazanmışdır.

Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosundakı mövqeyindən və nüfuzundan istifadə edərək Qara Qarayev, Rəşid Behbudov, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Süleyman Rəhimov, Mustafa Topçubaşov və başqalarına Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsinə nail olmuşdur. Heydər Əliyev görkəmli elm və ədəbiyyat xadimləri akademik Ziya Bünyadov, professor Abbas Zamanov, şair Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi böyük vətəndaşlıq mövqeyinə və milli ideallara malik olan Azərbaycan ziyalılarını baş verə bilcək hər bir təhlükədən nəinki müdafiə etmiş, hətta onların elmi və bədii yaradıcılığının daha da inkişaf etdirilməsinə hər cür şərait yaratmışdır. Ulu öndər ədəbiyyat və sənət meydanına yeni qədəm qoymuş Azərbaycan "altmışıncılar”ına dəstək vermiş, onların mövqelərinin daha da möhkəmləndirilməsinə münbit zəmin hazırlamışdır.

Bu proses ədəbiyyatla yanaşı, incəsənətin bütün sahələrində: rəssamlıqda, musiqidə, teatrda və kinoda da eyni səviyyədə getmiş, bu sahələrin hər birində yeni liderlər və qiymətli əsərlər meydana çıxmışdır. SSRİ xalq artisti Mehdi Məmmədov Heydər Əliyev epoxasının qüdrətli rejissoru və mütəfəkkir sənətşünasıdır. Lətif Kərimov və Kamil Əliyev milli xalça sənətini dünyada tanıdan əsərlər meydana qoymuşlar. Tahir Salahov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə və başqaları təsviri sənəti "göylərə” qaldırmışlar.

SSRİ xalq artisti Rəşid Behbudov və SSRİ xalq artisti Müslüm Maqomayev nəinki Azərbaycanda, Sovetlər İttifaqı miqyasında və hətta bu ölkənin hüdudlarından kənarda da musiqi sənətinin əfsanəsi kimi şöhrət qazanmışlar. Bu dövrdə Azərbaycanda heykəltəraşlıq sənəti inkişaf etmiş, ölkənin paytaxtı Bakı şəhəri nadir heykəltəraşlıq sənəti muzeyinə çevrilmişdir. Azərbaycan teatrları ölkə və dünya ədəbiyyatı klassiklərinin əsərlərini səhnəyə çıxararaq xalqa çatdırmışdır.

Azərbaycan Milli Elmlər Akademiyası inkişaf etdirilmiş və əldə etdiyi mühüm nailiyyətlərə görə 1975-ci ildə "Xalqlar dostluğu” ordeninə layiq görülmüşdür. Azərbaycan Yazıçılar İttifaqı, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı nüfuzlu yaradıcılıq təşkilatları səviyyəsinə qaldırılmışdır. Bir sözlə, 1969-1982-ci illərdə Azərbaycanda elm, ədəbiyyat və mədəniyyət sahəsinin müvəffəqiyyətləri ilə iqtisadiyyat sahəsindəki yüksək nailiyyətlər biri digərini tamamlamışdır. Daha dəqiq qiymətləndirməli olsaq, respublikada elm, ədəbiyyat və incəsənət istiqamətində qazanılan müvəffəqiyyətlər Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətə malik olmuşdur. Çünki sovet hakimiyyəti illərində istər-istəməz yüksək iqtisadi göstəricilərin bir hissəsi ittifaq büdcəsinə getdiyi halda, ədəbi-mədəni və elmi sərvətlər bütövlükdə mənsub olduğu xalqın mənəvi xəzinəsinin zənginləşdirilməsinə xidmət etmişdir.

Bu epoxada tarixi mövzuda yazılmış elmi və ədəbi-bədii əsərlər, çəkilmiş filmlər və rəsmlər, səhnəyə çıxarılmış dram əsərləri ölkəmizdə milli-mənəvi oyanışa böyük təkan vermişdir. Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunda yer alması kimi parlaq hadisələr xalqda milli-mənəvi özünüdərk proseslərinin dərinləşdirilməsinə və milli iftixar hissinin qiymətləndirilməsinə səbəb olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin dövrün superdövləti olan SSRİ rəhbərliyində yüksək vəzifə tutması, böyük nüfuz qazanması, Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü səviyyəsində fəaliyyət göstərməsi sözün əsl mənasında xalqımızın qürur mənbəyinə çevrilən hadisələr olmuşdur.

Azərbaycanlı gənclərin Sovetlər İttifaqının ən qabaqcıl ali məktəblərində çoxlu sayda təhsil almalarının təmin edilməsi milli intibah baxımından bir neçə məsələnin həllində mühüm rol oynamışdır. İlk növbədə Azərbaycan Respublikasına gənc və yüksəkixtisaslı mütəxəssislərin böyük enerjisi daxil olmuşdur. Keçmiş sovet respublikalarında fərqli dilləri və mədəniyyətləri mənimsəmiş bu nəsil Azərbaycanda geniş dünyagörüşünün, fərqli yaradıcı baxışların əsasında formalaşmış yeni təfəkkürün inkişaf etdirilməsinə ciddi təsir göstərmişdir. Möhkəm milli təfəkkürün fərqli baxışlarla sintezi Azərbaycan insanının mənəvi dəyərləri qoruyub saxlamaq və daha da möhkəmləndirmək şərti ilə həm də həyata, proseslərə, inkişafa yeni gözlə baxmasını, ölkənin böyük gələcəyinin qurulmasında daha yaxından və fəal surətdə iştirak etməsini şərtləndirmişdir. Xüsusən mühəndis-texniki, kənd təsərrüfatı, fizika-riyaziyyat və informatika, avtomatlaşdırma və telemexanika ixtisasları üzrə ölkəyə qayıtmış gənc mütəxəssislərin gətirdiyi enerji respublikamızda yeni sənaye müəssisələrinin və aqrar sahənin qurulmasına, elmi-texniki tərəqqinin inkişafına böyük imkanlar açmışdır.

XX əsrin yetmiş-səksəninci illərinin "qızıl dövrü” çoxəsrlik Azərbaycan tarixinin xüsusi, özəl səhifələrinə çevrilmişdir. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə yeni dövr Azərbaycan tarixinin qızıl səhifələri yazılmışdır. Həmin dövrün ədəbiyyatının "Biz elə ucaldıq, elə ucaldıq, Siyasi Bürodan gəldi səsimiz” kimi poetik qənaətləri xalqın cəmiyyətə açılmış qanadlarına dəstək vermişdir. Beləliklə, Azərbaycan Sovet Sosialist Respublikasında milli-mənəvi özünüdərk proseslərinin dərinləşdirilməsi və genişləndirilməsindən doğan reallıq milli iftixar hissinin daha da yüksəlməsinə lazımi şərait yaratmışdır. Deməli, Heydər Əliyevin simasında həqiqətən şəxsiyyət zamanı irəli aparmış, onu daha böyük gələcəyə doğru istiqamətləndirmişdir. Bu məqamda şəxsiyyət, onun qüdrəti və miqyası ölkəni irəli aparan ən böyük güc və qüvvət səviyyəsində dayanmış, əsas hərəkətverici qüvvə funksiyasını həyata keçirmişdir.

Azərbaycan xalqının tarixində ən keşməkeşli dövrlərdən olan birinci mərhələ ilə ikinci mərhələ arasındakı 1983-1993-cü illəri əhatə edən aralıq dövr də əslində Heydər Əliyevin adı ilə üzvi surətdə əlaqədardır. Birincisi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi məsul və mühüm bir vəzifədə çalışdığı illərdə Heydər Əliyev sovet dövlətinin əsas rəhbərlərindən biri kimi Azərbaycan Respublikasına ittifaq büdcəsindən daha çox vəsait ayrılmasına nail olmağı bacarmışdır.

Bundan başqa, Heydər Əliyevin sayəsində SSRİ nazirlikləri Azərbaycandakı həmkarlarına əlavə qapılar açmış, öz köməklərini əsirgəməmişlər. Eyni zamanda, əvvəllər hər hansı məsələni keçmiş ittifaq dövləti səviyyəsində həll etmək üçün aylarla Rusiya paytaxtına gedib-gəlməli olan Azərbaycan nazirliklərinin rəhbərləri Heydər Əliyevin Kremldəki mövqeyinin və nüfuzunun işığında bütün problemlərin ən qısa vaxtda və lazım olan səviyyədə həllinə nail olmuşlar.

İkincisi, Heydər Əliyev 1990-1993-cü illərdə Azərbaycanın ayrılmaz üzvi tərkib hissəsi Naxçıvanda yaşayarkən və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik edərkən ölkəmizin bu tarixi ərazilərinin qorunub saxlanılmasını təmin etməklə əslində geniş mənada çətin şəraitdə vətənə, ölkəyə və xalqa xidmət göstərmişdir. Bu mərhələdə də Heydər Əliyevin simasında şəxsiyyət faktoru zaman amilinə qalib gəlmişdir.

Çətin blokada vəziyyətinə salınmış, Azərbaycanın paytaxtı ilə yalnız hava yolundan başqa daha heç bir əlaqəsi qalmamış, Ermənistan tərəfdən gələn elektrik enerjisi, qaz xətləri də kəsilmiş Naxçıvan Muxtar Respublikasında yaşamış Heydər Əliyevin bu regionun taleyindəki əvəzsiz rolunu və xidmətlərini heç nə ilə müqayisə etmək olmaz. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin dünyada qəbul olunan adı və parlaq şəxsiyyəti, böyük nüfuzu Naxçıvan Muxtar Respublikasının xilasında misilsiz rol oynamışdır.

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikası ali sovetlərinin deputatı seçilmiş Heydər Əliyevin 17 noyabr 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövrünün üçrəngli bayrağını Azərbaycanın dövlət bayrağı kimi qəbul etdirən qərarlar çıxarmağa nail olması zamanına görə təkrarsız qəhrəmanlıqdır. Hələ Sovetlər İttifaqının yıxılmasından on bir ay əvvəl SSRİ-nin dövlətçilik atributlarından rəsmi şəkildə imtina edilməsi və əvəzində həmin derjavanın düşmən elan etdiyi Azərbaycan Xalq Cünhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul olunması bu superdövlətin dağılmağa başlamasının start nöqtəsi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında regionda Milli Ordunun yaradılması, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün müəyyən olunması, 1990-cı ilin qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi və nəhayət, SSRİ-nin saxlanıb-saxlanılmaması haqqında referendumda muxtar respublikanın iştirak etməməsi haqqında qəbul edilmiş qərarlar ümumölkə miqyaslı ictimai-siyasi hadisələr olub, həm Azərbaycanda, həm də keçmiş Sovetlər İttifaqında milli azadlıq hərəkatının genişlənməsinə və qələbəsinin təmin edilməsinə, ölkəmizdə müstəqil dövlətin qurulub möhkəmləndirilməsinə görkəmli dövlət xadimi Heydər Əliyevin böyük xidmətləridir.

Nəhayət, Türkiyə Cümhuriyyətinin IX Prezidenti Süleyman Dəmirəlin özünün şəxsi təyyarəsində və geniş tərkibli nümayəndə heyəti ilə Naxçıvana gəlməsi, ümumxalq mitinqlərində blokada şəraitində olan muxtar respublikaya dəstək verməsi barədə qətiyyətli bəyanatlar səsləndirməsi və Sədərək-Dilucu Ümid körpüsünün açılmasında Heydər Əliyevlə birlikdə iştirak və çıxış etməsi Azərbaycan tarixinin nadir səhifələri olmaqla bərabər, həm də şəxsiyyət faktorunun gücünü və əhəmiyyətini təsəvvür etməyə imkan yaradan ibrətamiz hadisələrdir.

Bura eyni zamanda İran İslam Respublikasının Prezidenti Rəfsəncaninin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevi öz ölkəsinə dəvət etmək üçün şəxsi təyyarəsini Naxçıvan Hava Limanına göndərməsini də əlavə etsək, şəxsiyyət amilinin nəinki ölkə daxilində, hətta ölkələrarası münasibətlərdə də nə qədər böyük rola malik olduğunu başa düşmək mümkün olar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər şəxsiyyət və dövlət münasibətlərinin geniş imkanlarını və böyük əhəmiyyətini tam mənası ilə meydana qoymuşdur. Müstəqilliyin başlanğıc illərinin böyük çətinliklərini yaşamış, hakimiyyətdə olan "siyasilər”in səbatsızlığı ucbatından torpaqlarını itirmiş Azərbaycan xalqı 1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə qayıtmış Heydər Əliyevin böyük sınaqlardan çıxmış əzəmətli şəxsiyyəti ətrafında sıx və möhkəm surətdə birləşmişdir. Dövlət və xalq birliyi, ulu öndərin şəxsiyyətinə sonsuz inam və böyük ehtiram müstəqil Azərbaycan dövlətinin bir çox taleyüklü məsələlərinin həll edilməsində əvəzsiz rol oynamışdır.

Heydər Əliyevin dönməz dövlətçilik mövqeyi, şəxsiyyətindəki qətiyyət, uzaqgörənlik və zəngin təcrübəsi onun gənc Azərbaycan Respublikasında xilaskarlıq missiyasını uğurla həyata keçirməsinə imkan yaratmışdır. Xalqın Heydər Əliyevin şəxsiyyətinə və siyasətinə sonsuz inamı dövlət başçısının çağırışlarının bütün ölkə boyu hər yerdə geniş əks-səda tapması, dönmədən yerinə yetirilməsi ilə nəticələnmişdir. Müstəqilliyin başlanğıc illərində ayrı-ayrı məkrli qüvvələr tərəfindən törədilmiş dövlət çevrilişi cəhdləri zamanı dövlət başçısı Heydər Əliyevin müraciətinə bütünlüklə qoşulan Azərbaycan xalqı sözün əsl mənasında şəxsiyyətin ətrafında birlik və mütəşəkkillik nümayiş etdirmişdir.

Məşhur "Xalq Heydər söyləyəcək, Heydər xalqım deyəcək” mahnısı Azərbaycan xalqının dahi rəhbərin şəxsiyyətinə və fəaliyyətinə sonsuz ehtiramının əks-sədası kimi meydana çıxmışdır.

Müstəqil Azərbaycan dövlətinin başlanğıc illərində ölkə böyük çətinliklərdən xilas olmaq uğrunda mübarizə apararkən xarici ölkələrin, beynəlxalq təşkilatların respublikamızla əməkdaşlıq üçün atdıqları addımların arxasında ilk növbədə dünyanın yaxından tanıdığı, qəbul etdiyi görkəmli dövlət xadimi Heydər Əliyevin şəxsiyyətinə möhkəm inam dayanmışdır.

Belə ki, 1994-cü ildə Bakı şəhərində məşhur "Əsrin müqaviləsi” imzalanarkən xarici səmayədarların Azərbaycan Respublikasının rəhbərinə olan dərin inamı həlledici rol oynamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin çəkilişinə başlanarkən də Heydər Əliyev faktoru əsas amil olmuşdur. Çünki həmin dövrdə Azərbaycanda hələ sabitlik tam bərqərar olmamış, iqtisadi vəziyyətdəki böhran aradan qaldırılmışdı. Lakin Azərbaycan xalqı ilə birlikdə xarici investorlar da möhkəm surətdə inanırdılar ki, ən qısa zaman çərçivəsində Heydər Əliyev bütün maneələri aşaraq Azərbaycanı ağır vəziyyətdən çıxaracaq, ölkədə sağlam həyat bərqərar olacaqdır.

Bu mənada XX əsrin doxsanıncı illərində dünyanın nüfuzlu şəxsiyyətlərinin, tanınmış liderlərinin görkəmli dövlət xadimi Heydər Əliyev haqqında aşağıdakı fikirlərini bir daha yada salmaq oxucular üçün də maraqlı olar:

 

Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini və məharətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm.

 

Butros Qali,

BMT-nin keçmiş Baş katibi

 

Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və natiqlik istedadına valehəm.

 

Corc Buş,

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti

 

Mübaliğəsiz demək olar ki, Heydər Əliyev siyasət nəhəngi idi.

 

Vladimir Putin,

Rusiya Federasiyasının Prezidenti

 

Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının yetişdirmiş olduğu ən məşhur dövlət xadimlərindən biridir.

 

Süleyman Dəmirəl,

Türkiyə Cümhuriyyətinin IX Prezidenti

 

Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcəkdir.

 

Eduard Şevardnadze,

Gürcüstan Respublikasının keçmiş prezidenti

 

 

Görkəmli dövlət xadimi Heydər Əliyevin fenomenal şəxsiyyəti, dövlətçilik istedadı, qətiyyəti və uzaqgörən siyasəti haqqında Azərbaycan poeziyasında ifadə olunan misralar bütövlükdə xalqımızın özünün böyük lideri və xilaskarına bəslədiyi dərin ümumxalq məhəbbətinin ifadəsi idi. Azərbaycan ədəbiyyatı Heydər Əliyevin simasında xalqın və ölkənin dahi rəhbərini, istiqlaliyyət, müstəqillik və azərbaycançılıq idealını bacarıq və qətiyyətlə həyata keçirən qüdrətli liderini ilhamla vəsf etmiş, bu böyük şəxsiyyətin parlaq bədii obrazını yaratmışdır. Zəlimxan Yaqubun aşağıdakı şeiri Azərbaycan poeziyasının ulu öndər Heydər Əliyevə münasibətini ümumiləşmiş şəkildə ifadə edir:

 

Qoy səsi guruldasın bu gün altı qitədə,

Odur məndən ötəri ATƏT də, BMT də.

Millətinə, xalqına birləş deyir, qalx deyir!

Öz haqqına güvənir, haqq danışır, haqq deyir.

Əlli milyona çatmış Azərbaycan Dünyası

Oxuyur bir himn kimi,

Bir səslə, bir avazla:

Heydər deyir, xalq deyir!

 

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyin banisi və böyük qurucusudur. O, zamanın fövqünə qalxa bilən, onu ifadə edən və Azərbaycan cəmiyyətini bacarıqla və uzaqgörənliklə məqsədyönlü şəkildə istiqamətləndirən dahi liderdir.

Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyi bütün mümkün təhlükə-lərdən xilas etmiş, ölkədə ictimai-siyasi sabitlik yaratmış və gələcək böyük inkişafın möhkəm təməllərini formalaşdırmışdır. Onun müstəqil Azərbaycana rəhbərlik etdiyi on il ərzində Azərbaycan normal inkişaf templərinə malik olan və dünyada öz sözü ilə seçilən müstəqil bir dövlət kimi qəbul olunmuşdur. Beləliklə, Heydər Əliyev 1969-cu ildən başlanan və müstəqillik illərində uğurla davam edən böyük və şanlı bir epoxa yaratmışdır. Heydər Əliyev epoxası Azərbaycanın çoxəsrlik tarixinin şərəfli bir mərhələsidir.

Cəmi 7 aydan sonra 50 illiyi tamam olacaq Heydər Əliyev epoxası - Azərbaycan xalqının xoşbəxtlik və azadlığının, inkişafı və müasirləşməsinin, özünü təsdiq etməsinin və möhkəmləndirilməsinin əsaslarını yaratmış, strategiya və taktikasını müəyyən etmiş böyük tarixi mərhələdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yorulmaz və məqsədyönlü fəaliyyəti ilə böyük sürətlə və hərtərəfli şəkildə inkişaf edən müstəqil dövlətimizin, xalqımızın inkişaf yollarına yeni, parlaq və qiymətli səhifələr əlavə edir.

Nəticədə bu gün Azərbaycan Respublikası bütün istiqamətlər üzrə inkişaf edib yeniləşir. XX əsrin yetmişinci illərində ölkəmizdə baş vermiş intibah hazırkı dövrdə müstəqilliyin açdığı üfüqlər sayəsində daha geniş şəkildə təzahür edir. İndi inkişaf baxımından Azərbaycan Respublikasının regionları ilə ölkəmizin paytaxtı arasında fərq aradan qalxmışdır. Aparılan düzgün siyasət sayəsində artıq iqtisadiyyatın bütün sahələrində - həm aqrar sahə, həm də sənaye üzrə böyük inkişaf göstəriciləri əldə olunmuşdur.

Davos Forumu, Dünya Bankı kimi ciddi beynəlxalq təşkilatlar Azərbaycanı müasir mərhələdə ən rəqabətədavamlı ölkələrdən biri hesab edirlər. Bu, Prezident İlham Əliyevin müstəqil Azərbaycana qazandırdığı mühüm nailiyyətdir. Azərbaycan Respublikasının nəqliyyat siyasəti və bu sahədə həyata keçirdiyi möhtəşəm layihələr qədim İpək yolunun bərpası olmaqla bərabər, həm də çoxşaxəli olub, Bakı-Tbilisi-Qars kimi Dəmir İpək yolunu və Şimal-Cənub, Şərq-Qərb magistrallarını əhatə etməklə qitələr və ölkələrlə Azərbaycanı əlaqələndirməklə ölkəmizə böyük iqtisadi mənfəət gətirir.

Dövlət başçımızın apardığı turizm və sadələşdirilmiş viza siyasəti Azərbaycanın həyatında yeni bir istiqamətin sürətli inkişafına təminat verir. Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasətin işığında ölkəmizdə elm, təhsil, ədəbiyyat və incəsənət inkişaf etdirilir, milli-mənəvi dəyərlər ön mövqeyə çəkilir.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi şərəfli 15 illik yeni mərhələ siyasi varisliklə müasirləşdirmənin sintezi və vəhdətinə əsaslanan və yeniləşən zamanın daxili məntiqindən doğan ictimai-siyasi, iqtisadi-mədəni prosesləri bütün yönləri ilə irəli aparan xüsusi bir tarixi dövrdür.

Bu mənada Prezident İlham Əliyev - dünyada dəyişən və inkişaf edən yeni zamanın yeni lideridir.

İlham Əliyev yeniləşmiş Azərbaycan adlı inkişaf etmiş bir ölkənin bacarıqlı və qüdrətli rəhbəridir.

Dünyanın digər tanınmış görkəmli dövlət xadimləri sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi və görkəmli yeri var.

Beynəlxalq aləmdə sülh və təhlükəsizlik, multikulturalizm və tolerantlıq, qarşılıqlı əməkdaşlıq və həmrəylik uğrunda aparılan mübarizədə Prezident İlham Əliyev söz sahibi olan liderdir.

Azərbaycan Respublikasının dövlət başçısının sözü və bəyanatı, ölkəmizdə olduğu kimi, dünyada da haqq səsi miqyasında eşidilir və qəbul olunur.

Xalqından qüvvət alan, ölkəsinin və dünyanın gələcək inkişaf yollarını aydın surətdə görən və millətini böyük gələcəyə doğru səfərbər edən Prezident İlham Əliyev müstəqil Azərbaycanı düşünülmüş şəkildə və uğurla zamandan-zamana aparır.

Müasir inkişafın İlham Əliyev epoxası - Azərbaycanın yeni tipli intibah mərhələsi deməkdir.

İlham Əliyevin müəyyən etdiyi Heydər Əliyev yolu - müstəqil Azərbaycan dövlətinin və xalqımızın əbədiyyət yoludur. Prezident İlham Əliyev həmin parlaq yolun və böyük gələcəyin qüdrətli təminatçısı, mahir sükançısıdır. Aparılan məqsədyönlü siyasət müstəqil Azərbaycan dövlətini yeni və daha geniş magistrallara çıxarmağa uğurla xidmət edir.

 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik

 

Azərbaycan.- 2018.- 12 dekabr.- S.1-2.