Dmitri Savelyev:
“Heydər Əliyev azərbaycanlılara firavanlaşan ölkəni,
bütün dünyaya həqiqi vətənpərvərlik
nümunəsini miras qoyub”
"Tarixdə bütöv bir
dövrün rəmzi olan, arxasınca xalqın getdiyi,
sağlığında canlı əfsanəyə çevrilən
şəxsiyyətlər az-az yaranır. Heydər Əliyev məhz
belə insan idi”. Rusiya Federasiyası Dövlət
Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası
Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bu sözləri
AZƏRTAC-a müsahibəsində deyib.
O vurğulayıb: "Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsində, beynəlxalq
aləmdə ölkənin nüfuzunun
artırılmasında, Rusiya ilə Azərbaycan arasında bu
gün strateji xarakter daşıyan ikitərəfli münasibətlərin
inkişafında bu dahi strateqin, istedadlı dövlət
xadiminin tarixi rolunun əhəmiyyətini lazımınca qiymətləndirmək
çətindir. Heydər Əliyev Sovet İttifaqı
hökumətinin tərkibində işlədiyi dövrdə
Rusiya ərazilərinin inkişafına da çox
böyük töhfələr verib. Axı, Heydər
Əliyev ən mürəkkəb və məsul sahələrə,
o cümlədən həmin vəzifəyə gəldiyi
dövrdə dərin böhran vəziyyətində olan dəmir
yoluna, habelə o dövrün digər ən iri tikintilərinə
- Qərbi Sibirdən və Urenqoydan ölkənin Avropa hissəsinə
qaz kəmərləri çəkilişinə, məşhur
Baykal-Amur Magistralına görə cavabdeh idi. Qaz sənayesinin,
elmin, təhsilin, təbabətin inkişafı onun xüsusi nəzarətində
idi. Yeri gəlmişkən, mənim doğma şəhərim
Novosibirskdə SSRİ Pedaqoji Elmlər Akademiyasının
Elmi-tədqiqat informatika və hesablama texnikası institutu məhz
onun imzaladığı qərar sayəsində
yaradılıb”.
Dövlət Dumasının
deputatı vurğulayıb ki, Heydər Əliyev son dərəcə
savadlı adam idi. D.Savelyev deyib: "Məni ən çox
heyrətləndirən budur ki, Heydər Əliyev ən
yüksək vəzifələrdə çalışanda da
həmişə nəyi isə öyrənir, əlavə ali
təhsil alırdı, o cümlədən Kirov adına Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi. Yəni
o, sadəcə müdrik rəhbər deyil, həm də
tarixin ibrət dərslərindən nəticə
çıxarmağı bacaran, son dərəcə savadlı
adam idi”.
Deputatın sözlərinə
görə, Heydər Əliyevi şəxsən tanıyan
adamlar təsdiqləyirlər ki, o, çox təvazökar və
ilk növbədə, özünə qarşı tələbkar
adam idi. D.Savelyev sonda deyib: "Fikrimcə, hamı mənimlə
razılaşar ki, Heydər Əliyev azərbaycanlılara
güclü, firavanlasan bir ölkəni, bütün
dünyaya isə həqiqi vətənpərvərlik və
öz ölkəsinə hədsiz sədaqətlə xidmət
nümunəsini miras qoyub”.
Azərbaycan. - 2018.- 12 dekabr.- S.5.