40 ilin
müəssisəsi
Bakı Dərin Özüllər Zavodu düz 40 il əvvəl yaradılıb. Müəssisənin harada işə düşməsi məsələsi ciddi mübahisələrlə qarşılandı. Bu məsələ İttifaq səviyyəsində müzakirə olunurdu. Onda neft-qaz ölkələrinin belə bir müəssisəyə böyük ehtiyacları vardı.
Mübahisələrin ciddiləşməsi məsələyə ulu öndər Heydər Əliyevin müdaxiləsi ilə son qoyuldu. Daha doğrusu, ulu öndərin nüfuzu, mövqeyi hər şeyə aydınlıq gətirdi. Beləliklə, Bakı Dərin Özüllər Zavodunun tikintisi üçün məkan Azərbaycan seçildi. Sonralar bu zavodun fəaliyyətini, xeyrini yüksək dəyərləndirən ulu öndər yazırdı: "Bu zavod indi, yəni biz xarici neft şirkətləri ilə birlikdə işləyərək yeni neft strategiyasını həyata keçirdiyimiz zaman, dənizin dərinliklərində böyük qurğular, platformalar tikdiyimiz zaman sovet dövründə olduğundan qat-qat faydalıdır”.
Hadisələrin sonrakı gedişi bir daha sübut etdi ki, bu müəssisə "Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsində də böyük rol oynayıb. Azərbaycanın yeni neft strategiyasını irəli sürərkən ulu öndər bu zavodun iqtisadi gücündən qədərincə istifadə olunmasını qarşıya məqsəd qoydu. Heydər Əliyev böyük uzaqgörənliklə yeni neft strategiyasının mahiyyətini irəli sürdü, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını yaratdı. Əgər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Dərin Özüllər Zavodu tikilməsəydi, "Əsrin müqaviləsi”nin icrası çox yubana bilərdi. Tarixdə ilk dəfə olaraq belə böyük, nəhəng investisiya qoyuluşunu tələb edən müəssisə yaradıldı. "Əsrin müqaviləsi” Azərbaycanın dünyanın öncül neft ölkəsi olmaq şöhrətini bərpa etdi. Bu gün Xəzərdə neft kəşfiyyatı aparılması, yeni texnologiyaların tətbiqi üçün geniş imkanlar yaradılıb. Xarici şirkətlərdən asılılıq dəfələrlə azalıb. Hesablamalara görə, Azərbaycanın neft ehtiyatları bundan sonra ən azı 100 ilə kifayət edəcək. Ölkənin zəngin neft ehtiyatları Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, onun mövqeyinin daha da möhkəmlənməsinə şərait yaratdı. Bütün bu işlərdə Bakı Dərin Özüllər zavodunun müstəsna əhəmiyyəti var. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Əgər bu zavod vaxtında ölkəmizdə tikilməsəydi, bəlkə də həyata keçirdiyimiz neft layihələri belə uğurla başa çatmazdı”.
Hələ o illərdə, yəni Bakı Dərin Özüllər Zavodunun tikintisi başlayanda ulu öndər vaxtaşırı həmin müəssisədə olur, faydalı məsləhətlərini verirdi. Həmin illəri xatırlayanlar o dövrdə görülən işlərdən çox şeylər danışırlar.
Allahyar Tağıyev:
- Az qala müəssisə istehsala
başlayandan burada
çalışıram. Ulu öndər
Heydər Əliyevin zavoda gəlişini
yaxşı xatırlayıram. Bizim hər
birimizlə səmimi görüşür,
dəyərli məsləhətlər verirdi.
Bu zavodun perspektivini, gələcək
uğurlarını yüksək qiymətləndirirdi. O illərdə ixtisaslı mütəxəssislər
hazırlamaq üçün çox iş görülürdü. Xarici
neft şirkətləri ilə əlaqə
yaradırdıq, hətta həmin ölkələrdə təcrübəni
artırmaq üçün şərait
yaradılırdı. Ulu öndər deyirdi ki, yerli
mütəxəssislərin gücündən,
imkanından nə qədər çox faydalansaq, bir o qədər uğurlu olar. O, kadrlara
qayğını ön plana
çəkirdi. Neftçi mütəxəssislərin
hazırlanmasına ciddi diqqət yetirirdi. Bütün bunlar ümumi işimizə
xeyir verirdi.
Yaxşı xatırlayıram ki, ən
azı ulu öndər ildə bir-iki dəfə bu müəssisəyə
baş çəkirdi. Qafqazın ən böyük sənaye nəhənglərindən
olan Bakı Dərin Özüllər Zavodu bir neçə ildən
sonra uğurlu inkişaf yoluna qədəm
qoydu. Xarici şirkətlərlə
əlaqələrimiz xeyli genişləndi.
Elə bu uğurlu
başlanğıc müəssisənin gələcək
inkişafına da kömək etdi. Düz 40 ildir ki, uğurlu
bir yol üstəyik.
Elə bilirəm ki, ulu
öndərin xeyir-duası ilə başlayan
uğurlarımız daha da
artacaq.
Namiq Xəlilov:
- 57 yaşım var. Ömrümün çoxunu bu müəssisədə keçirmişəm. Ulu öndərlə görüşümüzü isə maraqlı tarix, unudulmaz xatirə sayıram. Dəyərli məsləhətlər verirdi. Zavodumuzun eyni təmayüllü müəssisələrlə əlaqələrini daha da genişləndirmək üçün yollar axtarırdı. Xəzərdə neft kəşfiyyatını daha da artırmaq üçün yeni texnologiyaların tətbiqinə başladıq. Biz bu gün də müəssisənin uğurlu inkişafında ulu öndərin əməyini hiss edirik. Onun uzaqgörən siyasəti bizim potensial imkanlarımızı bir daha artırır, ən çətin anlarda köməyimizə çatır. Xəzərin Azərbaycan sektorunda yataqların hasil olunması, neftin dünya bazarına ixracı uğurla davam edir. Bütün bunlar yeni münasibətlərin qurulmasına kömək edir, ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasına zəmin yaradır. Biz inanırıq ki, uğurlu siyasət hələ uzun illər layiqincə davam edəcək.
Bakı Dərin Özüllər Zavodunda bir ənənə də yaşayır. Kadrlara münasibət, onların düzgün yerləşdirilməsi başlıca şərtlərdən biridir. Zavodun direktoru Roman Nağıyev deyir ki, mən özüm də bu müəssisənin yetirməsiyəm. Hələ bir vaxtlar bizim Rusiyanın ən böyük mərkəzlərində təhsil almamıza şərait yaradan ulu öndər kadrların gələcəyinə çox inanırdı. Elə mən özüm də o illərdə ulu öndərin zəmanəti ilə Rusiyada təhsil aldım. Neft mütəxəssisi kimi yenidən Azərbaycana qayıtdım. Bir müddət müxtəlif sahələrdə, neft sənayesinin tərəqqisində gücümü sınadım. Ən nəhayət, bu gün fəxr edirəm ki, ulu öndərin adını daşıyan Bakı Dərin Özüllər Zavodunun rəhbəriyəm. Biz çox iş görürük. Xarici şirkətlərlə əlaqələrimiz yeni mərhələdə davam edir. Çalışırıq ki, tərəf-müqabillərimizlə işgüzar münasibətlər yaradaq, zavodun uğurlarını daha da artıraq. Bunun üçün hər cür imkan və şərait var. Gərək potensial imkanlarımızı səfərbər edək, nəhəng müəssisəni əsl işlək gücünə çatdıraq.
Bəşir ŞƏRİFLİ
Azərbaycan.-
2018.- 12 dekabr.- S.5.