İranın hüquq-mühafizə orqanları Azərbaycanın
müvafiq qurumları ilə əməkdaşlığın
dərinləşdirilməsinə böyük
önəm verir
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 11-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə general-polkovnik Ramil Usubov xalqlarımız arasında çoxəsrlik tarixi, mədəni, dini yaxınlığın mövcudluğunu, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm dostluq və qonşuluq münasibətlərinin dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanmış sənədlər nəticəsində keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini diqqətə çatdırıb. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini nəzərə çatdırıb, iki ölkənin münasibətlərinin səmimi dostluq və strateji tərəfdaşlıq xarakteri daşımasının xalqlarımızın və dövlətlərimizin həyati mənafelərinə uyğun olduğunu vurğulayıb.
Bu ilin sentyabrında qonşu ölkəyə səfərini, bu çərçivədə İranın yüksək vəzifəli dövlət rəsmiləri, o cümlədən Qasım Rzayi ilə görüşlərini məmnunluqla xatırladan nazir R.Usubov belə görüşlərin ümumən cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən terrorizmə və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu qeyd edib.
Nazir R.Usubov son illər vətəndaşlarımızın gediş-gəlişlərinin artması, eləcə də turizmin inkişafı ilə əlaqədar hər iki ölkədə əmin-amanlığın, ictimai təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasında birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyini nəzərə çatdırıb.
Söhbət zamanı qonaqlara Azərbaycandakı mövcud kriminogen vəziyyət haqqında qısa məlumat verilib. Respublikamızda dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmləndirilməsi, ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə cinayətkarlığa, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı kompleks tədbirlər həyata keçirirlər.
Qasım Rzayi səmimi qəbula, xoş sözlərə və ətraflı məlumata görə minnətdarlığını bildirib. O, regionda qeyri-sabitliyin, terrorun və ekstremizmin hökm sürməsi fonunda hər iki ölkədə sabitliyin, əmin-amanlığın təmin edilməsinin, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə məlumat və təcrübə mübadiləsinin bölgədəki təhlükəsizliyə müsbət təsir göstərəcəyini qeyd edib. Qonaq İranın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük önəm verdiyini vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.
İranın Azərbaycandakı
səfiri Cavad Cahangirzadə də
görüşdə iştirak edib.
Azərbaycan.-
2018.- 12 dekabr.- S.6.