Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib

 

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə tər gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların kollektivləri, aliorta ixtisas məktəblərinin müəllim və tələbələri, hərbi hissələrin və ictimaiyyətin nümayəndələri, minlərlə insan ulu öndərin abidəsi önünə gələrək əziz xatirəsini yad ediblər.

Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanın dünəni, bugünü və gələcəyidir. 1969-cu il iyulun 14-də ulu öndərin ölkəmizə rəhbər seçilməsi Azərbaycanın müstəqillik tarixininuğurlu inkişafının əsasını qoydu. 1969-1982-ci illərdə ümummilli liderin rəhbərliyi ilə Azərbaycanda böyük iqtisadi tədbirlər reallaşdırılıb, istehsal müəssisələri, zavodlar, fabriklər tikilib, təhsil, səhiyyə, mədəniyyət ocaqları fəaliyyətə başlayıb, xalqımızın tarixi yaddaşı bərpa edilib. İkinci dəfə qazandığımız dövlət müstəqilliyinin əsasında da ulu öndərin ötən əsrin 70-80-ci illərdə yaratdığı möhkəm təməl, güclü intellektualiqtisadi potensial, milli ruh dayanırdı.

Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir. Vətənin ağır bəlalardan xilasını özünün tarixi missiyası kimi qəbul edən ümummilli liderin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyasına həsr edilib. Bu missiyanın öz başlanğıcını götürdüyü məkan isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. Ulu öndər Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Azərbaycan xalqının azadlıq və müstəqilliyi üçün çalışıb, müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atıb. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından "sovet, sosialist” sözləri çıxarılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilib, qədim Naxçıvan torpağı erməni təcavüzündən qorunub. Dahi rəhbərin o çətin dövrdə Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqil dövlətçiliyimizin bünövrəsini qoyub.

Xalqın ulu öndər Heydər Əliyevə olan böyük inamı və təkidli tələbi ilə 1993-cü il iyunun 15-də dahi rəhbər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış Milli Qurtuluş Günü kimi tarixə düşdü. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ölkəmizdəki böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Müstəqil, demokratik, hüquqi və dünyəvi dövlətçilik yoluna qədəm qoyan Azərbaycanın qarşısında duran problemlər həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ulu öndər Heydər Əliyevin ömür yoluna nəzər salsaq aydın olar ki, bu ömür yalnız bir məqsədə xidmət edib: o da müstəqil və qüdrətli Azərbaycandır. Ona görə də ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə milli intibah, milli tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

Bu gün xalqımız əmindir ki, ümummilli liderin siyasi kursu möhkəm əllərdədir. Bu kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nəinki regionda, bütövlükdə dünyada qəbul edilmiş siyasətçi kimi Azərbaycanı inamla daha xoşbəxt gələcəyə aparır. Dövlət başçısının da dediyi kimi: "Azərbaycan Heydər Əliyev siyasətini zənginləşdirir, müasir dövrün çağırışlarını nəzərə alaraq bu dövrə uyğunlaşdırır, ancaq ümumi siyasi xətdən kənara çıxmır. Bizim siyasi xəttimiz müstəqilliyin möhkəmlənməsidir... Biz daha da güclü olmalıyıq və bu yolla gedirik. Bu yol Heydər Əliyev yoludur. Biz onun siyasətinə sadiqik”.

Bu gün Naxçıvan Muxtar Respublikası da əsl inkişaf və tərəqqi dövrünü yaşayır. Bu tərəqqiyə ümummilli liderin müəllifi olduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi və Heydər Əliyev siyasi xəttinə sədaqət nəticəsində nail olunub. Son illər muxtar respublikada quruculuq işləri geniş vüsət alıb, dinamik iqtisadi inkişaf əldə olunub, infrastruktur yenilənib, sosial proqramlar qəbul edilərək icra olunub, enerji və ərzaq təhlükəsizliyi təmin edilib, etibarlı müdafiə sistemi yaradılıb.

İnkişaf, milli birlik və həmrəylik, güclü dövlət və müstəqillik ümummilli liderin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Zaman keçdikcə, illər ötdükcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü daha dərindən dərk edirik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: "Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır. Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir”.

Müdriklər deyir ki, "Vətənə və xalqa həsr olunmuş ömür bitmir”. Ümummilli liderdeyirdi ki: "Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev Muzeyinə gələrək ümummilli lider Heydər Əliyevin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.

Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də ümummilli liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

 

Azərbaycan.- 2018.-13 dekabr.- S.3.