Çinli rəssam: “Mənim peşəkar rəssamlığa gəlməyimdə Heydər Əliyevin xeyir-duası böyük rol oynayıb”

 

"Heydər Əliyev dahi və səmimi şəxsiyyət idi. Mənim peşəkar rəssamlığa gəlməyimdə onun xeyir-duası böyük rol oynadı. Bəlkə də uşaq ikən Heydər Əliyevlə görüşməsəydim, rəssam olmayacaqdım”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində çinli rəssam Cen Yanyan söyləyib. O deyib: "Kiçik yaşlarımda ailə məclislərinin birində dünyanın tanınmış siyasi şəxsiyyətləri haqqında söhbət zamanı keçmiş SSRİ-nin rəhbərlərindən olmuş Heydər Əliyev və onun Çinə səfəri haqqında eşitmişdim. Sonra Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti olduğunu öyrəndim və ona məktub yazaraq görüşmək istəyimi bildirdim. Doğrusu, məktubuma cavab alacağıma inamım az idi. Amma çox qısa zamanda cavab gəldi və görkəmli siyasətçi Heydər Əliyev məni Azərbaycana dəvət etdi”.

Bu hadisənin 1996-cı ildə, onun 11 yaşı olanda baş verdiyini xatırladan Cen Yanyan bildirib ki, dəvətə əsasən valideynləri ilə birgə Azərbaycana gedib. "Dahi şəxsiyyət Heydər Əliyev işinin çox olmasına baxmayaraq, bizi Prezident Sarayında qəbul etdi, səmimi söhbətimiz oldu. Mən həvəskar kimi çəkdiyim ilk əl işlərimdən olan "100 Böyük Panda” və Çin milli çiçəyi "Mudanxua” əsərlərimi ona təqdim etdim. Heydər Əliyev mənim yaradıcılığımı yüksək qiymətləndirdi və mənim bu sənətdə böyük uğurlar qazanacağıma inandığını dedi. Sonra bizim Bakı məktəblərində görüşlərimiz oldu. Hörmətli Heydər Əliyev Bakıda mənim fərdi rəsm sərgimi təşkil etdirdi. Biz Azərbaycanda çox səmimi qarşılandıq, səfərimiz mənim və ailə üzvlərimizin yaddaşında xoş izlər buraxdı.

Heydər Əliyevin Azərbaycan və Çin arasında dostluq münasibətlərinin inkişafında əvəzsiz xidmətləri olub. Biz Çin xalqı olaraq onu həmişə xatırlayacağıq. Valideynlərimlə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsini dərin hörmətlə yad edirik. Onun vəfatının 15-ci ildönümünü dərin ehtiram və hüznlə anırıq”, - çinli rəssam vurğulayıb.

 

Azərbaycan.- 2018.-13 dekabr.- S.3.