Heydər Əliyev milli əfsanəyə
çevrilən liderdir
Elə liderlər var ki,
onların adı əbədi olaraq tarixdə qalır. Mənsub
olduğu millətin tarixini yaradan liderlər də var. Heydər
Əliyev məhz müasir Azərbaycanın tarixini yaradan
liderdir. Onun
adı dövrünün əsl əfsanəsi, dövlət
quruculuğu kimi tarixi vəzifəni öz üzərinə
götürə bilən qüdrətli dövlət
başçısı, fədakar insan və nadir şəxsiyyət
kimi tarixin səhifələrinə yazılıb.AZƏRTACxəbər
verir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun (MQİMO) professoru Vladimir Suxoyun bu fikirləri
"Moskva-Bakı” portalı üçün
yazdığı eksklüziv məqalədə yer alıb.
AZƏRTAChəmin məqaləni
oxucuların diqqətinə təqdim edir.
***
-Azərbaycanın 1960-cı illərin
sonundan XXI əsrin əvvəlinədək olan 35 illik tarixi
bilavasitə Heydər Əliyevin adı ilə
bağlıdır. Onun siyasi məharəti və yüksək
insani keyfiyyətləri gənc dövlətə öz
dayaqlarını möhkəmləndirmək və XXI əsrə
müstəqil dövlət kimi qədəm qoymaq imkanı verdi. Heydər Əliyev
respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan naminə
bütün məsuliyyəti çiyinlərində
daşıyıb, öz həmfikirlərini ətrafına
toplayaraq, onlarla birlikdə çətin və ciddi maneələri
aşıb, hazırda müstəqil Azərbaycan adlanan
qüdrətli dövləti yaradıb.
Azərbaycançılıq - öz
milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək və
hər bir insanın inkişafının təmin olunması
deməkdir...
Heydər
Əliyev
Heydər Əliyev 1969-cu il iyulun 4-də Sovet Azərbaycanının rəhbəri
oldu. O, respublika kommunist partiyası mərkəzi komitəsinin
birinci katibi təyin edildi. "Modernləşmə”
onun həmin dövrdəki fəaliyyətini dəqiq səciyyələndirən
sözdür. Respublikanın rəhbəri
olduqdan sonra o, uzun müddət SSRİ-nin xammal bazası və
uzaq əyaləti hesab olunan Azərbaycanda dərin dəyişikliklər
prosesini başlatdı. Heydər Əliyev
neft və neftayırma sənayesini kökündən yenilədi
və modernləşdirdi, bir sıra zavodların, müasir
hidroelektrik stansiyasının, toxuculuq fabrikinin tikintisi təşəbbüsünü
irəli sürdü, yüksək texnologiyalı gil-torpaq
istehsalı sahəsini yaratdı. Azərbaycanda sənaye
sahəsində həmin illərə aid yeni tikililərin
siyahısı xeyli uzundur: "Ulduz” Elektrik Cihazları zavodu,
Bakı Məişət Kondisionerləri zavodu, Şampan Şərabları
zavodu, Bakı Dərin Özüllər zavodu, "Elektroterm”
zavodu, Elektron Hesablayıcı Maşınlar zavodu, Sumqayıt
Kompressorlar zavodu, Gəncə "Büllur” zavodu, "Azon” və
"Alunit” müəssisələri, Lənkəran Konserv
zavodu...Yeni müəssisələrin respublikanın bölgələrində
tikilməsini də xüsusi qeyd etmək lazımdır.
Onun Azərbaycana rəhbərlik
etdiyi dövrdə əvvəl mövcud olan gerilik qısa
müddətdə aradan qaldırıldı və iqtisadiyyatda
böyük nailiyyətlər əldə olundu. Ölkə
ümumittifaq miqyasında qabaqcıl yerlərə
çıxdı. Bu illər ərzində
Azərbaycanın sənaye potensialı iki dəfədən
çox artdı. Şəhər və kəndlərin
siması dəyişdi. On beş
müttəfiq respublikadan yalnız Rusiya və Azərbaycan
SSRİ-nin dövlət büdcəsindən subsidiyalar almadan
yaşayırdı. Heydər Əliyev ətrafındakı
insanlardan özünün malik olduğu yüksək təşkilati
bacarıqları – dəqiqlik, nizam-intizam, məhsuldar
və səmərəli iş tələb edirdi. O, heç
vaxt kabinetdən rəhbərlik etməyə
üstünlük vermirdi. Heydər Əliyev tez-tez
neftayırma zavodlarının sexlərində, laboratoriyalarda,
limanlarda və tikinti meydançalarında olur, iş prosesləri
haqqında yerində məlumat alırdı. O, öz xatirələrində
həmin illəri həyatının ən yaxşı
dövrü adlandırıb: "Bəzən hətta iş
vaxtı qurtardıqdan sonra da evə getmirdim və oturub fikirləşir,
respublikamızda vəziyyətin daha da
yaxşılaşdırılması üçün yeni
planlar qururdum. Götür-qoy edirdim ki,
tutduğum vəzifənin imkanlarından istifadə edərək
xalqım üçün hansı faydalı işləri
görə bilərəm”.
1982-ci ildə Heydər
Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin
olundu. İlk dəfə Azərbaycanın nümayəndəsi
Sovet İttifaqının rəhbərlərindən biri oldu.
Heydər Əliyevin Moskvada işlədiyi
dövrdə gördüyü işlərin
hamısını sadalamaq çətindir. Yəqin ki, onun üçün ən əziz olan
işlərdən biri Baykal-Amur magistralının tikintisi idi.
O vaxt azərbaycanlılar BAM-ın demək olar ki,
bütün obyektlərində işləyirdi. Azərbaycanlı
inşaatçılar qəsəbələr salır,
vağzal kompleksləri tikirdilər. Anqoya
qəsəbəsi Heydər Əliyevin bilavasitə
iştirakı ilə salınıb. Yeri gəlmişkən,
o, sovet rəhbərləri arasında ilk dəfə olaraq
BAM-ın bütün məsafəsini qət etmişdi. 2008-ci ildə Anqoya vağzalına Heydər
Əliyevin adının verilməsi tamamilə
qanunauyğundur.
1987-ci ilin oktyabrında Sov.İKP MK siyasi
bürosunun yürütdüyü siyasi kursa etiraz əlaməti
olaraq, Heydər Əliyev tutduğu vəzifələrdən
istefa verdi. Bakıya böyük sayda sovet
qoşunları kontingentinin yeridilməsi və
çoxsaylı insan tələfatı ilə nəticələnən
1990-cı il 20 Yanvar faciəsindən sonra o,
Azərbaycan xalqına qarşı cinayətin təşkilatçıları
və icraçılarının cəzalandırılması
tələbi ilə çıxış etdi. O dövrdəki
SSRİ rəhbərliyinin siyasətinə etiraz əlaməti
olaraq, Heydər Əliyev 1991-ci ildə Sovet İttifaqı
kommunist partiyasının sıralarını tərk etdi.
1990-cı ildə Azərbaycana
qayıdan Heydər Əliyev Bakıda, sonra isə
Naxçıvanda yaşadı. O, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri seçildi. 1993-cü ilin may-iyun aylarında baş vermiş dərin
hakimiyyət böhranı nəticəsində Azərbaycan vətəndaş
müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi
qarşısında qaldı. Azərbaycan
xalqı Heydər Əliyevin hakimiyyətə qayıtması
tələbi ilə çıxış etdi. O, Azərbaycan
Ali Sovetinin sədri seçildi.
1993-cü il
oktyabrın 3-də isə Heydər Əliyev ümumxalq səsverməsi
nəticəsində müstəqil Azərbaycanın Prezidenti
oldu və 1998-ci ildə yenidən bu vəzifəyə
seçildi.
On illik prezidentliyi
dövründə Heydər Əliyev respublikada radikal islahatlar
apardı və iqtisadiyyatı çökmüş ölkənin
xarabalıqlarında dirçəltdiyi və inkişaf
etdirdiyi qüdrətli dövləti millətinə miras qoydu. Onun
çoxşaxəli siyasəti ölkəyə tərəqqi
və sabitlik gətirən dövlət strategiyasına
çevrildi. Heydər Əliyev hakimiyyətə
praqmatik və balanslaşdırılmış xarici siyasət
kursu ilə gəlmişdi. Bu siyasi kurs
ABŞ və Avropa İttifaqı ilə konstruktiv münasibətləri,
həmçinin Türkiyə, Rusiya və İranla müdrik
tərəfdaşlıq əlaqələrini ehtiva edirdi.
Azərbaycanda siyasi sabitlik
yaratmaqla yanaşı, Heydər Əliyev ölkənin iqtisadi
müstəqilliyinin də əsasını qoydu. O, bütün istehsal sahələrinin
bərpası, habelə maliyyə vəziyyətinin
yaxşılaşdırılması və xarici sərmayələrin
cəlb olunması üzrə antiböhran proqramını
işləyib hazırladı.
1994-cü il
sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi” -
əcnəbi neft şirkətləri ilə hasilatın pay
bölgüsünə dair analoqu olmayan çoxmilyardlıq
saziş imzalandı. Bu, keçmiş Sovet
İttifaqı məkanında bu cür ilk və ən iri
kontrakt olub. "Əsrin müqaviləsi”
Azərbaycan üçün həyati əhəmiyyətə
malik olub, eyni zamanda, ölkədə daxili sabitliyin bərqərar
olmasında və xarici siyasətdə uğurlar
qazanılmasında da həlledici rol oynayıb.
Kontraktın imzalanması mərasimində Heydər Əliyev
bəyan edib: "Bu müqavilənin hazırlanmasında və
imzalanmasında iştirak etdiyim üçün
özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti
yaxşı dərk edirəm və ümidvaram ki, gələcək
nəsillər bu gün burada baş verən tarixi hadisəni
layiqincə qiymətləndirəcək”.
Bakı-Tbilisi-Ceyhan layihəsinin təşəbbüskarı
olan Heydər Əliyev Azərbaycana böyük məbləğlərdə
Qərb sərmayəsi cəlb etdi və bunun nəticəsində
yeni iş yerləri açıldı, bir neçə
yataqların inkişafına nail olundu. Heydər
Əliyev Azərbaycanın postsovet məkanında ən
yüksək səviyyədə görünməmiş
iqtisadi inkişafını təmin etdi.
Bununla yanaşı, Heydər
Əliyev 1995-ci ildə qəbul olunmuş yeni Konstitusiyanın
hazırlanması təşəbbüsü ilə
çıxış etdi. "...Bu Konstitusiyanın maddələrinə
əməl edərək, xalqımız Azərbaycan
Respublikasının müstəqilliyini əbədiləşdirəcək.
Bizim vəzifəmiz Konstitusiyanın verdiyi təminatlardan,
qanunvericilik əsaslarından səmərəli istifadə etmək
və ölkəmizdə hüquqi, demokratik dövlət
qurmaq, vətəndaşların hüquq və
azadlıqlarını müdafiə etməkdir”, -deyə Heydər
Əliyev vurğulayırdı.
Heydər Əliyevin "Azərbaycan
xalqı” məfhumu ilə zənginləşdirdiyi fəlsəfə
müstəqil Azərbaycanın müasir dünyada yerini
müəyyən etdi, milli dövlətçiliyin ideoloji əsası
kimi azərbaycanlıların möhkəm həmrəyliyinin əsasını
qoydu. O
deyirdi: "Azərbaycançılıq - öz milli mənsubiyyətini,
milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni
zamanda, onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək və
hər bir insanın inkişafının təmin olunması
deməkdir".
Heydər Əliyev öz
ölkəsini və onun tarixini qəlbən sevirdi. O, tarixi yaxşı bilirdi və
başa düşürdü ki, təkcə tarixi hadisələr
deyil, müasir dövrdə baş verənlər də əhəmiyyətlidir,
çünki gələcək nəsillər tariximizin
bütün mərhələlərini qiymətləndirəcək.
Heydər Əliyev çox gözəl bilirdi
ki, iqtisadi inkişafla yanaşı, müstəqilliyin əsas
amillərindən biri də mədəniyyətdir. Prezident Azərbaycanın mədəni irsini dəstəkləyir
və haqlı olaraq hesab edirdi ki, məhz bu amil ölkənin
milli kimliyinin bünövrəsini təşkil edir. Milli kimlik hissinin qüvvətli olması millətə
hətta ətrafdakı siyasi güclərin təzyiqinə məruz
qaldığında və varlığına təhlükə
yarandığında belə, birləşmək imkanı
verir.
Həyatın bütün
sahələrində səmərəli və məqsədyönlü
fəaliyyətlə yanaşı, Heydər Əliyev ölkədə
təhsilin səviyyəsinin yüksəlməsinə də
böyük diqqət yetirirdi. Böyüməkdə
olan nəslin təlim-tərbiyəsi həmişə
uzaqgörən liderin dövlət proqramının əsas
müddəalarından biri olub.
Söz onun ən
güclü silahı olub. Heydər Əliyev
sözdən həm natiq, həm diplomat, həm də incə
psixoloq kimi istifadə edirdi. Onun sözləri
tələffüz tərzi ən yüksək incəsənət
səviyyəsində olurdu. Heydər
Əliyev özünün parlaq natiqlik istedadını
müxtəlif yerlərdə etdiyi bütün
çıxışlarında büruzə verirdi. İnamlı və dəqiq nitq söyləyirdi.
Məhz onun sözləri həyatı, tarixi dəyişən
amil oldu. Xalqla ünsiyyət zamanı deyilənlərin
hər bir vətəndaş tərəfindən məhz ona
ünvanlanmış müraciət kimi qəbul edilməsinə
nail olmaq hər siyasətçiyə müyəssər olmur.
Bu, ona məxsus olan xüsusiyyət idi. Eyni zamanda, Heydər Əliyevdə həmsöhbətinin
əhval-ruhiyyəsində ən kiçik nüansları belə
dəqiqliklə sezmək kimi heyrətamiz bacarıq, buna əlavə
olaraq, hər bir kəsin ağrı-acısına və həyəcanına
nüfuz etmək üçün çox böyük daxili mərifət
hisslərinin ona bəxş etdiyi qabiliyyət vardı. Ona məxsus olan daha bir mənəvi keyfiyyət –
yüksək intuisiya sayəsində dahi siyasətçi Azərbaycan
xalqı üçün ən taleyüklü məqamlarda
son dərəcə düzgün qərarlar qəbul edə
bilirdi.
İstedad və güclü iradə Heydər Əliyev şəxsiyyətinin əsas məziyyətləri idi. Onda ilk növbədə özünə qarşı yüksək təşkilatçılıq və tələbkarlıq vardı. Heydər Əliyev hər bir insanı, geniş kontekstdə "xalq” və "millət” məfhumunun birləşdirdiyi fərdlərin istəklərini dinləmək və başa düşmək bacarığına malik idi. Böyük siyasətçinin peyğəmbərcəsinə uzaqgörənliyi və sərkərdə hünərinin vəhdəti onun şəxsi keyfiyyətlərinin mühüm cəhəti idi. Dərin savad və təbiətin bəxş etdiyi incə estetik hissləri də bura əlavə etmək lazımdır. Alicənab və ədavətsiz insan olan Heydər Əliyev bilmədən səhvə yol verən insanları bağışlayır, lakin nadan, öz mənfəətini güdən və fərsizlərə güzəşt etmirdi. Bir siyasətçi kimi o, demokratizmi sərt tələblərlə bir araya sığdıra bilirdi.
Heydər Əliyevin zəngin siyasi təcrübəsi və şəxsiyyətinin miqyası ona imkan verirdi ki, ölkənin qarşılaşdığı bir çox böhranlı vəziyyətlərdən öz xalqını uğurla çıxarsın. O, başqalarını ruhlandırmaq bacarığına malik idi və adama elə gəlirdi ki, Prezident məhz özünün unikal xarizması sayəsində ölkəni idarə edir. Heydər Əliyev güclü siyasətçi üçün vacib olan fenomenal şəxsi keyfiyyətlərə – nadir rast gəlinən yaddaş, qüvvətli arqument və insanları, o cümlədən rəqiblərinin öz düşərgəsinə cəlb etmək bacarığına malik idi. Onun zəhmi hər yerdə hiss olunur, xarizması isə dövrünün bir çox dahi intellektual insanlarını cəzb edirdi.
Heydər Əliyev necə
insan idi? O, hər
şeydən əvvəl, yüksək ziyalı idi.
Özünəinam hissi, yüksək ləyaqəti və
eyni zamanda, çox az adamlara xas olan heyrətamiz
sadəliyi onun əsas məziyyətləridir.
Tale elə gətirib ki, Heydər
Əliyev mənim 1986-cı ildə ABŞ-a
ilk jurnalist ezamiyyətimə xeyir-dua verib. Mən
onun səmimiliyinin və hər şeydən yaxşı məlumatı
olduğunun, öz fikirlərini necə dəqiq ifadə
etdiyinin şahidi oldum. Heydər Əliyev
instinktiv olaraq jurnalistikanın əhəmiyyətini izah edir,
amerikanistika barədə özünəməxsus tərzdə
mülahizələr yürüdürdü.
…O, xeyir-duaları ilə məni
müxbir işləmək üçün Nyu-Yorka göndərib,
mən isə, elə alındı ki, 2003-cü ildə
Klivlend aeroportunda Heydər Əliyevin tabutunu yola saldım. Tabut dekabrın 14-də Bakıya göndərilirdi.
Həmin il dekabrın 12-də səhər
saat 10-da Heydər Əliyev Ohayo ştatındakı Klivlend
Kardioloji Mərkəzində vəfat edib. Azərbaycan
Prezidentini avqustun əvvəlində Rusiya FHN-nin təyyarəsi
ilə ağır xəstə vəziyyətdə oraya gətirmişdilər.
Amerikan həkimləri Heydər Əliyevin xəstəlik
tarixçəsini yaxşı bilirdilər, bundan əvvəl
həmin mərkəzdə onu uğurlu əməliyyat
etmişdilər. O vaxt Birləşmiş Ştatlarda
işləyən Rusiya müxbirləri Heydər Əliyevin
yenidən xəstəliyə qalib gələcəyinə və
sağalacağına böyük ümidlər bəsləyirdilər.
Əfsuslar olsun ki, belə olmadı.
Mən uzun müddət, təyyarə
üfüqdə titrəyən nöqtə kimi görünənədək
gözümü səmadan ayırmadım. Heydər Əliyev doğma
Azərbaycana, Bakının Fəxri xiyabanına son mənzilə
yola düşürdü...
Azərbaycan.- 2018.-13 dekabr.- S.5.